Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1985/2022 10.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X2 qarşı “torpaq sahəsinə dair plan-ölçünün ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1985/2022 saylı, 12 yanvar 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati mübahisə üzrə işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 1806X saylı fərdi yaşayış evinin yerləşdiyi 940,0 kv.metr torpaq sahəsinə dair X1 adına verilmiş torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin -1(112)-1985/2022 saylı, 12 yanvar 2021-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti vermiş, şikayətin təmin edilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən üçüncü şəxsin adına plan-ölçü 22 sentyabr 2016-cı ildə tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini əsassız hesab edərək qərardadın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, habelə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməyən tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisə iddianın mümkün sayılmaması ilə yuxarıda qeyd edilən qaydada həll edilmiş, yekun nticə onunla əsaslandırılmışdır ki, “... cavabdeh üçüncü şəxsin adına torpaq sahəsinin plan və ölçüsünü tərtib etmədiyindən həmin orqanın cavabdehliyi və plan və ölçünün ləğvindən ibarət belə bir iddianın qaldırılması qeyri-mümkündür.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Hazırda İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 1806X saylı fərdi yaşayış evinin yerləşdiyi 940,0 kv.metr torpaq sahəsinə dair N.Fətullayevanın adına verilmiş torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsini tələb edir. AR İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Göründüyü kimi, hazırki iddia tələbi öhdəliyini icrası haqqında iddia növünə aiddir. “İnzibati icraat haqqında” Qanunun tələblərinə görə fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsasdır (28.1.1-ci maddə). Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir (57.1-ci maddə). Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır (61.1-ci maddə). «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, “İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İnzibаti Prosessuаl Məcəllənin 35.1-ci mаddəsinə görə bu Məcəllədə bаşqа qаydа nəzərdə tutulmаmışdırsа, iddiаçının iddiа ərizəsində inzibаti аktın qəbul edilməsi və yа qəbul edilməsindən imtinа olunmаsı, yаxud inzibаti orqаnın hərəkəti və yа hərəkətsizliyi nəticəsində onun hüquqlаrının və qаnunlа qorunаn mаrаqlаrının pozulduğunu əsаslаndırdığı hаllаrdа mübаhisələndirmə hаqqındа, məcburetmə hаqqındа, öhdəliklərin icrаsı hаqqındа və müəyyən hərəkətləri etməkdən çəkinməyə dаir iddiа mümkün sаyılır. Həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini və s. müəyyənləşdirməlidir. Qeyd olunan normalara əsasən öhdəliyin icrası haqqında iddia onunla səciyyələnir ki, iddiaçı “İnzibati icraat haqqında” Qanunun 28.1.1-ci maddəsinə əsasən inzibati aktın qəbul edilməsi üçün ərizə ilə cavabdehə müraciət etsin və cavabdeh həmin ərizəni təmin etməsin. Yəni iddiaçı inzibati orqandan müəyyən bir hərəkətlə, hazırkı halda cavabdehin faktiki hərəkətinin nəticəsi olan torpağa dair plan-ölçünün ləğvi məqsədilə birbaşa iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilməz. Əksinə, iddiaçı bunun üçün ilk növbədə cavabdehə müraciət etməlidir. Kollegiya qeyd edir ki, pozulmuş hüquq və azadlıqların məhkəmə müdafiəsi fiziki şəxslərin kontitusion hüququ olsa da, bu hüququn reallaşdırılması bəzi şərtlərlə məhdudlaşdırılmışdır. Bu məhdudiyyətlərdən biri də öhdəliyin icrasına dair iddialar üzrə əvvəlcədən aidiyyəti inzibati orqana müraciət edilmiş olmasıdır. Lakin, iddiaçının hazırki tələbi üzrə cavabdehə ilkin müraciətin olunması iş materiallarından müəyyən edilmir. Cavabdehin nümayəndəsi də izahatında bildirmişdir ki, iddiaçı tərəfindən inzibati orqana nə məhkəmədə iddia qaldırılmamışdan əvvəl, nə də sonrasında ilkin müraciəti olmamışdır. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Kollegiya qeyd edir ki, iddiaçı apelyasiya şikayətinə üçüncü şəxsin adına planölçünün surətini əlavə etmiş və şikayətini qeyd edilən dəlillə əsaslandırmışdır. Lakin, cavabdeh orqana hazırki tələbilə bağlı ilkin müraciətinin olub-olmamasına dair mövqeyini bildirməmiş, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Beləliklə, yuxarıda sadalanan halları nəzərə alaraq kollegiya bu nəticəyə gəlir ki, İddiaçı apelyasiya şikayəti əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsinə əsas olan hallar isə müəyyən edilmədiyindən şikayət təmin edilməməli, mübahisələndirilən qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. AR İPM-nin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1985/2022 saylı, 12 yanvar 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1985/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1985/2022
10.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver