Məhkəmə qərarları › İş №2-1(103)-1985/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1985/2024

28.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1985/2024 28.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10915/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” xx.xx.2023-cü il tarixli **********691300 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********691300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı ilə iddiaçıya 2022-ci ilin 4-cü rübü üzrə 55265,27 manat məbləğində ÖMV (ödəmə mənbəyində vergi) hesablanmışdır. Mübahisənin mahiyyəti bundan ibarətdir ki, iddiaçı qeyri-rezident şəxslərdən lisenziyalı proqram təminatlarının alqı-satqısı və həmin proqram təminatları üzrə xidmətlərin göstərilməsi, həmçinin kompüterlərin, kompüter avadanlıqlarının alqı-satqısı və həmin avadanlıqlar üzrə xidmətlərin (təmir və s.) göstərilməsi fəaliyyəti ilə məşğuldur. İddiaçı qeyri-rezident şəxslərdən aldığı proqram təminatlarına görə etdiyi ödənişləri cavabdeh Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə istinad edərək ÖMV-yə cəlb etmişdir. Vergi Məcəlləsinin 125.1-ci maddəsinə görə, qeyrirezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan aşağıdakı dərəcələrlə vergi tutulur: 125.1.5. bu Məcəllənin 125.1.1-ci-125.1.4cü, 125.1.6-cı-125.1.8-ci və 125.1-1-ci maddələrində göstərilən gəlirlər istisna olmaqla, hüquqi şəxslərin və vergi ödəyicisi kimi uçota alınmış fiziki şəxslərin işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər və Azərbaycan mənbəyindən əldə edilən digər gəlirlər üzrə ödəmələrindən 10 faiz dərəcə ilə ÖMV tutulur. Qeyd olunan normanın tələbindən göründüyü kimi, gəlirin vergiyə cəlb edilməsi Azərbaycan mənbəyindən olması ilə şərtləndirilmişdir. Azərbaycan mənbəyindən gəlir anlayışı isə Vergi Məcəlləsinin 13.2.16-ci maddəsində əksini tapmışdır. Belə ki, həmin normaya nəzər yetirdikdə müəyyən olunur ki, qeyri-rezidentin o gəlirləri Azərbaycan mənbəyindən əldə olunmuş gəlir hesab olunur ki, onlar Azərbaycan Respublikasının ərazisində göstərilən iş (xidmət) nəticəsində əldə edilmiş olsun. Başqa sözlə, qeyri-rezident Azərbaycan ərazisində rezident şəxsə iş (xidmət) göstərmirsə, ödənişin Azərbaycandan həyata keçirilməsi həmin gəlirlərin ÖMV-yə cəlb edilməsinə əsas yaratmır. Qeyd olunanlarla bağlı iddiaçı tərəfindən yuxarı vergi orqanına inzibati şikayət olunsa da, yuxarı vergi orqanının xx.xx.2023-cü il tarixli qərarı ilə şikayət təmin olunmamışdır. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Abdullayeva) e-2-1(112)-10915/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” 14 fevral 2023-cü il tarixli **********691300 nömrəli qərarı ləğv edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MMC cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” xx.xx.2023-cü il tarixli **********691300 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsinə dair iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə razı deyil. Kameral vergi yoxlaması nəticəsində aparılmış araşdırma zamanı Cəmiyyət tərəfindən 2022-ci ilin oktyabr - 2022-ci ilin dekabr ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrinin 306-cı sətirinin (Vergi Məcəlləsinin 169-cu maddəsinə əsasən qeyri rezidentin göstərdiyi xidmətlər və ya gördüyü işlər üzrə əməliyyatlar) cəmi daxil olma dövriyyə məbləği 557316,37 manat göstərilməsinə baxmayaraq, 2022-ci ilin 4-cü rübü üzrə təqdim edilmiş ÖMV bəyannaməsinin 1606-2-ci (Qeyri-rezidentin Azərbaycan Respublikasında royalti üzrə gəlirləri), 1607.2-ci (Qeyri-rezidentin Azərbaycan Respublikasında icarə üzrə gəlirləri), 1608.1-ci (Riskin sığortası və ya təkrar sığortası ilə bağlı sığorta ödənişləri), 1608.2-ci (Beynəlxalq rabitə həyata keçirilərkən rabitə xidmətləri üzrə ödənişlər) və 1608.4-cü (Qeyri-rezidentin muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərində cəmi 4663,67 manat qeyd edildiyi, bunun da kənarlaşmanın yaranmasına səbəb olduğu müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən Cəmiyyətə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamə və ya müvafiq izahat məktubu təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci ilin 4-cü rübü üzrə ÖMV bəyannaməsinə 55265,27 manat vergi hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********691300 nömrəli qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. Daha sonra iddiaçı tərəfindən yuxarı inzibati orqana inzibati şikayət verilmiş və işə baxılmanın yekun nəticəsi olaraq xx.xx.2023-cü il tarixli “İnzibati şikayətin təmin edilməməsi” barədə qərar qəbul edilmişdir. “İnzibati şikayətin təmin edilməməsi” barədə xx.xx.2023-cü il tarixli qərarda qeyd edilmişdir ki, cəmiyyət şikayətlərində əsas fəaliyyət növünün kompüterlərin, kompüter avadanlıqlarının alqı-satqısı və həmin avadanlıqlar üzrə xidmətlərin (təmir və s.) göstərilməsindən, əlavə olaraq lisenziyalı proqram təminatlarının alqı-satqısı və həmin proqram təminatları üzrə xidmətlərin göstərilməsində vasitəçilik fəaliyətindən ibarət olduğunu, Cəmiyyət tərəfindən qeyri-rezident şəxslərdən alınaraq digər şəxslərə təqdim edilmiş lisenziyalı proqram təminatına görə həmin qeyri-rezidentlərə ödənilmiş məbləğlərdən Azərbaycan Respublikası Vergi Məcəlləsinə uyğun olaraq 18% ƏDV hesablandığını və dövlət büdcəsinə ödənildiyini, lisenziyalı proqram təminatları xidməti istifadə və ya digər şəxslərə xidmət göstərilməsi məqsədilə deyil, alqı-satqı məqsədləri üçün əldə edildiyini bildirmişdir. Həmçinin özünü Cəmiyyətin nümayəndəsi kimi təqdim edən şəxslə telefon əlaqəsi saxlanılmış və şikayət məktubunun məzmununa uyğun izahat verilmişdir. Həmin şəxs Vergi Məcəlləsinin 13.2.8-ci maddəsinə əsasən mal - hər hansı maddi və ya qeyri maddi əmlak (aktiv), o cümlədən elektrik və istilik enerjisi, qaz və su mal hesab edildiyini və 13.2.9-cu maddəsində intellektual, o cümlədən ticarət nişanları, digər sənaye mülkiyyəti obyektləri, habelə müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada vergi ödəyicisinin mülkiyyət hüququnun obyekti kimi tanınan digər analoji hüquqlar qeyrimaddi aktivlər olduğu üçün Cəmiyyət tərəfindən qeyri-rezident şəxslərdən əldə edilmiş proqram təminatlarının mal kimi nəzərə alınmasını xahiş etmiş və qeyri-rezident şəxslər olan ASBİSC Enterprıses PLC-dən və DiVi FZE-dən proqram təminatının əldə olunmasını təsdiq edən təhvil-qəbul aktlarını və ödəniş sənədlərini araşdırmaya təqdim etmişdir. Şikayətlər üzrə işin faktiki halları, gətirilmiş dəlililər və toplanmış materiallar (sənədlər) əsas götürülməklə, habelə qanunvericiliyin müddəaları rəhbər tutulmaqla belə bir nəticəyə gəlinmişdir ki, vergi ödəyicisinin 2022-ci ilin 4-cü rübü üçün ÖMV bəyannaməsi üzrə hesablanmış vergi məbləği ilə əlaqədar inzibati şikayətləri təmin edilməməlidir. Belə ki, uçot-baza məlumatlarının araşdırılması zamanı Cəmiyyət tərəfindən 2022-ci il ərzində 4.670.007,97 manat (ƏDV-si 838.824,91 manat) dəyərində elektron qaimə-fakturaların təqdim edildiyi, 1.284.922,35 manat (ƏDV-si 169.304,84 manat) dəyərində elektron qaimə-fakturaların əldə edildiyi, 728.253,72 manat (ƏDV-si 671.085,67 manat) gömrük dəyərində idxal əməliyyatlarının aparıldığı müəyyən edilmişdir. Təqdim olunmuş elektron qaimə-fakturalar üzrə mallar (iş və xidmətlər) çeşidlər üzrə araşdırılan zaman Cəmiyyət tərəfindən kompüterlər və onun hissəslərinin satışı ilə yanaşı, proqram təminatlarından istifadə hüququnun (lisenziya) da satışının həyata keçirildiyi müəyyən edilmişdir. Həmçinin Cəmiyyət tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrinin araşdırılması zamanı, 2022-ci ilin oktyabr-dekabr ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində Vergi Məcəlləsinin 169-cu maddəsinə əsasən qeyri-rezidentin göstərdiyi xidmətlər və ya gördüyü işlər üzrə əməliyyatlar (306) sətri üzrə təqdim edilmiş mal, iş və xidmətlərin dəyərinin 320.450,09 manat, ödənilmiş ümumi məbləğ isə 557.316,37 manat bəyan edilmişdir. Lakin Cəmiyyət tərəfindən 2022-ci ilin 4-cü rübü üzrə təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin 1608.4-cü (Qeyri-rezidentin muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərində cəmi 4.663,67 manat bəyan edilərək 466,37 manat vergi məbləğinin hesablandığı müəyyən edilmişdir. Aparılan əlavə araşdırma zamanı Cəmiyyət tərəfindən 2021-ci və 2022-ci ilin hesabat dövrləri üzrə təqdim edilmiş ƏDV bəyannamələrində Vergi Məcəlləsinin 169-cu maddəsinə əsasən qeyri-rezidentin göstərdiyi xidmətlər və ya gördüyü işlər üzrə əməliyyatlar (306) sətrində təqdim edilmiş mal, iş və xidmətlərin dəyərinə uyğun həmin hesabat dövrlərini əhatə edən rüblər üzrə təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin 1608.4-cü (Qeyri-rezidentin muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərində məbləğlərin bəyan edildiyi, sonra xx.xx.2022-ci il tarixdə 2021-ci ilin 4 rübü və 2022-ci ilin ilk 2 rübü üçün dəqiqləşdirilmiş ödəmə mənbəyində tutulan vergi bəyannamələri təqdim edilməklə həmin məbləğlərin azaldıldığı müəyyən edildi. Əlavə olaraq araşdırma zamanı Cəmiyyət tərəfindən kameral vergi yoxlaması ilə hesablamaya əsas olan halın dəqiqləşdirilməsi məqsədilə vergi qanunvericiliyinin tətbiqi barədə vergi orqanına xx.xx.2023-cü il tarixli **********333500 nömrəli məktubla sorğunun edildiyi, sorğuya xx.xx.2023-cü il tarixli **********064600 nömrəli məktubla cavab verildiyi müəyyən edildi. Cavab məktubunda Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.8-ci maddəsində hər hansı maddi və ya qeyrimaddi əmlak (aktiv), o cümlədən elektrik və istilik enerjisi, qaz və su mal anlayışına aid edilmiş, bununla yanaşı Vergi Məcəlləsinin 13.2.11-ci maddəsinin müddəalarına əsasən malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyət xidmət (iş) sayıldığı, ƏDV-nin məqsədləri üçün pul vəsaitinə və torpağa mülkiyyət hüququnun başqasına verilməsi, həmçinin işəgötürənə muzdlu işçi kimi xidmət göstərilməsi istisna olunduğu qeyd edilmişdir. Məktubda həmçinin Vergi Məcəlləsinin qeyd olunan maddələrinə əsasən proqram təminatı qeyri-maddi aktivlərə və qeyri-maddi aktivlərin təqdim edilməsi ƏDV-nin məqsədləri üçün malların təqdim edilməsinə aid edilmədiyi və Vergi Məcəlləsinin 13.2.11-ci maddəsinə uyğun olaraq xidmət (iş) sayılmaqla ümumi qaydada ƏDV-yə cəlb olunduğu, əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeyrimaddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmadığı, qeyri-rezidentə müqavilə əsasında edilmiş ödənişlər qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan gəlirlərinə aid edildiyi, həmin ödənişlərdən Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməli olduğu, qeyrirezident hüquqi şəxsdən alınmış proqram təminatına görə ona edilən ödənişlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmaqla yanaşı, həmin iş və xidmətlərin tam dəyərinə 18 faiz dərəcə ilə ƏDV hesablanıb dövlət büdcəsinə ödənilməli olduğu qeyd edilmişdir. Yekun olaraq, Cəmiyyət tərəfindən təqdim edilmiş müvafiq təsdiqedici sənədlərə əsasən, 2022-ci ilin 4-cü rübü ərzində qeyri-rezindent şəxslər tərəfindən Cəmiyyətə təqdim edilmək məqsədi ilə verilmiş istifadə hüququnun (proqram təminatı, lisenziya) Azərbaycan Resublikasında fəaliyyət göstərən şəxslərə elektron qaiməfakturalarla təqdim olunduğunu, qeyri-rezindentin əldə olunan gəlir məbləğinin inzibati araşdırma ilə Azərbaycan Respublikasından əldə olunan gəlir hesab edildiyini, bu gəlirlərdən Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi və həmin iş və xidmətlərin tam dəyərinə 18 faiz dərəcə ilə ƏDV hesablanıb dövlət büdcəsinə ödənilməli olduğunu, 2022-ci ilin oktyabr-dekabr ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində VM 169-cu maddəsinə əsasən qeyri-rezidentin göstərdiyi xidmətlər və ya gördüyü işlər üzrə əməliyyatlar (306) sətri üzrə təqdim edilmiş mal, iş və xidmətlərin dəyərinin 320.450,09 manat, ödənilmiş ümumi məbləğ isə 557.316,37 manat bəyan edilməsinə baxmayaraq, 2022-ci ilin 4-cü rübü üzrə təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin 1608.4-cü (Qeyri-rezidentin muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirində cəmi 4.663,67 manat bəyan edilərək 466,37 manat vergi məbləğinin hesablandığını nəzərə alınaraq, Cəmiyyətin şikayəti təmin edilməmiş və Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********691300 nömrəli Qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi qənaitənə gələrkən məhkəmə qeyd etmişdir ki, işin araşdırılması zamanı işin faktiki hallarının qanunvericiliyin yuxarıda sadalanan normalarına tətbiqi nəticəsində müəyyən olunur ki, iddiaçı qeyri-rezident şəxslərdən lisenziyalı proqram təminatlarının alqı-satqısı və həmin proqram təminatları üzrə xidmətlərin göstərilməsi, həmçinin kompüterlərin, kompüter avadanlıqlarının alqı-satqısı və həmin avadanlıqlar üzrə xidmətlərin (təmir və s.) göstərilməsi fəaliyyət ilə məşğuldur. Cavabdehin qənaətinə görə iddiaçı qeyri-rezident şəxslərdən əldə etdiyi malları Azərbaycan Respublikasında olan şəxslərə təqdim etdiyindən (cavabdeh inzibati şikayət üzrə qəbul etdiyi qərarda da, buna istinad etməsinə baxmayaraq, bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir) bu, qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunmuş gəliri hesab olunaraq həmin gəlir ÖMV-yə cəlb edilməlidir. Məhkəmə hesab edir ki, hətta iddiaçı tərəfindən sözügedən mallar Azərbaycan Respublikasında şəxslərə təqdim edilsə belə, Vergi Məcəlləsinin 13.2.16-cı maddəsinin tələblərindən göründüyü kimi, qeyri-rezidentin gəliri o zaman Azərbaycan mənbəyindən əldə olunmuş gəlir hesab olunur ki, o, həmin gəliri Azərbaycan Respublikasının ərazisində göstərilən iş (xidmət) nəticəsində əldə etmiş olsun. Hazırki işin hallarına əsasən isə iddiaçının malları əldə etdiyi qeyri-rezidentlər tərəfindən lisenziyalı proqram təminatları üzrə xidmətlər Azərbaycan Respublikası ərazisində göstərilən xidmət olmayıb, qeyri-rezidentin öz ölkəsindən göstərdiyi xidmət növüdür. Bu halda məhkəmə belə bir qənaətə gəlir ki, cavabdehin iddiaçının qeyri- rezidentlərdən əldə etdiyi malların Azərbaycan Respublikasında olan şəxslərə təqdim etməsi nəticəsində həmin gəlirin Vergi Məcəlləsinin 13.2.16-cı maddəsinin tələblərinə müvafiq olaraq qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisində göstərilən iş (xidmət) nəticəsində əldə edilmiş gəliri kimi qiymətləndirərək nəticədə iddiaçıya Vergi Məcəlləsinin 125.1-ci və 12.1.5-ci maddəsinin tələblərinə müvafiq olaraq 2022-ci ilin 4-cü rübü üzrə ödəmə mənbəyindən tutulan vergi məbləğinə cəlb etməsi qanunsuz və əsassız olmuşdur. Məhkəmə “iddiaçının malları əldə etdiyi qeyri-rezidentlər tərəfindən lisenziyalı proqram təminatları üzrə xidmətlər Azərbaycan Respublikası ərazisində göstərilən xidmət olmayıb, qeyri-rezidentin öz ölkəsindən göstərdiyi xidmət növü olduğunu” qeyd edərkən hansı normativ-hüquqi akta əsaslandığı qeyri-müəyyəndir. Vergi Məcəlləsinin 16.1.5-ci maddəsinə əsasən patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi, o cümlədən istifadəyə verilməsi üzrə işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu yer xidmətin göstərildiyi yer hesab edilir. Eyni zamanda məhkəmə Azərbaycan Respublikasından qeyri-rezidentə ödənilən gəlirin Azərbaycan mənbəyi olmadığını iddia etmişdir. Halbuki, işin araşdırılması zamanı məhkəmə Vergi Məcəlləsinin 13.2.16.18-ci maddəsinin tələblərini nəzərə almamışdır. Belə ki, qeyd olunan maddəyə əsasən Azərbaycan Respublikasındakı fəaliyyətlə bağlı meydana çıxan və bu Məcəllənin əvvəlki maddələrində əhatə edilməyən digər gəlirlər Azərbaycan mənbəyindən gəlir hesab edilir. Bu maddəyə uyğun olaraq gəlirin mənbəyi müəyyən edilərkən gəlirin ödənildiyi yer, həmçinin onun birbaşa və ya dolayısı ilə ödənilməsi nəzərə alınmır. Məhkəmənin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə tamamilə qanunsuz və əsassız olmuş, eləcə də məhkəmə öz mövqeyini əsaslandıra bilməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********691300 nömrəli qərarından görünür ki, İddiaçı MMC-yə kameral yoxlama nəticəsində 2022-ci il 4-cü rübü üçün ödəmə mənbəyində tutulan vergi üzrə 55.265,27 manat əlavə vergi məbləği hesablanmışdır (təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı - 7.519,08 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı - 62.784,35 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı - 55.265,27 manat). Həmin qərarda qeyd olunur: 2022-ci ilin oktyabr-2022-ci ilin dekabr ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrinin 306-cı sətrinin + qeydiyyatda olmayan qeyri-rezidentlər üzrə təqdim edilmiş hesabatlara əsasən cəmi daxil olma dövriyyə məbləği 557316,37 manat göstərilməsinə baxmayaraq, 2022-ci ilin 4-cü rübü üzrə təqdim edilmiş ÖMV bəyannaməsinin 1608.2-ci (Beynəlxalq rabitə həyata keçirilərkən rabitə xidmətləri üzrə ödənişlər) + 1608.4-cü (Qeyri-rezidentin muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərində cəmi, 4663,67 manat qeyd edilmişdir ki, bu da kənarlaşma yaranmasına səbəb olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisdiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 06 may 2023-cü il tarixli **********264800 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarından görünür ki, İddiaçı kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2023-cü il tarixli inzibati şikayətləri təmin edilməmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********691300 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 13.2.8. Mal - hər hansı maddi və ya qeyri-maddi əmlak (aktiv), o cümlədən elektrik və istilik enerjisi, qaz və su. Əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmır. 13.2.11. Xidmət (iş) - malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyət. ƏDV-nin məqsədləri üçün pul vəsaitinə və torpağa mülkiyyət hüququnun başqasına verilməsi, həmçinin işəgötürənə muzdlu işçi kimi xidmət göstərilməsi istisna olunur. Xidmətlərin göstərilməsi (işlərin görülməsi) zamanı istifadə olunan mallar ayrıca təqdim edilmirsə və ya xidmətin (işin) dəyərinə daxil edilməyən kompensasiyalı xərclər müqavilədə və ya ödəniş sənədlərində ayrıca göstərilmirsə, həmin mallar və ya xərclər xidmətin (işin) ayrılmaz tərkib hissəsi hesab edilir. 13.2.16. Azərbaycan mənbəyindən gəlir: 13.2.16.3. Azərbaycan Respublikasında malların təqdim edilməsindən, iş görülməsindən və xidmət göstərilməsindən gəlir; 13.2.16.4. Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyə aid edilən sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir, o cümlədən belə daimi nümayəndəlik vasitəsilə təqdim edilmiş mallara (işlərə, xidmətlərə) aid edilə bilən eyni cinsli, yaxud bənzər (oxşar) malların (işlərin, xidmətlərin) təqdim edilməsindən, habelə daimi nümayəndəlik vasitəsilə həyata keçirilən fəaliyyətə aid edilə bilən fəaliyyətdən və ya ona oxşar fəaliyyətdən əldə edilmiş gəlir; 13.2.16.17-1. mədəniyyət, incəsənət, teatr, kino, radio, televiziya, musiqi, rəssamlıq, idman, mühəndislik, memarlıq, arxitektura və elm sahələri üzrə Azərbaycan Respublikasındakı fəaliyyətlə bağlı edilən ödənişlər. 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüquqları vardır. 24.1.1-ci və 24.1.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 125.1. Qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan aşağıdakı dərəcələrlə vergi tutulur: 125.1.5. bu Məcəllənin 125.1.1-ci – 125.1.4-cü, 125.1.6-cı – 125.1.8-ci və 125.1-1-ci maddələrində göstərilən gəlirlər istisna olmaqla, hüquqi şəxslərin və vergi ödəyicisi kimi uçota alınmış fiziki şəxslərin işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər və Azərbaycan mənbəyindən əldə edilən digər gəlirlər üzrə ödəmələri - 10 faiz. İşin faktiki hallarından görünür ki, İddiaçı MMC qeyri-rezident şəxslərdən lisenziyalı proqram təminatlarının alqı-satqısı və həmin proqram təminatları üzrə xidmətlərin göstərilməsi, həmçinin kompüterlərin, kompüter avadanlıqlarının alqı-satqısı və həmin avadanlıqlar üzrə xidmətlərin (təmir və s.) göstərilməsi fəaliyyət ilə məşğuldur. Cavabdeh iddiaçının qeyri-rezident şəxslərdən əldə etdiyi malları Azərbaycan Respublikasında olan şəxslərə təqdim etdiyindən bunu qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunmuş gəliri hesab edərək, həmin gəliri ödəmə mənbəyində tutulan vergiyə cəlb etmişdir. Belə ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən kameral vergi yoxlamasının nəticəsi üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********691300 nömrəli qərar qəbul olunmuş və həmin qərara əsasən İddiaçı MMC-yə 2022-ci il 4-cü rüb üzrə 55.265,27 manat ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. Cavabehin mövqeyinə görə 2022-ci ilin oktyabr-2022-ci ilin dekabr ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrinin 306-cı sətrində və qeydiyyatda olmayan qeyri-rezidentlər üzrə təqdim edilmiş hesabatlara əsasən cəmi daxil olma dövriyyə məbləği 557316,37 manat göstərilsə də, 2022-ci ilin 4-cü rübü üzrə təqdim edilmiş ÖMV bəyannaməsinin 1608.2-ci (Beynəlxalq rabitə həyata keçirilərkən rabitə xidmətləri üzrə ödənişlər) və 1608.4-cü (Qeyri-rezidentin muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərində cəmi, 4663,67 manat qeyd edilmişdir ki, bu da kənarlaşma yaranmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, qeyri-rezidentin gəliri həmin gəlir Azərbaycan Respublikasının ərazisində göstərilən iş (xidmət) nəticəsində əldə etmiş olduqda Azərbaycan mənbəyindən əldə olunmuş gəlir hesab olunur. İddiaçının malları əldə etdiyi qeyri-rezidentlər tərəfindən lisenziyalı proqram təminatları üzrə xidmətlər Azərbaycan Respublikası ərazisində göstərilən xidmət olmayıb, qeyri-rezidentin öz ölkəsindən göstərdiyi xidmət növüdür. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilən qərar qəbul edilərkən qanunvericiliyin müəyyən etdiyi tələblərə riayət edilməmiş, düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün hallar, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar araşdırılmamışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 45.1. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10915/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar