Məhkəmə qərarları › İş №2-1(103)-1986/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1986/2021

12.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1986/2021 12.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı “avtomobilə dövlət qeydiyyat nişanlarının təhkim olunması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 26.05.2021-ci il tarixli, 2-1(112)-2338/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı-İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Daxili İşlər Nazirliyinin Kollegiyasının “Nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyasının sifariş verilməsi üzrə inzibati reqlament”in təsdiq edilməsi haqqında 30 noyabr 2012-ci il tarixli № Q74-001-12 saylı Qərarına müvafiq olaraq avtomobilinə sonu 999 rəqəmlərinin kombinasiyasından ibarət dövlət qeydiyyat nişanlarının təhkim edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının № Q74-01212 saylı qərarına müvafiq olaraq idarə etdiyi və ona məxsus olan **-SY-*** dövlət qeydiyyat nişanlı, Ford “Escape” minik markalı, model: buraxılış ili: 2015, Ban nömrəsi: 1FMCUOHXXFUB20972, Rəng: göy metalik, MİH: 1596 sm3 olan avtomobilinə sonu 999 rəqəmlərinin kombinasiyasından ibarət dövlət qeydiyyat nişanlarının təhkim edilməsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 26.05.2021-ci il tarixli, 2-1(112)-2338/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 26.05.2021-ci il tarixli, 2-1(112)-2338/2021 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən məsələ cavabdehin diskresion səlahiyyətlərinə müdaxilə edilməsi deyil. Cavabdeh tərəfindən ona ünvanlanmış 18.03.2019-cu il tarixli № 016-11664S-4219 saylı və 05.04.2019-cu il tarixli № 016-11664/3S-4219 saylı 2 (iki) cavab məktubunda sonu 999 rəqəmlərindən ibarət olan dövlət qeydiyyat nişanlarının avtomobilimə təhkim edilməsi üçün ərizənin qeydiyyata alındığı və iddiaçının növbəsi çatdıqda bu barədə ona müvafiq qaydada məlumat veriləcəyi məsələsidir. Bu cavab məktublarının mətnindən də göründüyü kimi cavabdeh Azərbaycan Respublikası Baş X1 İdarəsi öz diskresion səlahiyyətlərindən istifadə edərək qeyd olunan sonu “999” rəqəmlərinin kombinasiyasından ibarət dövlət qeydiyyat nişanlarının iddiaçının avtomobilinə təhkim edilməsi ilə bağlı artıq qərar qəbul etmişdir. Mübahisəli məqam cavabdehin diskresion səlahiyyətlərinə müdaxilə deyil. Bu qərarın icrası ilə bağlı 2 (iki) ildən çox müddət ötməsinə baxmayaraq iddiaçı növbəsi barədə məlumatlandırılmamışdır. Ona görə də, Bakı İnzibati Məhkəməsinin bu istinadı tamamilə əsassızdır. İddiaçı avtomobilinə ancaq sonu “999” rəqəmlərinin kombinasiyasından ibarət dövlət qeydiyyat nişanlarının təhkim edilməsi ilə bağlı müraciət etmişdir. Qeydiyyat nişanlarının əvvəl rəqəmləri, hərflərin kombinasiyası barədə müraciətində heç bir əlavə qeyd olunmamış, istək nəzərdə tutulmamışdır. Yəni, “99” qeydiyyat nömrə nişanının kodunun Azərbaycan Respublikasının bütün ərazilərinə aid edilməsilə “99” koduyla sonu “999” olan dövlət nömrə nişanının sərfiyyatdə olmamasının onun müraciətinə heç bir aidiyyəti yoxdur. Çünki onun qeydiyyat nişanlarının əvvəl kodu və orta hərfləri ilə bağlı heç bir tələbi olmamışdır. Ona görə də Bakı İnzibati Məhkəməsinin bu qeydini qeyri-obyektiv hesab edir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 26.05.2021-ci il tarixli, 2-1(112)-2338/2021 saylı qərarının ləğv olunması, iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş və səbəbinin üzürlü olması barədə əvvəlcədən məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası iclasa çağırılan cavabdehin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, ** SY *** dövlət qeydiyyat nişanlı “Ford Escape” minik markalı avtomobilin sahibidir, cavabdehə müraciət edərək həmin avtomobilə sonu 999 olan eyni və ya fərqli hərflərin kombinasiyasından ibarət dövlət qeydiyyat nişanlarından birinin təhkim edilməsini xahiş etsə də müraciəti təmin edilməmişdir. Cavabdeh buna əsas kimi sərfiyyatda həmin nömrənin olmamasını göstərmişdir. İddiaçı cavabdehin imtinasının qanunsuz hesab edərək, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 4, 27, 29-cu maddələrini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 20 dekabr tarixli 345 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə rəqəmlərin və hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilmə Qaydası”nın 1.2, 1.3, 2.1, 2.2-ci bəndlərini, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 30.11.2012-ci il tarixli Q74-001-12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyasının sifariş verilməsi üzrə inzibati reqlament”in 3.1, 3.2.1-ci bəndlərini, İnzibati Prosessual Məcəllənin 74-cü maddəsini tətbiq etməklə belə qərara gəlmişdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Baxılan iş üzrə cavabdehin hərəkətlərində diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından hər hansı qanunsuzluq aşkar olunmadığından məhkəmə haqlı olaraq iddianı təmin etməmişdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 26.05.2021-ci il tarixli, 2-1(112)-2338/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azər Hüseynov Hakimlər: Səadət Bəktaşi Vidadi Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar