Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1987/2022 02.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı, vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş məbləğin birdəfəlik ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2-1(112)-1848/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “57 yaşının tamam olduğu 2020-ci il 16 fevral tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1984-cü ildən başlayaraq hazırkı vaxta kimi 37 il işləmişdir. Peşə məktəbində 3 il təhsil müddəti və 2 il hərbi xidmət müddəti nəzərə alınmaqla 42 ildən çox əmək stajı vardır. İddiaçının zərərli iş şəraitində əmək stajı 01 yanvar 2006-cı il tarixinə 25 il 11 ay 05 gün təşkil etmişdir. Yəni güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün zəruri olan 25 illik ümumi və 12 il 6 aydan çox güzəştli olan əmək stajı yarandığına görə 57 yaşının tamam olduğu 16 fevral 2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixdə iddiaya yazılı etirazı məhkəməyə təqdim etmiş, etirazda imtina məktubunda göstərilən dəlillərə istinad olunaraq iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2-1(112)-1848/2022 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o xx.xx.1963-cü il tarixdə anadan olmuş, xx.xx.1978-ci ildə Bakı şəhər 2 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və xx.xx.1981-ci ildə Elektrovozun maşinist köməkçisi peşəsi üzrə bu məktəbin tam kursunu bitirərək ümumi orta təhsil almış, xx.xx.1981-xx.xx.1983-cü illərdə hərbi xidmətdə olmuşdur. xx.xx.1984-cü il tarixindən V.Lenin adına Bakı Metropoliteninin Qatarların hərəkət xidmətinin kompleks briqadasına İİİ dərəcə ilə elektrik avadanlıqların təmiri üzrə elektrik çilingəri peşəsinə qəbul edilmiş, xx.xx.1984-cü il tarixdə istismar sahəsinə elektrik qatarlarının maşinist köməkçisi vəzifəsinə keçirilmiş, xx.xx.1988-ci ildə digər işə keçirilməyi ilə bağlı həmin işdən azad edilmişdir. İşlədiyi vaxt qüvvədə olan 2 nömrəli Siyahıya əsasən vəzifələr kod - 230001000-16887- Dəmiryol nəqliyyatı.Elektrik qatarlarının maşinist köməkçiləri peşəsinə uyğun gəlir. 3 il 11 ay 18 gün güzəştli iş stalım həmin müddətə aid olur. Qeyd edilən halı təsdiq edən arayış iş materiallarına əlavə edilmişdir. İddiaçı xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilə kimi Azərbaycan Dəmir Yolları QSC-nin Bakı Lokomotiv deposunda Elektrovozların baxımı və təmiri üzrə çilingər, xx.xx.1989-cu il tarixindən xx.xx.1989-cu il tarixinədək elektrovoz maşinisti köməkçisi peşəsində işləmiş, xx.xx.1989-xx.xx.1990-cı illərdə X6 X3 15 nömrəli sexində teplovoz maşinisti, xx.xx.1990xx.xx.1995-ci illərdə isə Bakı Baş Tikinti İdarəsində 2 nömrəli Dəmir Beton məmulatları zavodunda teplovoz maşinisti, xx.xx.1995-xx.xx.1996-cı illərdə “Zenit” idman cəmiyyətində məşqiçi müəllim vəzifəsində işləmişdir. İddiaçı xx.xx.1996-cı ildə yenidən X6 X4 15 nömrəli sexinə teplovoz maşinist vəzifəsinə qəbul edilmiş, xx.xx.2014-cü ilədək həmin vəzifədə işləmiş, xx.xx.2014-cü ildə dəmiryol üzrə xidmət sahəsinə teplovoz maşinisti keçirilmiş, xx.xx.2015-ci ildə isə yenidən 15 nömrəli sahəyə teplovoz maşinisti keçirilmiş və hazırda həmin vəzifədə işləyir. Beləliklə, istinad olunan sənədlərdən görünür ki, 57 yaşı xx.xx.2020-ci il tarixdə tamam olmuş, onun xx.xx.2006-cı il tarixə 26 il 6 ay 9 gün ümumi stajı olmuşdur. xx.xx.2006-cı il tarixə xüsusi staiına gəldikdə iş materiallarından görünür ki, xüsusi stajı həmin tarixə 15 il 5 ayadək olmuşdur. Birinci instansiya məhkəməsi isə xx.xx.1984-xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1990, xx.xx.1990xx.xx.1995, xx.xx.1996-xx.xx.2006-cı il xüsusi stajını nəzərə almamış, nəzərə almamasının əsası kimi həmin dövrə teplovoz maşinisti vəzifəsində işlədiyi sahənin dəmiryol nəqliyyatına aid olmamasını göstərmişdir. Halbuki, faktiki olaraq “teplovoz” sürmüş, X4 işlədiyi müddətdə vəzifə təlimatda da Dəmiryol istismarı üzrə 15 nömrəli sahənin 6-cı dərəcəli teplovoz maşinistinin peşə təlimatı aid olmuşdur. Həmçinin məhkəmənin nəzərinə çatdırır ki, X3 fəaliyyəti yalnız neft emalı ilə məhdudlaşmamış, benzin, dizel, koks, yağ və s. kimyəvi məhsulların teplovozlar vasitəsilə daşınması da həmin zavodun fəaliyyətinə aid olmuşdur ki, onun işi də birbaşa qeyd etdikləri olmuşdur. Ona görə də hesab edir ki, X6 X4, Bakı Baş Tikinti İdarəsində 2 nömrəli Dəmir Beton məmulatları zavodunda, həmçinin işlədiyi müddətin, eyni zamanda Bakı Metropolitenində işlədiyi müddətin güzəştli staja daxil edilməməsi qanunsuzdur. Həmin müddətlər işlədiyim vaxt qüvvədə olan 2 nömrəli Siyahıya əsasən vəzifələr kod — 2300100-14241- teploviz, elektrovoz maşinistləri, və maşinist köməkçiləri, 2300100-16878 teplovozlarda maşinist köməkçiləri peşəsinə uyğun gəlir. Teplovoz maşinisti vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarının “Dəmiryol nəqliyyatı” başlığı altında nəzərdə tutulmuş bəndinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ verir. İşlədiyi vəzifə və iş əmək kitabçasına əsasən iş stajı kifayət qədər olmağına baxmayaraq birinci instansiya məhkəməsi təqdim edilmiş sənədləri əsaslı olaraq araşdırmamış və reallığı əks etdirməyən əsassız qərar qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia qismən təmin edilməlidir. Hazırki işin hallarından görünür ki, İddiaçı xx.xx.1963-cü ildə doğulmuş, xx.xx.1978-ci ildə Bakı şəhər 2 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və xx.xx.1981-ci ildə Elektrovozun maşinist köməkçisi peşəsi üzrə bu məktəbin tam kursunu bitirərək ümumi orta təhsil almış, xx.xx.1981-xx.xx.1983-cü illərdə hərbi xidmətdə olmuşdur. İddiaçı xx.xx.1984-cü il tarixindən V.Lenin adına Bakı Metropoliteninin Qatarların hərəkət xidmətinin kompleks briqadasına İİİ dərəcə ilə elektrik avadanlıqların təmiri üzrə elektrik çilingəri peşəsinə qəbul edilmiş, xx.xx.1984-cü il tarixdə istismar sahəsinə elektrik qatarlarının maşinist köməkçisi keçirilmiş, xx.xx.1988-ci ildə digər işə keçirilməsi ilə bağlı həmin işdən azad edilmişdir. İddiaçı xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilə kimi Azərbaycan Dəmir Yolları QSC-nin Bakı Lokomotiv deposunda Elektrovozların baxımı və təmiri üzrə çilingər, xx.xx.1989-cu il tarixindən xx.xx.1989-cu il tarixinədək elektrovoz maşinisti köməkçisi peşəsində işləmiş, xx.xx.1989-xx.xx.1990-cı illərdə X6 X3 15 nömrəli sexində teplovoz maşinisti, xx.xx.1990-xx.xx.1995-ci illərdə isə Bakı Baş Tikinti İdarəsində teplovoz maşınisti, xx.xx.1995-xx.xx.1996-cı illərdə “Zenit” idman cəmiyyətində məşqiçi müəllim vəzifəsində işləmişdir. İddiaçı xx.xx.1996-cı ildə yenidən X6 X4 15 nömrəli sexinə teplovoz maşinist vəzifəsinə qəbul edilmiş, xx.xx.2014-cü ilədək həmin vəzifədə işləmiş, xx.xx.2014-cü ildə dəmiryol üzrə xidmət sahəsinə teplovoz maşinisti keçirilmiş, xx.xx.2015ci ildə isə yenidən 15 nömrəli sahəyə teplovoz maşinisti keçirilmişdir və hazırda həmin vəzifədə işləyir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, Cavabdeh İddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış **********5 nömrəli, xx.xx.2021-ci il tarixli cavab məktubunda göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) müvafiq olaraq teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə SOCAR-ın “X6 X8”unda xx.xx.1989- xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində teplovoz maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi “X6 X8”unda işlədiyi teplovoz maşinisti vəzifəsi yuxarıda göstərilən dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər sahəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 1 yanvar 2006-cı il tarixinədək 12 il 6 aydan az (1 il 19 gün (xx.xx.1988-xx.xx.1989-cu il tarixləri arasındakı dövr) təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsi iddiaçının xx.xx.2006-cı il tarixə qədər 25 ildən yuxarı ümumi iş stajının olduğunu müəyyən edərək, iddia tələbinin rədd edilməsi əsası kimi qeyd etmişdir ki, "xxxx" QSC tərəfindən verilmiş arayışda iddiaçının işlədiyi həmin vəzifənin 2 nömrəli Siyahının hansı koduna uyğun gəldiyi konkret olaraq göstərilməmiş, məhkəmə də bu istiqamətdə araşdırma aparmamışdır. Çünki həmin dövr araşdırılmadan da toplanmış sübutlar iş üzrə yekun nəticəyə gəlməyə kifayət edir. Belə ki, qeyd edilən dövr xüsusi staja daxil edilsə belə, iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün xx.xx.2006-cı il tarixədək tələb olunan 12 il 6 aylıq müddət tamamlanmır. Çünki işdən görünür ki, cavabdeh iddiaçıya pensiya təyin etməkdən imtina edərkən yuxarıda göstərilən dövrləri deyil, onun xx.xx.1990-xx.xx.1995-ci illərdə Bakı Baş Tikinti İdarəsində, xx.xx.1989xx.xx.1990-cı və xx.xx.1996-xx.xx.2006-cı illərdə X6 X3 15 nömrəli sexində işlədiyi dövrləri mübahisələndirmiş və həmin müəssisələrdəki teplovoz maşinisti vəzifəsinin güzəştli şərtlərlə pensiya təyin etməyə imkan verən peşə olmamasına istinad etmişdir. Cavabdehin bu dəlili əsaslı olmuşdur. Çünki iddiaçının həmin dövrdə teplovoz maşinisti vəzifəsində işlədiyi sahə dəmiryol nəqliyyatına aid olmamışdır. Belə ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi 2 nömrəli Siyahının (23000000 XXVİİİ. Nəqliyyat 1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər. 23001000— 14241 teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri) quruluşundan da göründüyü kimi, ilk növbədə “istehsalat” sahələri aşkar surətdə fərqləndirilmiş, yalnız bundan sonra həmin istehsalat sahəsinə aid iş, peşə və vəzifələr təsbit olunmuşdur. İddiaçının bilavasitə çalışmış olduğu “iş, peşə və vəzifə” isə dəmiryolu nəqliyyatına deyil, digər istehsalat sahəsinə aid olmuşdur. Başqa sözlə, iddiaçının icra etdiyi “iş, peşə və vəzifə” onun bilavasitə çalışdığı Bakı Baş Tikinti İdarəsində və X6 X4 istehsal prosesinin tərkib hissəsi olmuşdur. Bunun əksini təsdiq edə bilən hər hansı sübut işdə mövcud deyil. İddiaçının əsaslandığı – işlədiyi müəssisə tərəfindən verilmiş arayışlar isə iddiaçının əmək kitabçasında qeyd olunan istehsalat sahəsində və işdə/vəzifədə çalışması faktını təsdiq edir, lakin barəsində qeyd olunan iş, peşə, vəzifələr və onların icra olunduğu əmək şəraiti arasındakı uyğunluğu (eyniliyi) təsdiq etmir. Burada, söhbət müxtəlif istehsalat sahələrində (hazırkı halda, nəqliyyat və istehsal sahələrində) işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin və əmək şəraitinin eyniliyinin, deməli, həm də əmək şəraitinin xüsusilə ağırlığına və zərərliliyinə dair eyni və ya oxşar əsasların, faktiki halların mövcudluğunun təsdiq olunmasından gedir. Hazırkı işdə bu, təsdiq edilmir. Göstərilənlərə əsasən müəyyən olunur ki, iddiaçıya ona 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan zəruri şərtlərdən biri, xx.xx.2006-cı il tarixədək 12 il 6 ay xüsusi stajın olması şərti hazırkı iş üzrə ödənilmir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.3-ci maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığorta olunanın sığorta stajına daxil edilir. 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, mövcud “Qaydalar” “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsini təsbit etmişdir. “Qaydalar”ın 4.1.10-cu bəndinə əsasən, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element birlikdə mövcud olmalıdır: a) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının (2 nömrəli siyahı üzrə) mövcud olması. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Beləliklə, iş materiallarında olan attestatın, hərbi biletin, əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən, göründüyü kimi 01 yanvar 2006-cı ilədək iddiaçının hərbi xidmət müddəti də nəzərə alınmaqla, 25 ildən artıq ümumi iş stajı mövcud olmuşdur. İddiaçının güzəştli iş stajına münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Dəmir Yolları QSC-nin xx.xx.2021-ci il tarixli, 44030 nömrəli Arayışından görünür ki, iddiaçı xx.xx.1988-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək "xxxx" QSC-nin Bakı Lokomotiv deposunda elektrovozların baxımı və təmiri üzrə çilingər, xx.xx.1989-cu il tarixindən xx.xx.1989-cu il tarixinədək (ümumilikdə 1 il 19 gün olmaqla) elektrovoz maşinist köməkçisi peşəsində işləmişdir. Qeyd olunan peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na daxildir. “SOCAR” X6 X3 14 sentyabr 2021-ci il tarixli güzəştli arayışında qeyd edilmişdir ki, iddiaçının xx.xx.1989-xx.xx.1990, xx.xx.1996-xx.xx.2014-cü illərdə 15 nömrəli sexdə çalışdığı teplovoz maşinisti, xx.xx.2014-cü ildə dəmiryol üzrə xidmət sahəsində teplovoz maşinisti,xx.xx.2015-ci ildən hal-hazıradək 15 nömrəli sahədə teplovoz maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda şifrə 23000000-14241, XXVİİİ bölmənin 1-ci yarımbölməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarının 21.4 bölməsi ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr siyahısındadır. Məhkəmə kollegiyası qeyd edir ki, dəmiryolları iqtisadi fəaliyyət sahəsi olaraq təyinatına görə (yüklərin və sərnişinlərin) daşıma xidmətlərinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bu mənada, dəmiryolları fəaliyyət sahəsi kimi digər iqtisadi fəaliyyət sahələrindən özünün spesifik və müəyyən mənada universal xarakteri ilə fərqlənir. Daha dəqiq deyilsə, dəmiryolları konkret istehsalat sahəsinə və ya müəssisəyə (idarəyə) bağlı fəaliyyət sahəsi kimi deyil, idarə və müəssisə mənsubiyyətindən və tabeçiliyindən asılı olmayaraq funksional təyinatına uyğun ümumi anlamda qəbul edilməlidir. Dəmiryollarının və dəmiryolu nəqliyyat vasitələrinin yalnız "xxxx" QSC-nin istifadəsində olan magistral dəmiryol xətləri ilə məhdudlaşdırılması ölkənin vahid dəmiryolları sisteminin vahidliyi baxımından yolverilməzdir. Bu yanaşma ona əsaslanır ki, Azərbaycan Respublikasının dəmiryolları sistemi yalnız "xxxx" QSC-nin idarəçiliyində olan magistral dəmiryolları şəbəkəsini deyil, həm də təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ayrı-ayrı müəssisələrin həmin magistral yollara çıxışı olan və daşımaların həyata keçirildiyi dəmiryolları şəbəkələrini də ehtiva edir. Bu zaman nəzərə alınmalıdır ki, "xxxx" QSC-nin istifadəsində olan magistral dəmiryolları da Azərbaycan Respublikasının vahid dəmiryolları sisteminə tərkibinə daxildir və ümumi istifadədə olmaqla sərnişinlərin və yüklərin daşınması funksiyasını yerinə yetirir. Həmçinin nəzərə almaq lazımdır ki, dəmiryolu şəbəkəsinin, eləcə də həmin şəbəkədə təyinatı üzrə istismar edilən və daşımaları həyata keçirən teplovozların fərqli iqtisadi fəaliyyət sahəsinə aid müəssisəyə mənsubiyyəti prinsip olaraq həmin dəmiryolu şəbəkəsinin və teplovozların funksional təyinatını və istismar xarakterini dəyişdirmir və dəyişdirmək imkanına da malik deyildir. Bu baxımdan güzəştli şərtlərlə pensiya təyin olunarkən nəzərə almaq lazımdır ki, Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın müvafiq bəndi yalnız "xxxx" QSC-nin idarəçiliyində olan magistral dəmiryollarında çalışan teplovoz maşinistlərinə və maşinist köməkçilərinə deyil, həm də təşkilati-hüquqi və mülkiyət formasından asılı olmayaraq istənilən müəssisəyə aid dəmiryollarında və dəmiryolu nəqliyyat vasitələrində, o cümlədən teplovozlarda çalışan və bilavasitə daşımalarla məşğul olan maşinistlərə və maşinist köməkçilərinə də şamil olunmalıdır. Qeyd etmək lazımdır ki, bu kateqoriyadan olan işçilərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları müəssisələrin iqtisadi profilinə və ya müəssisənin tabeçiliyinə deyil, həmin şəxslərin funksional fəaliyyət sahəsinə və peşə mənsubiyyətinə bağlıdır. Bu baxımdan ayrı-ayrı müəssisələrin dəmiryol nəqliyyatı struktur vahidində işləyən və daşımalarla məşğul olan teplovoz maşinistləri və maşinist köməkçiləri də magistral dəmiryollarının nəqliyyat vasitələrinin, o cümlədən teplovozların maşinistləri və maşinist köməkçiləri anlamında qəbul edilməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, həm magistral dəmir yollarında, həm də müəssisələrin dəmiryol nəqliyyatı struktur vahidlərində işləyən və daşımalarla məşğul olan teplovoz maşinistləri və maşinist köməkçiləri eyni peşənin daşıyıcılarıdırlar və məzmun baxımından eyni funksiya və vəzifələri yerinə yetirirlər. Bu baxımdan, həmin şəxslər hansı müəssisəyə aid dəmiryolunda və dəmiryolu nəqliyyatında teplovoz maşinisti və maşinist köməkçisi işləməsindən asılı olmayaraq, peşə ümumiliyinə görə güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Başqa sözlə, qeyd olunan şəxslərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları müəssisənin iqtisadi fəaliyyət sahəsinə və müəssisəyə deyil, həmin müəssisənin struktur vahidində onların həyata keçirdikləri fəaliyyətin funksional təyinatına və məzmununa bağlıdır. Burada həlledici məqam onların icra etdikləri funksiyaların güzəştli pensiya hüququ verən və siyahıda nəzərdə tutulan peşəyə bağlı olmasıdır. Yuxarıda ifadə olunan mövqeyə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq fərqli müəssisələrə aid dəmiryollarında və bilavasitə daşımalarla məşğul olan dəmiryol nəqliyyatı vasitələrində, o cümlədən teplovozlarda çalışan maşinistlərin və maşinist köməkçilərinin qanunla nəzərdə tutulmuş digər şərtlər daxilində imtiyazlı pensiya hüququ tanınmalıdır. Hazırkı mübahisəyə münasibətdə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri peşələrinin dəmiryolu nəqliyyatı bölməsində nəzərdə tutulması həmin bölmənin müəssisələrə aid dəmiryollarında və bilavasitə daşımalarla məşğul olan dəmiryol nəqliyyatı vasitələrində, o cümlədən teplovozlarda çalışan maşinistlərə və maşinist köməkçilərinə münasibətdə iqtisadi fəaliyyət sahəsi baxımından tətbiq olunmasını istisna edən hal kimi təfsir oluna bilməz. Odur ki, iddiaçının Bakı Baş Tikinti İdarəsində və X6 X4 işlədiyi “teplovoz maşinisti” və “elektrovoz maşinist köməkçisi” vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “23000000 XXVİİİ. Nəqliyyat 1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər. Kod 23001000—14241-“teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri”, kod 23001000—16885-“elektrovozlarda maşinist köməkçilər” peşələrinə uyğundur. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək həm 25 il ümumi, həm də 12 il 6 ay güzəştli stajı tamam olduğundan ona 57 yaşının tamam olduğu 16 fevral 2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Məhkəmə kollegiyası “pensiya məbləğinin birdəfəyə ödənilməsi” tələbinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, keçmiş müddət üçün alınmamış pensiya məbləğinin bidəfəyə ödənilməsi vəzifəsini müəyyən edən norma yoxdur. Əksinə, “Əmək pensiyaları haqqında” qanunun 32.1-1-ci müddəsinin ikinci cümləsində deyilir ki, bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Odur ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2-1(112)-1848/2022 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşının tamam olduğu 16 fevral 2020-ci il tarixdən təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Nəticə hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2-1(112)-1848/2022 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşının tamam olduğu 16 fevral 2020-ci il tarixdən təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-1987/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1987/2022
02.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver