Məhkəmə qərarları › İş №2-1(103)-1987/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1987/2023

19.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1987/2023 19.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X1 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı prosessual hüquq varis X2 cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi və s.” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8698/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət qulluqçusu kimi ona təyin olunmuş pensiyanın qanunsuz dayandırılmasının ləğv edilməsi və pensiya təminatının dayandırıldığı vaxtdan bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona xx.xx.2005-ci ildən dövlət qulluqçusu kimi pensiya təyin edilmiş, həmin pensiyanı dekabr ayı da daxil olmaqla 2020-ci ilə qədər almışdır. Lakin ondan sonra pensiyanın ödənilməsi dayandırılmış və o da bununla bağlı cavabdehə müraciət etmişdir. Həmin müraciətlərinə verilən xx.xx.2021-ci il tarixli cavabdan məlum olmuşdur ki, ona dövlət qulluğu pensiyasının verilməsi dayandırılmışdır. O, hesab edir ki, cavabdehin hərəkətləri qanunsuzdur. Belə ki, o, 1962-ci ildən xx.xx.2009-cu ilə qədər yaşa görə pensiya təminatını öz əməyi ilə əldə etmişdir. Ona təyin edilmiş pensiyanın dayandırılması haqqında səlahiyyətli orqanın hər hansı bir qərarı mövcud deyildir. Belə bir qərar olmadığı halda ona verilən pensiyanın ödənişi dayandırıla bilməzdi. Odur ki, cavabdehin şəxsi mülahizəsi əsasında pensiyanı dayandırması qanunsuz hesab edilməlidir. Cavabdehin məktubunda ona əlilliyə görə əmək pensiyasının 259.78 manat məbləğində təyin edilməsi göstərilsə də, onun pensiya kartına heç bir məbləğ mədaxil edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7530/2021 saylı 02 dekabr 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, İddiaçı xx.xx.2005-ci ildə təyin olunmuş pensiyanın dayandırılmasının qanunsuz hesab edilməsi və pensiya təminatının dayandırıldığı vaxtdan bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 30 mart 2022-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7530/2021 saylı 02 dekabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. İş üzrə məhkəmə icraatı zamanı müəyyən edilmişdir ki, İddiaçı vəfat etmiş, onun adına vərəsəlik işi açılmış, X6 iddiaçının vərəsəsi olmuşdur. Məhkəmənin qərardadları ilə X6 prosessual hüquqi varis qismində tanınmış, eyni zamanda, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində cəlb edilmişdir Məhkəmənin 31 oktyabr 2022-ci il tarixli qərardadı ilə Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iş üzrə cavabdeh qismində məhkəmə icraatının iştirakçısı kimi tanınmış, iddia tələbi “xüsusi şərtlərlə təyinatı üzrə mərkəzi filialın xx.xx.2021-ci il tarixli əmək pensiyasının dayandırılması haqqında qərarın və digər cavabdeh sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialın İİ-ci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi haqqında 18 fevral 2021-ci il tarixli **********9 nömrəli qərarının ləğv edilməsi, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçının atasına ödənilməmiş məbləğin ödənilməsinin cavabdeh xüsusi şərtlərlə mərkəzi filialına həvalə edilməsi” kimi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8698/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialın əmək pensiyasının dayandırılması haqqında xx.xx.2021-ci il tarixli **********9 nömrəli qərarı ləğv edilmiş, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın İİ-ci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi haqqında 18 fevral 2021-ci il tarixli **********9 nömrəli qərarı ləğv edilmiş, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək mərhum İddiaçı ödənilməmiş məbləğin onun prosessual hüquqi varisi X3 ödənilməsi öhdəliyi cavabdeh xüsusi şərtlərlə mərkəzi filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli qərarın qəbulu zamanı hər hansı bir hüquq pozuntusuna yol verilməmiş,inzibati akt üçün tələb olunan bütün rekvizitlərə əməl edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsi qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. İddiaçı və digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8698/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə qərarında qeyd etmişdir ki, “Hazırki halda inzibati prosessual qanunvericiliklə tərəfin iştirakı olmadan, məlumatlandırma aparmadan qəbul ediləcək qərar prosessual hüququ baxımından mahiyyəti üzrə düz olsa da inzibati orqanın qərarının inzibati icraat baxımından qanuniliyindən söhbət gedə bilməz. Necə ki məhkəmə inzibati məhkəmə icraatı gedişində iddiaçıya yardım edirsə, onu dinləyirsə, ərizə və izahatlarına qiymət verirsə, məhkəmə hesab edir ki, həmin tələblər inzibati orqan üçün də keçərlidir. Bu zaman heç bir izahat alınmadan şəxs dəvət edilmədən məhkəmə qərarı mahiyyəti baxımından düz olsa da, necə ki prosessual baxımından qanunilik meyarından uzaqdırsa, məlumatlandırma aparmadan inzibati orqanın maraqlı şəxs barəsində çıxardığı qərarın da qanuniliyindən, mahiyyəti baxımından düz olsa da söhbət gedə bilməz. Məhkəmə, qeyd etməyi zəruri hesab edir ki, dövlət qulluqçusu kimi əmək pensiyasının dayandırılması barədə qərarın ləğv edilməsi barədə iddianın təmini, iddianın digər cavabdehə münasibətdə qəbul edilmiş əlilliyə görə əmək pensiyasının təyini barədə qərarının da ləğv edilməsinə əsas yaradır” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qərardadda da qeyd etdiyi kimi İddiaçı xx.xx.2005-ci il tarixdə dövlət qulluqçusu kimi pensiya təyin edilmişdir. Cavabdehlərdən biri olan Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” **********9 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən iddiaçıya xx.xx.2006-cı il tarixdə təyin edilmiş yaşa görə pensiya dayandırılmışdır. Sonradan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçıya xx.xx.2005-ci il tarixdən İİ qrup əlilliyə görə müddətsiz pensiya təyin edilmiş və həmin tarixdən xx.xx.2020-ci il tarixədək şəxsə artıq ödənilmə edildiyi aşkarlanmışdır. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçıya xx.xx.2005-ci il tarixdən dövlət qulluqçusu kimi təyin edilmiş pensiyanın xx.xx.2021-ci il tarixdən müvafiq qərar əsasında dayandırılması qanunsuz sayılıb, onun həmin növdə pensiyasının bərpa olunması ilə bağlı məhkəmə qərarı qəbul olunsa belə, həmin məhkəmə qərarının icrası şəxs barəsində bu iş üzrə inzibati orqan kimi çıxış etməyən başqa inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərara əsasən mümkün olmayacaqdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, adı çəkilən və hazırda DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı adlandırılan orqan tərəfindən iddiaçıya İİ qrup əlilliyə görə pensiyanın təyin olunması barədə xx.xx.2021-ci il tarixli qərar qəbul olunmuşdur. Hazırda həmin qərar ləğv edilməyib, etibarsız sayılmayıb və qüvvədə olduğu üçün bu hal iddiaçının ona dövlət qulluqçusu kimi təyin edilmiş pensiyasının bərpa olunması barədə qəbul ediləcək məhkəmə qərarının icrasını mümkünsüz edir. Göründüyü kimi mərhum İddiaçı ödənilməli olan pensiya ödənişləri miras aktivinə daxil edilərək prosessual hüquqi varisə o zaman ödənilə bilər ki, təkcə dövlət qulluqçusu kimi əmək pensiyasının dayandırılması barədə qərar yox, həm də iddiaçıya əlilliyə görə əmək pensiyasının təyini barədə qərar da ləğv edilmiş olsun. Ən azından uyğun faktiki və hüquqi əsaslara söykənən həmin tələblərin bir yerdə baxılması, həmçinin prosessual qənaət prinsipləri baxımından da əhəmiyyətlidir. Əks halda isə, iddiaçı ilk növbədə əlilliyə görə əmək pensiyasının ləğvinə nail olmalı, həmin icraat bitdikdən sonra isə dövlət qulluğuna görə təyin edilmiş əmək pensiyasının ləğvinə dair iddia qaldırmalıdır ki, ikinci tələbin birinci tələbə baxılmadan baxıla bilməməsi, yəni qərarın icrasız qalması Bakı Apellyasiya Məhkəmənin qərarında kifayət qədər əsaslandırılmışdır. Məhkəmə hesab edir ki, əksi qaydası olduqda da iddiaçı hüquqi marağına uyğun nəticə əldə edə bilməz. Belə ki, hazırkı tələblərə bir yerdə baxılmadığı halda ilkin iddia tələbi əliliyə görə əmək pensiyasının ləğvi barədə olmalıdır ki, digər qərar qüvvədə olduğu müddətdə, yəni dayandırılma barədə qərar mübahisələndirilmədiyi müddətdə həmin qərarın qanunsuzluğu əsasları da müəyyən edilməyə bilər. Halbuki, dayandırma barədə qərarın ləğvi, əlilliyə görə qərarın da ləğvi deməkdir. Bu səbəbdən də, hazırkı iddialara bir icraatda bir-neçə cavabdehə baxılması məqsədəuyğundur. Bundan əlavə, o da qeyd edilməlidir ki, hazırkı halda cavabdehlər hər ikisi Dövlət Sosial Müdafiə Fondunun tərkibinə daxil olan Filiallardır və hüquqi şəxsin müxtəlif məsələlər üzrə qərarları qəbul etmək səlahiyyətinin müxtəlif Filiallarına verməsi iddiaçının məhkəməyə hər iki qərarın bir icraatda ləğv edilməsi barədə müraciət hüququna müdaxilə ilə nəticələnə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə də ən azından uyğun faktiki və hüquqi əsaslara söykənən iki tələbin mövcudluğu və həmin tələblərin cavabdehlərin qəbul etdiyi qərarların hüquqi nəticəsindən əmələ gəlməsi aşkardır. Məhkəmə kollegiyası iddiaçının Xüsusi şərtlərlə təyinatı üzrə mərkəzi filialın xx.xx.2021-ci il tarixli əmək pensiyalarının dayandırılması haqqında qərarın ləğvi ilə bağlı tələbə münasibətdə qeyd edir ki, məhkəmə icraatı zamanı təqdim olunmuş pensiya işindən görünür ki, iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmiş və müvafiq ödənişlər edilmişdir. Sonradan isə, müvafiq audit yoxlaması nəticəsində əmək pensiyası dayandırılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə pensiyanın dayandırılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Belə ki, cavabdeh “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, bu barədə pensiyanın dayandırılması barədə qərar qəbul etməklə kifayətlənmiş, bununla da pensiya təyinatı üzrə ödənişin dayandırılması barədə hərəkətlər etməklə iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin pensiyanın dayandırılması barədə qərarın ləğv edilməlidir. Bu zaman X5 Filiala ünvanlanmış iddiaçının işləmiş olduğu “Ayaqqabı” İstehsalat Birliyində müdir vəzifəsinin dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmaması barədə məktubu da məhkəmə hesab edir ki, vəziyyəti cavabdehin xeyrinə dəyişmir. Belə ki, həmin məktub iddiaçı barəsində düzgün aparılmamış inzibati icraat materiallarında olmamış, sonradan 2022-ci il tarixdə görünür sorğuya cavab olaraq əldə edilmiş, həmin məktubun tarixi ilə dayandırma barədə qərarın tarixi arasında azı 1 il fərq olmuşdur. Halbuki, inzibati orqan həmin araşdırmanı iddiaçının iştirakı ilə, X5 də rəyi alınmaqla, eləcə də işin digər halları da nəzərə alınmaqla aparmalı, bunun nəticəsində əmək pensiyasının dayandırılmalı olubolmaması barədə nəticəyə gəlməli idi. Ümumiyyətlə inzibati icraatla bağlı qanunvericiliyin aydın tələbidir ki məlumatlandırma aparılmaqla, yəni, şəxs barəsində açılmış inzibati işlə bağlı şəxsə xəbər verilməklə inzibati icraat aparılmalı, indiki halda 1944-cü il təvəllüdlü şəxs pensiyasının dayandırılması pensiya kartından pul götürərkən məlumatı ilk dəfə almasın deyə, pensiyanın ödənilməmə və ya az ödənilmə səbəbləri barədə qeyri-müəyyən hallar yaranmasın deyə, şəxs pensiya təyin etmiş orqana çağrılmalı, ya da iştirakı digər vasitələrlə təmin edilməli, maraqlı şəxsin izahatı dinlənilməli, ehtimal olunan azaldılmanı və ya dayandırmanı istisna edə biləcək halların mövcudluğu həmin şəxsin iştirakı ilə araşdırılmalı, daha sonra bu barədə qərar qəbul edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda inzibati prosessual qanunvericiliklə tərəfin iştirakı olmadan, məlumatlandırma aparmadan qəbul ediləcək qərar prosessual hüququ baxımından mahiyyəti üzrə düz olsa da inzibati orqanın qərarının inzibati icraat baxımından qanuniliyindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, dövlət qulluqçusu kimi əmək pensiyasının dayandırılması barədə qərarın ləğv edilməsi barədə iddianın təmini, iddianın digər cavabdehə münasibətdə qəbul edilmiş əlilliyə görə əmək pensiyasının təyini barədə qərarının da ləğv edilməsinə əsas yaradır. Belə ki, şəxsin marağı ona əlilliyə görə pensiya təyin edilməsi ilə bağlı yox, məhz dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının bərpası ilə bağlı olmuşdur ki, həmin maraq ən azından adıçəkilən pensiyalarla bağlı məbləğ arasında fərqin olmasından başa düşüləndir. Lakin cavabdehlərdən biri əmək pensiyasını dayandırmış, digəri isə şəxsə əlilliyə görə pensiya təyin etmişdir ki, hər iki halda pensiya alan şəxsin hər hansı müracətinin olmadığı, onun iştirakının təmin edilmədiyi, hər iki qərarın cavabdehlərin öz təşəbbüsü ilə həyata keçirildiyi müəyyən edilir. Halbuki, şəxsə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilərkən də inzibati icraatın düzgün aparılması və onun məlumatlandırılmalı olması, onun icraata cəlb edilməsinin təmin edilməsi yuxarıda adıçəkilən qanunvericilik müddəalarının tələbidir. Nəzərə alınmalıdır ki, hər nə qədər əmək pensiyasının təyin edilməsi barədə qərar özlüyündə əlverişli inzibati akt təəssüratı yaratsa da hazırkı iş üzrə qəbul edilmiş inzibati aktın əlverişli inzibati akt olma xüsusiyyətindən söhbət gedə bilməz. Bu səbəbdən də həmin inzibati akt qəbul edilərkən də yuxarıda qeyd olunan qanunvericilik müddəalarının tələbləri təmin edilməli, şəxsin iştirakına imkan verilməli idi ki, işin mahiyyəti də onu göstərir ki, şəxs əvvəlki pensiya təyinatının bərpasında maraqlı olmuş, sonrakı təyinatla razılaşmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin hər iki qərarı, yəni həm dövlət qulluqçusu kimi əmək pensiyasının dayandırılması barədə qərarı, həm də əlilliyə görə əmək pensiyasının təyin edilməsi barədə qərarı ləğv edilməlidir. İddia tələbləri adıçəkilən hissələrdə təmin edilməsi isə, mərhum İddiaçı almalı olduğu ödənişlərin onun prosessual hüquqi varisinə ödənilməsi üçün əsas yaratmışdır. Məhkəmə kollegiyası iddia tələbinin “xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçının atasına ödənilməmiş məbləğin ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, hər nə qədər məktublarda fərqli tarixlər göstərilsə də, əmək pensiyasının dayandırılması barədə qərarda ödənişin 30 noyabr 2020-ci il tarixdən dayandırıldığı konkret olaraq göstərilmişdir. Daha doğrusu mərhumun pensiya kartına son ödənişin hansı tarixdə, indiki halda 15 dekabr 2020-ci il tarixdə ödənilməsi yox, hazırkı halda həmin pensiya kartına daxil olan ödənişin hansı tarixlərlə bağlı olması araşdırılır ki, məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş qərardan da görünür ki, pensiya məbləğinin ödənildiyi dövrlə bağlı son dövr 30 noyabr 2020-ci il kimi göstərilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, ödəniş həmin tarixdən mərhumun vəfat etdiyi 18 iyun 2022-ci il tarixi əsas götürülməklə hesablanmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8698/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8698/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar