Məhkəmə qərarları › İş №2-1(103)-1988/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1988/2021

10.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1988/2021 10.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı “zərərin ödənilməsi üçün tədbir görülməsi” barədə iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5632/2021 saylı 25 may 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Quba TKQ-da işlədiyi 01.07.2006-01.06.2014 müddətində Quba TKQ-dan aldığı cəmi 16050,18 manatdan 10% olan 1605 manatın azı 2,2 misli, yəni 3531 manat və Quba rayon Təhsil Şöbəsində 15.09.2010-2015 müddətində aldığı 27148,95 manatdan 10% olan 2715 manatın ən azı 2,2 misli, yəni 5973 manat və 2016-2017 (17.05) ərzində aldığı 11569,61 manatın 10%-i olan 1157 manat olmaqla Təhsil Şöbəsindən 7130 manat zərərin ona ödənilməsi üçün tədbir görülməsinin Nazirlər Kabinetinin üzərinə vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.08.2002 tarixli 137 saylı qərarına əsasən Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrində çalışan işçilərin əməkhaqqı 1,1 əmsalla (10% artımla) ödənilir. Dövlət və hökumət qurumlarının (fəaliyyəti) hərəkətləri və ya hərəkətsizliyi nəticəsində Quba rayonunun Afurca, Güləzi kəndləri daxil olmaqla 7 kəndi 2002-ci ildə verilmiş 137 saylı müvafiq qərara daxil edilməyib. Onun 2010-cu ildən başlayaraq Təhsil Nazirliyinə, Nazirlər Kabinetinə, Maliyyə Nazirliyinə, ƏƏSMN-ə, X1 Çəkmə Komitəsinə, Ekologiya Nazirliyinə, Respublika prezidentinə ardıcıl, haqlı müraciətləri nəticəsində Quba rayonunun 7 yaşayış məntəqəsi Nazirlər Kabinetinin 17.O5.2O17 tarixli 212 saylı qərarı ilə Nazirlər Kabinetinin 2002-cl il 22 avqust tarixli 137 nömrəli qərarında dəyişiklik edilərək, dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrinin siyahısına salınmışdır. Nəticədə o, 2002-ci ildə verilən 137 saylı qərarın şamil edildiyi yüksəklikdə yaşayıb işləsə də (Quba r. Afurca və Güləzi kəndləri) dövlət qulluqçularının səhvi və ya hərəkətsizliyi nəticəsində 17.05.2017 tarixədək əməkhaqqına 10% artımdan məhrum qalmışdır. Bundan başqa 2015-ci ilədək 1 kisə (50 kq) un 11-12 manat, 1 kq ət 5 manat, 1 kq 'Azərçay'-ın qiyməti 7 manat və s. olduğu halda indi 1 kisə 50 kq un 28 manat, 1 kq ət 11 manat, 1 kq Azərçay 22 manatadır. Yəni manatın alıcılığı 2,2-3 dəfə aşağı düşüb. 2015-ci ilədək Quba TKQ-dan cəmi 16050,18 manat, Quba Təhsil Şöbəsindən 27148,95 man əmək haqqı almişdır. Yüksəklik əmsalının (10% artım) o zaman tətbiq olunmamasına görə 2015-cl ilədək TKQ-dan 1605 manat, Təhsil Şöbəsindən 2715 manat az əmək haqqı almışdır. Manatın alıcılığının ən az 2,2 dəfə azaldığı nəzərə alınsa, həmin məbləğləri indi (TKQ) 3531 manat və (T.Ş) 5973 manatla kompensasiya etmək lazımdır. Təhsil Şöbəsindən 2016-da 7790,61 manat və 17.05.2017-dək aldığı 3779 manat əmək haqqının da 10%-i 1756,96 manatdır. Beləliklə 2002-ci ildə verilmiş 137 saylı qərara yaşadığı və İşlədiyi kəndlərin yazılmaması ilə ona dəyən zərər 3531+5973*1156,96=10661(manat) olmuşdur. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5632/2021 saylı 25 may 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: A.Oruczadə) Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmənin mövqeyinə görə 22.08.2002 tarixli 137 saylı və 17.05.2017 tarixli 212 saylı qərarlar onun tələb etdiyi 01.07.2006-19.05.2017-ci illəri əhatə etmir, buna görə iddiası mümkün sayılmayıb. Hesab edir ki, Bakı İnzibati Məhkəməsi ən ali qanun olan Konstitusiyanın 68.(İll,İV) və 149.(Vİİ) maddələrinin tələblərini nəzərə almamış, hüququnu bərpa etməmişdir. İddia ərizəsində qeyd etdiyi kimi, Nazirlər Kabinetinin fəaliyyəti və ya fəaliyyətsizliyi nəticəsində Respublikada xeyli yaşayış məntəqəsi, o cümlədən Quba rayonunun onun 7-8 il davam edən müraciətləri nəticəsində siyahıya salınan 7 kəndi, 2002-ci ilin 137 saylı qərarına salınmamışdır. Bunun məsuliyyəti birbaşa Nazirlər Kabinetinə aiddir, işlədiyi Afurca, Güləzi kəndləri 2002-ci ildə 137 saylı qərara siyahıya salınmadığı üçün ona xeyli maddi zərər dəymişdir. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətində qeyd etdiklərinə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və iş üzrə iddiaçının izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, İddiaçı cavabdeh Quba TKQ-da işlədiyi 01.07.2006-01.06.2014 müddətində Quba TKQ-dan aldığı cəmi 16050,18 manatdan 10% olan 1605 manatın azı 2,2 misli, yəni 3531 manat və Quba rayon Təhsil Şöbəsində 15.09.2010-2015 müddətində aldığı 27148,95 manatdan 10% olan 2715 manatın ən azı 2,2 misli, yəni 5973 manat və 2016-2017 (17.05) ərzində aldığı 11569,61 manatın 10%-i olan 1157 manat olmaqla Təhsil Şöbəsindən 7130 manat zərərin ona ödənilməsi üçün tədbir görülməsinin Nazirlər Kabinetinin üzərinə vəzifə kimi qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və qeyd etmişdir ki, iddiaçının işlədiyi kəndlər sözügedən Qərardakı siyahıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 may 2017-ci il tarixli 212 nömrəli qərarı ilə edilmiş dəyişiklikdən sonra daxil edilmişdir. Göründüyü kimi, iddiaçı sözügedən Qərardakı dəyişikliyə qədər olan dövr ərzində Quba rayonunun Afurca və Güləzi kəndlərində işlədiyi 01.07.2006-cı il 2017-ci illər arasındakı müddət üzrə ona ödənilməli olan artımların ödənilməsini xahiş edir. Halbuki, qeyd edilən kəndlərin adı Qərardakı siyahıya 2017-ci ilin may ayının 17-dən daxil edilmişdir. Belə olan halda, ümumiyyətlə cavabdeh qismində göstərilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin hər hansı qanunsuz hərəkətləri olmamış, hazırki tələb üzrə cavabdehlik daşımır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İşin hallarından müəyyən olunur ki iddiaçı Quba rayonunun Afurca və Güləzi kəndlərində işlədiyindən “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əməkhaqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarına və həmin qərara dəyişiklik edilməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 may tarixli 212 nömrəli qərarına istinad edərək, ona dəymiş ziyanın ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli Qərarından müəyyən olunur ki, Azərbaycan Respublikasında dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqında hündürlük 1200 metrdən 1500 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,1, 1500 metrdən 2000 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,2, 2000 metrdən yuxarı olduqda isə artımın (əmsalın) minimum miqdarı 1,3 məbləğində müəyyən edilməsi qərara alınmışdır. Həmçinin müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 may 2017-ci il tarixli 212 nömrəli qərarı ilə edilmiş dəyişiklikdən sonra iddiaçının işlədiyi kəndlər həmin Qərardakı siyahıya daxil edilmişdir. İddiaçı isə Qərardakı dəyişikliyə qədər olan dövr ərzində Quba rayonunun Afurca və Güləzi kəndlərində işlədiyi 01.07.2006-cı il 2017-ci illər arasındakı müddət üzrə ona ödənilməli olan artımların ödənilməsini xahiş edir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdeh qismində göstərilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin hər hansı qanunsuz hərəkətləri olmamış, hazırki tələb üzrə cavabdehlik daşımır. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən iddiaçının yuxarıda qeyd edilən tələblər üzrə hər hansı hüququnun pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi hazırkı məhkəmə araşdırılması ilə öz əksini tapmadığından birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5632/2021 saylı 25 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar