Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1988/2022 10.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8635/2021 saylı, 24 dekabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 62 yaşının tamam olduğu 10.04.2021-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” şəklində qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8635/2021 saylı, 24 dekabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 62 yaşının tamam olduğu 10.04.2021-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçıya ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi üçün Qanunla tələb edilən şərtlər mövcud olmalıdır: 1) vəfat etmiş şəxsin tələb olunan stajının olması; 2) müraciət etmiş şəxsin 14-cü maddədə göstərilmiş ailə üzvlərindən biri olması. Mübahisələndirilən dövrlər əmək kitabçasında qeyd olunmadığı üçün həmin dövrlərin (“Fioletov (Şəhriyar) adına kolxoz”da) iddiaçının mərhum həyat yoldaşı Cəlilov Mabud Vəli oğlunun sosial sığorta stajına daxil edilməsi mümkünsüzdür. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyərək, iş materiallarını apelyasiya şikayətinin dəlilləri ilə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Аzərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İşdə olan: - İddiaçıya məxsus AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o xx.xx.1959-cu ildə Qəbələ rayonunda anadan olmuşdur və onun 62 yaşı 10.04.2021-cı ildə tamam olmuşdur. - Nikahın bağlanması haqqında İİ-ЖГ № 403892 nömrəli şəhadətnamədən görünür ki, xx.xx.1959-cu il təvəllüdlü X2 ilə 07.06.1954-cü il təvəllüdlü Cəlilov Mabud Vəli oğlu arasında 26.11.1981-ci il tarixdə nikah bağlanmış, iddiaçı soyadını “Cəlilova”ya dəyişdirmişdir. - AZ-İ № 049287 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Cəlilov Mabud Vəli oğlu 12.09.2003-cü ildə miokardin kəskin infarktı səbəbindən 49 yaşında ölmüşdür. - ******* nömrəli hərbi biletin surətindən görünür ki, Mabud Cəlilov 16.11.1974- 26.09.1976-cı illərdə hərbi xidmətdə olmuş, ixtisası traktorçu göstərilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli məsələ iddianın təmin edilməsilə, yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya məhkəmənin mövqeyilə razılaşır. AR Konstitusiyasının 38-ci maddəsinə əsasən, Hər kəsin sosial təminat hüququ vardır. ... Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, 01 iyul 2020-ci il tarixdən 30 iyun 2021-ci il tarixədək qadınların pensiya yaşı 62 yaş müyyən edilmişdir. “Əmək pensiyaları haqqında” AR Qanunun 14.1-ci maddəsinə əsasən, vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə. Həmin Qanunun 17.1-ci maddəsinə görə, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının həmin qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə, əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı xx.xx.1959-cı il tarixdə doğulmuş, 10.04.2021-ci il tarixində, yəni 62 yaşında yaşa görə əmək pensiyası hüququ qazanmışdır. İddiaçıya ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi üçün ikinci şərt isə mərhum ərinin vəfat etdiyi 12.09.2003-cü il tarixə tələb olunan minimum əmək stajını toplamış olmasıdır. Birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyini üçün vəfat edən ailə başçısının tələb olunan minimum sığorta stajının 11 il 4 ay olmasını müəyyən etmişdir. ((49- 15)×4÷12= 34×4÷12= 136÷12= 11 il 4 ay)) Cavabdeh apelyasiya şikayətində Mabud Cəlilovun yetərli stajının olmamasını bildirərək, “Şəhriyar (Fioletov) adına” sovxozda işlədiyi müddətin əmək kitabçasında qeyd edilməmiş olmasına əsaslanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 01.01.2006-cı ilə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. .... Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 01.01.2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 01.01.2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci, yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu madddəsinə görə, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. (bənd 1) İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. (bənd 3) İş materiallarında olan: - Qəbələ rayon Dövlət Arxivinin 17.05.2021-ci il tarixli, 74 nömrəli, 06.09.2021-ci il tarixli, 128/1 nömrəli və 16.09.2021-ci il tarixli,128/1 nömrəli arayışlarında qeyd edilmişdir ki, Qəbələ rayon Dövlət Arxivində saxlanılan “Şəhriyar (Fioletov) adına sovxozun əmr kitablarına əsasən Cəlilov Mabud Vəli oğlu 26 iyun 1974-cü il tarixli, 156 saylı əmrlə “Fioletov” adına tərəvəz meyvəçilik sovxozunun MTZ-5 markalı traktorunu idarə etmək üçün təyin edilmiş, 15 iyul 1978-ci il tarixli 97 saylı, 09 aprel 1985-ci il tarixli 31 saylı, 07 aprel 1987-ci il tarixli 40 saylı, 08 fevral 1988-ci il tarixli 20 saylı, 06 noyabr 1990-cı il tarixli, 102 saylı X5 Vəli oğlunun adı qeyd edilmişdir. Arayışda həmçinin M.Cəlilovun 1991- 1995-ci illər üzrə işləyərək aldığı əmək haqları öz əksini tapmışdır. - Qəbələ rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş Mıxlıqovaq kəndi Fioletov adına sovxozun: 15 iyul 1978-ci il tarixli əmrindən görünür ki, fermada işləyən Mabud Cəlilov ЮМЗ-6Л markalı traktordan azad edilərək digər markalı traktora traktorçu keçirilmişdir; 09 aprel 1985-ci il tarixli əmrlə Mabud Cəlilov məzuniyyət vaxtı çatdığına görə 18 iş günü (09.04.1985-29.04.1985); 07 aprel 1987-ci il tarixli əmrlə məzuniyyət vaxtı çatdığına görə 18 iş günü (07.04.1987-27.04.1987) məzuniyyətə buraxılmışdır; 08 fevral 1988-ci il tarixli əmrlə məzuniyyət vaxtı çatdığına görə 18 iş günü (08.02.1988-27.02.1988) məzuniyyətə buraxılmışdır. M.Cəlilovun işlədiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikasının 1971-ci il 10 dekabr tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 67-ci maddəsinə əsasən bütün işçilərə iş yeri (vəzifə) və orta qazanc saxlanılmaqla hər il məzuniyyətlər verilir (bu Məcəllənin 71, 72-ci maddələri). Məzuniyyətlərin verilməsi növbəsi müəssisənin, idarənin, təşkilatın həmkarlar ittifaqı komitəsinin razılığı ilə işəgötürən tərəfindən müəyyən edilir. Məzuniyyətlər bütün il ərzində istənilən vaxt, lakin müəssisənin, idarənin, təşkilatın işinin normal gedişi pozulmdan verilə bilər (5, 28). Həmin Məcəllənin 69-cu maddəsinə əsasən işin birinci ili üçün işçilərə məzuniyyət həmin müəssisədə, idarədə, təşkilatda on bir ay fasiləsiz işdən sonra verilir. İşin ikinci və sonrakı illəri üçün məzuniyyət iş ilinin istənilən vaxtında məzuniyyətlərin verilməsi növbəsinə müvafiq surətdə verilə bilər. Kollegiya hesab edir ki, arayışlarda M.Cəlilovun 26 iyun 1974-cü il tarixli əmrlə vəzifəyə təyin edilməsi, digər əmrlərdə adının qeyd edilməsinə dair məlumat, həmçinin, onun 1985, 1987, 1988-ci illər üzrə tam iş illəri üçün əmək məzuniyyətinə buraxılmış olması, 1990-cı il tarixdə iş fəaliyyəti ilə bağlı xəbərdarlıq edilməsinə dair aktın tərtib edilməsi, eyni zamanda, M.Cəlilovun 1991-1995-ci illər üzrə işləyərək aldığı əmək haqlarının öz əksini tapması cavabdehin mövqeyinin əksinə M.Cəlilovun əmək haqqı aldığı 1991-1995-ci illər üzrə 5 il, məzuniyyətə çıxdığı illər üzrə 5 il 6 ay 28 gün əmək stajının mövcudluğunu təsdiq edir. Beləliklə, hərbi xidmətə qədərki əmək fəaliyyəti dövrü (26.06.1974 – 16.11.1974 = 04 ay 20 gün) və hərbi xidmət illəri (26.09.1976 – 16.11.1974 = 1 il 10 ay 10 gün) də daxil olmaqla, M.Cəlilovun 12.09.2003-cü il tarixə tələb edilən 11 il 04 aydan çox əmək stajının toplanmış olması məhkəmə araşdırması ilə öz təsdiqini tapır. Yuxarıda sadalananardan da göründüyü kimi, İddiaçıya ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi üçün zəruri olan hər iki şərt (62 yaşın tamam olması və ailə başçısının minimum əmək stajının toplanmış olması) ödənildiyindən cavabdehin İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtinası qanunsuz və əsassız olmuşdur. “İnzibati icraat haqqında” AR Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. AR İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Birinci instansiya məhkəməsi tərəfindən iddianin təmin edilməsinə dair yekun nəticəyə gəlinərkən prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, işin halllarına aid olan maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olduğundan, cavabdehin apelyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialınının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Мəhkəməsinin 2-1(112)-8635/2021 saylı, 24 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Кollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: İkram Şirinov Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1988/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1988/2022
10.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver