Məhkəmə qərarları › İş №2-1(103)-1988/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1988/2025

11.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1988/2025 11.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi, Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı, Cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X6 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bilgəh bələdiyyəsi tərəfindən iddiaçıya ayrılmış 640 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 2-1(112)-1390/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bilgəh bələdiyyəsi tərəfindən iddiaçıya ayrılmış 640 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının ərizəsi əsasında Bilgəh Bəllədiyyəsi onun ərazisində yerləşən və istifadəsində olan 640 kv.m. torpaq sahəsini alqısatqı yolu ilə iddiaçının mülkiyyətinə verilməsi barədə qərar qəbul etmiş və tərəflər arasında alqı-satqı aktı bağlanmışdır. Cavabdeh isə sənədlərin əslinin təqdim edilməməsi səbəbindən imtina vermişdir. Həmin sənədlər isə iddiaçıda mövcuddur. Hesab edir ki, torpaq sahəsinin özəlləşdirilməməsi mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməli, torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması öhdəliyi cavabdehi üzərinə qoyulmalıdır. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlarla bağlı xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********87 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim olunmuş “Torpaqların alqı-satqısına dair akt” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanına uyğun deyil. Belə ki, “Torpaqların alqı-satqısına dair akt” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Əlavə olaraq, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamışdır. Həmçinin, qeyd olunan torpaq sahəsinə texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılması üçün İdarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Bakı İnzibati Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 2-1(112)-1390/2025 saylı qərarı ilə (hakim E.A.Abdullayev) iddianın təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmiş, iddia tələbini təmin edilməməsinə əsas kimi Bilgəh Bələdiyyəsinin qərarının surətinin Bələdiyyədə olmaması, həmçinin Dövlət Arxivinin Bakı Fiialında olmaması göstərilmişdir. Bununla bağlı, Bilgəh Bələdiyyəsinə verilən sorğuya cavab olaraq məlum olmuşdur ki, arxivi su basması nəticəsində orada saxlanan sənədlər oxunmaz vəziyyətə düşmüş, bu barədə Bələdiyyə tərəfindən müvafiq akt tərtib edilmişdir. Beləliklə, həmin hadisə Bələdiyyə əməkdaşlarının məsuliyyətsizliyi üzündən baş vermişdir. Sənədlərin həmin əməkdaşlar tərəfindən düzgün saxlanıb qorunmaması, eləcə də Bələdiyyə qərarının Baş Arxiv İdarəsinə göndərilməməsi, yəni öhdəliyin yerinə yetirilməməsi iddiaçının hüquqlarının pozulmasına və ya məhdudlaşdırılmasına səbəb ola bilməz. Eyni zamanda, həmin torpaq sahəsinin iddiaçıya ayrılması, eləcə də həmin torpaq sahəsinə görə bələdiyyə vergisinin ödənilməsi barədə Bələdiyyə bazasında məlumatlar mövcuddur. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, 640 kv.m. torpaq sahəsi barəsində xx.xx.2014-cü ildə ərinin adına çıxarış verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1525a saylı bağ evinin yerləşdiyi 0,11713 ha torpaq sahəsi ilə bir hasar daxilində yerləşir və 44 ildir ki, onların istifadəsindədir. Bağların özəlləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Fərmanı qəbul olunduqdan sonra əri sahənin özəlləşdirilməsi üçün müraciət etmiş, lakin ona bildirilmişdir ki, bir adamın adına yalnız maksimum 12 ha özəlləşdirilə bilər. Qalan sahə ilə bağlı bələdiyyəyə pul köçürüb müqavilə bağlamalıdırlar. Belə də etdilər. Əvvəldən istifadələrində olan torpaq sahələri də indi də bir hasar daxilindədir. Bu halı təsdiq edə biləcək qonşular da var. Sənədlərin əsli mövcuddur və keçən məhkəmə iclasında məhkəməyə təqdim edilib. Birinci instansiyası məhkəməsində məhkəmə iclasında iştirak edə bilmədiyinə görə, sənədlərin əslini məhkəməyə təqdim edə bilməmişdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X6 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, mübahisə bağ sahəsi barəsində olduğuna görə, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsaslıdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - Bakı şəhəri Sabunçu rayonu Bilgəh bələdiyyəsinin 15 avqust 2007-ci il tarixli, 052 saylı qərarında Bilgəh qəsəbəsi ərazisində 16-cı dalanda yerləşən 1525 saylı bağın 640 kv.metr artıq sahəsi Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) ünvan 1 ünvanda yaşayan iddiaçının mülkiyyətinə verilmişdir. İddiaçı ilə Bakı şəhəri Sabunçu rayonu Bilgəh bələdiyyəsi 15 avqust 2007-ci il tarixli torpaqların alqı-satqısına dair akt tərtib edilmişdir. - Seriya AEP, xx.xx.2007-ci il tarixli, 834848 nömrəli kassa mədaxil orderinin qəbzinə əsasən iddiaçı torpaq alqı-satqısı üçün 1741,00 manat məbləğində pul ödəmişdir. - Məhkəmə sorğusu əsasında Bakı şəhəri Sabunçu rayonu Bilgəh bələdiyyəsinin 7 iyun 2024-cü il tarixli, 51 nömrəli məktubunda bildirilmişdir ki, Bilgəh bələdiyyəsinin 2000- 2008-ci illərə aid sənədlərin Arxiv İdarəsinin 18 fevral 2009-cu il tarixli aktına əsasən oxunması mümkün olmadığına görə ləğv edilmişdir. Ona görə də, vətəndaşa torpaq sahəsi barədə məlumat vermək mümkün olmamışdır. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmə sorğusuna əsasən xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh bələdiyyəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. - Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 26 nömrəli cavab məktubunda göstərilmişdir ki, “ ... Bilgəh qəsəbəsi 16 dalan 1525 saylı bağın 640 kv.m. artıq torpaq sahəsi Bilgəh bələdiyyəsinin 15 avqust 2007 ci il tarixli 052 saylı qərarına əsasən İddiaçı verilmişdir. Həmin torpaq sahəsinə görə torpaq vergisi ödənilmişdir və istifadənizdə olan torpaq sahəsi vergi ödəyicisi kimi X1 Sistemində mövcuddur. Sizin həmin torpaq sahəsinə görə xx.xx.2025 ci ilə kimi vergi borcunuz yoxdur. Həmçinin bildiririk ki, 2000-2008 ci il tarixlərinə aid olan arxiv sənədləri oxunması mümkün olmadığı üçün Arxiv İdarəsinin 18 fevral 2009-cu il tarixli akta əsasən məhv edilmişdir. Bu barədə Bakı İnzibati Məhkəməsinə məlumat verilmişdir”. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1525a saylı bağ evi və altındakı yaşayış məntəqələrinin torpaqlarına aid 0,11713 ha torpaq sahəsi ilkin olaraq xüsusi mülkiyyət kimi xx.xx.2014-cü il tarixdə X2 adına, xx.xx.2021-ci il tarixdə İddiaçı, xx.xx.2025-ci il tarixdə isə oğlu X3 adına qeydiyyatdan keçmişdir. Hazırkı mübahisənin predmeti olan torpaq sahəsinin qeyd olunan bağ sahəsi ilə bir hasar daxilində yerləşməsi işin mübahisələndirilməyən hallarındandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə müvafiq olaraq, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə. Həmin Qanunun 10.2-ci maddəsinə görə, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Həmin Qanunun 15-ci maddəsinə müvafiq olaraq, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə görə, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə (bələdiyyə qərarı qəbul edilən tarixdə qüvvədə olan redaksiyada) müvafiq olaraq, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmin Qanunun 9.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə satıla bilər. Həmin Qanunun 9.6-cı maddəsinə əsasən, bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.8-ci maddəsinə əsasən, qarşılıqlı etimad – inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam. Həmin Qanunun 11.1-ci maddəsinə görə, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 12.2-ci maddəsinə müvafiq olaraq, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 13.1-ci maddəsinə görə, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 15-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə müvafiq olaraq, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 32.3-cü maddəsinə görə, inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Həmin Qanunun 64.2-ci maddəsinə müvafiq olaraq isə, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Birinci instansiyası məhkəməsi qərarında ona istinad etmişdir ki, “ ... Bilgəh Bələdiyyəsinin xx.xx.2007-cü il tarixli, 052 saylı qərarı və həmin qərarın əsasında duran sənədlər nə Dövlət Arxivinin Bakı Filialında, nə də Bələdiyyənin həmin dövrə aid olan arxiv məlumat bazasında aşkar edilməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi sənədin isə arxiv nüsxəsi həmin sənədi vermiş bələdiyyə orqanında belə aşkar edilmədiyi üçün həmin sənəd mötəbər sayıla bilməz”. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Belə ki, müvafiq sənədlərin arxivdə aşkar edilməməsi iddiaçının məsuliyyət sferasına aid edilə və onun təqsirli davranışının nəticəsi kimi qiymətləndirilə bilməz. İddiaçı özündə olan sənədlərin əsllərinin salamatlığını təmin etmiş və həmin sənədləri məhkəməyə təqdim etmişdir. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsaslıdır və təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 2-1(112)-1390/2025 saylı qərarı ləğv edilməli, iddia ərizəsi təmin edilməli, Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin 15 avqust 2007-ci il tarixli, 052 saylı qərarı ilə İddiaçı ayrılmış 640 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyi cavabdeh «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X6 1 Saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 2-1(112)-1390/2025 saylı qərarı ləğv edilsin. İddia ərizəsi təmin edilsin. Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin 15 avqust 2007-ci il tarixli, 052 saylı qərarı ilə İddiaçı ayrılmış 640 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyi cavabdeh «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X6 1 Saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar