Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1989/2021 12.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2-1(112)-888/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçının döyüş tapşırığı ilə bağlı ezam olunması faktının müəyyən edilməsi və iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, xx xxxxx 1958-ci il tarixdə indiki Beyləqan rayonunda doğulmuşdur. 28 aprel 1976-cı il tarixdən 18 may 1978-ci il tarixədək keçmiş Sovet Ordusunda həqiqi hərbi xidmətdə olmuş, 1978-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul olmuş və 1984-cü ildə həmin İnstitutun sanitariya fakültəsini bitirmişdir. Keçmiş SSRİ-nin Müdafiə Nazirinin 25 may 1984-cü il tarixli 124 saylı əmri ilə ona leytenant, 1988-ci ildə isə baş leytenant hərbi rütbəsi təqdim edilmişdir. 1980 – 1984-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Hematalogiya və Qanköçürmə İnstitutunda tibb qardaşı kişi işləmiş, 1990-cı ildən isə həmin İnstitutda şöbə müdiri vəzifəsində çalışır. AR Səhiyyə Nazirliyinin 10/L saylı 8 yanvar 1992-ci il tarixli əmri ilə 9 yanvar 1992-ci il tarixdən xüsusi dəstələrin şəxsi heyətinin qan qrupunu və rezus faktorunun müəyyən edilməsi üçün həmin İnstitutun əməkdaşı qismində 5 gün müddətinə Fizuli və Cəbrayıl rayonlarına işlədiyi Qanköçürmə Stansiyasının baş həkimi kimi ezam olunmuşdur. İnstitutun 3 fevral 1992-ci il tarixli 4 saylı əmri ilə Dağlıq Qarabağ əhalisinə donorluq və hemotoloji xidmət işinin təşkilində praktiki köməklik göstərilməsi üçün Qanköçürmə Stansiyasının baş həkimi kimi 5 gün müddətinə ezam olunmuşdur. İnstitutun 16 noyabr 1992-ci il tarixli 23 saylı əmri ilə transfuziologiya məsələləri üzrə hərbiçilərə tibbi yardım göstərilməsi üçün Qanköçürmə Stansiyasının baş həkimi kimi Qubadlı rayonuna 5 gün müddətinə ezam olunmuşdur. Döyüş əməliyyatları gedən cəbhə bölgələrinə Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi Dağlar Abdullayev və X7 direktoru Çingiz Əsədovla birgə getmişdir. Qubadlı və Fizuli rayonlarına Səhiyyə Nazirliyinin sanaviasiya vertolyotu ilə Xanlıq kəndindəki hospitala getmişlər. Qeyd olunan tarixlərdə cəbhə bölgələrinə ezamiyyət olunması barədə əmr və ezamiyyət sənədləri barədə ona 818 saylı 4 sentyabr 2019-cu il tarixli AR Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitunun arxiv arayışı və həmçinin AR Səhiyyə Nazirliyinin Təcili və X4 Stansiyasının 23 saylı 10 sentyabr 2019-cu il tarixli arayışında Sanaviasiyanın 24 noyabr 1992-ci il tarixli 323 saylı (& 7) ilə qan qrupunu təyin etmək üçün zərdabları, xərəkləri, yataq dəstləri aparmaq və qayıdarkən yolüstü Qubadlı hərbi hospitalında olan güllə yarası almış xəstələri və Bərdə MRX-da olan yaralıların Bakı şəhərinə gətirmək üçün 24 noyabr 1992-ci il tarixdə sanaviasiyanın Mİ-8 vertolyotu ilə ezam edilməsi barədə arayışı təqdim olunmuşdur. Bu barədə AR MN Aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya ona “Azərbaycan Respublikasının müharibə veteranı” adının verilməsi üçün müraciət etmişdir. 09 oktyabr 2019-cu il tarixli 1/M-13989 saylı cavab məktubu ilə ona bildirmişlər ki, AR Nazirlər Kabinetinin 3 noyabr 2016-cı il tarixli 438 nömrəli qərarına əsasən müvafiq komissiyaya, yəni AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Müharibə veteranı” adlarının verilməsi üzrə yaradılmış komissiyasına müraciət edilməsi tövsiyə olunur. Həmin quruma ünvanlanmış məktuba cavab olaraq, M/781 saylı 5 mart 2020-ci il tarixli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakını təsdiq edən hüquqi sənədlər olmadığından, ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün deyil. Lakin o, döyüş bölgəsinə başqa məqsədlə deyil, bilavasitə rəhbərliyin – Azərbaycan Elmi-Tədqiqat Hematalogiya və Qanköçürmə İnstitutunun əmri ilə hərbiçilərə tibbi yardım göstərilməsi üçün və AR Səhiyyə Nazirliyinin əmri ilə transfuziologiya məsələləri üzrə hərbiçilərə tibbi yardım göstərilməsi üçün getmişdir. Döyüş gedən zaman, güllə yağışının altında öz işini şərəflə yerinə yetirmişdir. AR Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 qərarının (qərarla təsdiqlənmiş Əsasnamənin) 1-ci bəndinə əsasən müharibə veteranları Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, AR Dövlət Sərhəd Xidməti, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, AR Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə ə ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara, 10 may 1994-cü il tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonalarında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, milli təhlükəsizlik orqanları və hərbi hissələr tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Göründüyü kimi, ona (iddiaçıya), həmin qərarın (Əsasnamənin) 1ci bəndinə əsasən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxs kimi “müharibə veteranı” adı verilməlidir. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2-1(112)-888/2021 saylı qərardadı ilə iddia “iddiaçının döyüş tapşırığı ilə bağlı ezam olunması faktının müəyyən edilməsi” hissəsində mümkün sayılmamışdır. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2-1(112)- 888/2021 saylı qərarı ilə iddiaçının iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. (hakim: R.Kərimli) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə işin faktiki hallarını kifayət qədər araşdırmasına baxmayaraq, faktiki hallara düzgün qiymət verməyərək əsassız qətnamə qəbul etmişdir. Belə ki, işin faktiki hallarından da məlum olduğu kimi, 28 aprel 1976-cı il tarixdən 18 may 1978-ci ilə kimi keçmiş Sovet Ordusunda həqiqi hərbi xidmətdə olmuş, 1978-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul olmuş və 1984-cü ildə bu institutun sanitariya fakültəsini bitirmişdir. Keçmiş SSR-nin Müdafiə Nazirinin 25 may 1984cü il tarixli 124 saylı əmri ilə ona leytenant, 1988-ci ildə isə baş leytenant hərbi rütbəsi təqdim edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirinin 08 yanvar 1992-ci il tarixli əmri ilə 09 yanvar 1992-ci ildən xüsusi dəstələrin şəxsi heyətinin qan qrupu və rezus faktorunun müəyyən edilməsi üçün həmin İnstitutun əməkdaşı qismində 5 gün müddətində Füzuli və Cəbrayıl rayonlarında işlədiyi Qanköçürmə Stansiyasının baş həkimi kimi ezam olunmuşdur. İnstitutun 03 fevral 1992-ci il tarixli 4 saylı əmri ilə Dağlıq Qarabağ əhalisinə donorluq və hemotoloji xidmət işinin təşkilində praktiki köməklik göstərilməsi üçün, 16 noyabr 1992-ci il tarixdə 5 gün müddətinə ezam olunmuşdur. Həmçinin göstərilən tarixlərdə ezamiyyə olunmağına dair arayışlar əlavə olunmasına baxmayaraq, məhkəmə həmin arayışlarda bilavasitə döyüş tapşırığının yerinə yetirilməsi və yaralılara tibbi xidmət göstərməyim barədə qeydlər olmadığından iddiasını təmin etməmişdir. Halbuki şahid qismində məhkəmə iclasında dindirilmiş və müharibə veteranı olan X5 da onun yaralılara tibbi xidmət göstərilməsi məqsədilə döyüş bölgəsinə ezam olunduğunu bildirmişdir. Birinci instansiya məhkəməsi isə qəbul etdiyi qətnamədə arayışlarda onun bilavasitə döyüş tapşırığının yerinə yetirilməsi və yaralılara tibbi xidmət göstərməyi barədə qeydlər olmamasını əsas gətirərək iddiasını rədd etmişdir. Belə olan halda sual olunur: -Döyüş əməliyyatlarının qızğın dövründə o, yuxarıda göstərilən ərazilərə niyə ezam oluna bilərdi? Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X6 apelyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X1 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddianın təmin olunmasına dair yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı onun döyüş tapşırığı ilə bağlı ezam olunması faktının müəyyən edilməsi və iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsi iddia tələbini iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi hissəsində təmin etməmiş və qeyd etmişdir ki, İddiaçı müvafiq dövrdə (1988-ci il fevralın 1-dən 1994-cü il may ayının 12-dək) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı özünümüdafiə dəstələrinin və aidiyyəti yerli icra hakimiyyəti orqanı (RİH) tərəfindən təsdiq edilmiş siyahı təqdim edilməmişdir, hansı ki, iddiaçının döyüş əməliyyatları zamanı müvafiq ərazidə hərbi xidmət keçməsini, döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqları yerinə yetirilməsini əks etdirmiş olsun. İddiaçının təqdim etdiyi Ağdam RİH və Laçın RİH tərəfindən verilmiş arayışlar isə, qeyd edilən Əsasnamənin tələbləri baxımından onun həmin döyüş əməliyyatlarında iştirakının və ya döyüş təminatı ilə bağlı tapşırıqları yerinə yetirməsinin tam təsdiqlənməsi üçün yetərli sayıla bilməz Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İş materiallarında olan ВЦ №055721 nömrəli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, Əlövsət Şiraslan oğlu 28 aprel 1976-cı il tarixdən 18 may 1978-ci il tarixədək keçmiş Sovet Ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan AR Səhiyyə Nazirliyinin 10/Л saylı 08 yanvar 1992-ci il tarixli əmrindən görünür ki, xüsusi dəstələrin şəxsi heyətinin qan qrupunu və rezus faktorunun müəyyən edilməsi üçün Elmi-Tədqiqat Hematologiya və Qanköçürmə İnstitutunun əməkdaşı Mirzəyev A.Ş Qanköçürmə Stansiyasının baş həkimi kimi Fizuli və Cəbrayıl rayonlarına 09 yanvar 1992-ci il tarixdən 5 gün müddətinə ezam olunmuşdur. İş materiallarında olan Elmi-Tədqiqat Hematologiya və Qanköçürmə İnstitutunun 03 fevral 1992-ci il tarixli əmrindən görünür ki, Qanköçürmə Stansiyasının baş həkimi kimi İddiaçı Dağlıq Qarabağ əhalisinə donorluq və hematoloji xidmət işinin təşkilində tibbi yardım, praktiki köməklik göstərilməsi üçün Ağdam şəhərinə 03 fevral 1992-ci il tarixdən 5 gün müddətinə ezam olunmuşdur. İş materiallarında olan Elmi-Tədqiqat Hematologiya və Qanköçürmə İnstitutunun 16 noyabr 1992-ci il tarixli 23 saylı əmrindən görünür ki, İddiaçı transfuziologiya məsələləri üzrə hərbiçilərə tibbi yardım göstərilməsi məqsədilə Qubadlı rayonuna 5 günlük ezam olunmuşdur. İş materiallarında olan AR Səhiyyə Nazirliyinin B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun 818 nömrəli, 04 sentyabr 2019-cu il tarixli arxiv arayışından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 10/л saylı, 08.01.1992-ci il tarixli əmri ilə xüsusi dəstələrin şəxsi heyətinin və hərbiçilərə tibbi yardım göstərilməsi, qan qrupunun və rezus faktorunun müəyyən edilməsi üçün Elmi-Tədqiqat Hematologiya və Qanköçürmə İnstitutunun əməkdaşı qismində İddiaçı 5 (beş) gün müddətinə 09.01.1992-ci il tarixindən Füzuli və Cəbrayıl rayonlarının döyüş bölgələrinə Qanköçürmə Stansiyasının baş həkimi kimi ezam olunmuşdur. Əmrdə göstərilən işləri icra edərək 13.01.1992-ci il tarixində ezamiyyətdən qayıtmışdır. (Əmrlərin surəti əlavə olunur) Azərbaycan Elmi-Tədqiqat Hematologiya və Qanköçürmə İnstitutunu 03.02.1992-ci il tarixli, 4 saylı əmri ilə Dağlıq Qarabağ əhalisinə və hərbiçilərə donorluq və hematoloji xidmət işinin təşkilində tibbi yardım, praktiki köməklik göstərilməsi üçün Qanköçürmə Stansiyasının baş həkimi İddiaçı 5 (gün) gün müddətinə 03.02.1992-ci il tarixində Ağdam şəhərindəki hərbi hospitala ezam olunmuş və üzərinə düşən vəzifələri yerinə yetirərək 07.02.1992-ci il tarixində ezamiyyətdən qayıtmışdır. (Əmrin surəti əlavə olunur). Azərbaycan Elmi-Tədqiqat Hematologiya və Qanköçürmə İnstitutun 16.11.1992-ci il tarixli, 23 saylı əmri ilə transfuziologiya məsələləri üzrə hərbiçilərə tibbi yardım göstərilməsi üçün Qanköçürmə Stansiyasının baş həkimi İddiaçı Qubadlı rayonuna 24.11.1992-ci il tarixində 5 (gün) gün müddətinə ezam olunmuşdur. Tapşırılan işi uğurla həyata keçirmiş və 28.11.1992-ci il tarixində ezamiyyətdən qayıtmışdır. (Əmrin surəti əlavə olunur). Hər dəfə ezamiyyətdən qayıdarkən görülən işlər barədə institutun ümumi iclasında hesabat vermişdir İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Təcili və X4 Stansiyasının 23 nömrəli, 10 sentyabr 2019-cu il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən Səhiyyə Nazirliyinin Təcili və X4 Stansiyasının arxiv “Əmr kitabı” jurnalında olan qeydiyyata əsasən “Q. K. İ-nun direktoru İddiaçı Sanaviasiyanın 24.11.1992-ci il tarixli 323 saylı əmri (§7) ilə qan qrupunu təyin etmək üçün zərdabları, xərəkləri, yataq dəstləri aparmaq və qayıdarkən yolüstü Qubadlı hərbi hospitalında olan güllə yarası almış xəstələri və Bərdə Mərkəzi Rayon Xəstəxanasında olan yaralıların Bakı şəhərinə gətirmək üçün 24.Xİ.92-ci il tarixdə sanaviasiyanın Mİ-8 vertolyotu ilə ezam edilmişdir. Arayış Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində Veteran adlarının və müvafiq vəzifələrin verilməsi komissiyasına təqdim etmək üçün verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin 09 oktyabr 2019-cu il tarixli 1/M-13089 nömrəli iddiaçıya ünvanlanmış məktubundan görünür ki, iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizəsinə cavab olaraq bildirilir kı, ona “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komıssiya”nın 04.10.2019-cu ıl tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Müdafiə Nazirliyinin strukturunda olan hərbi hissələrdə xidmət etmədiyinə görə iddiaçıya “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.11.2016-cı ıl tarixli 438 №-lı Qərarına əsasən aidiyyəti üzrə müvafiq komissiyaya müraciət etməyi tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 05 mart 2020-ci il tarixli M/781 nömrəli iddiaçıya ünvanlanmış məktubundan görünür ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş “müharibə veteranı” statusunun verilməsinə dair ərizə və sənədlərə təkrar baxılmışdır. Belə ki, təqdim edilmiş sənədlərdən məlum olur ki, iddiaçı Qarabağda döyüş tapşırığını yerinə yetirmək məqsədilə deyil, Elmi-Tədqiqat Hematologiya və Qanköçürmə Stansiyasının baş həkimi kimi hərbiçilərə transfuziologiya məsələləri üzrə tibbi yardım göstərmək məqsədilə döyüş bölgəsinə ezam olunmuşdur. Bildirilir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə və hərbi qulluqçulara - müvafiq dövlət və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Bu səbəbdən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməyinə dair təsdiqedici hüquqi sənədlər olmadığı üçün iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün deyil. İş materiallarından görünür ki, məhkəmə iclasında şahid qismində iştirak edən X5 ifadə verərək bildirmişdir ki, o, Elmi-Tədqiqat Hemotologiya və Qanköçürmə İnstitutunda direktor vəzifəsində işləmişdir, 1993-cü ilədək İddiaçı ilə birlikdə cəbhə bölgəsinə getmişdir, onların əsas vəzifəsi yaralıların qan qrupunun müəyyən edilməsi idi, onun özünə hərbi komissarlıq tərəfindən veteran vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” təsdiq edilmişdir. Həmin Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Həmin Əsasnamənin 1-ci hissəsinin üçüncü bəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Cavabdehin imtinasının əsas dəlili ondan ibarətdir ki, iddiaçının döyüş zonalarına qeyd edilən ezamiyyətləri döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olmamışdır. Cavabdehin imtinasının bu dəlilinin əsassız olması iş materiallarında olan sənədlərlə təsdiq olunur. Belə ki, iddiaçının döyüş zonalarına tibbi yardım məqsədi ilə həmin döyüş zonalarına ezam olunduğu iş materialları ilə təsdiq olunur. Başqa sözlə, iddiaçı ezamiyyətdə olarkən döyüş zonasına tibbi yardım ilə bağlı xidməti vəzifəsini yerinə yetirmişdir. İş materiallarında olan əmrlərdən və arxiv arayışından da görünür ki, iddiaçı xüsusi dəstələrin şəxsi heyətinin və hərbiçilərə tibbi yardım göstərilməsi, qan qrupunun və rezus faktorunun müəyyən edilməsi üçün Elmi-Tədqiqat Hematologiya və Qanköçürmə İnstitutunun əməkdaşı qismində Füzuli, Cəbrayıl və Qubadlı rayonlarına, eləcə də Dağlıq Qarabağ əhalisinə və hərbiçilərə donorluq və hematoloji xidmət işinin təşkilində tibbi yardım, praktiki köməklik göstərilməsi üçün Ağdam şəhərinə ezam olunmuş və üzərinə düşən vəzifələri yerinə yetirərək ezamiyyətdən qayıtmışdır. Bununla bağlı nəzərə almaq lazımdır ki, hərbi doktrina nöqteyinəzərincə sülh və ya müharibə dövründə silahlı qüvvələrin arxa təminatı - silahlı qüvvələrin silahla, hərbi sursatla, yanacaqla, sair maddi-texniki vasitələrlə təmin edilməsi üzrə kompleks tədbirlər sistemini ehtiva edir. Arxa hissə təminatı silahlı qüvvələrin döyüş qabiliyyətinin lazımi səviyyədə saxlanılması üçün onların ehtiyaclarının ödənilməsi, döyüş əməliyyatları zonasında hərbi hissələr tərəfindən hərbi vəzifələrin uğurla həyata keçirilməsinin təmin edilməsi məqsədlərinə xidmət edir və döyüş əməliyyatları təminatının tərkib hissəsi sayılır. Bu baxımdan döyüş təminatı ilə bağlı tapşırıqların yalnız və sadəcə olaraq əməliyyat təminatı kimi təfsir olunması məqbul sayıla bilməz. Döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı həm də digər təminat növlərinin, o cümlədən arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə münasibətdə, iddiaçının döyüş əməliyyatları zonasına tibbi yardım məqsədi ilə ezam olunmasını və bununla bağlı onun yerinə yetirdiyi xidməti vəzifəni qeyd olunan kontekstdən qiymətləndirmək lazımdır. Başqa sözlə, iddiaçının döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrə tibbi yardım üzrə hərbi tapşırıqları yerinə yetirməsi öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi dəyərləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı “müharibə veteranı” adı və vəsiqəsi verilməsindən cavabdehin imtinası (hərəkətləri) qanuna zidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddiaçının hazırkı iddiası təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2-1(112)-888/2021 saylı qərarı ləğv edilsin, iş üzrə yeni qərar çıxarılsın. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə iddia tələbi təmin edilsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1989/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1989/2021
12.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver