Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1989/2024 23.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli 2-1(112)-12042/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2000-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Bakibaştikinti İdarəsinin 304 nömrəli Tikinti idarəsində işlədiyi dövrün onun ümumi stajına daxil edilməsi və xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi ödəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1957-ci il tarixdə anadan olmuş, xx.xx.1975-xx.xx.1977-ci illərdə sovet ordusunda hərbi xidmət etmiş, xx.xx.1974xx.xx.1975, xx.xx.1978-xx.xx.1978, xx.xx.1978-xx.xx.1980 və xx.xx.1980-xx.xx.2003- cü illərdə müxtəlf müəssisələrdə isehsalatda işləmişdir. Onun 26 il 11 ay, 22 gün əmək stajı vardır. xx.xx.2022-ci il tarixdə əmək pensiyası almaq hüququ yaranmışdır. Bu səbəbdən cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmasından imtina edərək yaşa görə sosial müavinət təyin etmişdir. İmtina aşağıdakı qaydada əsaslandırılmışdır: “Təqdim edilmiş əmək kitabçası və hərbi biletə əsasən sığorta stajı 24 il, 6 ay və 6 gün təşkil edir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Dövlət Arxivinin Bakı filalının arayışına əsasən əmək kitabçasının surətində qeyd olunmuş BBTİ 304 saylı Tikinti İdarəsinin xx.xx.2000-ci il tarixindən xx.xx.2003-cü il tarixi nədək olan arxiv sənədləri Filiala təhvil verilməyib. 304 saylı Tikinti idarəsində əmək fəaliyyəti dövrünün doldurma qaydası pozulmuşdur. Göstərilən səbəbdən xx.xx.2000-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab olunmur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən edilməsi, əmək pensyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2-ci və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il yanvarın 1-dək sığorta olunanların qazanılmış əmək pensiya hüquqlarının m nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası. Göründüyü kimi hazırki iş üzrə cavabdeh tərəfindən mübahisələndirilən xx.xx.2000-ci il tarixdən xx.xx.2003-cü il tarixədək BBT-nin 304 nömrəli Tikinti İdarəsində olan iddiaçının əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də onun həmin dövrdə işlədiyi barədə əmək ktibaçasında müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən sözügedən dövr əmək pensiyası hüququ verən ümumi iş stajına daxil edilməlidir. Cavabdeh tərəfindən imtinada göstərilən hallar onun təqsirilə bağlı deyildir və müvafiq olaraq iddiaçının pensiya hüquqlarını məhdudlaşdıra bilməz. Cavabdehin bu dəlilləri ilə bağlı iddiaçı qeyd edir ki, cavabdeh qeyd etdiyi qarşılıqlı yoxlamanı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən edilməsi, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.2.7-ci yarımbəndinə əsasən həyata keçirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli xx.xx.2017-ci il tarixli qərarına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları təsdiq edilmiş, həmçinin yeni Qaydaların təsdiq ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyalarının sənədlərinin rəsmiləşdirilməsi baxılması və saxlanılması Qaydalarının təsdiq edilməsi barədə 17 nömrəli qərarın 1-ci və 2-ci hissələri ləğv edilmişdir. Başqa sözlə cavabdehin istinad etdiyi Qaydalar hazırda qüvvədən düşmüş, yeni Qaydalarda isə cavabdehə belə səlahiyyət verilməmişdir. Eyni zamanda iddiaçı bildirir ki, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında “ Azərbaycan Respublikası Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyalarının sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə üyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hıququnun nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X7) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən edilir. Göründüyü kimi mövcud Qaydalar “Əmək pensiyları haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüququnun nəzərə alınması üçün sosial sığorta stajının əmək ktabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. Qeyd olunanlara əsasən iddiaçı məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı yasa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmiş, lakin sığorta stajının tələb olunan müddətdən az olduğu üçün müraciətinin müsbət həlli mümkün olmamışdır. Qeyd edilir ki, iddiaçının sosial sığorta stajı 24 il 6 ay 6 gün olduğundan qanunvericiliklə müəyyən edilmiş pensiya təminatına imkan vermir. İddiaçının mübahisələndirilən sığorta stajını, 3 il 8 ay 17 gün, yəni xx.xx.2000-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövr təşkil edir. Qanunvericiliyin tələblərinə cavab verdiyi təqdirdə iddiaçının yaşa görə pensiyaya hüququ xx.xx.2022-ci il tarixdən yaranacaqdır. Lakin iddiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1980-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək dövrlərin araşdırılması zərurəti yaranmışdır. Dövlət Arxivinin Bakı filialının arayışına əsasən əmək kitabçasının surətində qeyd olunmuş BBTİ 304 saylı Tikinti İdarəsinin xx.xx.2000-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan arxiv sənədləri Filiala təhvil verilməyib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"na əsasən əmək kitabçasında qeyd edilmiş BBTİ 304 saylı Tikinti İdarəsində əmək fəaliyyəti dövrünün doldurulma qaydası pozulmuşdur (işdən çıxmaya dair qeydlər rus dilində yazılmışdır). Qeyd olunanlara əsasəm bildirilmişdir ki, əmək kitabçasının surətində göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2022-ci il tarixdən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilib, 01.01,2023-cü il tarixdən 220 manata çatdırılmışdır. Cavabdeh göstərilənləri və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 28 aprel 2022-ci tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını əsas götürməklə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli 2-1(112)-12042/2023 nömrəli qərarı ilə (hakim T.Məlikov) iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, iddiaçı Azayev X4 Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmiş, lakin tələb olunan 25 il sosial sığorta stajı və pensiya kapitalı olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının məktubunda qeyd edilmişdir ki, İddiaçı əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1980-ci il tarixdən xx.xx.2003-cü il tarixədək dövrlərin araşdırılması zərurəti yaranmışdır. Dövlət Arxivinin Bakı filialının arayışına əsasən əmək kitabçasının surətində qeyd olunmuş BBTİ 304 saylı Tikinti İdarəsinin xx.xx.2000-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan arxiv sənədləri Filiala təhvil verilməyib. Eyni zamanda bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996- cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasında qeyd edilmiş BBTİ 304 saylı Tikinti İdarəsində əmək fəaliyyəti dövrünün doldurulma qaydası pozulmuşdur (işdən çıxmaya dair qeydlər rus dilində yazılmışdır). İddiaçının mübahisələndirilən sığorta stajını 3 il 8 ay 17 gün yəni xx.xx.2000-ci il tarixdən xx.xx.2003cü il tarixədək olan dövr təşkil edir. Beləliklə, İddiaçı yaşa görə pensiya hüququnun yaranması üçün tələb olunan şərt ödəmədiyindən, yəni ən azı 25 il sığorta stajına malik olmadığından yaşa görə pensiya almaq hüququ yaranmamışdır. Qanunvericilik normalarının tələbləri və işin faktiki hallarına əsasən birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarını dərindən araşdırmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza, apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.2.-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığ olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. - 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: - 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. - 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1.1-ci maddəsinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 4.1.3cü bəndinə əsasən Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun (əvvəlki redaksiya): - 2-ci maddəsinə əsasən, sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. - 12-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar. - 14.1-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. - 14.2-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. - 14.6-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı ödəmələri üzrə xərclər çıxıldıqdan sonra hər ay üçün sonrakı ayın əvvəlində nağd və ya nağdsız hesablaşma qaydasında ödənilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (xx.xx.2022-ci il tarixədək qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; Beləliklə, Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur, şəxsin: - qanunla müəyyən edilmiş pensiya yaşına (65 yaş) çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması. İddiaçının müəyyən olunmuş yaş həddinə çatması işin mübahisəsiz halıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı xx.xx.1957-ci il tarixdə doğulmuşdur. İddiaçının 65 yaşı xx.xx.2022-ci ildə tamam olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Cavabdeh inzibati orqan tərəfindən işin mübahisələndirilən halı iddiaçının 25 il sığorta stajına malik olmaması ilə bağlıdır. İddiaçının cavabdeh tərəfindən mübahisə edilməyən sığorta stajı 24 il, 6 ay, 6 gündür. İddiaçının cavabdeh tərəfindən hazırda mübahisə edilən staj dövrü xx.xx.2000-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək olan dövrləri əhatə edir. Cavabdehin imtinasının (etirazının) əsas dəlili ondan ibarət olmuşdur ki, Dövlət Arxivinin Bakı filialının arayışına əsasən əmək kitabçasının surətində qeyd olunmuş BBTİ 304 saylı Tikinti İdarəsinin xx.xx.2000-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan arxiv sənədləri Filiala təhvil verilməyib. Kollegiya cavabdehin qeyd edilən imtina dəlilini əsassız hesab edir. İş materiallarında olan H3 №3226547 hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1977-ci il tarixdən doldurulmağa başlamış iddiaçının əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək M.Vəliyev adına sovxozun 1 №li təsərrüfat briqadasında fəhlə işləmişdir. xx.xx.1975-ci tarixdən xx.xx.1977-ci il tarixədək Sovet Ordusunda xidmət etmişdir. xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Qusar rayonunun M.Vəliyev adına sovxozun 1 №li təsərrüfat briqadasında fəhlə, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-cı il tarixədək 3 saylı sexdə 3-cü dərəcəli operator, xx.xx.1980-cı il tarixdən xx.xx.2003-cü il tarixədək Bakıbaştikinti İdarəsinin Vısotjilstroy təşkilatının SU-304-ün 3-cü və 4-cü bölmələrində suvaqçı, inşaatçı-mühəndis, mühasib işləmişdir. İddiaçının təqdim etdiyi əmək kitabçasının və hərbi biletin surətinə əsasən xx.xx.2022-ci il tarixə tələb olunan 25 ildən də artıq ümumi iş stajını toplamışdır. Apellyasiya instansiya məhkəməsində icraat zamanı ıddiaçıya məxsus əmək kitabçasının əslinə baxış keçirilmişdir, iddiaçının əmək kitabçasındakı məlumatların mötəbərliyini şübhə altına alan hər hansı hal işdə mövcud deyildir. İstinad olunan sənədlərə əsasən müəyyən olunur ki, iddiaçının 65 yaşının tamam olduğu tarixə 25 ildən çox ümumi iş stajı olmuşdur. Deməli, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan ikinci tələbi də ödəmişdir. İşdən görünür ki, cavabdeh bu halı qəbul etməmiş, iddiaçıya pensiya təyin edilməsindən imtina edərkən iddiaçının xx.xx.2000-xx.xx.2003-cü illərdəki stajını faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından qəbul etməmişdir. İşin yuxarıda istinad olunan hallarından məlum olur ki, cavabdehin qəbul etmədiyi iş stajı əmək kitabçasında öz əksini tapmış, həmin qeydlər müəssisəsinin möhürü və vəzifəli şəxsin imzası ilə təsdiqlənmişdir. Məhkəmə araşdırması zamanı Bakıbaştikinti İdarəsinin Vısotjilstroy təşkilatının mövcud olması öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilən xx.xx.2023-cü il tarixli məktubunda Bakı Şəhər İcra Hakimiyyətinin “Bakıbaştikinti” İdarəsinin “Tamamlamatikinti” trestinin 304 nömrəli İxtisaslaşdırılmış Tikinti İdarəsinin keçmiş Dövlət Əmlakı Nazirliyinin 3 avqust 2000-ci il tarixli, 130 nömrəli əmri ilə özəlləşdirilməyə açıq elan edildiyi, həmin Nazirliyin digər 30 aprel 2001-ci il tarixli, 92 nömrəli əmri ilə “özəlləşdirilmə perspektivinin olmaması” səbəbi ilə özəlləşdirilməyə açıq elan edilmiş müəssisə və obyektlərin siyahısından çıxarılaraq Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində saxlanılmasının məqsədəuyğun hesab edildiyi bildirilmişdir. Məktubda eyni zamanda 304 nömrəli İxtisaslaşdırılmış Tikinti İdarəsinin Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Tikinti və Şəhərin İnkişafı Departamentinin “Tamamlamatikinti” trestinin tabeliyində olan müəssisə kimi dövlət əmlakının Registrində qeydiyyata alındığı qeyd olunmuşdur. Müəssisənin arxiv sənədlərinin mövcud olmaması isə iddiaçının ziyanına şərh oluna bilməz. Çünki arxiv sənədlərinin saxlanılması iddiaçının deyil, işlədiyi müəssisənin rəhbərliyinin səlahiyyətində olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında Əsasnamənin 2.10-cu bəndinə əsasən 2.10. İdarə, təşkilat və müəssisələrin fəaliyyəti nəticəsində yaranan və Milli arxiv fonduna daxil olan arxiv sənədləri “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilən müddətlər başa çatdıqdan sonra daimi mühafizə üçün müvafiq dövlət arxivlərinə təhvil verilir. Həmin Qərarla təsdiq edilmiş Qeyri-dövlət arxiv fondlarının mühafizəsi üzrə Qaydalarının 4 və 5-ci hissələrinə əsasən qeyri-dövlət idarə, təşkilat və müəssisələrinin fəaliyyəti nəticəsində yaranan və daimi mühafizə edilməli olan arxiv sənədlərinin mühafizəsi işi bilavasitə onların özləri tərəfindən həyata keçirilir. Qeyri-dövlət idarə, təşkilat və müəssisələri öz arxiv sənədlərini saxlamaq üçün əlverişli bina və otaqlar ayırmalı, sənədlərin mühafizəsi üçün tam məsuliyyət daşımalı, məsul şəxslər təyin etməlidir. Göründüyü kimi qanunvericiliyə əsasən istər dövlət, istərsə də, qeyri dövlət təşkilatlarının arxivlərinin mühafizəsi müvafiq müəssisələr tərəfindən həyata keçirilməlidir (təhvil verilənədək). Məhkəmə kollegiyası qeyd edir ki, işin araşdırılmış hallarından göründüyü kimi inzibati orqan tərəfindən sığorta stajı müəyyən dövrə münasibətdə mübahisələndirilsə də, qeyd olunan dövrlə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyini təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X7) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, mövcud “Qaydalar”da, "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək, yəni xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit edilmişdir. xx.xx.2006-cı il tarixdən sonrakı dövr üçün isə sosial sığorta stajının sığortaolunanın fərdi uçot məlumatları əsasında, yəni məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə müəyyən olunduğu təsbit edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqanın verilmiş səlahiyyətlər çərçivəsində sosial sığorta haqlarının ödənilməsini təmin etməli olduğu halda, bu vəzifəsini icra etməməsi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların işlədiyi müddətin iş stajı kimi nəzərə alınmasından imtina və sosial sığorta olunan şəxsin pensiya hüququndan məhrum edilməsi üçün əsas hesab edilə bilməz. Həmçinin yuxarıda istinad olunan “Qaydalar”da da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. Bundan əlavə nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 2018-ci il 6 mart tarixli Qanunun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Göründüyü kimi, sığortaedənin (hazırkı halda, iddiaçının işlədiyi müəssisənin) 2006- cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcu olsaydı belə, həmin borc 2018-ci ilin 1 aprel tarixdə tam məbləğdə silinmiş olurdu. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən, mübahisələndirilən iş stajı iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), «Əmək pensiyaları haqqında» AR Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmuş, habelə cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli 2-1(112)-12042/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1989/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1989/2024
23.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver