Məhkəmə qərarları › İş №2-1(103)-199/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-199/2023

06.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-199/2023 06.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının və onun nümayəndəsi Vəkil, cavabdehin X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2322/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, onun 52 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı xx.xx.1983-cü ildən xx.xx.1992-ci ilədək Laçın rayonunda müxtəlif sahələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. 1992-ci ilin may ayından Bakı şəhəri, Səngəçal qəsəbəsində yerləşən 4 saylı fəhlə yataqxanasında məcburi köçkün kimi müvəqqəti məskunlaşmışdır. xx.xx.1992-ci il tarixindən “Səngəçal” X13 İdarəsində “buruqlarda avadanlıqların təmiri üzrə təmirçi-çilingər” işinə 4-cü dərəcə ilə qəbul edilmişdir. xx.xx.1998-ci ildə sözügedən idarə ləğv edilmiş və onun əsasında “Pirallahı” X13 İdarəsi yaradılmışıdır. O, hal-hazırda Səngəçalda yerləşən N.Nərimanov adına neft və qaz çıxarma sahəsində işləyir..Onun 2006-cı ilə kimi ümumi iş stajı 23 il, neft sənayesində isə 14 il təşkil edir. Qeyd edilən müddətdə əmək stajının olmasını onun iş yoldaşları da təsdiq edirlər Lakin xx.xx.1992-ci ildən xx.xx.1998-ci il tarixinədək olan iş stajı əmək kitabçasında göstərilməsinə baxmayaraq, Arxiv İdarəsi tərəfindən göndərilən arayışda qeyd edilməmişdir. Bu səbəbdən güzəştli şərtlərlə əmək pensiyası ala bilmir. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi İT-İ ******* nömrəli əmək kitabçası araşdırılarkən, qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, əmək kitabçası 22 iyun 1992-ci il tarixində Dövlət Neft Şirkəti tərəfindən açıldığı halda, xx.xx.1983-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində “Sovet Azərbaycanının 60 illliyi” adına sovxozda işlədiyi qeyd olunmuşdur. Bu səbəbdən də iddiaçının iş stajı 2006-cı il tarixinədək 20 ildən az (13 il 6 ay 9 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2322/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və 52 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğundur, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “İddiaçı xx.xx.1983-cü ildən xx.xx.1992-ci ilədək Laçın rayonunda müxtəlif sahələrdə əmək fəaliyyəti ilə məşğul olmuş, 1992-ci ilin may ayından Bakı şəhəri, Səngəçal qəsəbəsində yerləşən 4 saylı fəhlə yataqxanasında məcburi köçkün kimi müvəqqəti məskunlaşmış, xx.xx.1992-ci il tarixindən "Səngəçal" X13 idarəsində "buruqlarda avadanlıqların təmiri üzrə təmirçi-çilingər" işinə 4-cü dərəcə ilə qəbuledilmişdir. xx.xx.1998ci ildə sözügedən idarə ləğv edilmiş və onun əsasında "Pirallahı" X13 İdarəsi yaradılmışıdır. O, hal-hazırda Səngəçalda yerləşən N.Nərimanov adına NQÇS-də işləyir. 2006-cı ilə kimi ümumi iş stajı 23 il, neft sənayesində isə 14 il təşkil edir. Lakin xx.xx.1992ci ildən xx.xx.1998-ci il tarixinədək olan iş stajı əmək kitabçasında göstərilməsinə baxmayaraq, Arxiv İdarəsi tərəfindən göndərilən arayışda qeyd edilməmişdir. Bu səbəbdən güzəştli şərtlərlə əmək pensiyasıala bilmir. İddiaçının İT-İ ******* nömrəli əmək kitabçasında aparılmış qeydlərdə: xx.xx.1983 (Əmr № 199)--xx.xx.1991(Əmr № 138) tarixlər arasındakı dövr ərzində Sovet Azərbaycan 60 illiyi adına Sovxozda; xx.xx.1991- xx.xx.1992-ci il tarixlər arasındakı dövr ərzində isə Laçın rayon Təzəkənd XDS İK katibi işləmişc(əmi 8 il 10 ay); xx.xx.1992(Əmr №16/k)-xx.xx.1998 (Əmr№42/k) illər arası X11 İşləri İdarəsində 4-cü dərəcə buruqlarda avadanlıqların təmiri üzrə təmirçi-çilingər işləmiş (ixtisas 1 saylı Siyahıya əsasən güzəştli sayılır, Bölmə 10 (bənd 2 hasilat), şifr 1100000a-18559. (cəmi 7 il 2 ay); xx.xx.1998xx.xx.2015-ci illlərdə N.Nərimanov adına NQÇİ-nin Quyuların əsaslı və yeraltı təmiri sexində avadanlıqların təmiri üzrə təmirçi-çilingər peşəsində işləmişdir (Əmr № 390, xx.xx.1998-ci il. Həmin ixtisas 1 saylı Siyahıya əsasən güzəştli sayılır, Bölmə 10 (bənd 2 hasilat), şifr 1100000a-18559.) Güzəştli stajı 16 il 10 ay 22 gün. Arayışa əsasən xx.xx.2006-cı il tarixinə güzəştli əmək stajı 7 il 06 ay (ümumi 23 il 6 ay, güzəşli şərtlərlə 14 il 8 ay) təşkil edir. Onun işlədiyi müəssisələr tərəfindən təqdim olunan arayışların məlumatlarından göründüyü kimi, Laçın Rayon İcra Hakimiyyət Başçısının Təzəkənd kənd İƏDÜ nümayəndəsi tərəfindən verilmiş“ şəxsin güzəştli şərtlə penisiya hüququ hüququ verən ümumi staja dair” 72 saylı xx.xx.2022-ci il tarixli arayışında göstərilir ki, onun 01 avqust 1983-cü ildən, 27 may 1992-ci ilə kimi olan əmək stajı aşağıda göstərildiyi kimidir: Sovet Azərbaycanın 60 illiyi adına sovxozda ərizəsinə əsasən fəhlə işinə qəbul edilsin (Əsas: Əmr № 199 xx.xx.1983); Ərizəsinə əsasən Sovet Azərbaycanım 60 illiyi adına sovxoz fəhləliyindən azad edilsin (Əsas: Əmr № 138 xx.xx.1991); Laçın rayon Təzəkənd kənd X5 İcrayyə Komritəsmin katibi təyin edilsin (Əsas: XXİ çağırış XDŞ-nın xx.xx.1991-ci il tarixli qərarı) Ərizəsinə əsasən Laçın rayon Təzəkənd kəııd X6 İcrayyə Komitəsinin katibliyindən azad edilsin Əsas: Laçın rayon İHB-nın 10№-l əmri xx.xx.1992) (cəmi 8 il 10 ay). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "X9" Trestinin xx.xx.2020-ci il tarixli arxiv arayışı ilə müəyyən olunur ki, İddiaçı xx.xx.1998-ci il tarixli 16-k №-li əmrlə xx.xx.1998-ci ildə X4 Təmiri İdarəsinə 4-cü dərəcə buruqlarda təmirçi-çilingər peşəsinə qəbul edilmiş, xx.xx.1998-ci il tarixli 42-k №-li əmrlə 01,08.1998-ci ildə Azərbaycan Respublikası ƏQM- nin 37-c maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Ümumi iş stajı 1 ay, 29 gün təşkil edir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) 'Azneft" İstehsalat Birliyi N.Nərimanov adına Neft və qazçıxarma idarəsinin 04 mart 2020 ci il tarixli "Güzəştli arayış"ında qeyd edilmişdir ki, xx.xx.1966-cı il doğum tarixli İddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2015-ci il tarixinə qədər N.Nərimanov adına NQÇİ-nin Quyuların əsaslı və yeraltı təmiri sexində avadanlıqların təmiri üzrə təmirçi-çilingər peşəsində işləmişdir (Əmr № 390, xx.xx.1998-ci il). İxtisas 1 saylı Siyahıya əsasən güzəştli sayılır, Bölmə 10 (bənd 2 hasilat), şifr 1100000a-18559. Güzəştli staj ixtisasa əsasən 16 il 10 ay 22 gün. Arayışa əsasən xx.xx.2006-cı il tarixinə güzəştli əmək stajı 7 il 05 ay təşkil edir. Yuxarıda qeyd olunmuş bütün ixtisaslar dəniz şəraitində neft və qazçıxarma stasionar özül obyektləri ilə əlaqədardır. Azərbaycan Respublikası NK-nin 12/Vİ-93CÜ il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş bu ixtisas 1 saylı Siyahıya əsasən güzəştli sayılır. Arayış işçinin əmək fəaliyyətini əks etdirən T-2 formalı kartoçka və əmrlər əsasında verilir. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktik halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onlann həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunun. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatlann tələb olunması qadağandır...” Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikaytini müdafiə edərkən Laçın Rayon İcra Hakimiyyət Başçısının Təzəkənd kənd İƏDÜ nümayəndəsinin arayışını məhkəməyə təqdim edərək izahatında bildirdi ki, 1983-1991-ci illərdə Laçın rayonunda sovxozda , 1991-1992-ci illərdə Təzəkənd XDS İK-nin katibi, məcburi köçkün düşdükdən sonra isə 1992-1998-ci illərdə S X11 işləri idarəsində təmirçi çilingər işləmiş, həmin idarə bir neçə dəfə ləğv edilmiş və sonuncu dəfə X7 İşləri İdarəsinə yaradıldıqdan sonra isə həmin İdarədən bir az işlədikdən sonra işdən çıxaraq, “Abşeron NQÇİ-də deyil, N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsində dənizdə buruqlarda təmirçi çilingər işləmiş, indi də orada hər 15 gündən dənizə gedərək buruqlarda təmirçi çilingər kimi çalışır (Nümayəndəsi Vəkil birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir). Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Kərimov şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşıdırıb hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddianın təmin olunması barədə yeni qərar çıxarılmalıdır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İş materiallarına əsasən müəyyən olunur ki, İddiaçı 13.01. 1966-cı il tarixində Laçın rayonunda doğulmuş, Bakı şəhərində məskunlaşmış məcburi köçkündür. İşin hallarından göründüyü kimi, iddiaçı məcburetmə haqqında iddia vasitəsilə ona 52 yaşından (xx.xx.2018) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə onun iddia tələbi rədd olunmuşdur. Məhkəmə bu nəticəyə gələrkən aşağıdakıları qeyd etmişdir: «…Məhkəmə araşdırması zamanı iddiaçının əmək kitabçasının əslinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, İT-İ ******* nömrəli əmək kitabçasının 1-ci səhifəsində açıldığı tarix kimi xx.xx.1992-ci il göstərilsə də, 2-ci səhifəsində xx.xx.1983-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində Sovet Azərbaycan 60 illiyi adına Sovxozda, xx.xx.1991xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində isə Laçın rayon Təzəkənd XDS İK katibi işləməsi qeyd olunmuşdur. İddiaçının həmin dövr üzrə əmək faəliyyətinə dair sənədlər araşdırma zamanı əldə olunmadığından, bu sənədlər iddiaçı tərəfindən də təqdim edilmədiyindən, əmək kitabçasında həmin illərə dair qeydlərin həqiqiliyinə şübhə olduğundan, qeyd edilən dövr sığorta stajı kimi qəbul edilə bilməz. Bundan əlavə, iddiaçının xx.xx.1992-ci ildən xx.xx.1998-ci ilədək “Səngəçal” X13 İdarəsində təmirçi çilingər olaraq işləməsi qeyd edilsə də, işə qəbul edilməsi barədə qeydlər işəgötürənin-həmin müəssisə rəhbərliyinin imza və möhürü ilə təsdiq edilməmişdir. Məhkəmə araşdırması zamanı sorğulara cavab olaraq, təqdim edilmiş arxiv arayışında iddiaçının xx.xx.1998-ci ildən xx.xx.1998-ci ilədək X10 İşləri İdarəsinə buruqlarda avadanlıqların təmiri üzrə 4-cü dərəcəli təmirçi-çilingər işləməsi qeyd olunmuşdur. Həmçinin, iddiaçının şəxsi vərəqəsində də, xx.xx.1992-xx.xx.1998 dövrü üzrə hər hansı qeyd aparılmamış, yalnız xx.xx.1998-xx.xx.1998 dövrü qeydlərlə öz təsdiqini tapmışdır. Belə olan halda, xx.xx.1992-xx.xx.1998 dövrü üzrə əmək faəliyyətinə dair sənədlər məhkəmə araşdırması zamanı əldə olunmadığından, bu sənədlər iddiaçı tərəfindən də təqdim edilmədiyindən, əmək kitabçasında həmin illərə dair qeydlərin həqiqiliyinə şübhə olduğundan, qeyd edilən dövr sığorta stajı kimi qəbul edilə bilməz. Hazırkı iş üzrə iddiaçıya məxsus əmək kitabçasında aparılmış xx.xx.1998-ci il tarixədək olan dövr üzrə qeydlərin mötəbərliyi öz təsdiqini tapmır. Göründüyü kimi, iddiaçının xx.xx.2006-cı ilə qədər ümumi iş stajı 20 ildən, xüsusi iş stajı 10 ildən az olmaqla ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün tələb olunan heç bir şərt ödənilməmişdir. .» İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmır. xx.xx.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin hazırkı redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsi isə nəzərdə tutur ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər, yəni, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1ci hissəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər – 50 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə xx.xx.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən «a» bəndi üzrə 52 yaş təşkil etmişdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 1 nömrəli Siyahısının ““11000000 X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 2-ci bəndinin 110000a-18559 şrifti üzrə neft və qaz:kondensatı hasilatıobyektlərindəbilavasitə məşğul olan təmirçi –çilingərlər güzəştli pensiya hüququ verən peşə kimi təsbit olunmuşdur. İşin cavabdeh tərəfindən mübahisələndirilən hallarından göründüyü kimi, cavabdeh orqan tərəfindən iddiaçının həm «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun və 1 nömrəli Siyahının qeyd olunan göstəricisində təsbit olunan peşə üzrə azı 10 ilə xüsusi stajı, həm də 20 il ümumi stajı mövcud deyildir. Məhkəmə kollegiyası bununla əlaqədar ilk öncə qeyd edir ki, iddiaçının 1992-ci ilə qədər iddiaçının Laçın rayonundan məcburi köçkün düşənə qədər həmin rayonda əmək fəaliyyəti üzrə qazandığı iş stajının nəzərə alınmaması əsaslı hesab oluna bilməz. Belə ki, həmin vaxt qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin 3-cü hissəsi nəzərdə tuturdu ki, hərbi xidmət dövrü, ali və orta ixtisas təhsil müddəti də iş sajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsi isə nəzərdətuturdu ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Eyni zamanda, qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən” hesablanır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin verilmiş sorğusuna Laçın Rayon Dövlət Arxivinin 04 oktyabr 2021-ci il tarixli məktubunda cavab olaraq qeyd edilmişdir ki, rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə əlaqədar 18 may 1992-ci il tarixə qədər rayonun bütün arxiv sənədləri işğalda qaldığı üçün İddiaçı məktubda göstərilən tarixlərdə Laçın rayon Təzəkənd kənd X5 İcraiyyə Komitəsində işləyibişləməməsi barədə arxivdə heç bir məlumat olmadığı üçün məktuba müsbət cavab vermək mümkün olmamışdır. Lakin iddiaçının işə əlavə olunmuş əmək 22 iyun 1992-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasının 2 və 3-cü səhifələrinin 1-4-cü qeydlərindən habelə, hazırkı mərhələdə məhkəməyə təqdim edilmiş Laçın rayon İHB-inin Təzəkənd İƏDÜ nümayəndəliyinin 5- 601/47-3k-60/2023 saylı xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.1983xx.xx.1991-ci illərdə iddiaçı Laçın rayonunda Sovet Azərbaycan 60 illiyi adına sovxozda fəhlə kimi, xx.xx.1991-xx.xx.1992-ci illdə isə Laçın rayon Təzəkənd XDS İK-nin katibi vəzifəsində işləmişdir. İddiaçının həmin sovxoza işə qəbul edilməsi 199 №-li 1/Vİİ-83-cü il tarixli əmrlə, öz ərizəsinə əsaən işdən azad olunması 138 №-li 29/İİİ-91-ci il tarixli əmrlə, Təzəkənd İK-ə (İcraiyyə Komitəsi) isə katib kimi təyin olunması Təzəkənd XDS-nin (X5) 2/04-1991-ci il tarixli qərarı ilə, həmin vəzifədən azad olunması Laçın RİHB-nin 10 №-li 1992-ci il tarixli əmrl ilə rəsmiləşdirilmişdir. Təzəkənd İƏDÜ nümayəndəliyinin tədqiq olunan xx.xx.2023-cü il tarixli arayışından görünür ki, həmin arayış, habelə, əmək kitabçasına əlavə olunmuş qeydlər Laçın rayon İHB-inin Təzəkənd İƏDÜ nümayəndəliyinin 1988-ci ilə aid sənədlərin verilməsi haqqında kitabından 204 nömrəli arayış əsasında daxil edilmişdir. Məhkəmə kollegiyası tədqiq olunan arayışın və əmək kitabçasının üst-üstə düşən göstəricilərinə inandırıcı yanaşır və arxiv sənədlərinin işğalda qaldığını nəzərə alaraq hesab edir ki, xx.xx.1983-xx.xx.1992-ci illlər üzrə iddiaçının 8 il 9 ay 26 gün əmək fəaliyyəti onun sığorta stajı kimi qiymətləndirilməlidir. Əmək kitabçasının sonrakı qeydlərinə əsasən müəyyən olunur ki, iddiaçı xx.xx.1992-xx.xx.1998-ci illərdə X11 işləri idarəsində buruqlarda avadanlıqların təmir üzrə təmirçi çilingər peşəsində işləmiş, xx.xx.1996-cı il tarixdə X11 işləri ləğv olunaraq, bazasında X3 Təmiri İdarəsi yaradılmış, həmin idarə də xx.xx.1998-ci il tarixdə ləğv edilərək onun bazasında X10 İşləri İdaərəsi yaradılmışdır ki, iddiaçı həmin idarələrdə xx.xx.1998-ci il tarixinədək ( 6 il 1 ay 29 gün) işləmişdir (X10 İşləri İdaərəsi də sonradan ARDNŞ-in xx.xx.2013-cü il tarixli əmri ilə ləğv olunaraq “X9” Trestinin «Abşeron» İstehsalat bölümü kimi fəaliyyət göstərmişdir). İşə əlavə olunmuş xx.xx.2021-ci il tarixli arxiv arayışına əsasən müəyyən olunur ki, iddiaçının X10 İşləri idarəsinə xx.xx.1998-ci il tarixli 16-k №-li əmrlə xx.xx.1998-ci ildə X3 Təmiri İdarəsinə 4-cü dərəcəli buruqlarda təmirçi-çilingər peşəsinə qəbul edilmiş, xx.xx.1998-ci il tarixli 42-k №-li əmrlə xx.xx.1998-ci ildə Azərbaycan Respublikası ƏQMnin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Ümumi iş stajı 1 ay, 29 gün təşkil edir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X9” Trestinin işə əlavə xx.xx.2020ci il tarixli arxiv arayışlarında qeyd olunur ki, indən görünür ki, xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixinə kimi X11 İşləri İdarəsindəki əmək fəaliyyətini təsdiq edən arxiv sənədləri “X9” trestinin arxivində aşkar olunmamışdır. Lakin hər bir halda “X9” Trestinin həmin arayışında və xx.xx.2021-ci il tarixli digər arayışında iddiaçının xx.xx.1998-xx.xx.1998-də X3 Təmiri İdarəsində 1 ay 29 gün Nazirlər Kabinetinin xx.xx.1993-cü il 320 saylı qərarı ilə təsdiq olunmuş 1 nömrəli Siyahının 10.2-ci bəndinin “1100000a-18559” şriftində nəzərdə tutulan güzəştli pensiya hüququ verən neft və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingər peşəsində işlədyi qeyd olunmuşdur. Bundan əlavə işə əlavə olunmuş şəxsi işi üzrə forma “T-2” kartasında qeyd olunan illərdə onun buruqlarda təmirçi çilingər işlədiyi öz əksini tapmışdır. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının izahatında da israrla bildirmişdir ki, 1992-ci ilə qədər Laçın rayonunda sovxozda və kənd icra nümayəndəliyinin katibliyində işləmiş, 1992-ci ildə məcburi köçkün düşdükdən sonra o, X11 işləri İdarəsinə işə qəbul olunmuş, həmin idarənin iki dəfə ləğv olunaraq yeni idarə yaradılmış və sonuncu dəfə X10 İşləri İdaəsi yaradıldqdan sonra həmin idarədən işdən çıxaraq 1998-ci ildən N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinə işə qəbul olunaraq dənizdə buruqlarda təmirçi çilingər kimi işləmişdir. “İnzibati icraat haqqında” Qanunun qeyd olunan 19.1-ci maddəsinin tələbindən göründüyü kimi, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının X11 işləri İdarəsində buruqlarda təmirçi çilingər kimi davamlı surətdə işlədiyi və sonda həmin idarənin ləğv olunduğunda X10 işləri İdarəsində işləməsi təsbit olunduğu halda, 1992- 1998-ci illəri əhatə edən dövrdə barəsində arxiv məlumatlarının aşkar edilməməsi əsası ilə cavabdeh tərəfindən həmin dövrün onun sığorta stajına daxil edilməməsi, həm də güzəştli stajı kimi nəzərə alınmaması, işin faktiki hallarına zidd və həqəqəti əks etdirməyən əsassız imtinası kimi qiymətləndirilməlidir. İddiaçının əmək kitabçasının daha sonrakı qeydlərinə və işə əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və qazçıxarma idarəsinin xx.xx.2022-ci il tarixli “Güzəştli arayış”ına əsasən müəyən olunur ki, iddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2015-ci il tarixinə qədər N.Nərimanov adına NQÇİ-nin Quyuların əsaslı və yeraltı təmiri sexində avadanlıqların təmiri üzrə təmirçi-çilingər peşəsində işləmişdir (Əmr № 390, xx.xx.1998-ci il) ki, həmin ixtisas da 1 saylı Siyahıya əsasən güzəştli sayılır (Bölmə 10 (bənd 2 hasilat, şifr 1100000a-18559) xx.xx.1998-xx.xx.2006-cı illər üzrə güzəştli staj 7 il 05 ay təşkil edir. Beləliklə də, tədqiq olunan sübutlarla iddiaçının - xx.xx.1983-xx.xx.1992-ci illlərdə Laçın rayonunda sovxozda və icra nümayndəliyində 8 il 9 ay 26 gün, xx.xx.1992xx.xx.1998-ci illərdə X11 İşləri İdarəsində, X11 İşləri İdarəsində, bundan sonra X3 Təmiri İdarəsində, daha sonra X10 İşləri idarəsində 6 il 1 ay 29 gün, “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft və qazçıxarma idarəsində isə 7 il 5 ay iş stajı nəzərə alınmaqla onun 22 il 4 ay 25 gün iş stajı topladığı və həmin stajın da 13 il 6 ay 29 gününü onun Nazirlər Kabinetinin qeyd olunan xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq olunmuş 1 nömrəli Siyahının 1100000a-18559 şriftində nəzərdə tutulan güzəştli pensiya hüququ verən neft və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingər peşəsində işlədiyi sübuta yetirilir. Əmək pensiyasının ödənilməsinin mövcud qaydasını müəyyənləşdirən «Əmək pensiyaları haqqında» Qanunun “Əmək pensiyaları haqqında” Qanunun 32.1-ci maddəsinə əsasən aşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir https://www.e-qanun.az/framework/11566 Həmin Qanunun 32.1-1-ci maddəsinin tələbinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya, tələb olunan güzəştli stajının olmadığı əsas gətirilməklə 52 yaşından (müraciət etdiyi vaxtdan əvvəlki üç il üçün hesablanmaqla) güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina edilməsi qanunsuz olmuş, iddiaçının hüquqlarını pozmuşdur. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı pensiya təyinatı ilə bağlı müraciəti cavabdeh orqana xx.xx.2020-ci il tarixdə daxil olumşdur. xx.xx.1966-cı il təvəllüdlü iddiaçının isə 52 yaşından güzəştli şərtlərlə yaşa görə pensiya hüququ xx.xx.2018-ci il tarixdən yaranmış olur. İPM-in 73.1-ci maddəsi də nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə tərəfindən işin halları hərtərəfli araşdırılmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmiş, gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamışdır. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2322/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qərarı çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2322/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin və iş üzrə yeni qərar çıxarılsın. İddia təmin edilsin. İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar