Məhkəmə qərarları › İş №2-1(103)-199/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-199/2024

18.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-199/2024 18.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinin qeydiyyata alınıb reyestrdən çıxarışın verilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2348/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəlyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi 2, 34 saylı ev üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.34.1). İddianın əsaslarına görə iddiaçı ərizə ilə cavabdehə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi 2, 34 saylı ev üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin sonuncu ona ünvanladığı xx.xx.2022-ci il tarixli **********22 №-li məktubunda imtina edərək bildirmişdir ki, evə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edildiyi təqdirdə, qanunvericiliyin tələblərinə uyğun olaraq müraciətinə təkrar baxılacaq. Halbuki o, 40 ilə yaxın müddət ərzində qeydiyyatda olmaqla fasiləsiz və etirazsız olaraq həmin ünvanda yaşayır. Odur ki, hesab edir ki, fərdi yaşayış evi üzərində onun hüquqları cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb, ona reyestrdən çıxarış verilməlidir. Cavabdeh iddia ərizəsinə qarşı etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən sözügedən fərdi yaşayış evinə və torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2348/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən ünvan 1 ünvanında 1983-cü il tarixdən qeydiyyatda olmaqla yaşaması, fasiləsiz və etirazsız sahiblik etməsi, ətrafındakı evlərin çıxarışla təmin olunmasını araşıdrmamışdır. Belə ki, eyni əsaslarla ətrafdakı evlər üzərinə mülkyyət hüququnun əldə edilməsinə baxmayaraq ona imtina olunur. Birinci instansiya məhkəməsi evə dair texniki pasportda Zeydulla Qaybibuliyevin adının üzərindən xətt çəkilərək onun adının yazılması, həmin düzəlişin sənədi verən qurum tərəfindən Sovet dönəmində təsdiq edilməməsini əsas götürməklə, işin hallarına uyğun olmayan səhv nəticəyə gəlmişdir. Belə ki, uzun illər qeydiyyatda olub evə sahiblik etmişdir. Texniki pasportda Zeydulla Qaybibuliyevin adının üzərindən xətt çəkilərək onun adının yazılmasının tam qanuni və məntiqli olduğunu təsdiq edir. 40 ildir evi kommunal xərcləri ödəməkdə davam edir. Odur ki, qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi R.Bayramova apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunması barədə yeni qərar qəbul olunmasının məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının iddia ərizəsindən göründüyü kimi, öhdəliyin icrası haqqında iddia vasitəsilə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi 2, 34 saylı ev üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia rədd olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. İddiaçı qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evinin onun adına qeydə alınmasını tələb edərəkən, 2 əsasa istinad edir: birinci əsas kimi məhkəməyə təqdim etdiyi fərdi yaşayış evinin Texniki Pasprotunu göstərir, 2-ci əsas kimi isə həmin evdə qeydiyyatda olduğunu və 40 ilə yaxın fasiləsiz və etirazsız olaraq sahiblik etdiyini bildirir. Lakin qeyd edilən hər iki əsas qanunla müəyyən edilmiş əsaslar sırasına aid edilməmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Konkret halda, iddiaçı tərəfindən təqdim edilən və işə əlavə olunmuş, Bakı şəhər Soveti Texniki inventarlaşdırma Bürosu tərəfindən tərtib olunmuş “Ev sahibliyiin inventarlaşdırılmasına və qiymətəlndirilməsinə dair” Texniki Pasport - Qanunun qeyd olunan 8.0.8-ci maddəsində göstərilən müvafiq icra hakimiyyəti orqanı - Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda qeydiyyata əsas verən sənədlər sırasına aid edilməmişdir. Belə ki, həmin Siyahının 1.11-ci bəndinə əsasən daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsi üçün əsas verən Texniki Pasport kimi - Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar hesab olunur. Digər tərəfdən, iddiaçının həmin fərdi yaşayış evində qeydiyyatda olmaqla 40 ilə yaxın fasiləsiz və etirazsız sahiblik etməsi də onun Mülki Məcəllənin 178.6-cı maddəsində təsbit olunan mülkiyyət hüququ əldə etdiyini deməyə əsas vermir. Çünki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179cu maddəsinin şərh edilməsinə dair” 28 yanvar 2002-ci il qərarında şərh vermişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin daşınmaz əmlaka mülkiyyət hüququnun əldə etmə müddətini müəyyənləşdirən 179-cu maddəsinin hüquqi qüvvəsi 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərinə tətbiq olunur. Beləliklə də, mübahisəli fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınması üçün qanuni əsaslar müəyyən olunmur. Avropa İnsan hüquqları Məhkəməsi “Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar ında qeyd etmişdir ki, “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” [İİ Bölmə] ərizə № 18768/05). Avropa Məhkəməsinin qərarından təsbit olunan hüquqi mövqeyindən göründüyü kimi, mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda yalnız, “Gözlənti” qanuni sayıla bilər. Odur ki, yuxarıda qeyd olunanlar baxımından konkret halda, iddiaçının “gözləntisi” hazırkı anda qanuni hesab edilə bilməz. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd olunmasını mahiyyəti üzrə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, məhkəmə о halda inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun Beləliklə də, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansia məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2348/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2348/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar