Məhkəmə qərarları › İş №2-1(103)-1990/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1990/2020

17.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1990/2020 17.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Valeh Məmməd oğlu Ağayevin sədrliyi ilə (məruzəçi); Afaq Bayram qızı Nuriyeva və Aida Hüseyn Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, iddiaçının nümayənədəsi (vəkili) X2 iştirakı ilə. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinin faktiki vəziyyətinə uyğun plan və ölçünün verilməsi” tələbinə dair iş üzrə yeni açılmış hallar və üçüncü şəxslərin icraata cəlb edilməsi barədə ərizənin təmin edilməməsinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3966/2019 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3966/2019 nömrəli x xxxxxx 2019-cu il tarixli qərarı ilə İddiaçı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinin faktiki vəziyyətinə uyğun plan və ölçünün verilməsi» tələbinə dair iddiası təmin edilərək, “Torpağın mülkiyyətə verilməsinə dair” (JN-12101D kod 00500086) saylı şəhadətnamə ilə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 0,84 ha torpaq sahəsinə verilmiş plan və ölçünün faktiki olaraq naturaya uyğun mərz nişanı göstərilməklə torpağın plan və ölçüsünün tərtib edilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3966/2019 nömrəli x xxxxxx 2019-cu il tarixli qərarından qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti verilməmiş və qərar qanuni qüvvəyə minmişdir. İş üzrə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət etmiş və sözügedən mübahisəyə dair yeni açılmış hallarla bağlı icraatın təzələnməsini, üçüncü şəxs qismində Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin, AR ƏMDK yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin, AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, X5 və X6 inzibati məhkəmə icraatına cəlb edilməsini, habelə iş üzrə ekspertiza təyin olunmasını xahiş etmişdir. Ərizədə İPM-in 100 – 107-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55, 67, 68, 111.1-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2, 11.1, 23-cü maddələrinə, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2004-cü il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların müddəalarına istinad olunmuş və bildirilmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin x xxxxxx 2019-cu il tarixli 2-1(82)-3966/2019 saylı qərarında qeyd olunan müvafiq daşınmaz əmlakla bağlı İdarənin mütəxəssisləri tərəfindən müvafiq ünvanda yoxlama-ölçü işləri aparılarkən və mövcud sənədlərin ətraflı və təkrar araşdırılması zamanı birinci instansiya məhkəməsində müvafiq inzibati işə baxılarkən əvvəlcədən məlum olmayan və müvafiq icra sənədinin icrasını mümkünsüz edən yeni hallar və sübutlar aşkar edilmişdir. Belə ki, İdarənin mütəxəssisləri tərəfindən aparılmış araşdırmalar və yoxlama-ölçü işləri zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 0,84 ha torpaq sahəsinə dair İddiaçı adına JN-12101D kod 00500086 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilmişdir. Lakin İdarənin elektron kadastr baz məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsi həmin şəhadətnamənin naturada yerləşmə yerindən 1.800 metr kənarda yerləşir və şəhadətnamədə göstərilən torpaq sahəsi ilə iddiaçının naturada göstərdiyi torpaq sahəsi fərqli ərazilərdə yerləşməklə ayrı-ayrı torpaq sahələridir. Göründüyü kimi, iddiaçının göstərdiyi torpaq sahəsinin şəhadətnamədəki torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Əlavə olaraq müəyyən edilmişdir ki, faktiki göstərilən iki hissəli sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir. Həmçinin, yeni verilmiş sərhəd məlumatlarına əsasən sözügedən ərazi Zabrat qəsəbəsində yerləşir və faktiki sahə daxilində yerləşən torpaq sahələrinə dair digər şəxslər (X10, Vəliyev MədətQulu oğlu) tərəfindən müraciətlər daxil olmuşdur. Hesab olunur ki, yuxarıda qeyd edilən sonradan məlum olan hallar məhkəmə tərəfindən nəzərə alınmalı və iş üzrə icraat təzələnməlidir. Göstərilənlərə əsalanaraq, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin x xxxxxx 2019-cu il tarixli 2-1(82)-3966/2019 saylı qərarının ləğv edilməsi, Bakı ŞİH-in, Bakı şəhəri Sabunçu RİH-in, AR ƏMDK yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin, AR Dövlət Neft Şirkətinin, X7, Vəliyev MədətQulu oğlunun müvafiq inzibati işə üçüncü şəxs qismində cəlb edilməsi, təkrar ekspertiza təyin olunması və işə sonradan müəyyən edilmiş hallar nəzərə alınmaqla yenidən baxılaraq iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3966/2019 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardaddan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3966/2019 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizənin təmin edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti ərizəyə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixdə idarənin mütəxəssisləri tərəfindən sözügedən ünvanda təkrar yoxlama-ölçü işləri aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixli, 4Ə 353 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Balaxanı qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.84 ha olan torpaq sahəsi İddiaçı (əvəzinə X3) tərəfindən X1 (alqı-satqı müqaviləsinin surəti əlavə olundu). X8 ********** nömrəli xx.xx.2020-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmiş, elektron kadastr məlumatına əsasən X8 tərəfindən göstərilən faktiki sahənin sənəd üzrə sahəyə aidiyyətinin olmadığı və torpaq sahəsinin Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olduğu müəyyən edilmişdir. Bu barədə ona **********74 saylı xx.xx.2020-ci il tarixli bildiriş ünvanlanmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3966/2019 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən inzibati orqan öz səlahiyyətləri və imkanları daxilində digər inzibati orqana həmin orqanın müraciəti əsasında hüquqi yardım göstərməyə borcludur. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur (maddə 24.1). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (maddə 24.4). Həmin Qanunun 41.1-ci maddəsinə görə inzibati icraat zamanı iş üzrə faktiki hallarla bağlı sualları izah etmək üçün inzibati orqan maraqlı şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Azərbaycan Respublikası Prezidentinin xx xxx 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.20-ci bənd) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və təsvir edilməsini təmin etmək məqsədi ilə daşınmaz əmlakın vahid dövlət kadastrının və ünvan reyestrinin tərtib edilməsində və aparılmasında iştirak etmək, (3.0.21-ci bənd) ayrı-ayrı daşınmaz əmlak obyektləri üzrə kadastr tərtib edən və aparan icra hakimiyyəti orqanlarının təqdim etdikləri məlumatların daşınmaz əmlakın vahid dövlət kadastrına daxil edilməsində iştirak etmək Xidmətin vəzifələri sırasına daxildir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 102-ci maddəsinə görə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermiş şəxs (ərizəçi), habelə qərarına qarşı ərizə verilmiş məhkəmədə icraatın iştirakçıları olmuş başqa şəxslər, yeni açılmış hallar üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar. İPM-in 103.1-ci maddəsinə görə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. İPM-in 106-cı maddəsinə görə icraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla icraatın təzələnməsi haqqında qərardad qəbul edir. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100- cü maddəsində nəzərdə tutulmuş əsaslardan birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Görüdüyü kimi, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən cavabdeh inzibati orqan inzibati icraatda işin bütün hallarını araşdırmalı, zərurət olduqda maraqlı (üçüncü) şəxsləri icraata cəlb etməlidir. Bu məqsədlə, inzibati orqan inzibati icraata ekspert və mütəxəssisləri də cəlb etmək salahiyyətlərinə malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçinin bildirdiyi “torpaq sahəsinin şəhadətnamədə yerləşdiyi yerin koordinatlarının naturada yerləşdiyi yerin koordinatlarıdan fərqli olması, sahənin faktiki olaraq ARDNŞ-in istifadəsində olan əraziyə düşməsi, sahə ilə əlaqədar digər şəxslərin qeydiyyat orqanı kimi hazırkı cavabdehə müraciət etməsi” ilə bağlı xüsusatların ilkin icraatda ona (ərizəçiyə – cavabdeh inzibati orqana) məlum olmasını istisna edən halların ehtimalı çox aşağıdır. Nəzərə alınmalıdır ki, cavabdeh orqanın əsasnaməsi ilə müəyyən edilmiş səlahiyyətlərinə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və təsvir edilməsini təmin etmək məqsədi ilə daşınmaz əmlakın vahid dövlət kadastrının və ünvan reyestrinin tərtib edilməsində və aparılmasında iştirak etmək, ayrı-ayrı daşınmaz əmlak obyektləri üzrə kadastr tərtib edən və aparan icra hakimiyyəti orqanlarının təqdim etdikləri məlumatların daşınmaz əmlakın vahid dövlət kadastrına daxil edilməsində iştirak etmək, hüququ olan şəxslərin ərizəsi əsasında müvafiq reyestrdə hüquqların qeydiyyatını aparmaq və bu barədə müvafiq çıxarışlar vermək də daxildir. İPM-in 28.1-ci maddəsinə görə iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğun qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. İPM-in 28.5-ci maddəsinə görə məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2017-ci il tarixli Qərarında göstərilmişdir ki: - İnzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. - Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir. Üçüncü şəxslərin cəlbi məsələsi ilə bağlı qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatına cəlb etmə məsələləri iki qaydada – cəlb olunmalı şəxsin özünün ərizəsi və məhkəmənin təşəbbüsü ilə mümkündür. Cavabdeh inzibati orqanın məhkəmə qərarı qəbul olunduqdan sonra bu təşəbbüslə çıxış etməsi həm İPM-lə nəzərdə tutulmamışdır, həm də inzibati icraat və inzibati məhkəmə icraatının prinsipləri ilə tam uzlaşmır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, sözügedən məhkəmə qərarı Bakı ŞİH-in, Bakı şəhəri Sabunçu RİH-in, AR ƏMDK yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin, AR Dövlət Neft Şirkətinin maraqlarına toxunmur və hüquqları əhəmiyyətli dərəcədə pozulmuş qurum (şəxs) kimi onların işə cəlb olunmasına zərurət yoxdur. Müvafiq fiziki şəxslərin isə, qanunıa qorunan maraqlarına toxunma halını əsaslandıran yetərli sübut təqdim edilməmiş, eləcə də həmin fiziki şəxslərin özlərinin də müraciəti məhkəməyə daxil olmamışdır. Hazırkı vəziyyətdə təqdim olunmuş dəlillər (məlumatlar) formal xarakterli olduğundan, məhkəmə kollegiyası öz təşəbbüsü ilə də həmin şəxsin cəlbini zəruri hesab etmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq ərizəni təmin etməmişdir. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə inzibati prosessual normalarının tətbiqi baxımından qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3966/2019 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldi: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3966/2019 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Valeh Ağayev Hakimlər Afaq Nuriyeva Aida Hüseyn Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən: Valeh Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar