Məhkəmə qərarları › İş №2-1(103)-1990/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1990/2022

25.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1990/2022 25.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “təmir işlərinin aparılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2872/2022 saylı, 07 fevral 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xudu Məmmədov küçəsi, ev 21 ünvanında yerləşən həyətdə təmir işləri aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı 1975-ci ildən ünvan 1 ünvanında yaşayır. 1980-1990-cı illərdə onların həyəti hər il təmir olunurdu, hətta qarajların arxasında meydança tikilmişdir. 2005-ci ildə Bagesin binasını qanunsuz olaraq satdılar və həmin il uşaq meydançasını təmir etdilər. 2005-ci ildən sonra heç bir təmir işləri görülmədi. Kimə yazsalar da, kimə müraciət etsələr də cavab eyni olmuşdur: “Rayonda təmir işləri aparılır, nə vaxt növbə onların həyətinə çatsa, onda təmirə başlayacaqlar”. İddiaçı 20 ərizə yazdıqdan 1 il 4 ay keçdikdən sonra onların blokunun qarşısına asfalt çəkilmişdir. Ancaq yolu təmir etməkdən imtina etmişlər. Binanın həyətində keçmiş Bages binasında “Hamam Saray” adlı obyekt tikmiş, meydançada bak qoymuşlar. Hələlik yalnız kafe işləyir, sauna bağlıdır. Sauna açılan kimi iddiaçı məhkəməyə müraciət edəcəyini bildirmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2872/2022 saylı, 07 fevral 2022-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün hesab edilməmişdir. Məhkəmə qərardadında iddianın mümkün sayılmamasına əsas kimi müvafiq sahədə istinad olunan səlahiyyətlərin həyata keçirilməsi inzibati orqana ayrılmış vəsaitə uyğun olaraq, müvafiq proqram əsasında komissiyanın rəyinə əsasən həyata keçirildiyindən yalnız çoxmənzilli binanın bir sakinin, yəni iddiaçının istəyinə uyğun təmir işlərinin aparılması iddiaçının hüquqları və dövlətin üzərinə götürdüyü öhdəliklərin uzlaşması baxımından mütənasib sayıla bilməməsinə istinad etmişdir. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək ləğv edilməsini, işə mahiyyəti üzrə baxılması və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı appelyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq onlar öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq və iddiaçının izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından göründüyü kimi iddiaçı yaşadığı mənzil yerləşən binanın, yəni Bakı şəhəri, Xudu Məmmədov küçəsində yerləşən 21 saylı evin həyətinin təmir edilməsi məqsədilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh orqanın H-192 nömrəli, 16.07.2018-ci il tarixli cavab məktubunda X.Məmmədov küçəsi 21 saylı binanın məhəllədaxili ərazisində sakinlərin istirahəti üçün “Abad Həyət” salındığını, söhbətgahlar və oturacaqların quraşdırıldığını, binanın ətrafında xidməti ərazi üzrə 82 saylı MKİS tərəfindən sanitar təmizlik işlərinin aparıldığını; - H-5/7-124 nömrəli, 15.09.2021-ci il tarixli cavab məktubunda rayon ərazisində aparılan abadlıq-quruculuq işləri çərçivəsində bir çox ünvanlarda sakinlərin istirahəti üçün nümunəvi həyətlərin salındığını, o cümlədən, Xudu Məmmədov küçəsi 21 saylı binanın təmir olunması, həyətində abadlıq işlərinin aparılması və asfalt örtüyünün vurulmasının mərhələli şəkildə Tədbirlər planında nəzərdə tutulduğunu; - H-5/6-109 nömrəli, 17.09.2021-ci il tarixli cavab məktubunda isə rayon ərazisində aparılan abadlıq-quruculuq işləri çərçivəsində bir çox ünvanlarda sakinlərin istirahəti üçün nümunəvi həyətlərin salındığını, iddiaçının yaşadığı binanın ətrafında “Abad Həyət” salınmasının (oturacaqların, söhbətgahların, uşaq-əyləncə elementlərinin və işıqlandırma sisteminin quraşdırılması, asfalt örtüyünün vurulmasının) mərhələli şəkildə “Tədbirlər planı”nda nəzərdə tutulduğunu, həyətdəki ağacların budanması üçün Bakı şəhər X1 müraciət olunduğunu; -H-5/8-109/2 nömrəli, 04.10.2021-ci il tarixli cavab məktubunda rayon ərazisində aparılan abadlıq-quruculuq işləri çərçivəsində rayonun bir sıra ünvanlarında və bir çox yaşayış binalarının məhəllədaxili ərazilərində “Abad Həyət” layihəsi çərcivəsində yaşıllıq zolaqlarının salınması, sakinlərin istirahəti üçün söhbətgahların quraşdırılması, oturacaqların qoyulmasını, uşaq əyləncə elementlərinin və işıqlanma sisteminin qurulması işlərinin davam etdirildiyini, hal-hazırda rayon ərazisində yerləşən bəzi ünvanlarda və məhəllədaxili ərazilərdə aparılan işlərin yaxın vaxtlarda başa çatdırılması və təmir-yenidənqurma işlərinin başqa ünvanlarda davam etdirilməsinin “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramı”na uyğun olaraq mərhələli şəkildə həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşır və öz mövqeyini aşağıdakı kimi əsaslandırır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olubolmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9-cu bəndində yerli icra hakimiyyəti başçısının şəhər və mənzil-kommunal təsərrüfatı və abadlaşdırma sahələrində aşağıdakı səlahiyyətləri müəyyən edilmişdir: 4.9.2 müvafiq ərazidə sosial və istehsal infrastruktur obyektlərinin tikintisini və təmirini təşkil etmək. 4.9.3. müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumlara (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) icrası məcburi olan göstərişlər verir; 4.9.9. yaratdığı müvafiq komissiyanın rəyinə əsasən, dövlət büdcəsi hesabına təmir və yenidənqurma işləri aparılacaq binaları müəyyən etmək; 4.9.10. çoxmənzilli binaların dövlət büdcəsi və digər maliyyə mənbələri hesabına cari və əsaslı təmir olunması məqsədi ilə xüsusi proqramlar hazırlamaq və onların icrasına nəzarəti həyata keçirmək; 4.9.14. yaşayış məntəqələrində məhəllə ərazilərinin abadlaşdırılması üçün ünvanlı abadlaşdırma proqramlarını və müvafiq ərazilərin kompleks abadlaşdırılması proqramlarını hazırlamaq və həyata keçirmək Göründüyü kimi, mövcud qanunvericilik çoxmənzilli binaların dövlət büdcəsi və digər maliyyə mənbələri hesabına cari və əsaslı təmir olunması, yaşayış məntəqələrində məhəllə ərazilərinin abadlaşdırılması üçün ünvanlı abadlaşdırma proqramlarının və müvafiq ərazilərin kompleks abadlaşdırılması proqramlarının hazırlanmasını və həyata keçirməsini yerli icra hakimiyyətinin səlahiyyətinə aid etmişdir. Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2019-cu il tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 7.2.13-cü yarımbəndində 2019-2023-cü illər ərzində yerli icra hakimiyyəti və bələdiyyələr tərəfindən mənzil şəraitinin yaxşılaşdırılması və abadlıq-quruculuq işlərinin davam etdirilməsi, o cümlədən çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunverici müvafiq təmir işlərinin sakinlərin istəyinə uyğun olaraq deyil, təsdiq edilmiş proqrama uyğun ayrılmış büdcə vəsaiti çərçivəsində həyata keçirilməsini təsbit etmiş, sonuncu təsdiq edilmiş Dövlət proqramına əsasən abadlıqquruculuq işlərində ilk öncə çoxmənzilli binaların lift təsərrüfatının madditexniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, müvafiq sahədə istinad olunan səlahiyyətlərin həyata keçirilməsi inzibati orqana ayrılmış vəsaitə uyğun olaraq, müvafiq proqram əsasında komissiyanın rəyinə əsasən həyata keçirildiyindən iddiaçının istəyinə uyğun təmir işlərinin aparılması iddiaçının hüquqları və dövlətin üzərinə götürdüyü öhdəliklərin uzlaşması baxımından mütənasib sayıla bilməz. Digər tərəfdən, iddiaçı iddia ərizəsində təmir işlərinin aparılma zərurətini binanın həyətində müxtəlif tikililərin quraşdırılması, habelə narkotik vasitədən istifadə edən şəxslərin həmin həyətə toplaşması ilə əsaslandırmışdır. Lakin iddiaçının çatmaq istədiyi bu məqsədə nail olması hazırkı iddia ilə mümkünsüz olduğundan apellyasiya şikayətinin bu dəlilləri əsaslı deyildir və məhkəmə qərardadının ləğvi üçün əsas təşkil etmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2872/2022 saylı, 07 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90. və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2872/2022 saylı, 07 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, qərardadın təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar