Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1991/2023 02.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X4 ibarət tərkibdə Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Vəkil, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin Sona Mahüseyn qızına məxsus olması barədə arayışın İddiaçı verilməsi” iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-557/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 95/110 nömrəli ayrıc aktına əsasən istifadəsinə ayrılmış Bakı şəhəri Xəzər rayonu Xaşa-Xuna bağ massivi ərazisində yerləşən 0,90 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbini irəli sürərək iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-840/2021 saylı işi üzrə 02 iyul 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-589/2021 saylı işi üzrə 21 oktyabr 2021-ci il tarixli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 02 iyul 2021-ci il tarixli qərarı ləğv edilmiş və inzibati mübahisə aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 28 fevral 2022-ci il tarixli qərardadı ilə inzibati məhkəmə icraatı üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2-1(112)-4312/2022 saylı qərarı ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2255/2022 saylı, 15 sentyabr 2022-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək Bakı İnzibati Məhkəməsinin 28 aprel 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş materialları məhkəmə icraatının davam etdirilməsi və sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Daha sonra Bakı İnzibati Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə iddia tələbi iddiaçının ərizəsi əsasında “Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi ərazisində yerləşən 0.90 ha torpaq sahəsinin mərhum anası Sona Mahüseyn qızına məxsus olması barədə arayışın İddiaçı verilməsi” kimi dəyişdirilmişdir. Bundan sonra Bakı İnzibati Məhkəməsinin 2-1(112)-557/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadda qeyd etdikləri ilə bağlı bildirilir ki, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 26 may 1995-ci il tarixli, 95/110 nömrəli ayrıc aktına əlavə olunmuş torpağın sxemindən torpaq sahəsinin harada yerləşməsi və torpaq sahəsinin dəqiq koordinatları və ölçüləri müəyyən olunur. iş materiallarında olan arxiv arayışlarındanda müəyyən olunur ki, iddiaçının iddia etdiyi torpaq sahəsi babalarından miras olaraq ona qalmış və bu səbəbdəndə Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 26 may 1995 - ci il tarixli 95/110 saylı ayrıc aktı ilə Sona Mahüseyn qızına ayrılmışdır. Belə ki, müvafiq icra orqanı tərəfindən təqdim edilmiş bütün sənədlər,arxiv arayışları yoxlanılmış və həqiqətəndə həmin torpaq sahəsinin Sona Mahüseyn qızının babalarına məxsus olması faktı təsdiq olunduqdan sonra torpaq sahəsi ayrılmış və istifadəyə verilməsinə etiraz edilməmişdir. Məhkəmə bir faktı nəzərdən qaçırmışdlr ki, torpaq sahəsi yeni ayrılan torpaq sahəsi olmaması səbəbindən və dədə-baba torpağı olması ilə əlaqədar Sona Mahüseyn qızına hər hansı bir qərar və sərəncamla deyil ayrıc aktı ilə ayrılmışdır ki, bu faktda iddiaçının mərhum anasının torpaq üzərində mülkiyyət hüququnun olmasını təsdiq edir. Lakin Bakı İnzibati Məhkəməsi bu xüsusatları nəzərə almamış, iddiaçının torpaq sahəsi üzərində subyektiv hüququnun olmaması barədə yanlış qənaətə gəlmiş və Azərbaycan Respublikası Konstitusiyası ilə iddiaçının qorunan hüquqlarını kobud şəkildə pozmuşdur. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərardadın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsi iddianı mümkün sayarkən qərardadının onunla əsaslandırmışdır ki, iddiaçının iddia etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici, hüquqi marağını (subyektiv hüququnu) təsdiq edən sənədləri mövcud olmadığından cavabdeh tərəfindən iddiaçının hüquqlarının və ya qanunla qorunan maraqlarının pozulmasını əsaslandıran hallar mövcud deyil. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakı əsaslara görə apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: -Abşeron Rayon İcra Hakimiyyəti başçısının 083 saylı, 01 aprel 2005-cı il tarixli sərəncamı ilə keçmiş Zirə tərəvəzçilik-südçülük sovxozun ərazisində, örüş sahədən ibarət olmaqla X21 kimi uçota alınmış torpaqdan kənd təsərrüfatı məqsədilə X2 9,43 ha 99 il müddətinə icarə qaydasında torpaq sahəsi ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədlərinin təsdiq edilmiş və torpaqdan istifadə edilməmişdən əvvəl tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədləri Respublika Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində qeydə alınaraq torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə alınması təmin edilmişdir. -JN seriyalı, 7181 saylı, 19 aprel 2005-ci il tarixli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnaməyə əsasən Abşeron Rayon İcra Hakimiyyəti başçısının 01 aprel 2005-ci il tarixli 083 saylı sərəncamı və icarə müqaviləsi ilə Abşeron rayonu, keçmiş Zirə tərəvəzçilik və südçülük sovxozu ərazisi kənd təsərrüfatı məhsulları istehsalı üçün 99 il müddətinə 9,43 hektar (o cümlədən, əkin, çoxillik əkmələr, 9,43 hektar örüş) kənd təsərrüfatında istifadə edilməyən torpaq sahəsi müvəqqəti istifadə üçün (torpaq sahəsini və kənd təsərrüfatını inkişaf etdirmək şərti ilə) X2 verilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 may 2020-ci il tarixli ekspert rəyinin tədqiqatın nəticəsi hissəsində bildirilmişdir ki, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Bakı Bakı Layihə Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən Abşeron rayonu, Zirə-Südçülük sovxozunun ərazisində yerləşən, iddiaçıya aid təqdim etdiyi sənədlər arasında 0,90 ha torpaq sahəsinə dair qanunvericiliyə uyğun olaraq hüquqmüəyyənedici sənədlər və həmin torpaq sahəsi barədə elektron kadastr bazasında məlumat aşkarlanmamışdır. Məhkəmə tərəfindən təqdim olunmuş 1995-ci il 26 may tarixli 95/110 saylı ayrıc aktında qeyd olunan istinad nöqtələrinin faktiki vəziyyətdə dəyişilməsini nəzərə alaraq, kameral şəraitdə aerofoto materiallarından istifadə edərək ayrıc aktında göstərilən 0,90 ha torpaq sahəsinin coğrafi yerləşmə mövqeyini müəyyən etmək mümkündür. Kameral şəraitdə aerofoto materiallarından istifadə edilərək coğrafi yerləşmə mövqeyi müəyyən edilmiş 95/110 saylı, 26 may 1995-ci il tarixli ayrıc aktında göstərilən 0,90 ha torpaq sahəsi ilə ilkin torpaqayırma sənədlərinə və faktiki istifadə vəziyyətinə əsasən JN- 7181 nömrəli “Torpaqdan müvəqqəti istifadə huququna dair şəhadətnamə” əsasında üçüncü şəxsin icarəsində olan 9,43 ha torpaq sahəsi üst-üstə düşmür. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən iddiaçının etibarnamə üzrə nümayəndəsi X10 ünvanlanmış **********46 saylı, 08 yanvar 2021-ci il tarixli bildirişə əsasən sözügedən 0,90 ha torpaq sahəsinə dair çıxarış və texniki pasportun verilməsi ilə bağlı Xidmətin 4 saylı Abşeron Ərazi İdarəsinə ünvanlanmış Bakı şəhəri 35 saylı notariat ofisinin x-329 saylı, xx.xx.2020-ci il tarixli vərəsəlik məktubu, Bağlar təsərrüfatı idarəsinə ünvanlanmış 18/03-8/393 saylı, 01 iyun 1995-ci il tarixli müraciət məktubu, torpaq sahəsinin təhkim aktı və plan-sxeminin surətinin təqdim edildiyi müəyyən edilmişdir. Sənədlər araşdırılarkən məlum olmuşdur ki, Sona Mahüseyn qızı və ailə üzvlərinə bağ sahəsi ayrılması üçün müraciət olunan 0,90 ha torpaq sahəsinə dair təqdim etdiyi Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin ayrıc aktına Bakı Şəhər İcra Hakimiyyətinin torpaqayırma qərarı, eləsə də ləğv edilmiş X3 və İstismarı Birliyi tərəfindən bağ sahəsinin istifadəyə verilməsi barədə icarə müqaviləsi və ya order əlavə edilməmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə ünvanlanmış **********22 saylı, 29 dekabr 2012-ci il tarixli məktubda bildirilmişdir ki, Abşeron rayonu, Zirə tərəvəzçilik-südçülük sovxozu ərazisində yerləşən X5, X17, X11 məxsus Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş **********70 saylı, 06 aprel 2013-cü il tarixli çıxarış və torpaq sahəsinin planı və ölçüsünə, həmçinin torpaqdan müvəqqəti istifadə hüququna dair JN-7181 saylı şəhadətnaməyə əsasən müraciət olunmuş torpaq sahəsinə müayinə baxışı (inventarlaşdırma, çöl-ölçmə) keçirilmişdir. Müayinə baxışı (nventarlaşdırma, çöl-ölçmə) zamanı məlum olmuşdur ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi JN7181 nömrəli şəhadətnamə sözügedən torpaq sahəsi ilə uyğun gəlir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********70 saylı, 06 aprel 2013-cü il tarixli çıxarış sözügedən torpaq sahəsi ilə uyğun gəlmir, qonşu torpaq sahəsində yerləşir. - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsi tərəfindən verilmiş 30 iyul 2018-ci il və 12 fevral 2019-cu il tarixli arayışlardan görünür ki, X10 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Kalinin küçəsi, ev 1-də baş verən yanğın zamanı Sona Mahüseyn qızına məxsus Bakı şəhəri, Xəzər rayonu, Xaşa- Xuna bağ massivinin 137 nömrəli BTK nəzdində olan sahəyə tərtib edilmiş order və digər sənədlər yanaraq məhv olmuşlar. 21 iyun 2018-ci il tarixli yanğın aktında qeyd edilmişdir ki, 15 iyun 2018-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Kalinin küçəsi, ev 1-də yanğın baş vermişdir. Yanğın nəticəsində bütün əşyalarla birlikdə torpaq sənədləri yanaraq sıradan çıxmışlar. Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatı tərəfindən iddiaçıya ünvanlanmış ə664- 091 saylı, 21 noyabr 2022-ci il tarixli məktubda bildirilmişdir ki, X1 Xaşa-Xuna bağ massivində bağ sahəsinin ayrılması haqqında məlumat əldə etmək üçün bağ sahəsinə verilən sərəncamın düzgün tarixi və nömrəsini bilmək vacibdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən iddiaçının nümayəndəsi X10 ünvanlanmış **********54 saylı, 19 avqust 2020-ci il tarixli məktubda bildirilmişdir ki, aparılmış araşdırma zamanı sözügedən torpaq sahəsinə dair arxiv sənədləri aşkar edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2186 saylı, 22 may 2007-ci il tarixli sərəncamına əsasən X9 və İnkişafı Birliyi ləğv olunaraq həmin idarənin arxiv sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhvil verilmişdir. Bu səbəbdən aidiyyəti üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmək məqsədəmüvafiqdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış **********12 saylı, 23 iyul 2018-ci il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivində 137 nömrəli BTK nəzdində sahəsi 0,12 hektar olan 169v/5 nömrəli bağ sahəsinə dair Sona Mahüseyn qızının adına tərtib edilmiş order İdarənin arxivində mövcuddur. “Yerli İcra Hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi tərəfindən iddiaçının nümayəndəsi X10 verilmiş ə374 saylı, 31 iyul 2018-ci il tarixli arxiv arayışına əsasən Azərbaycan Respublikası Dövlət Tarix Arxivi üzrə “Bakı qradonaçalnikliyinin dəftərxanası” fondunun sənədlərində Suraxanı kənd icmasının 26 mart 1916-cı il tarixli qərarından məlum olmuşdur ki, X12 Suraxanı kəndində evi olmuşdur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi tərəfindən iddiaçının nümayəndəsi X10 verilmiş ə375 saylı, 31 iyul 2018-ci il tarixli arxiv arayışına əsasən Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin “Bakı qradonaçalnikliyinin dəftərxanası” fondunun 26 mart 1916-cı ilə dair sənədindən məlum olmuşdur ki, Suraxanı kənd sakinləri X16 və X7 Suraxanı kəndində 3 desyatinə bərabər olan torpaqda əkin torpaq sahəsi olmuşdur. İstifadəsində olan torpaq ona miras qalmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-741/2023 **********41 saylı məktubundan görünür ki, İdarənin arxivində mövcud olan sənədlərə əsasən Bakı Şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 15/558 nömrəli qərarına əsasən 137 nömrəli bağ tikinti kooperativi nəzdində Xaşa-Xuna ərazisində yerləşən 169v/5 nömrəli bağ sahəsinin (0.12 hektar) ayrılmasına dair Sona Mahhüseyn qızının (sənəddə olduğu kimi) adına X3 və istismarı Birliyinin xx.xx.1990-cı il tarixli 2 nömrəli orderi verilmişdir. Sona Mahhüseyn qızının vəfatından sonra ailə üzvləri notarial qaydada təsdiq edilmiş ərizə ilə həmin bağ sahəsinin X6 adına keçirilməsinə dair X3 və İstismarı Birliyinə müraciət etmişlər. X3 və istismarı Birliyinin 213 nömrəli daxili protokolu ilə Sona Mahhüseyn qızının istifadəsində olmuş bağ sahəsi X6 adına keçirilmişdir. Həmin bağ sahəsi 62d nömrəli bağ sahəsi (0.12 hektar) kimi xx.xx.2007-ci il tarixdə X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra sözügedən bağ sahəsi Bakı şəhəri 10 saylı dövlət notariat kontorunda xx.xx.2007-ci il tarixdə 4Ə/1-111 reyestr nömrəsi ilə qeydə alınmış alqısatqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 26 may 1995-ci il tarixli 95/110 saylı ayrıc aktına əsasən ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivində yerləşən 0.90 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd idarənin arxivində aşkar edilməmişdir. 1999-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yerquruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Həmin Məcəllənin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər.Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər.Torpaq məsələlərinə baxmaq və onlara dair qərar hazırlamaq üçün xalq deputatları Soveti torpaq komissiyası yaradır. Hazırda qüvvədə olan Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələrlə yaranır. Məhkəmə araşdırması zamanı toplanan və iddiaçı tərəfindən təqdim edilən sənədlərə əsasən Kollegiya iddiaçının subyektiv hüququnun olmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Kollegiya qeyd edir ki, mübahisəli torpaq sahəsinin ayrılmasına dair qərarın, sərəncamın (əmrin və s.) mövcudluğu müəyyən edilmədiyindən, həmin torpaq sahəsinin kimə, o cümlədən iddiaçının mərhum anasına məxsus olması müəyyən edilməmişdir. Belə ki, iddiaçının idda etdiyi Bakı şəhəri Xəzər rayonu Xaşa-Xuna bağ massivi ərazisində yerləşən 0.90 ha torpaq sahəsinin iddiaçının mərhum anasına məxsus olubolmamasının aydınlaşdırılması üçün birinci instansiya məhkəməsi tərəfindən müvafiq sorğular verilsə də təqdim edilən sənədlərdən iddiaçının subyektiv hüququnun olması müəyyən edilmir. Həmçinin iddiaçıya iddia edilən torpaq sahəsinə dair hüquqmüəyyən edici sənədlərinin təqdim edilməsi ilə bağlı hüquqi yardım göstərilsə də, iddiaçı tərəfindən hüquqi marağını təsdiq edən sənədlər təqdim edilməmişdir. İddiaçının apellyasiya şikayətində iddia tələbinin əsası kimi Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 95/110 nömrəli ayrıc aktını göstərsə də, qeyd edilən sənəd hüquqmüəyyənedici sənəd hesab olunmur. Bundan başqa iddiaçı iddia etdiyi torpaq sahəsinin mərhum anasına ayrılmasını təsdiq edən sənəd olaraq orderin olduğunu bildirmiş, onun mövcudluğunu sübut etmək ücün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsi tərəfindən verilmiş 30 iyul 2018-ci il və 12 fevral 2019-cu il tarixli arayışı məhkəməyə təqdim etmişdir. Kollegiya qeyd edir ki, arayış şəxsiyyət, iş və hadisə haqqında tərtib edilən və aid olduğu obyektə dair məlumatları təsdiq edən hüquqi sənəddir. Odur ki, müvafiq məlumata malik olan şəxs arayış verə bilər. Torpağa aid sənədlərin, o cümlədən orderin yanğından əvvəl mövcud olub-olmadığına dair məlumat təhqiqatçıda olmadığına görə o, həmin sənədin yanğın nəticəsində məhv olduğuna dair arayış verə bilməz. Bu səbəbdən həmin arayış sübut hesab olunmur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35,69, 80, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-557/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən : Mirzə Tağızadə Hakimlər : Kamran Əkbərov Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1991/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1991/2023
02.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver