Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1991/2025 13.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və X3 ibarət tərkibdə, X4 qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və sair” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2-1(112)-12354/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən aparılmış yenidən hesablanmanın ləğv edilməsi, barəsində “Əmək pensiyaları haqqında” AR Qanununun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyanın yenidən hesablanma yaşı ilə “Əmək pensiyaları haqqında” AR Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı daha sonra tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh tərəfindən qəbul edilmiş pensiyanın yenidən hesablanması barədə xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-8603/2024 saylı qərarın ləğv edilməsi, barəsində “Əmək pensiyaları haqqında” AR Qanununun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyanın yenidən hesablanma yaşı ilə “Əmək pensiyaları haqqında” AR Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alır, mülki aviasiyadan pensiyaya çıxmışdır. Pensiyaya çıxdıqdan sonra işləməyə davam edir. Hər növbəti altı ildən bir pensiyası yenidən hesablanır. Sonuncu müraciəti əsasında aparılmış yenidən hesablanma üzərindən bir neçə ay keçdikdən sonra 2024-cü ilin iyun ayında pensiya ödənişi həyata keçirilməmiş və cavabdeh qurum tərəfindən 2024-cü ilin iyun ayında “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi əsasında yenidən hesablanmış pensiyanın məbləğinin azaldılması aparılmışdır. Buna əsas kimi cavabdeh qurum xx.xx.2022-ci il tarixli 530 nömrəli Qanunun 2.2-ci maddəsini rəhbər tutmuşdur. Halbuki cavabdeh qurum tərəfindən qanun səhv tətbiq edilir. Pensiyaya çıxdıqdan sonra qazandığı kapitalı 72 aya bölməkdən imtina edir. O işləyən pensiyaçı olduğu üçün sonuncu altı il əmək fəaliyyəti nəticəsində qazandığı sığorta kapitalı əsasında pensiyasının yenidən hesablanması üçün cavabdehə müraciət etmişdir, müraciəti əsasında pensiyasının yenidən hesablanması aparılmışdır və sığorta kapitalı 72 aya bölünməklə alınmış artım məbləği pensiyasının üzərinə əlavə edilmişdir. Daha sonra bir neçə ay keçdikdən sonra cari ilin iyun ayında həmin müraciətinə təkrarən öz təşəbbüsü ilə cavabdeh qurumun məsul şəxsləri tərəfindən baxılmış, həmin vaxt müraciət əsasında keçirilmiş İnzibati icraat təzələnmişdir. Nəticədə cari ilin iyun ayında pensiyasının məbləğinin azaldılması aparılmışdır, bununla bağlı İnzibati akt qəbul edilməsi haqqında məktub göndərilmişdir və sonuncu altı il əmək fəaliyyəti nəticəsində qazandığı sığorta kapitalı əsasında pensiyasına daha az məbləğdə artım hesablanmışdır, çünki sığorta kapitalı 72 aydan daha böyük rəqəmə bölünmüşdür.
4. Cavabdeh Dövlət Sosial X5 Hüquqi Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaya yazılı etirazını təqdim etmiş və göstərmişdir ki, İddiaçı əmək pensiyası xx.xx.2023-cü il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanaraq 4651,50 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.1- ci bəndinə əsasən, əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə əmək pensiyaları yenidən hesablanır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsasdır. Bununla əlaqədar olaraq, İddiaçı barəsində inzibati icraat başlamışdır. Həmin inzibati icraatın gedişində Mərkəzi Filial tərəfindən iddiaçının müraciəti əsasında xx.xx.2023-cü il tarixdən əmək pensiyası yenidən hesablanaraq 3104,99 manat (xx.xx.2024-cü il tarixinə indeksləşdirilməklə 3452,75 manat) məbləğində müəyyən edilməli olduğu halda, 4651,50 manat məbləğində müəyyən edildiyi aşkar olunmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin xx.xx.2022ci il tarixinədək qüvvədə olmuş ikinci cümləsinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılırdı. Qanunda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanununun 1.11-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45- ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılmışdır. Eyni zamanda, 530-VİQD nömrəli Qanunun 2.2-ci maddəsinə görə (Keçid müddəa) qeyd olunan 1.11-ci maddənin (yəni 45- ci maddənin ikinci cümləsinin çıxarılmasının) Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsini nəzərdə tutmuşdur. Göründüyü kimi, əlavə olunan həmin keçid müddəa dəyişikliyin qüvvəyə mindiyi tarixədək təyin edilmiş Qanunun 9.1-ci (əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlar), 9.2-ci (hipovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar), 9.3-cü (mülki aviasiya uçuş və uçuşsınaq heyətində çalışanlar), 9.5-ci (hərbi qulluqçular) və s. maddələrində nəzərdə tutulmuş şəxslərin pensiyasının yenidən hesablanması zamanı dəyişiklikdən əvvəlki müddəanın tətbiqini nəzərdə tutur. Başqa sözlə, xx.xx.2022ci il tarixədək həmin maddələr üzrə təyin edilmiş pensiyaların yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır.
5. Bakı İnzibati Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2-1(112)-12354/2024 saylı qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyanın yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli 3-17-1/3-3- 8603/2024 saylı qərarı ləğv edilmiş, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyanın yenidən hesablanma yaşı ilə “Əmək pensiyaları haqqında” AR Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
7. Apellyasiya şikayəti iddia ərizəsinə qarşı etiraza uyğun olaraq əsaslandırılmışdır.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi S.Əhmədli apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə iddiaçı məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməmişdir.
10. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
11. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın xx.xx.2007-ci il tarixli qərarından görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdən aviasiya uçuş heyəti kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.
12. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-17372/2023 saylı qərarı ilə 6 illik müddət nəzərə alınmaqla iddiaçıya təyin edilmiş əmək pensiyası yenidən hesablanmış, pensiyanın məbləği 1955.91 manatdan 2064.35 manata artırılmışdır. Bu zaman gözlənilən pensiya ödənişi müddətinin aylarının 72 ay azaldılmaqla, sayı 233 ay müəyyən edilmişdir.
13. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-18619/2023 saylı qərarı ilə 6 illik müddət nəzərə alınmaqla iddiaçıya təyin edilmiş əmək pensiyası yenidən hesablanmış, pensiyanın məbləği 2064.36 manatdan 4564.60 manata artırılmışdır. Bu zaman gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı 72 ay azaldılmaqla, 72 ay müəyyən edilmişdir.
14. Cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-1834/2024 saylı qərarı ilə 6 illik əksikvermə əsası ilə iddiaçıya təyin edilmiş əmək pensiyası yenidən hesablanmış, pensiyanın məbləği 4564.60 manatdan 5172.47 manata artırılmışdır. Bu zaman gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı 72 ay azaldılmaqla, 72 ay müəyyən edilmişdir.
15. Daha sonra cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə 3-17-1/3-3-8603/2024 saylı qərar ilə xx.xx.2023-cü ildən artıqvermə, 3-17-1/3-3-18619/2023 nömrəli xx.xx.2023cü il tarixli və 3-17-1/3-3-1834/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarlar etibarsız edilmiş, iddiaçıya təyin edilmiş əmək pensiyası yenidən hesablamış, pensiyanın məbləği 5172.47 manatdan 3452.75 manata azaldılmışdır. Bu zaman gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı 72 ay azaldılmaqla, 179 ay müəyyən edilmişdir.
16. Qərar bununla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundn sonra – ƏPQ) 45-ci maddəsi tətbiq edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
17. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
18. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
19. “Əmək pensiyaları haqqında” Qanunun: - maddə 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. - xx.xx.2017-ci il tarixədək qüvvədə olan maddə 45. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 06 mart 2006-cı il tarixli 377 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.11-ci bəndinə görə Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur). ƏPQ-nin 45-ci maddəsinə xx.xx.2017-ci il tarixli 543-VQD nömrəli Qanunla (xx.xx.2017-ci ildən qüvvəyə minmişdir) 45-ci maddəsinə əsasən aşağıdakı məzmunda ikinci cümlə əlavə edimişdir: “Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır.”. xx.xx.2022-ci il tarixli 530-VİQD nömrəli Qanunun (xx.xx.2022-ci ildən qüvvəyə minmişdir) 1.11-ci maddəsi ilə ƏPQ-nin 45-ci maddəsinin ikinci cümləsi çıxarılmışdır. Yəni ƏPQ-nin 45-ci maddəsinə edilmiş dəyişikliklərlə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslər üçün gözlənilən pensiya ödənişi müddəti aylarının sayı: - xx.xx.2017-ci il tarixədək 144; - xx.xx.2017-xx.xx.2022-ci illərdə 144+ güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı; -xx.xx.2022-ci ildən yenidən 144 olmuşdur.
20. İşdən görünür ki, cavabdeh iddiaçının 6 il işləməsi ilə bağlı əmək pensiyasını xx.xx.2023-cü tarixdə, sonra isə xx.xx.2024-cü il tarixdə yenidən hesablamış, bu zaman ƏPQ-nin 45-ci maddəsinin həmin dövrdə qüvvədə olan tələbinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddətinin aylarının sayını, yəni 144 ayı 72 ay azaltmaqla, 72 ay müəyyən etmişdir.
21. Lakin sonradan xx.xx.2024-cü il tarixli qərarla əvvəlki qərarını etibarsız saymış və xx.xx.2017-xx.xx.2022-ci illərdə qüvvədə olmuş 45-ci maddənin 2-ci cümləsini tətbiq edərək, gözlənilən pensiya ödənişi müddəti aylarının sayını güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırmışdır.
22. Cavabdeh bu zaman xx.xx.2022-ci il tarixli 530-VİQD nömrəli X2 istinad edir. Belə ki, həmin 2.2-ci maddəyə əsasən Qanunun 1.11-ci maddəsi bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.
23. Məhkəmə cavabdehin bu istinadı ilə razılaşmayaraq aşağıdakıları qeyd edir.
24. Belə ki, ƏPQ-nin 1.0.14-cü maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti - bu Qanunun məqsədləri üçün müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstəricidir.
25. Gözlənilən pensiya ödənişi müddəti -pensiyaya çıxan şəxsin orta hesabla pensiya alacağı illərin sayını ifadə edir. Bu müddət statistik göstəricilərə əsaslanaraq müəyyən edilir və ölkədəki orta ömür uzunluğu, pensiyaya çıxma yaşı və digər demoqrafik faktorlarla əlaqəlidir. Bu göstərici əsasən aşağıdakı məqsədlər üçün istifadə olunur: 1. Pensiya kapitalının hesablanması – İşləyən şəxsin topladığı pensiya kapitalı onun gözlənilən pensiya ödənişi müddətinə bölünərək aylıq pensiya məbləği müəyyən edilir. 2. Pensiya sisteminin dayanıqlığının təmin edilməsi – Dövlət və ya pensiya fondları pensiya ödənişlərini planlaşdırarkən, gözlənilən ömür uzunluğunu nəzərə alaraq sistemin maliyyə dayanıqlığını təmin edirlər. 3. Fərdi pensiya planlaşdırılması – Şəxslər pensiyaya çıxdıqda, onların yığılmış pensiya kapitalının nə qədər müddətə çatacağını hesablamaq üçün bu göstəricidən istifadə olunur.
26. Qanunvericiliyə nəzər saldıqda aydın olur ki, xx.xx.2017-ci ilədək gözlənilən pensiya ödənişi müddəti bütün əmək pensiyaçılarına münasibətdə dəyişməz olmuş, 144 ay (12 il) müəyyən edilmişdir.
27. Sonradan, xx.xx.2017-xx.xx.2022-ci illər arasındakı dövrdə həmin müddət 9-cu maddəyə əsasən güzəştli şərtlə pensiyaya çıxan şəxslərə münasibətdə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmış, bununla da xüsusi hallara görə daha tez yaşa görə əmək pensiyası təyin edilmək hüququ olan şəxslərin vəziyyəti ağırlaşdırılmışdır.
28. Belə ki, pensiya təminatı sisteminin hər bir iştirakçısının ödədiyi sığorta haqlarının onun alacağı pensiya məbləğinə mütənasib olmasının təmin edilməsi qüvvədə olan pensiya qanunvericiliyinin əsas məqsədlərindən biridir. Qanunvericilikdə əmək pensiyalarının təyin edilməsi üçün müəyyən edilmiş zəruri şərtlərdən olan sığortaolunanın sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrləri ilə əlaqələndirilmiş və həmin iş dövrlərinin nəzərə alınması üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi əsas şərt kimi təsbit edilmişdir (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.2 və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Sosial sığorta haqqında” Qanun) 8-ci maddəsi).
29. “Əmək pensiyaları haqqında” Qanunun 8, 9 və 20-ci maddələrində bəzi kateqoriyadan olan şəxslərin əmək pensiyası hüququnun yaranmasında və hesablanmasında müəyyən güzəştlərin tətbiq olunması nəzərdə tutulmuşdur. Həmin Qanunun 9-cu maddəsində güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər sadalanaraq, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləyən şəxslərin digər şəxslərə münasibətdə daha tez əmək pensiyası təyin edilmək hüququ müəyyən edilmişdir.
30. Qanunvericinin bu zaman əsas məqsədi sağlamlıq riski daşıyan, nəticədə orqanizmi daha tez qocalan və əmək qabiliyyəti daha tez azalan şəxslərin xüsusi sosial təminat mexanizmləri müəyyən etməklə sosial təminat hüququnun həyata keçirilməsi ilə bağlıdır.
31. Məhz buna görə də qanunverici sonradan həmin şəxslərin pensiya təmnatı hüququnu digər pensiyaçılara münasibətdə ağırlaşdıran 45-ci maddənin ikinci cümləsini ƏPQ-dən çıxarmışdır.
32. Keçid müddəaya gəldikdə isə, həmin norma xx.xx.2017-xx.xx.2022-ci il tarixlərdə əmək pensiyası (yaxud yenidən hesablama) hüququ yaranan, lakin həmin tarixdə deyil, sonradan əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması barədə qərar qəbul edilən şəxslərə yeni normanın şamil edilməməsini nəzərdə tutur.
33. Nə qədər ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması hüququ xx.xx.2022-ci ilə qədər deyil, həmin tarixdən sonra yaranmışdır, deməli, iddiaçıya hüququnun yarandığı vaxt qüvvədə olan norma tətbiq edilməlidir, qüvvədən düşmüş norma deyil.
34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
35. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
36. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
37. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz.
38. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2-1(112)-12354/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Elvin Əliyev