Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1993/2024 20.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (adi cəlbetmə qaydasında üçüncü şəxslər "xxxx" Mənzil Tikinti Kooperativi“ və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı “qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1233/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək daşınmaz əmlaka görə ödənilmiş ƏDV-nin 30%-i-5500 (beş min beş yüz) manat İddiaçı Elçin qızına geri qaytarılması öhdəliyinin cavabdeh Dövlət Vergi Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir. İş üzrə xx.xx.2023-cü il tarixli qərardad ilə cavabdeh Dövlət Vergi Xidməti əsl olan cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmiş və iddia tələbi “daşınmaz əmlaka görə ödənilmiş ƏDV-nin 30%-nin qaytarılması barədə məlumatın müvəkkil banka (Bank Respublika ASC) ötürülməsi öhdəliyinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması” kimi dəyişdirilməsi qərara alınmışdır. Tələb onunla əsaslandırılmışdır ki, 28 fevral 2022-ci il tarixində "xxxx" MTK və İddiaçı arasında “Mənzil alqı-satqısına dair” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, İcraçı ("xxxx" MTK) ünvan 1 ünvanında inşa edilən 6 binalı yaşayış kompleksinin 5-ci bina, 12-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət ümumi sahəsi 101,10 kv.metr olan 61 saylı təmirsiz mənzilin tikintisi, mənzilin yerləşdiyi yaşayış binasının bünövrəsi qoyulduqdan sonra hesablanmaqla 24 ay ərzində tamamlayıb, Payçıya (İddiaçı) verməyi öz öhdəsinə götürmüşdür. 4 aprel 2022-ci il tarixində 28 fevral 2022-ci il tarixində imzalanmış müqaviləyə 1 saylı Əlavəyə əsasən, "xxxx" MTK-nın bütün hüquq və vəzifələrini hüquqi varis olaraq "xxxx" MMC öz üzərinə götürmüşdür. Payçı tərəfindən ilkin olaraq 55000 (əlli beş min) AZN ödənilmişdir. Sonrakı aylarda isə 09 mart 2022-ci ildə 4000 (dörd min), 15 aprel 2022-ci ildə 4000 (dörd min) manat, 10 may 2022-ci ildə 8000 (səkkiz min) manat, 21 iyul 2022-ci ildə 4000 (dörd min) manat, 18 avqust 2022-ci ildə 16000 (on altı min) manat, 11 noyabr 2022-ci ildə 20000 (iyirmi min) manat, 23 yanvar 2023-cü ildə isə 10320 (on min üç yüz iyirmi) manat məbləğində ödəniş edilmişdir və beləliklə, ödəniş yekunlaşdırılmış, ümumilikdə 121.320 (bir yüz iyirmi bir min üç yüz iyirmi) manat ödənilmişdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində **********393600 nömrəli “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması” ilə bağlı elektron ərizə ilə Dövlət Vergi Xidmətinə müraciət edilmişdir. Dövlət Vergi Xidmətinin 19 aprel 2023-cü il tarixli qərarı ilə İddiaçının ƏDV-nin geri qaytarılmasına dair müraciəti təmin edilməmişdir. Aşağıda göstərilən faktlarla hesab edilmişdir ki, imtina əsassızdır və şəxsə ƏDV-nin qaytarılması Dövlət Vergi Xidmətinin üzərinə öhdəlik kimi qoyulmalıdır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1233/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında 5-ci bina, 12-ci mərtəbədə yerləşən 61 saylı mənzilə görə İddiaçı qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka (Bank Respublika ASC) ötürülməsi öhdəliyinin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası təsdiq edilmişdir. Fərman ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən, fiziki şəxs tərəfindən digər sənədlərlə yanaşı alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən bank ödəniş sənədi təqdim edildiyi təqdirdə ƏDV-nin qaytarılması həyata keçirilir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydalarının 1.6-ci bəndlərinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən elektron qaimə-fakturada, müqavilədə, qəbzdə və ya çekdə göstərilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz dəyəri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin bank hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. Göründüyü kimi, ƏDV-nin geri qaytarılması üçün fiziki şəxslər alınmış yaşayış sahəsi üzrə ödənişlərin həyata keçirilməsi zamanı yuxarıda qeyd edilən tələblərə uyğun şəkildə ödənişləri həyata keçirməlidirlər. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış sahəsinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməli olduğu halda, onun tərəfindən yaşayış sahəsinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Bu da “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası’nın 5.1.2-ci bəndinin tələblərinə uyğun deyil. Həmin dövrdə ƏDV məbləğinin əsas vəsaitdən ayrı ödənilməsi zamanı texniki xəta ilə bağlı məhkəmənin qeydinə münasibətdə isə bildirilmişdir ki, hər hansı texniki xətanın həqiqətən də mövcud olması ilə bağlı heç bir sübut iş materiallarında mövcud deyildir. İşin məhkəmə araşdırması zamanı Fərmanın qüvvəyə minməsindən sonra ödənişlərin həyata keçirilməsi qaydaları birmənalı olaraq məhkəmənin diqqətinə çatdırılsa da, məhkəmə bu hallara hüquqi qiymət verməmiş, qanunvericiliyin tələblərinin pozulmasına formal xəta kimi yanaşmışdır. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini və qərarın ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. AR İPM-in 87.8-ci bəndinə əsasən, apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, 28 fevral 2022-ci il tarixində "xxxx" MTK və İddiaçı arasında “Mənzil alqı-satqısına dair” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, İcraçı ("xxxx" MTK) ünvan 1 ünvanında inşa edilən 6 binalı yaşayış kompleksinin 5-ci bina, 12-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət ümumi sahəsi 101,10 kv.metr olan 61 saylı təmirsiz mənzilin tikintisi, mənzilin yerləşdiyi yaşayış binasının bünövrəsi qoyulduqdan sonra hesablanmaqla 24 ay ərzində tamamlayıb, Payçıya (İddiaçı) verməyi öz öhdəsinə götürmüşdür. 4 aprel 2022-ci il tarixində 28 fevral 2022-ci il tarixində imzalanmış müqaviləyə 1 saylı Əlavəyə əsasən, "xxxx" MTK-nın bütün hüquq və vəzifələrini hüquqi varis olaraq "xxxx" MMC öz üzərinə götürmüşdür. Payçı tərəfindən ilkin olaraq 55000 (əlli beş min) AZN ödənilmişdir. Sonrakı aylarda isə 09 mart 2022-ci ildə 4000 (dörd min), 15 aprel 2022-ci ildə 4000 (dörd min) manat, 10 may 2022-ci ildə 8000 (səkkiz min) manat, 21 iyul 2022-ci ildə 4000 (dörd min) manat, 18 avqust 2022-ci ildə 16000 (on altı min) manat, 11 noyabr 2022-ci ildə 20000 (iyirmi min) manat, 23 yanvar 2023-cü ildə isə 10320 (on min üç yüz iyirmi) manat məbləğində ödəniş edilmişdir və beləliklə, ödəniş yekunlaşdırılmış, ümumilikdə 121.320 (bir yüz iyirmi bir min üç yüz iyirmi) manat ödənilmişdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində **********393600 nömrəli “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması” ilə bağlı elektron ərizə ilə Dövlət Vergi Xidmətinə müraciət edilmişdir. Dövlət Vergi Xidmətinin 19 aprel 2023-cü il tarixli qərarı ilə İddiaçının ƏDV-nin geri qaytarılmasına dair müraciəti təmin edilməmişdir. Bundan sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ iddia tələbinin təmin edilməsi ilə yekunlaşmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153.1-ci maddəsinə əsasən Əlavə dəyər vergisi (bundan sonra – ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”ndan: 1.2. Bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaiməfaktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 2.0.2. alıcı – satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı; 2.0.3. satıcı – ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs; 2.0.4. operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyriyaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə- faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti); 2.0.7. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi – bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanılmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi; 3.1. Operator: 3.1.1. bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: 5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDVnin qaytarılmasına yol verilmir. 5.5. Elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. 5.7. Müvəkkil bank bu Qaydanın 5.5-ci bəndində nəzərdə tutulan ƏDV məbləğini məlumatı aldığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq alıcının bank hesabına qaytarır. Müvəkkil bank tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ƏDV məbləği onların seçimindən asılı olaraq milli və ya xarici valyutada qaytarılır. 5.8. Qaytarılacaq ƏDV məbləği müvəkkil bank tərəfindən bank əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla alıcıya ödənilir. Göründüyü kimi, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması qanunla təsbit edilmişdir. Vergi Məcəlləsinin 2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş 165.6-ci maddəsi fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılmasına dair yeni tənzimləmələr gətirmişdir. Bununla yanaşı, qanun, qaytarılmanın şərtlərinə və qaydasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlavə normativ tənzimləmələr aparılmalı olduğunu təsbit etmişdir. Bundan sonra həmin normativ tənzimləmələrin həyata keçirilməsi məqsədilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Sözügedən Qaydanın 6-cı bəndi keçid müddəaları nəzərdə tutmuşdur. Keçid müddəaları Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il 01 yanvar tarixdən Qaydanın qüvvəyə mindiyi 2022-ci il 25 may tarixədək olan dövrə ərzində yaranmış münasibətləri tənzimləmiş, Qaydanın zaman etibarilə qanunun qüvvəyə minməsindən xeyli müddət sonra qüvvəyə minməsinin şəxslərə münasibətdə yarada biləcəyi əlverişsiz vəziyyətləri onların maraqlarını nəzərə almaqla nizamlamağa yönəlmişdir. Keçid müddəalarına görə Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən Fərmanla təsdiq edilmiş Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyriyaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizinin Qaydanın qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq qaytarılması qaydası müəyyən edilmişdir. Beləliklə, bu qəbildən olan mübahisələrə baxılarkən məhkəmələr tərəfindən aydınlaşdırılmalı olan əsas məqamlardan biri mübahisənin keçid normalarının təsiri altına düşüb-düşmədiyi ilə bağlı məsələdir. Keçid normalarının təsiri altına düşə bilməsi üçün yaşayış və qeyri-yaşayış sahələri Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixədək əldə edilmiş olmalıdır. Əldə edilmə dedikdə isə 2020-ci il yanvarın 1-dən 2022-ci il mayın 25-dək yaşayış və qeyri-yaşayış sahələrinə dair qanunvericiliklə müəyyən edilmiş qaydada müqavilələrin bağlanılması nəzərdə tutulur. Həmin tarixlər arasında müqavilə bağlamaqla və ödəniş etməklə sahə əldə etmiş şəxslərdən ƏDV məbləğinin satıcının ƏDV depozit hesabına ödənilməsi tələb olunmur. Bundan fərqli olaraq, yaşayış və qeyri-yaşayış sahələrini Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixdən sonra müqavilə bağlamaqla əldə etmiş şəxslərə münasibətdə isə Qaydanın 5.1.2-ci bəndi tətbiq olunmalıdır. Yəni, həmin şəxslər alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödədikləri halda, onların ödənilmiş ƏDV-nin 30 faizini geri almaq hüquqları yaranır. Bununla yanaşı, xüsusilə nəzərə alınmalıdır ki, Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixdən sonra alıcıların ƏDV məbləğini satıcının ƏDV depozit hesabına ödəməsi imkanı mövcud olmalıdır. Yalnız belə imkanın mövcudluğu halında ona riayət edilməmənin nəticələri tətbiq oluna bilər. İşin faktiki hallarından məlum olur ki, ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemi olan portal (https://new.etaxes.qov.az/eportal/az/loqin/) xx.xx.2022-ci il tarixdən istifadəyə verilmiş, portalın istifadəyə verilməsi barədə mətbuatda rəsmi açıqlama xx.xx.2022-ci il tarixdən https://www.taxes.gov.az/az/post/2200 saytında yerləşdirilmişdir. Göründüyü kimi, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” 25 may 2022-ci il tarixdə qüvvəyə minsədə, alıcıların ƏDV məbləğini satıcının ƏDV depozit hesabına ödəməsi imkanı xx.xx.2022-ci il tarixdən yaranmış və bu barədə ictimaiyyətə xx.xx.2022-ci il tarixdə məlumat verilmişdir. İş materiallarında olan mədaxil qəbzlərindən görünür ki, iddiaçı tərəfindən satıcıya 09 mart 2022-ci ildə 4000 (dörd min), 15 aprel 2022-ci ildə 4000 (dörd min) manat, 10 may 2022-ci ildə 8000 (səkkiz min) manat, 21 iyul 2022-ci ildə 4000 (dörd min) manat, 18 avqust 2022-ci ildə 16000 (on altı min) manat, 11 noyabr 2022-ci ildə 20000 (iyirmi min) manat ödəniş satıcının hesabına edilmişdir. Sonuncu ödəniş qəbzinə nəzər yetirdikdə isə müəyyən edilir ki, həmin ödəniş (10.320.00 azn) portalın istifadəyə verilməsi ilə bağlı ictimaiyyətin məlumatlandırıldığı gündən (xx.xx.2022) sonra, yəni xx.xx.2023-cü il tarixdə olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili həmin dövrdə də portaldan istifadənin mümkün olmadığını iddia etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmiş, eyni zamanda məhkəmə araşdırması zamanı da bununla bağlı hər hansı sübut aşkar olunmamışdır. Beləliklə, qeyd olunanlara əsasən Kollegiya belə qənaətə gəlir ki, iddiaçı tərəfindən 09 mart 2022-ci il tarixdə (4000 min manat), 15 aprel 2022-ci il tarixdə (4000 manat), 10 may 2022-ci il tarixdə (8000 manat) ödənilən məbləğlər Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən sonra, Fərmanla təsdiq edilmiş Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixədək ödənildiyindən, “ödənişin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq qaytarılması ilə bağlı” yuxarda qeyd edilən keçid müddəalarının təsiri altına düşdüyündən, qaydanın qüvvəyə mindiyi tarixdən xx.xx.2022-ci il tarixədək edilmiş 21 iyul 2022-ci il (4000 manat), 18 avqust 2022-ci il (16000) manat, 11 noyabr 2022-ci il (20000 manat) tarixli ödənişlər isə həmin tarixlərdə portalın istifadədə olmaması nəzərə alınaraq hesablanmalı və İddiaçı qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumat müvəkkil banka (Bank Respublika ASC) ötürülməlidir. AR İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi e-2-1(112)-1233/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilməlidir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1233/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilsin. ünvan 1 ünvanında 5-ci bina, 12-ci mərtəbədə yerləşən 61 saylı mənzilə görə İddiaçı qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə "xxxx" məlumatın müvəkkil banka (Bank Respublika ASC) ötürülməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1993/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1993/2024
20.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver