Məhkəmə qərarları › İş №2-1(103)-1994/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1994/2020

07.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1994/2020 07.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialının vəkili X3 iştirakı ilə İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2569/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçıya aid əmək kitabçasından görünür ki, o, xx.xx.1982-ci ildən xx.xx.1996-cı ilədək Mingəçevir təmir sahəsində “qazanxana avadanlığının təmiri üzrə çilingər” peşəsində çalışmışdır. İddiaçı güzəştli iş stajını təsdiqləyən arayış kimi “xxxx” ASC-nin xx.xx.2019-cu il tarixli 01-ZP/660 saylı İşin xarakteri haqqında Arayışına əsaslanır. Həmin arayışda isə “xxxx” ASC NK-nın xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü bölməsinə istinad edir. Aydındır ki, iddiaçı, xx xxxxxx 2006-cı il tarixədək ümumi və güzəştli iş stajını topladığını iddia etdiyi üçün onun çalışdığı peşənin NK-nın xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda öz əksini tapıb-tapmadığı məsələsinə qiymət verilməlidir. Birinci instansiya məhkəməsi adıçəkilən 2 saylı Siyahıda 2140000a-18455 koduna istinad edərək iddianı təmin edib. Həmin kod altında aşağıdakı peşələr nəzərdə tutulub: “qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri”. Lakin nəzərə almaq lazımdır ki, qeyd edilən peşə 2 nömrəli Siyahının “Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” adlanan 13-cü bölməsində öz əksini tapıb. İddiaçının çalışdığı və hazırda “xxxx” ASC-nin fəaliyyət sahəsinin “elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı ” sahəsinə aid olub-olmadığı iş materialları ilə təsdiqlənə bilmir. Əksinə, “xxxx” ASC-nin istinad edilən arayışı ilə bu müəssisənin tikinti-təmir sahəsində fəaliyyət göstərdiyi anlaşılır. Belə olan halda, məhkəmənin sözügedən koda istinad etməsinin mötəbərliyi şübhə altına alınır. Göründüyü kimi, iddiaçının xx xxxxxx 2006-cı il tarixədək olan güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Odur ki, Filialın imtinası əsaslı olmuşdur. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkili apellyasiya şikayətinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət mahiyyətcə əsassızdır. İlk olaraq, hazırkı mübahisə pensiya-hüquq münasibətlərindən irəli gəlmişdir, iddia məcburetmə haqqında iddia növünə aiddir (İPM-2.2.2). Belə ki, yarandığı güman olunan əmək pensiyası hüququnun dövlət tərəfindən tanınması və bundan sonra həyata keçirilməsi məqsədilə qanunla səlahiyyət verilmiş inzibati orqanın qərar qəbul etməsi tələb olunur (“Əmək pensiyaları haqqında” Qanunun 30-cu maddəsi). Yalnız bu qaydada inzibati akt qəbul edildikdən sonra əmək pensiyası hüququnun realizəsi mümkün olur. İşdə olan, Azərbaycan Respublikası vətəndaşının AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin notarial təsdiqli surətindən müəyyən olunur ki, iddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. Cavabdehin iddiaçıya ünvanladığı Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında xx.xx.2019-cu il tarixli **********8 nömrəli məktubunda göstərilmişdir ki, İdarəyə təqdim etdiyi xx xxxxxx 1982-ci il tarixli l/İT-l ******* nömrəli əmək kitabçasında qeyd olunan xx.xx.1982-xx.xx.1996-cı il tarixləri arasındakı dövr Mingəçevir təmir sahəsində işlədiyi çilingər peşəsi AR Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. İddiaçıya məxsus xx.xx.1982-ci il tarixli ******* nömrəli əmək kitabçasının notarial təsdiqli surətinə görə, iddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur, xx.xx.1982-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Mingəçevir təmir sahəsində müxtəlif dərəcəli çilingər; xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək “xxxx” ASC Xüsusiləşdirilmiş Təmir-Quraşdırma müəssisəsində köməkçi avadanlıqların Təmiri və Quraşdırılması sexinə 6-cı dərəcəli təmirçi çilingər, xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixədək həmin müəssisədə usta, xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək həmin müəssisədə 6-cı dərəcəli çilingər; xx.xx.2001-ci il tarixdən xx.xx.2009-cu il tarixədək “xxxx” MMC-də köməkçi avadanlıqların təmiri sexində 6-cı dərəcəli buxar-qaz-turbinli avadanlıqları təmir edən çilingər; xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək “xxxx” MMC-də 6-cı dərəcəli çilingər; xx.xx.2010-cu il tarixdən xx.xx.2012-ci il tarixədək “xxxx” ASC-də 6-cı dərəcəli çilingər; xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək “X7” MMC-də 6-cı dərəcəli çilingər vəzifəsində işləmişdir ki, bu da hərbi xidmət dövrü də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək onun ümumi iş stajının 25 il 11 ay 29 gün, yəni 25 ildən artıq olması deməkdir. Bundan başqa, “xxxx” ASC-nin “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 201-20 nömrəli İşin xarakteri haqqında arayışda qeyd olunmuşdur ki, iddiaçı xx.xx.1996-cı il tarixdən Xüsusiləşdirilmiş Təmir-Quraşdırma müəssisəsində Köməkçi Avadanlıqların Təmiri və Quraşdırılması sexinə 6-cü dərəcəli təmirçi çilingər vəzifəsinə işə qəbul edilmişdir (xx.xx.1996-cı il. Əmr № 03/K). xx.xx.1997-ci ildə usta vəzifəsinə keçirilmişdir (xx.xx.1997-ci il. Əmr№ 10/K). xx.xx.2001-cil tarixdə Müəssisənin ləğvi ilə əlaqədar olaraq işdən azad edilmişdir (“xxxx” SCEİB xx.xx.2001-ci il. Əmr № 80). xx.xx.2001-ci il tarixdə Azərbaycan Dövlət Rayon Elektrik stansiyasında Köməkçi Avadanlıqların Təmiri sexinə 6-cı dərəcəli buxar-qaz-turbin avadanlıqları təmir edən çilingər vəzifəsinə işə qəbul olunmuşdur (xx.xx.2001-ci il.Əmr № 269/K). xx.xx.2001-ci il tarixdə struktur dəyişikliyi ilə əlaqədar olaraq Köməkçi Avadanlıqların Təmiri sexi Turbin və Köməkçi Avadanlıqların Təmiri sexi adlandırılmışdır (xx.xx.2001-ci il.Əmr № 326/K). xx.xx.2009-cu il tarixdə AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndi ilə (öz xahişi ilə) işdən azad olunmuşdur. Zərərli iş şəraitində işlədiyi üçün xx.xx.2001-xx.xx.2009-cu il tarixədək 12% miqdarında əlavə əmək haqqı ödənilmişdir. Məlumat üçün, “xxxx” ASC-nin xx.xx.2001-ci il tarixli əmrinə əsasən Xüsusiləşdirilmiş Təmir quraşdırma müəssisəsi ləğv olunmuş və kadr sənədləri Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının arxivinə təhvil verilmişdir. “xxxx” ASC-nin xx.xx.2003-cü il tarixli AÜ/091 saylı əmrinə əsasən İdarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar “xxxx-Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası” MMC adlandırılmışdır. “xxxx” ASC-nin xx.xx.2006-cı il tarixli AÜ/002 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar “xxxx” MMC “xxxx” MMC adlandırılmışdır. Arayış “xxxx” MMC-nin Arxivində kadrlar şöbəsində və mühasibatlıqda saxlanılan sənədlərə əsasən yazılmışdır. “xxxx” ASC-nin xx.xx.2019-cu il tarixli 01-7P.660 nömrəli İşin xarakteri haqqında arayışına görə, iddiaçı xx.xx.1982-ci ildən (əmr № 05-ok, xx.xx.1982-ci il) Mingəçevir təmir sahəsində 2-ci dərəcəli çilingər vəzifəsində, xx.xx.1982-ci il tarixdən (əmr №118-ok, xx.xx.1982-ci il) 3-cü dərəcəli qazanxana avadalığının təmiri üzrə çilingər vəzifəsində, xx.xx.1986-cı il tarixdən (əmr №10-l, xx.xx.1986-cı il) 4-cü dərəcəli qazanxana avadalığının təmiri üzrə çilingər vəzifəsində, xx.xx.1990-cı ildən (əmr № 241, xx.xx.1990-cı il) 5-ci dərəcəli qazanxana avadalığının təmiri üzrə çilingər vəzifəsində, xx.xx.1995-ci ildən (əmr № 26, xx.xx.1995-ci il) 6-cı dərəcəli qazanxana avadalığının təmiri üzrə çilingər vəzifəsində, xx.xx.1996-cı ildə (əmr № 48, xx.xx.1996-cı il) ikinci peşə kimi 2-ci dərəcəli qaz kəsicisi vəzifəsi verilmişdir, xx.xx.1996-ci ilədək (əmr № 16a-ş, xx.xx.1996-cı il) və AR Əmək Qanunları Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə (iki müəssisə rəhbərliyinin razılığı ilə X1 İdarəsinə keçirilmə ilə əlaqədar) əsasən işdən azad edilmişdir. Göstərilən peşə AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 24-cü fəslinə əsasən Elektrik stansiyalarında qazanxana, turbin (buxar-qaz turbini) avadanlıqlarının təmirini təmin edən çilingərlərin işi bilavasitə zərərli əmək şəraitində peşələr hesab edildiyindən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Güzəştli pensiya üçün staj: 14 il 2 ay 20 gün təşkil edir. Məlumat üçün, “xxxx” ASC-nin xx.xx.2002-ci il tarixli 13№-li əmrinə əsasən İstehsalat-Təmir müəssisəsi ləğv edilmiş və yeni hüquqi şəxs kimi “xxxx” MMC yaradılmışdır. “xxxx” ASC-nin xx.xx.2004-cü il tarixli AÜ 032 №-li əmrinə əsasən “xxxx” MMC “xxxx” MMC adlandırılmışdır. “xxxx” ASC-nin xx.xx.2005-ci il tarixli AÜ 040 №-li əmrinə əsasən “xxxx” MMC adlandırılıb. Dövlət X9 üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il 323 №-li sərəncamına əsasən “xxxx” ASC adlandırılıb. “xxxx” ASC-nin xx.xx.2019-cu il tarixli 23 nömrəli arayışında göstərilmişdir ki, iddiaçı xx.xx.1982-xx.xx.1996-cı il tarixlərdə “Azbaşenerji”nin və “xxxx” İB-nin İstehsalat-Təmir Müəssisəsində işlədiyi müddət ərzində ödənişsiz məzuniyyətdə olmamışdır. “xxxx” ASC-nin Məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2020-ci il tarixli 01-ZP/235 nömrəli Arxiv arayışına əsasən, iddiaçı xx.xx.1982-ci ildə (əmr 05-ok, xx.xx.1982-ci il) “Azbaşenerji”nin Mingəçevir təmir sahəsində Turbin və Köməkçi Avadanlıqların Təmiri sahəsində 2-ci dərəcəli çilingər kimi işə qəbul olunub, xx.xx.1982-ci il tarixdə (əmr №118-ok, xx.xx.1982-ci il) həmin sahədə 3-cü dərəcəli çilingər peşəsinə keçirilib, xx.xx.1986-cı il tarixində (əmr № 10-n, xx.xx.1986-cı il) həmin sahədə 4-cü dərəcəli çilingər peşəsinə keçirilib, xx.xx.1990-cı ildə (əmr № 241, xx.xx.1990-cı il) həmin sahədə 5-ci dərəcəli çilingər peşəsinə keçirilib, xx.xx.1995-ci ildə (əmr № 26, xx.xx.1995ci il) həmin sahədə 6-cı dərəcəli çilingər peşəsinə keçirilib, xx.xx.1996-ci ildə (əmr № 48, xx.xx.1996-cı il) ikinci peşə kimi 2-ci dərəcəli qaz kəsicisi peşəsi verilmiş və xx.xx.1996-ci ilədək (əmr № 16a-ş, xx.xx.1996-cı il) AR Əmək Qanunları Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə (iki müəssisə rəhbərliyinin razılığı ilə X2 İdarəsinə keçirilmə ilə əlaqədar) əsasən işdən azad edilmişdir. xx.xx.2010-cu ildə (əmr № 10/17-kş, xx.xx.2010-cu il) “xxxx” ASC-nin X4 İdarəsinin Mingəçevir təmir sahəsinin Turbin və Köməkçi Avadanlıqların Təmiri sexində 6-cı dərəcəli çilingər kimi işə qəbul olunub, xx.xx.2012-ci ildə (əmr №- 152/17-kş, xx.xx.2012-ci il) X5 X6 6-cı dərəcəli çilingər peşəsinə keçirilib və xx.xx.2012-ci ildə (əmr 48/6-kş, xx.xx.2012-ci il) AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması ilə) əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı zərərli sahədə 8 saatlıq iş günü ərzində səs-küy, nəmlilik, iş yerində havanın temperaturunun normadan yuxarı olması faktorları mövcud olmuşdur. Göstərilən peşə, AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 24-cü fəslinə əsasən Elektrik stansiyalarında qazanxana, turbin (buxar-qaz turbini) avadanlıqlarının təmirini təmin edən çilingərlərin işi (xx.xx.1982-ci ildən xx.xx.1996-ci ilədək və xx.xx.2010-cu ildən xx.xx.2012-ci ildək) bilavasitə zərərli əmək şəraitində peşələr hesab edildiyindən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Güzəştli pensiya üçün stajı 17 il 2 ay 23 gün təşkil edir. Məlumat üçün, “xxxx” ASC-nin xx.xx.2002ci il tarixli 13 №-li əmrinə əsasən İstehsalat-Təmir müəssisəsi ləğv edilmiş və yeni hüquqi şəxs kimi “xxxx” MMC yaradılmışdır. “xxxx” ASC-nin xx.xx.2004-cü il tarixli AÜ 032 №-li əmrinə əsasən “xxxx” MMC, “xxxx” MMC adlandırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işin müəyyən edilmiş faktiki hallarına aşağıdakı qanunvericilik aktlarının müddəaları tətbiq olunmalıdır. xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” AR Qanununun: 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; 21.2-ci maddəsinə görə, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşagörə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra - 2 nömrəli Siyahı) üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri x xxxxxx 1997-ci ildən, qalan maddələri isə x xxxxxx 1998-ci ildən qüvvəyə minmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.9-cu bəndinə əsasən, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. AR Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. İstinad olunan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə xüsusi iş stajı minimum 12 il 6 ay olmalı, ümumi iş stajı minimum 25 il olmalı; 2) xüsusi və ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olmalı; 3) güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Göstərilən şərtlərə iş üzrə əməl olunur. Belə ki, iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1996-ci il tarixədək “Azbaşenerji”nin Mingəçevir təmir sahəsində Turbin və köməkçi avadanlıqların təmiri sahəsində işlədiyi çilingər vəzifəsi, cəmi 12 il 6 aydan çox olmaqla, 2 nömrəli Siyahının “21400000 - Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı - 2140000a - a) fəhlələr - 2140000a-18455 - qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri” kodunda nəzərdə tutulmuşdur. Bununla da, iddiaçıya məxsus əmək kitabçası və iş yerindən güzəştli arayışlarla təsdiq olunur ki, o, xx.xx.2006-cı il tarixə, 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən) staja malik olmuşdur. Odur ki, məhkəmə kollegiyası bu mənada cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (İPM-in 14.3-cü maddəsi), “Əmək pensiyaları haqqında” Qanunla və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının hüquqlarını pozmuşdur (İPM-in 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2569/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar