Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1994/2023 14.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-1994/2023 (Açar sözlər:” faiz borcun silinməsi; işin hallarının hərtərəfli araşdırılmaması”) Bakı şəhəri 14 noyabr 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifov və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçının vəkili (nümayəndəsi) Vəkil2 Avtantil oğlunun, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2- 1(112)-910/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları.
1. İddiaçının şəxsi hesab vərəqəsinə əsasən, onun 1 iyun 2021-ci il tarixə 87.537,70 manat məbləğində faiz borcu (“Torpaq vergisi “üzrə 15 avqust 2016-cı il tarixə 113,43 manat, 15 noyabr 2016-cı il tarixə 113,43 manat, 15 avqust 2017-ci il tarixə 90,12 manat, 15 noyabr 2017-ci il tarixə 61,53 manat, 15 avqust 2018-ci il tarixə 113,42 manat, 15 noyabr 2018-ci il tarixə 113,41 manat, 15 avqust 2019-cu il tarixə 113,73 manat, 15 noyabr 2019-cu il tarixə 95,09 manat; “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi” üzrə 20 aprel 2017-ci il tarixə 19.232,53 manat, 20 iyul 2017-ci il tarixə 16.344,06 manat, 20 oktyabr 2017-ci il tarixə 10.384,06 manat, 22 yanvar 2018-ci il tarixə 10.994,61 manat, 20 aprel 2018-ci il tarixə 3.366,36 manat, 20 iyul 2018-ci il tarixə 26.401,91 manat, cəmi 87.537,70 manat) mövcuddur.
2. İddiaçı mövcud borcun araşdırılması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, hesablanmış faizlər Vergi Məcəlləsinin 59.1 və 88-ci maddələrinin tələblərinə uyğundur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
İddiaçının əsaslandırması:
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış 87.537,70 manat faiz borcunun silinməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, 17 may 2018-ci il tarixdə müəssisənin 141.298,58 manat əsas borcu, 81.834,97 manat faiz borcu mövcud olmuşdur. 2 iyun 2018-ci il tarixdə 109.985 manat vergi borcu (28.150,03 manat əsas borc, 81.834,97 manat faiz borcu) ödənilmiş və həmin tarixə müəssisənin əsas borc üzrə 113.642,40 manat borcu qalmış, faiz borcu isə qalmamışdır. Buna baxmayaraq, 20 iyun 2018-ci il tarixdə müəssisəyə 117.391,42 manat məbləğində əsas borc, 52.220,71 manat məbləğində isə faiz borcu hesablanmışdır. Şəxsi hesab vərəqəsində həmin borcun məhkəmənin 20 fevral 2017-ci il tarixli qətnaməsinə əsasən hesablandığı qeyd olunsa da, müəssisə ilə bağlı həmin tarixdə heç bir məhkəmə qətnaməsi olmamışdır. 30 noyabr 2018-ci il tarixdə müəssisə tərəfindən 59.940 manat məbləğində vergi borcu ödənilmiş, əsas borc üzrə 50.492,86 manat qalmış, lakin 20 iyun 2018-ci il tarixdə hesablanmış 52.220,71 manat faiz borcu 5 ay 10 gün ərzində artaraq 73.756,41 manat olmuşdur. 30 iyun 2019-cu il tarixdə əsas borc sabit qalaraq 50.492,86 manat olsa da, faiz borcu artaraq 81.864,94 manat olmuşdur. Göründüyü kimi, cavabdehin iddiaçıya 87.537,70 manat faiz borcu hesablaması tamamilə qanunsuz və əsassızdır.
Cavabdehin etirazları:
5. Cavabdeh tərəfindən təqdim olunmuş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı (VÖEN **********) şəxsi hesab vərəqəsinə əsasən 01 iyun 2021-ci il tarixə 87.537,70 manat məbləğində faiz borcu mövcuddur. İddiaçı 02 iyun 2018ci il tarixdə faiz borcunun tam ödənildiyini, həmin dövr üzrə 113.642,40 manat əsas borcun qaldığını iddia etsə də, qeyd edilməlidir ki, əsas borc tam ödənilmədikdə faiz borcunun ödənilməsi mümkün deyil. Digər tərəfdən, 02 iyun 2018- ci il tarixdə həyata keçirilən 109.985 manat məbləğində ödəniş Azərbaycan Respublikası Vergi Məcəlləsinin 88.1.1-ci maddəsinə əsasən yaranma tarixi ardıcıllığı ilə hesablanmış 66.634,08 manat əsas verginin məbləğinə aid edilmiş, qalan 43.350,92 manat vəsait isə həmin tarixdə mövcud olan 102.313,98 manat faiz borcuna qismən yönəldilməklə, həmin dövrə 58.963,06 manat faiz borcu qalmışdır. Qeyd edilənlər şəxsi hesab vərəqəsi ilə də öz təsdiqini tapır. Beləliklə, hesablanmış faiz borcunun silinməsi üçün hər hansı əsas mövcud deyil.
6. Məhkəmənin 08 oktyabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmaqla, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur: - İddiaçı müvafiq vergi borcları üzrə məbləğlərə, o cümlədən 01 iyun 2018-ci il tarixədək yaranmış vergi borcuna görə sonrakı ödəmələr də nəzərə alınmaqla, vergi ödəyicisi kimi şəxsi hesab vərəqəsində əks olunmuş faiz borcunun düzgün hesablanmasının müəyyən edilməsi.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə ünvanlanmış 12 noyabr 2021-ci il tarixli məktubu ilə Mərkəzin ekspertinin həmin tarixli 9/7657 nömrəli rəyi təqdim edilmişdir. Rəydə (tədqiqatın nəticə hissəsində) aşağıdakılar bildirilmişdir: - İddiaçı müvafiq vergi borcları üzrə məbləğlərə, o cümlədən 01 iyun 2018-ci il tarixədək yaranmış vergi borcuna görə sonrakı ödəmələr də nəzərə alınmaqla, vergi ödəyicisi kimi şəxsi hesab vərəqəsində əks olunmuş faiz borclarının düzgün hesablanmaması müəyyən olunur. Həmçinin, İddiaçı şəxsi hesab vərəqəsinin son yazılış tarixinə, yəni 30 yanvar 2021-ci il tarixə faiz borcu 30.018,09 manat müəyyən edilir.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Bakı İnzibati Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2-1(112)-910/2022 saylı qərarı ilə (hakim R.L.Kərimli) iddia qismən təmin edilmiş, İddiaçınə hesablanmış 57.519,61 manat faiz borcunun silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi xx.xx.2021-ci il tarixli ekspert rəyinin nəticəsi ilə razılaşaraq hesab etmişdir ki, iddia qismən əsaslıdır.
10. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsini xahiş etmişdir
b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə (sədrlik edən və məruzəçi), X.A.Cəmilova və M.N.Tağızadə) 8 sentyabr 2022-ci il tarixli, 2- 1(103)-2231/2022 saylı qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2-1(112)-910/2022 saylı qərarı dəyişdirmədən saxlanılmışdır.
12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
c) Kassasiya instansiyası məhkəməsində icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03 fevral 2023cü il tarixli, 2-1(102)-156/2023 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 sentyabr 2022ci il tarixli, 2- 1(103)-2231/2022 nömrəli qərarı qismən - iddia tələbinin təmin edilən (57.519,61 manat faiz borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması) hissəsində ləğv edilməsi və eyni hissədə təkrar baxılması üçün iş həmin məhkəməyə göndərilməsi, kassasiya şikayəti qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
15. Yeni apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri birinci apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır. a)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
b) Prosses iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə istinad edərək təmin olunmasını xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsinin dəlillərinə istinad edərək cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən: Maddə 59.1. Vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Maddə 59.2. Bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu faiz səyyar vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin vergi məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündən tətbiq edilir. Maddə 88.0. Vergilər üzrə yaranmış borc aşağıdakı sıra qaydası ilə ödənilir: 88.0.1. yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği; 88.0.2. hesablanmış faizlərin məbləği; 88.0.3. tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği.
20. “İnzibati icraat haqqında” Qanunun: 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən isə təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.
21. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.6 - Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir 94.1 - Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən (şikayətdə qərarın tam ləğv edilməsi xahiş olunmuşdur) birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
23. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, işin digər materiallarını və hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03 fevral 2023-cü il tarixli, 2-1(102)-156/2023 saylı qərarındakı hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2-1(112)-910/2022 saylı qərarı qisməniddianın təmin edilmiş hissəsində ləğv edilməli, iddia həmin hissədə rədd olunmalı, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
25. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
26. Hazırkı iş üzrə iddiaçının tələbi xx.xx.2021-ci il tarixə mövcud olan 87.537,70 manat faiz borcunun şəxsi hesab vərəqəsindən silinməsi ilə bağlıdır.
27. İddiaçı iddia tələbinin əsası kimi ona istinad edir ki, müəssisə tərəfindən edilmiş ödənişlər əsas vergi borcuna və faizə münasibətdə düzgün silinməmiş, əsassız olaraq faiz borcu artmışdır. Cavabdeh isə ödənişlərə müvafiq olaraq silinmənin Vergi Məcəlləsinin 88- ci maddəsinin tələbinə uyğun olduğunu bildirmişdir.
28. İş üzrə qərar qəbul edən və iddianı qismən təmin edən birinci instansiya məhkəməsi ekspert rəyinə istinad etmişdir.
29. İstinad olunan ekspert rəyində isə mövcud əsas vergi borcu və faiz borcunun məbləği müəyyən edilərkən Vergi Məcəlləsinin 88-ci maddəsinin tələbləri nəzərə alınmamış, aparılmış ödənişlər birbaşa faiz borcuna aid edilmişdir.
30. Belə ki, Vergi Məcəlləsinin 88-ci maddəsinə əsasən, vergilər üzrə yaranmış borc aşağıdakı sıra qaydası ilə ödənilir: 88.0.1. yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği; 88.0.2. hesablanmış faizlərin məbləği; 88.0.3. tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği.
31. Yeni apellyasiya baxışı yenidən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası Mərkəzinin 11 sentyabr 2023-cü il 9/5427 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur:Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, iş materiallarında şəxsi hesab və faiz hesablanmasının açıqlaması vərəqələri öz əksini tapmışdır.İş materiallarında olan şəxsi hesab və faiz hesablanmasının açıqlaması vərəqələrində xx.xx.2021-ci il tarixinə göstərilmiş 87537,70 manat məbləğində faiz borcunun tərkibi həmin vərəqələrdən göründüyü kimi, BTFSV, torpaq vergisi və xx.xx.2017-ci il tarixli Qətnamə (yəni xx.xx.2017-ci il tarixli qətnamə ilə azaldılmış məbləğə sonradan yenidən hesablama verilmişdir) ilə hesablama verilməsi olmuşdur.Lakin iş materiallarında həmin qətnamə mövcud deyildir. Bundan başqa qeyd edilir ki, iş materiallarında olan şəxsi hesab vərəqəsi və faiz hesablanmasının açıqlaması vərəqələrində xx.xx.2018-ci il tarixinə faiz borcu fərqli olmuşdur. Belə ki, iş materialında öz əksini tapmış şəxsi hesab vərəqəsində xx.xx.2018-ci il tarixinə faiz borcunun olmaması, faiz hesablanmasının açıqlaması vərəqəsində isə həmin tarixə fazi borcunun 60800,76 manat məbləğində olması göstərilmişdir. Həmçinin qeyd edilir ki, yuxarıda da göstərildiyi kimi, xx.xx.2017-ci il tarixli Qətnamə iş materiallarında mövcud deyildir.Bu səbəblərdəndə iddiaçı "xxxx" X2 Məcəlləsinin 88ci maddəsində nəzərdə tutulmuş ödəmə ardıcıllığı nəzərə alınmaqla və şəxsi hesab vərəqəsi və faizlər üzrə hesablama cədvəlinin müqayisəli tədqiqi aparılmaqla xx.xx.2018-ci il tarixə faiz borcunun nə qədər təşkil etməsinin dəqiq məbləğini müəyyən etmək mümkün olmadı.
32. Məhkəmə Kollegiyası ekspert rəyini tədqiq edərək qeyd edir ki, 87.537,70 manat məbləğində faiz borcunun tərkibinin həmin vərəqələrdən göründüyü kimi, BTFSV, torpaq vergisi və xx.xx.2017-ci il tarixli Qətnamə (yəni xx.xx.2017-ci il tarixli qətnamə ilə azaldılmış məbləğə sonradan yenidən hesablama verilmişdir) ilə hesablama verilməsi olması nəticəsinə gəlmişdir.Lakin Ekspert iş materialları əsasında dəqiq faiz məbləğini müəyyən edə bilməmişdir.
33. Bu mənada məhkəmə Kollegiyası ekspert rəyi ilə razılaşmır.
34. İPM-in 1.2.-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
35. MPM-in tələblərinə əsasən:
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
36. Məhkəmə Kollegiyası nəzərə alır ki, iş materiallarının 1-ci cildində 89-94-cü vərəqində olan 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 21-(81)-4314/2016 saylı, 15 dekabr 2016-cı il tarixli Qərarı xx.xx.2017-ci il tarixdə iddiaçının şəxsi vərəqəsinə işlənildiyindən xx.xx.2017-ci il tarixli qətnamə kimi qeyd edilmişdir.
37. Məhkəmə Kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası Vergilər nazirinin 28 dekabr 2018-ci il tarixli **********501600 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında hesablanmış və ödənilmiş vəsaitlərin uçotunun aparılması Qaydaları”-nın 3.8-ci bəndində şəxsi hesab vərəqəsinin növü kimi “faiz hesablanması məqsədləri üçün” istifadə edilən vərəqə öz əksini tapmışdır və faiz hesablamaların açıqlaması həmin vərəqədə öz əksini tapır.
38. İddiaçı Şərikli Müəssisəsnin “faiz hesablanması məqsədləri üçün” vərəqəsi iş materiallarında olmasına baxmayaraq, ekspert tərəfindən həmin vərəqə ümumiyyətlə nəzərə alınmamışdır. Belə ki, həmin vərəqəyə əsasən xx.xx.2018-ci il tarixinə (109.985,00 manat ödənildiyi tarixə) vergi ödəyicisinin 66.634,08 manat ödəmə müddəti çatmış əsas borcu və 102313,98 manat faiz borcu mövcud olmuşdur. xx.xx.2018-ci il tarixdə həyata keçirilən 109.985,00 manat məbləğində ödəniş Azərbaycan Respublikası Vergi Məcəlləsinin 88.1.1-ci maddəsinə əsasən yaranma tarixi ardıcıllığı ilə hesablanmış 66634,08 manat əsas verginin məbləğinə aid edilmiş, qalan 43350,92 manat vəsait isə həmin tarixdə mövcud olan 102313,98 manat faiz borcuna qismən yönəldilməklə, həmin dövrə 58963,06 manat faiz borcu qalmışdır (66634,08+43350,92=109.985,00).
39. Eyni zamanda ödənişin faiz borcuna qismən aid edilməsindən sonra qalan 58963,06 manat faiz borcunun üzərinə 2016-cı ilin 1-ci rübü üçün Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə bəyan edilmiş 134580,6 manat verginin 65630,0 manat hissəsinin ödənişinin 28 gün ərzində gecikdirilməsinə görə əlavə olaraq 1837,7 manat faiz borcu hesablanmış, xx.xx.2018-ci il tarixinə vergi ödəyicisinin faiz borcu 60800,76 manat təşkil etmişdir. Qeyd edilən tarixdə 2016-cı il üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş verginin 110432,86 manat hissəsinin ödəniş müddəti çatmış, vergi borcu ödənilmədiyinə görə faizlərin hesablanması davam etdirilmişdir.
40. Vergi ödəyicisinin vergiləri torpaq vergisi və bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün 2016-cı il üzrə sadələşdirilmiş vergidən (BTFSV) ibarət olmuşdur. Həmin dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 221.5-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər hər bir tikinti sahəsi üçün sadələşdirilmiş vergini bu Məcəllənin 220.8-ci maddəsində nəzərdə tutulmuş qaydada tikintiquraşdırma işlərinin başlandığı rübdə hesablayır və həmin rübdən sonrakı ayın 20dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə vergi orqanına bəyannamə təqdim edir, həmin maddədə nəzərdə tutulmuş bəyannamə vergi orqanına təqdim edildikdən sonra hesablanmış vergi bərabər hissələrlə 10 faiz həcmində hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq öhdəlik tam yerinə yetirilənədək dövlət büdcəsinə ödənilir.
41. Vergi ödəyicisinin vergilər üzrə vərəqəsinə nəzər yetirdikdə (yazılış tarixi xx.xx.2016-cı il) BTFSV 2016-cı il üzrə müvafiq hesablamaların aparıldığı görsənir və həmin tarixə vergi ödəyicisinin “qalıq” qrafasında 1.218.812,87 manat borc əks edilmişdir. Lakin “ödəmə tarixi” qrafasında həmin verginin rüblər üzrə son ödəniş tarixi əks olunur ki, faizlərin hesablanması da məhz ödəmə tarixi əsas götürülərək həyata keçirilir.
42. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Vergilər üzrə və faiz hesablanması məqsədləri üçün istifadə edilən vərəqələr arasında fərq də məhz bu səbəbdən yaranmışdır: vergilər üzrə vərəqədə hesablanmış bütün vergi yazılış tarixi ilə şəxsi hesab vərəqəsinə daxil edilmiş, “qalıq” qrafasında əks olunan borcların tərkibində həm ödəmə müddəti çatmış, həm də ödəmə müddəti çatmamış borclar əks olunmuşdur.Faiz hesablanması məqsədləri üçün isə yalnız ödəmə müddəti çatmış ödənilməyən vergi borcları əsas götürülür.
43. Qeyd edilənlərlə yanaşı nəzərə alınmaya bilməz ki, Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarına əsasən vergi ödəyicisinin siyahıya alınmış əmlakının açıq hərracda satılması ilə bağlı qərar qəbul edilmişdir. Həmin qərar vergi orqanına xx.xx.2017-ci ildə daxil olduqdan sonra “Vergilər üzrə vərəqə”də 39610,84 manat azaldılaraq (vergilər üzrə vərəqənin 3-cü səhifəsi, yazılış tarixi xx.xx.2017), “Əmlaka yönəldilən məbləğ üzrə vərəqə”-yə daxil edilmişdir.Sonradan vergi ödəyicisi tərəfindən borc ödənildiyinə görə əmlakın satılması zərurəti aradan qalxmış, həmin məbləğ “Əmlaka yönəldilən məbləğ üzrə vərəqə”-dən “Vergilər üzrə vərəqə”-yə daxil edilmiş və silinmişdir və vergi ödəyicisinin vergi öhdəliyinin artmasına səbəb olmamışdır.
44. Azərbaycan Respublikası Vergilər nazirinin 28 dekabr 2018-ci il tarixli **********501600 nömrəli Əmri ilə təsdiq edilmiş Vergi orqanlarında hesablanmış və ödənilmiş vəsaitlərin uçotunun aparılması Qaydalarının 3.5.2.3-cü bəndiə əsasən Əmlaka yönəldilən borclar üzrə vərəqə “Faiz hesablanmayan” vərəqə kateqoriyasına aiddir ki, vergi məbləğinin həmin vərəqəyə köçürülməsi də məhz faiz hesablanmasının qarşısını almaqdan ibarətdir.
45. Azərbaycan Respublikası İPM-nin 14.2.-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. 46.Məhkəmə Kollegiyası işin yuxarıda araşdırılan hallarına tətbiq edilən hüquq normalarından çıxış edərək qeyd edir ki, inzibati orqan iddiaçının tələbini təkzib edəcək faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir.
47. Beləliklə, məhkəmə Kollegiyası nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2- 1(112)-910/2022 saylı qərarı qismən- iddianın təmin edilmiş hissəsində ləğv edilməli, iddia həmin hissədə rədd olunmalı və Qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2-1(112)-910/2022 saylı qərarı qismən- iddianın təmin edilmiş hissəsində ləğv edilsin. İddia həmin hissədə rədd olunsun. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.