Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1995/2021 07.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərar və protokolun ləğv edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2-1(112)- 3388/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş **********0 nömrəli 19 dekabr 2019-cu il tarixli qərarı və həmin qərar əsasında tərtib edilmiş **********0 saylı 20 dekabr 2019-cu il tarixli protokolun ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X4 İdarəsi iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, İddiaçı ASC-nin 01 iyul 2017-ci il tarixə 23.793,20 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun İddiaçı ASC-nin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-90/2019 nömrəli 25 yanvar 2019-cu il tarixli qərarı ilə qeyd olunan iddia təmin edilmişdir. Qərardan İddiaçı ASC tərəfindən apelyasiya şikayəti verilmişdir. Həmin iş üzrə iddiaçı olan Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X4 İdarəsi Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 1000\2019 nömrəli 18 aprel 2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti ilə əvəz edilmişdir. Daha sonra Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(103)-1000/2019 nömrəli 20 iyun 2019-cu il tarixli qərardadı ilə İddiaçı ASC-nin apelyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (81 )-90\2019 nömrəli 25 yanvar 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 2732\2019 nömrəli 06 noyabr 2019-cu il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(103)-1000\2019 nömrəli 20 iyun 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini Vüqar Şahbazovun **********0 nömrəli 19 dekabr 2019-cu il tarixli qərarı ilə İddiaçı ASC-nin (VÖEN: **********) əmlaklarının siyahıya alınması qərara alınmışdır. Daha sonra həmin qərar əsasında İddiaçı ASC-nin vergi ödəyicisi qismində 19 dekabr 2019-cu il tarixə yaranan 18.447,64 manat borcuna görə 1.000.000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 20 dekabr 2019-cu il tarixli **********0 saylı protokol tərtib edilmişdir. Hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi Bakı Kommersiya Məhkəməsinə İddiaçı ASC-nə qarşı iddia ərizəsi ilə müraciət edərək, **********0 nömrəli 19 dekabr 2019-cu il tarixli qərarı və 20 dekabr 2019-cu il tarixli **********0 saylı protokola istinad edib İddiaçı ASC-nin 19 dekabr 2019-cu il tarixə vergi ödəyicisi qismində yaranan 18.447,64 manat borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 1.165,75 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 22.671,46 manat və İşsizlikdən sığorta fonduna ödənilməmiş 347,53 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1.000.000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Halbuki, qüvvədə olan mövcud qanunvericiliyinin tələblərinə əsasən, üzərinə həbs qoyulmalı olan əmlakın dəyəri cərimə əmsalları tətbiq edilmədən həmin ərazidə orta bazar qiymətləri ilə müəyyən edilir, həmçinin iddianın təmin edilməsi üçün üzərinə həbs qoyulan əmlakın dəyəri iddianın qiymətindən artıq olmamalıdır. Ona görə də hesab edilir ki, İddiaçı ASC-nin vergi ödəyicisi qismində yaranan 18.447,64 manat borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 1.165,75 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 22.671,46 manat və İşsizlikdən sığorta fonduna ödənilməmiş 347,53 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə İddiaçı ASC-nə məxsus və dəyəri 1.000.000 manat məbləğində olan əmlakın hərracdan satılması barədə iddia tələbi qanuni hesab oluna bilməz, çünki İddiaçı ASC-nin onsuz da çətin olan maddi vəziyyəti daha kritik şəkildə pisləşəcəkdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən icra sənədinin icrasını həyata keçirən səlahiyyətli qurum kimi İddiaçı ASC-nə yaranmış borcun hissə-hissə ödənilməsi üçün də imkan yaradıla bilərdi, lakin iddiaçı ASCnə belə bir imkan yaradılmadan müvafiq xəbərdarlıqların göndərilməsi rəsmilləşdirilərək iddiaçı ASC-nə məxsus əmlakın siyahıya alınması barədə qərara alınmış və həmin əmlakın hərracdan satılması barədə iddia ilə məhkəməyə müraciət olunmuşdur. Sonda iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2-1(112)-3388/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: A.Oruczadə) Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın mümkün sayılaraq təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində iddia ərizəsində göstərdiyi dəlilləri qeyd etmiş və əlavə olaraq göstərmişdir ki, Bakı İnzibati Məhkəməsinin qərardadı "xxxx" ASC-nin hüquqlarının əsaslı şəkildə pozulması və iş üzrə təqdim olunmuş materiallara düzgün qiymət verilməməklə çıxarılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib olunan İddiaçı ASC-nin (VÖEN: **********) əmlaklarının siyahıya alınması haqqında olan, **********0 nömrəli 19 dekabr 2019-cu il tarixli qərar və həmin qərar əsasında tərtib olunan 20 dekabr 2019-cu il tarixli **********0 saylı protokol "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsinə təqdim olunmamışdır. Digər tərəfdən qeyd etməyi zəruri hesab edirlər ki, **********0 nömrəli bildiriş səlahiyyətli şəxsin imzası olmadan, imza yeri boş buraxılaraq göndərilmişdir. Bu halda bildiriş cavabdehin qeyd etdiyi tarixdə əldə etmiş olsa belə, ödənişin tələb olunması qeyri hüquqi hesab olunur. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayətində qeyd etdiklərinə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və iş üzrə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, İddiaçı ASC cavabdeh tərəfindən qəbul edilmiş **********0 nömrəli 19 dekabr 2019-cu il tarixli qərarı və həmin qərar əsasında tərtib edilmiş **********0 saylı 20 dekabr 2019-cu il tarixli protokolun ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və qeyd etmişdir ki, mübahisələndirmə növündə iddia üzrə iddia müddətinin axımı inzibati aktın təqdim edildiyi vaxtdan sayıldığından iddiaçı tərəfindən iddia müddəti ötürüldükdən sonra, yəni müvafiq olaraq mübahisələndirilən qərarın ona təqdim olunduğu müddətdən 10 (on) aydan çox vaxt keçdikdən sonra, yəni 07.01.2021-ci il tarixdə məhkəməyə müraciət olunaraq, iddia müddəti ötürülmüş, bununla da iddiaçı həmin qərarı mübahisələndirmək imkanını itirmişdir. Məhkəmə mübahisələndirilən 20 dekabr 2019-cu il tarixli protokol hissəsində isə qeyd etmişdir ki, protokol inzibati akt hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növlərini müəyyən edən 2.2-ci maddəsi hər hansı aktların yox, yalnız inzibati aktların mübahisələndirilməsini nəzərdə tutur. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin maddədə sadalan əlamətlərinə görə inzibati akt inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi güdməli; hüquqi və ya fiziki şəxslərə ünvanlanmalı; həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratmalı; qərar, sərəncam və ya digər formada ifadə olunmalı; mahiyyəti etibarilə hakimiyyət xarakterli tədbir olmalıdır. Məhkəmə qeyd etmişdir ki, iş üzrə mübahisələndirilən və cavabdeh orqan tərəfindən tərtib olunan 20 dekabr 2019-cu il tarixli protokol yuxarıda sadalanan əlamətlərin hamısına malik deyil, “Həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratma” əlamətindən məhrumdur. Sözügedən inzibati orqan tərəfindən tərtib olunan akt, yəni səyyar vergi yoxlaması haqqında akt iddiaçı üçün özü-özlüyündə hüquqi qüvvəyə malik, yaxud gələcəkdə hüquqi qüvvəyə minəcək hər hansı müəyyən nəticə yaratmamışdır. Məhkəmənin qənaətinə görə, “İnzibati icraat haqqında” Qanunun 2-ci maddəsində birbaşa ifadə olunmasa da, həmin Qanunun məzmunundan, eləcə də “İnzibati aktların icra edilməsi” adlanan Vİİİ fəslindəki normalarından inzibati aktın digər bir əlaməti- “İcra edilməli olması” əlaməti müəyyən edilir. Belə ki, inzibati aktlar ümumi (publik) məqsədlər naminə icra edilmələri üçün qəbul edilirlər və onların icrası hakimiyyət səlahiyyətləri ilə təmin edilir. Birbaşa icra üçün nəzərdə tutulmayan, yaxud icrası mümkün olmayan, aktlar həmin Qanunun məqsədləri baxımından inzibati akt hesab edilə bilməz. Göründüyü kimi, iddiaçının hazırki mübahisələndirdiyi məsələ ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib olunmuş 20 dekabr 2019-cu il tarixli, **********0 saylı əmlakın siyahıya alınması haqqında protokol inzibati aktı səciyyələndirilən əlamətləri özündə ehtiva etmir. Məhkəmə qeyd etmişdir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İddiaçı hazırda baxılan mübahisə üzrə iddia müddətini ötürdüyündən, iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. İş materiallarında olan Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər İdarəsinin əmlakının siyahıya alınması haqqında **********0 nömrəli 19.12.2019-cu il tarixli qərarın təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ASC-nin əmlaklarının siyahıya alınması qərara alınmışdır. İş materiallarında olan əmlaklarının siyahıya alınması haqqında 20 dekabr 2019-cu il tarixli protokolun təsdiq olunmuş surətindən görünür ki, borcunu ödəməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında **********0 nömrəli 19.12.2019-cu il tarixli qərara əsasən İddiaçı ASC-nin əmlakları siyahıya alınmışdır. Protokol İddiaçı ASCnin nümayəndəsi X2 tərəfindən imzalanmışdır. İş materiallarında olan vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında 20.12.2019-cu il tarixli aktdan görünür ki, siyahıya alınmış əmlak İddiaçı ASC-nin nümayəndəsi X1 təhvil verilmiş və onun tərəfindən akt imzalanmışdır. Əmlakın siyahıya alındığı vaxtdan 30 gün müddətində vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə (iddiaçı məlumatlandırılmış) **********280900 saylı 29.12.2019-cu il xəbərdarlıq tərtib edilmişdir. Qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddiaların qaldırılması üçün müəyyən müddətlər nəzərdə tutulmuşdur ki, həmin müddətlərdə məhkəmədə iddia qaldırılmaması iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Hazırki iddiada İPM-nin 2.2.1-ci maddəsinə uyğun olaraq şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) daxildir ki, həmin növ iddia ilə də məhkəmədə iddia qaldırılması üçün İnzibati Prosessual Məcəllədə müəyyən müddət müəyyən olunmuşdur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunun həmin normasından göründüyü kimi inzibati aktla hüquqları pozulan şəxs bu qərarın ləğv edilməsini ancaq müəyyən müddət ərzində tələb edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. İş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********0 nömrəli 19.12.2019-cu il tarixli əmlakın siyahıya alınması haqqında qərarına əsasən 20.12.2019-cu il tarixdə vergi ödəyicisində əmlakın siyahıya alınması hərəkətləri həyata keçirilmiş və əmlakın siyahıya alınması haqqında protokol tərtib edilərək iddiaçının nümayəndəsi tərəfindən imzalanmışdır. İddiaçı tərəfindən mübahisələndirilən inzibati akt barədə məlumatlandırılmasına, 20.12.2019-cu il tarixdə tanış olunmasına baxmayaraq 07.01.2021-ci il tarixdə yəni 1 ildən sonra məhkəməyə müraciət edərək mübahisələndirmişdir. Göründüyü kimi qeyd olunan qərar iddiaçının nümayəndəsinin 20.12.2019-cu il tarixdə məlumatı olduğu halda həmin qərarı mübahisələndirmək hüququnu qanunla müəyyən edilmiş 30 günlük müddəti ötürmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mübahisələndirilən qərarı İnzibati Prosessual Məcəllənin tələbləri baxımından mövcud mübahisə üzrə pozulduğu iddia edilən hüququnun bərpası üçün iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli Qərarında göstərilmişdir ki, atılmalı olan formal addımları və şikayətin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin prinsipləri ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Avropa Məhkəməsi “Novakoviç Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi həmin qərarında məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən, hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§20-21). Məhkəmə kollegiyası hesab edir ki, 1-ci instansiya məhkəməsi iddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulan müddətinin buraxılması barədə düzgün nəticəyə gəlmişdir. Həmçinin işdən görünür ki, iddiaçı cavabdeh tərəfindən qəbul edilmiş **********0 nömrəli 19 dekabr 2019-cu il tarixli qərar əsasında tərtib edilmiş **********0 saylı 20 dekabr 2019-cu il tarixli protokolun da ləğv olunmasını xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən protokol inzibati akt hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növlərini müəyyən edən 2.2-ci maddəsi hər hansı aktların yox, yalnız inzibati aktların mübahisələndirilməsini nəzərdə tutur. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin maddədə sadalanan əlamətlərə görə inzibati akt: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi güdməli; hüquqi və ya fiziki şəxslərə ünvanlanmalı; həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratmalı; qərar, sərəncam və ya digər formada ifadə olunmalı; mahiyyəti etibarilə hakimiyyət xarakterli tədbir olmalıdır. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, “... inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli, ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı, ünvanlanan hüquqi və ya fiziki şəxslər üçün müəyyən nəticələr yaratmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib olunmuş 20 dekabr 2019-cu il tarixli, **********0 saylı əmlakın siyahıya alınması haqqında protokol inzibati aktı səciyyələndirilən əlamətləri özündə ehtiva etmir. İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmçinin, qeyd olunmalıdır ki, məhkəmə iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq, öz xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu halda iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu sübutetmə vəzifəsi məhz iddiaçının üzərinə düşür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstəlir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdı. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı ASC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2-1(112)-3388/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1995/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1995/2021
07.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver