Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1996/2020 17.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Məmmədov Vidadi Məmməd oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə, İddiaçı (xx.xx.1958-ci il tarixində ünvan 1 ünvanda qeydiyyatdadır) cavabdeh Bakı şəhəri Xəzər Rayon İcra və Probasiya şöbəsinə qarşı icra sənədinin geri qaytarılması tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-6346/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdeh Bakı şəhəri Xəzər Rayon İcra və Probasiya Şöbəsinə qarşı icra vərəqəsini onu vermiş orqana geri qaytarılması barədə qərarın qəbul edilmə vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, borclu olduğu Xəzər Rayon Məhkəməsinin 2(003)-571/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsində keçmiş arvadı olan tələbkarın soyadı “Rəcəbova” kimi göstərilir. Halbuki, işin materiallarında olan AR Ədliyyə Nazirliyinin qeydiyyat orqanı tərəfindən verilmiş AZ-İ № 332805 xx.xx.2019-cu il tarixli şəhadətnamədən müəyyən olduğu kimi, nikahın ləğv olunandan sonra həmin tarixdən (yəni,xx.xx.2019-cu il) ona “Cəlilova” soyadı verilmişdir. Beləliklə, icra vərəqəsi tərtib edildiyi zaman müvafiq dövlət orqanı tərəfindən tələbkara verildiyi soyadının əvəzinə burada bir ilə yaxın müddət öncə qüvvəsini itirmiş soyadı göstərilir, bununla da icra sənədinin əsas göstəricisinə dair yanlış məlumat daxil olunur. xx.xx.2020-ci il tarixdə məhkəmə tərəfindən iddiaçıya Azərbaycan Respublikası İPMnin 13-cü maddəsinə uyğun olaraq hüquqi yardım haqqında məhkəmə bildirişi ünvanlanmışdır. xx.xx.2020-ci il tarixdə iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, hazırkı iddia ərizəsinin təmin edilməsi ilə yanaşı onun xeyrinə həmçinin 100 (yüz) manat miqdarında kompensasiyanın ödənilmə vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə müvafiq məhkəmə qərarı çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-6346/2020 nömrəli qərardadı ilə (hakim E.Əliyev) iddia mümkün sayılmamışdır. xx.xx.2020-ci il tarixdə iddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsindən müəyyən olunur ki, əslində burada icra məmurunun üzərinə vəzifə qoyulması tələb olunur çünki “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq bu hərəkətin edilməsi və bunula bağlı müvafiq qərarın qəbul edilməsi məhz icra məmurun vəzifəsidir. Bundan sonra bu yanlış fikrinə söykənən hakim guya yuxarıda qeyd edilən iddia ilə o faktiki olaraq icraata xitam verilməsini tələb edir. Halbuki birincisi iddiada belə bir tələb qoyulmur və bununla AR İPM-nin 52-ci maddəsinə zidd olaraq hakim iddia tələbindən kənara çıxmağa cəhd edir; ikincisi ümumiyyətlə ”İcra haqqında” Qanunun 9-cu maddəsini 20-ci və 23-cü maddələrin müddəaları ilə tutuşdurulma nəticəsində müəyyən etmək olar ki, iddia ilə bağlı icra məmurunun bu hərəkətləri nəticəsində icra vərəqəsindəki pozuntular yalnız 3 gün müddətində aradan qaldırılır - yəni, belə olan halda icra məmuru tərəfindən nəinki işə xitam verilməsi hətta işin dayandırılması da nəzərdə tutulmur. Tərəflər məhkəmə baxışının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə poçt vasitəsilə məhkəmə bildirişi, həmçinin SMS xəbərdarlığı, cavabdehə isə poçt və email vasitəsi ilə məhkəmə bildirişi göndərilmişdir. Məhkəmə iclasının təyin olunduğu xx.xx.2020-ci il tarixinə, saat 15:45-ə iddiaçının SMS xəbərdarlığı alması təsdiq olunmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır (8.1.). İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir (8.2.). Göründüyü kimi icra sənədi üzrə icraata başlamaq haqqında qərarın qəbul edilməsi məsələləri “İcra haqqında” Qanunla tənzimlənir. Həmin Qanun icra sənədinin icra edilməsi ilə bağlı məsələləri, yəni icra mərhələsinə aid olan məsələləri tənzimlədiyi üçün icraata başlamaq haqqında qərarın qəbul edilməsi ilə bağlı məsələlər də icra sənədinin icrası mərhələsinə aid olan məsələlərdir. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh icra orqanının hərəkətlərinin əsasını Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədi təşkil edir. Belə olan halda, «İcra haqqında» Qanunun 26-cı maddəsinin tələbinə görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. İcra orqanının fəaliyyəti isə iki aspektdən qiymətləndirilə bilər: -birincisi, icra məmurunun icra sənədinin icrasına yönəlmiş fəaliyyəti ilə bağlı icra proseduru daxilində qəbul etdiyi qərarlarının və hərəkətlərinin əsaslılığının qiymətləndirilməsi; -ikincisi, icra məmuru tərəfindən icranın həddindən kənara çıxan, qanunsuz hərəkətlərə yol verilməklə, ziyan vurmaya səbəb olan hüquqazidd fəaliyyəti ilə bağlı olan hərəkətlərinin qanuniliyi yoxlanılmaqla qiymətləndirilməsi. İcra məmurunun hərəkətlərindən (və ya hərəkətsizliyindən) verilən şikayətlərə dair məsələlər «İcra Haqqında Qanununun 87.1-ci maddəsinin müəyyən etdiyi qaydalarla tənzimlənir. Həmin Qanunun icraatın tərəflərinin hüquq və vəziflərini müəyyən edən 29.1-ci maddəsi isə onu ehtiva edir ki, icra məmurunun icra sənədinin icrasına dair qəbul etdiyi istənilən qərarlarından və hərəkətlərindən irəli gələn məsələləri icraatın tərəfləri şikayət verməklə mübahisələndirmək hüququna malikdir ki, konkret halda da, cavabdehin hazırda mübahisələndirilən hərəkətləri bu növdən olan qərarlardan biri kimi, qeyd olunan mübahisənin predmetini təşkil edir. Göründüyü kimi, icra orqanının (məmurunun) hərəkət və ya hərəkətsizliyindən ayrıca iddianın qaldırılması istisna edilir. Odur ki, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən təsbit edilən qərarlar və aparılan hərəkətlər inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəldilmədiyindən onların, ayrıca iddia verməklə, inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün hesab oluna bilməz. Məhkəmə qərarının (qətnaməsinin) icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, belə qərarın icrası ilə bağlı icra məmurunun qərarlarından şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmədə baxılmalıdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlili olan iddiada onun icra vərəqəsinin onu vermiş orqana geri qaytarılmasını xahiş etmədiyini, iddia ərizəsindən həmin vəzifənin icra məmurunun üzərinə qoyulmasını tələb etməsi ilə bağlı qeyd edir ki, iddiaçının iddia ərizəsindən onun sözügedən icra vərəqəsinin onu vermiş orqana geri qaytarılması barədə qərarın qəbul edilmə vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə müvafiq məhkəmə qərarının çıxarılmasını xahiş etmiş, dolayısıyla onun cavabdeh orqanın üzərinə qoyulmasını xahiş etdiyi vəzifə icra vərəqəsinin onu vermiş orqana geri qaytarılması olmuşdur. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iddiaçı xx.xx.2020-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etsə də, xx.xx.2020-ci il tarixli məhkəmə iclas protokolundan göründüyü kimi iddiaçının iddianın dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-6346/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1996/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1996/2020
17.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver