Məhkəmə qərarları › İş №2-1(103)-1996/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1996/2021

18.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1996/2021 18.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti) “şəhid hərbi qulluqçu X2 görə 11000 manat məbləğində birdəfəlik ödəmənin həyata keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 28.04.2021-ci il tarixli, 2-1(112)-344/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hərəkətlərini qanunsuz hesab edilməklə şəhid hərbi qulluqçu olmuş oğlu X2 görə 11.000 manat məbləğində birdəfəlik ödəmənin həyata keçirilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 19.05.2020-ci il tarixli 2-1(112)-501/2020 saylı qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti 3-cü şəxs qismində işə cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı ailə üzvləri ilə 1993-cü ildə Füzuli rayonundan məcburi köçkün düşməklə Sumqayıt şəhərinə gəlmiş. Onun oğlu X3 1993-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş və ona şəhid oğluna görə hesablanan kompensasiyanın verilməsi ilə bağlı 27.11.2018-ci ildə notariat kontoru tərəfindən Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Lakin kompensasiyanın verilməsi ilə bağlı müvafiq sənədlərin toplanaraq cavabdeh təşkilata təqdim edilməsinə baxmayaraq, ona həmin kompensasiya məbləği ödənilməmişdir, dəfələrlə AR ƏƏSMN-nə ayaq döymüş və hər dəfə bir əsassız səbəb gətirilməklə bundan imtina edilmişdir. Sonuncu dəfə onun yazılı müraciətinə cavabdeh tərəfindən 14.10.2019cu il tarixdə rəsmi cavab verilmiş və həmin cavabı aldıqdan sonra ona məlum olmuşdur ki, guya şəhid oğlu X1 vərəsələrinə 28 dekabr 2007-ci il tarixdə 11000 manat məbləğində sığorta ödənişi həyata keçirildiyi üçün həmin məbləğin yenidən ödənilməsi mümkünsüzdür. O, cavabdehin bu imtinası ilə razılaşmır, belə ki, onun şəhid oğlu subay olmuş və onun qanun üzrə birinci növbə vərəsələri o və həyat yoldaşı olmuş, nə o, nə də həyat yoldaşı həmin kompensasiyanı almamışlar. O, xəstədir, ağır maddi çətinlik və sıxıntı içərisində yaşayır, onun hazırda müalicəyə ehtiyacı vardır. Bakı İnzibati Məhkəməsinin 28.04.2021-ci il tarixli, 2-1(112)-344/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 28.04.2021-ci il tarixli, 2-1(112)-344/2021 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinin dəlillərinə uyğun əsaslandırılmışdır. Əlavə olaraq qeyd olunmuşdur ki, şəhadətnamə reyestr qeydiyyatına alındıqdan sonra Sığorta Şirkətinə təqdim oluna bilərdi və ödəniş də bundan sonra həyata keçirilməli idi. Lakin, 2-V-1-38 nömrəli notariat işində olan qəbzdən də aydın olur ki, şəhadətnamə 30.12.2007-ci ildə qüvvəsini almış, qeydiyyatdan keçmişdir. Belə olan təqdirdə ondan 2 gün qabaq, yəni, 28.12.2007-ci ildə Sığorta Şirkəti tərəfindən sığorta məbləğinin ödənilməsi mümkün ola bilməz. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 28.04.2021-ci il tarixli, 2-1(112)-344/2021 saylı qərarının ləğv olunması, iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 28.04.2021-ci il tarixli, 2-1(112)-344/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2-1019-2007 saylı 16.04.2007-ci il tarixli qətnaməsinin surətindən görünür ki, 27 dekabr 1972-ci ildə doğulmuş X3 ölmüş elan edilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında 27.11.2018-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, 27.12.1972-ci ildə doğulmuş, 17.06.1993-cü ildə itkin düşmüş, 17.05.2007-ci ildə şəhid olmuş hesab olunmuş X1 vərəsəsi anası İddiaçı təyin edilmiş və o miras əmlakdan tam hissədə pay ala bilər. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İddiaçı ünvanladığı **********3 nömrəli 14 oktyabr 2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən təqdim edilmiş müvafiq siyahıya əsasən şəhid hərbi qulluqçusu X1 vərəsəsinə (vərəsələrinə) 2007-ci il 28 dekabr tarixində 11000 (on bir min) manat məbləğində sığorta ödənişi həyata keçirildiyi üçün onun vərəsəsinin (vərəsələrinin) birdəfəlik ödəməni almaq hüququ yoxdur.Siyahıdan görünür ki, 3579 26421 saylı sıralamada olan əsgər X3 27.12.1972-ci ildə Fizuli şəhərində anadan olmuş. Sumqayıt şəhər Məhkəməsinin 21019/16.04.2007-ci il tarixli qərarı ilə 17.05.2007-ci ildən ölmüş hesab edilmişdir. 28.12.2007-ci il tarixdə 11000 manat birdəfəlik ödəmə edilmişdir. Hərbi qulluqçunun vərəsəsinin (vərəsələrinin) birdəfəlik ödəməni almaq hüququ yoxdur. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən Azərbaycan Respublikası Əmək və X6 cənab S.Babayevin məktubuna cavab olaraq, göndərilmiş məktubun surətindən görünür ki, 1991-1997-ci illər ərzində sığorta ödənişi ala bilməyən şəhid olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinə sığorta ödənişinin verilməsi barədə siyahı araşdırılmış. Yoxlama nəticəsində 02 avqust 1997-ci il tarixdən sonra 646 nəfər sığorta ödənişi alanların siyahısı göndərilmiş. Siyahının 193-cü sırasında 27.12.1972-ci il təvəllüdlü əsgər X2 11.000,00 manatın ayrıldığı və 28.12.2007-ci il tarixdə verildiyi görünür. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Dövlət Kommersiya Şirkəti tərəfindən ünvanlanmış № 07-02-105 saylı, 13 aprel 2021-ci il tarixli məktubundan görünür ki, elektron informasiya bazasının məlumatına əsasən mərhum hərbi qulluqçu X1 varisinə 28 dekabr 2007-ci il tarixində 11 000 (on bir min) manat sığorta ödənişi ödənilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının 1, 4-cü hissələrini tətbiq etməklə belə qərara gəlmişdir ki, iddiaçının oğlu şəhid hərbi qulluqçu X1 vərəsəsinə 11000 manat məbləğində sığorta ödənişi tam həyata keçirildiyindən, qanunvericilikdə bu ödənişin birdəfəlik olması nəzərdə tutulduğundan, iddiaçıya hazırki halda yenidən həmin ödənişin həyata keçiriləsi mümkün deyildir. Belə ki, birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin 16 aprel 2007-ci il tarixli qətnaməsi ilə ölmüş elan edilmiş X1 vərəsəlik işi 26 dekabr 2007-ci il tarixdə açılmış, şəhidin həm anasına, həm də atasına 26 dekabr 2007-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən təqdim edilmiş siyahıda N saylı hərbi hissənin hərbi quluqçusu olmuş şəhid X1 vərəsəsinə 28 dekabr 2007-ci il tarixində 11.000 manat birdəfəlik ödənişin edildiyi qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, iş materiallarında olan vərəsəlik haqqında şəhadətnamənin surətinə əsasən müəyyən edilmişdir ki, şəhadətnamə 26.12.2007-ci il tarixdə 2-V-1-38 nömrəsi ilə reyestrdə qeydiyyata alınmışdır. Apellyasiya şikayətində iddiaçının nümayəndəsi onu vurğulayır ki, notariat işində notariat hərəkətlərinin həyata keçirilməsi üçün ödənilməli olan 2,20 manat dövlət rüsumunun ödənilməsi tarixi 30.12.2007-ci il qeyd olunmuşdur, ona görə də, notariat hərəkətləri 26.12.2007-ci il tarixdə başa çatıb şəhadətnamə dövlət reyestrində qeydə alına bilməzdi. Məhkəmə kollegiyası hesab edir ki, bu halın mövcudluğu işin düzgün həlli üçün əhəmiyyətli sayıla bilməz, belə ki, sözügedən qəbzin sonradan işə əlavə edilməsi notariat hərəkətinin reallıqda həyata keçirilməsinin mübahisələndirilməsi üçün əsas sayıla bilməz (qəbzdə ödəyənin imzası yoxdur, ola bilsin ki, şəhidin valideynlərinin vəziyyəti nəzərə alınaraq dövlət rüsumu sonradan başqa şəxs tərəfindən ödənilmişdir, həmin dövrdə “şəhid pulu”nun verilməsi üçün notarial hrəkətləri 2 gün ərzində başa çatdırılmalı idi). Həmçinin aydın olmur ki, 2007-ci ildə şəhidin vərəsəsi kimi tanınmış valideyn, 2018ci ldə ikinci dəfə bu qismdə notariatda necə qeydiyyata alınmışdır. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 28.04.2021-ci il tarixli, 2-1(112)-344/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar