Məhkəmə qərarları › İş №2-1(103)-1996/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1996/2022

03.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1996/2022 03.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Aslanova Gülnar Faiq qızının katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı diplomun verilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4108/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Beynəlxalq Universitetinin “Vergi işinin təşkili” fakultəsini bitirməyi ilə bağlı təhsil haqqında dövlət sənədinin-diplomun verilməsi öhədliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4108/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4108/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti iddia ərizəsi ilə eyni əsaslarla əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın isə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi R.Hüseynov apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia tələbi isə təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, cavabdeh inzibati orqanı tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən iddia tələbi rədd edilməlidir . Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalı, iddia təmin olunmalıdır. İş materiallarında olan Azərbaycan Beynəlxalq Universiteti tərəfindən verilmiş xx.xx.2010cu il tarixli, 5/1657 nömrəli arayışın surətindən görünür ki, İddiaçı dövlət imtahanlarını müvəffəqiyətlə vermiş və imtahan komissiyasının 3/09-333 saylı, xx.xx.2009-cu il tarixli qərarı ilə “Vergi işinin təşkili” fakultəsinin əyani şöbəsinin tam kursunu bitirmişdir və ona Ali peşə üzrə Bakalavr dərəcəsi verilmişdir. Arayış N saylı hərbi hissəyə təqdim etmək üçün verilir. İşdə olan Azərbaycan Respublikası Saatlı rayon Hərbi Komissarlığı tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, AO ******* saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2009-10.2010-cu illərdə hərbi xidmətdə olmuş, xx.xx.2020-ci ildə Yasamal rayon şöbəsi tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə çağırılmış, xx.xx.2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. N nömrəli hərbi hissənin tərkibində Fizuli, Xocavənd və Cəbrayıl istiqamətlərində iştirak etmişdir. İşdə olan cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, X-7925/31-24 nömrəli məktubdan görünür ki, ərizəsinə cavab olaraq bildirilir ki, ABU-nun Nazirlikdə olan arxivində onun adına yazılmış diplomun aşkarlanmamışdır. İşdə olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 18-18- 19/12 nömrəli məktubdan görünür ki, “Tələbə-Məzun” dövlət elektron məlumat sistemində və fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) nazirliyə təqdim etdiyi tələbə kontingentinə aid məlumat bazasında İddiaçı qəbulu ilə bağlı məlumat aşkar edilməmişdir. Əlavə olaraq onu da bildirirlər ki, Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırıldıqdan sonra həmin dövrdə Təhsil Nazirliyi tərəfindən təhsillərini davam etdirmək üçün digər ali təhsil müəssisələrinə köçürülmək hüququ olan tələbələrin siyahısı tərtib edilmişdir. Həmin siyahıda İddiaçı adı mövcud deyildir. İşdə olan Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı 2005-ci ildə keçirilmiş ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün müraciət etməmişdir. Fəaliyyəti 2010-cu ildə dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinə tələbə qəbulu ləğv edilmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 1998-ci ildən həyata keçirilmişdir. Belə ki, işin hallarından müəyyən edilir ki, iddiaçı 2005-ci ildə ləğv olunmuş Azərbaycan Beynəlxalq Universitetinin “Vergi işinin təşkili” fakultəsinə daxil olmuş, 2009-cu ildə həmin ali təhsil müəssisəsini bitirmiş, 2009-cu ilin oktyabr ayında həqiqi hərbi xidmətə yollanmış, Azərbaycan Beynəlxalq Universitetinin xx.xx.2010-cu il tarixli, 5/1657 saylı Arayış əsasında Həqiqi hərbi xidmət müddətinin bir il olmuş və xx.xx.2010-cu ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. İşin araşdırılan hallarından müəyyən edilmişdir ki, Azərbaycan Beynəlxalq Universiteti 1997-ci il oktyabrın 17-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış, 1998-ci ildə Təhsil Nazirliyinin xx.xx.1997-ci il tarixli xx-xx-4058/16 nömrəli qərarı ilə ilk dəfə lisenziya verilmişdir. Universitet 1999-cu ildə 6 il müddətinə, 2005-ci ildə isə 5 il müddətinə yenidən lisenziya almışdır. Təhsil Nazirliyi tərəfindən Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə verilmiş xx.xx.2005-ci il tarixli 003283 Ns-li xüsusi razılığın (lisenziya) müddətinin uzadılmaması barədə qərar qəbul olunub. Eləcə də, universitet rəhbərliyinə xx.xx.2010-cu il tarixə qədər ali məktəbdə təhsil alan, təhsili başa çatan, hazırda müxtəlif səbəblərdən təhsilində fasilə yaranan şəxslər barədə məlumatı 10 gün müddətində hazırlayıb Təhsil Nazirliyinə təqdim etmək tapşırılmışdır. Həmçinin, Təhsil Nazirliyinin müvafiq şöbə və struktur rəhbərlərinə mövcud qanunvericiliyin tələbləri gözlənilməklə bu ali məktəbə qəbul olunub hal-hazırda təhsil alan və ya təhsili müəyyən səbəblərdən yarımçıq qalmış tələbələrin gələcək təhsilləri ilə bağlı təkliflər hazırlamaq barədə tapşırıq verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli, 82 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi” Qaydasının 4.4-cü bəndinə əsasən Ali təhsil müəssisəsi, AMEA ləğv olunduğu halda, diplom və onun əlavəsi və ya onların dublikatları Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin arayışına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin yazılı müraciəti ilə eyni tipli ali təhsil müəssisəsi və elmi təşkilat tərəfindən verilə bilər. Nəticə etibarı ilə müəyyən olunur ki, sözügedən təhsil müəssisəini bitirən şəxslərə diplomun verilməsi səlahiyyəti və vəzifəsi Azərbaycan Respublikası Təhsil Naziriliyinə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010- cu il 29 aprel tarixli, 82 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi” Qaydasının 4.1-ci bəndinə əsasən diplom məzunlara ali təhsil müəssisəsini, AMEA-nı bitirdikdən sonra 10 gün müddətində verilir. Həmin Qaydanın 4.2-ci bəndinə əsasən diplom və diploma əlavə və ya onların dublikatları sahiblərinə şəxsən təqdim edilir. Diplomun məzuna şəxsən təqdim edilməsi mümkün olmadıqda, diplom məzunun qanuni nümayəndəsinə və ya məzunun adından çıxış edən digər şəxsə müəyyən olunmuş qaydada tərtib olunmuş etibarnamə əsasında verilir. Həmin Qaydanın 4.3-cü bəndinə əsasən diplomun və ona əlavənin surəti məzunun şəxsi işində saxlanılır. Həmin Qaydanın 4.4-cü bəndinə əsasən Ali təhsil müəssisəsi, AMEA ləğv olunduğu halda, diplom və onun əlavəsi və ya onların dublikatları Azərbaycan Respublikası Milli Arxiv idarəsinin arayışına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin yazılı müraciəti ilə eyni tipli ali təhsil müəssisəsi və elmi təşkilat tərəfindən verilə bilər. “Təhsil haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. Həmin qanunun 27.2-ci maddəsinə əsasən təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır. Göründüyü kimi, iddiaçının ali təhsil müəssisəsinin bitirməsi ilə bağlı işdə heç bir mübahisə müəyyən edilməmişdir. Belə olan halda cavabdeh orqanın təhsil haqqında sənədi- diplomu vermək üzrə pozitiv öhdəliyi yaranır. Məhkəmə kollegiyası, həmçinin qeyd etməlidir ki, iddiaçının universiteti bitirməsi iş materiallarında olan arayış ilə ( Azərbaycan Beynəlxalq Universitetinin xx.xx.2010-cu il tarixli, 5/1657 saylı Arayış, i.v 6), eyni zamanda hərbi xidməti başa vurmağı ilə bağlı hərbi bilet ilə (i.v. 11) təsdiq olunur. Azərbaycan Beynəlxalq Universitetinin xx.xx.2010-cu il tarixli, 5/1657 saylı Arayışı əsasında iddiaçı bir il altı ay deyil, məhz bir il xidmət etmişdir. Sözügedən arayış xidmət müddətini müəyyən edən əsas və ciddi sənəd hesab olunmuş və dövlətin digər qurumu olan və dövləti təmsil edən AR Müdafiə Nazirliyi tərəfindən qəbul edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq kollegiya qeyd edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4108/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 99.1, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4108/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv olunsun. İş üzrə yeni qərar elan olunsun. İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Beynəlxalq Universitetinin “Vergi işinin təşkili” fakültəsini bitirməsi ilə bağlı Təhsil haqqında sənədinin-diplomun verilməsi öhdəliyi Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilsin. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar