Məhkəmə qərarları › İş №2-1(103)-1996/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1996/2024

27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1996/2024 27.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “şəhid statusu ilə bağlı arayışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X4 və X8 ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “şəhid statusu ilə bağlı arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2375/2024 saylı 15 fevral 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 27 noyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 076453 №-li, xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2020-ci ildə ölmüşdür. Ölümün səbəbi kimi “Digər və dəqiqləşdirilməmiş qaraciyər sirrozu” göstərilmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin 03 ayının 14 günündə 448 № ilə qeyd edilmişdir. Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin 39 №-li xx.xx.2020-ci il tarixli əmrindən çıxarışın surətində qeyd olunmuşdur ki, Tibb xidməti polkovnik-leytenantı X13, Füzuli regional MTE bölməsinin rəisi, Silahlı Qüvvələrin Baş Klinik Hospitalında stasionar müalicədə olarkən xx.xx.2020-ci il tarixdə “qaraciyər sirrozu” nəticəsində vəfat etdiyi üçün bütün növ təminatlardan çıxarılması, Tibb xidməti polkovnikleytenantı X11 2020-ci ilin yanvar-mart aylarındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarı ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatının tam həcmdə ödənilməsi əmr edilmişdir. Əmrdə göstərilmişdir ki, 2020-ci ilin növbəti məzuniyyətdən 6 (altı) gün istifadə etmişdir. 2020-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilib. 2020-ci il üçün nəzərdə tutulmuş növbəti məzuniyyətə çıxarkən əlavə pul təminatı ödənilib. Tibb xidməti polkovnik leytenantı X11 hesablanmış axırıncı-haqq-hesab, onun varisinə ödənilsin. Ölüm hərbi xidməti vəzifələrinin icrası ilə bağlıdır. xx.xx.2020-ci il tarixli 383 №-li “Şəxsi heyətin qaytarılmaz itkilərin” adlı siyahısnın (18/Qİ №-li forma) surətindən müəyyən olunur ki, T/X polkovnik leytenantı Füzuli regional Məhkəmə X5 rəisi X13 10 mart 2020-ci il tarixdə saat 21:25 radələrində Bakı şəhəri Silahlı Qüvvələrin Baş Klinik Hospitalında “qaraciyər serrozu” nəticəsində vəfat etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 0257 №-li, xx.xx.2020-ci il tarixli əmrindən çıxarışdan (surəti) müəyyən olunur ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 167-ci maddəsinə müvafiq olaraq, Müdafiə Nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və Pataloji Anatomiya mərkəzinin Füzuli regional məhkəmə-X5 rəisi tibb xidməti polkovnik-leytenantı X13 vəfat etdiyi üçün 10 mart 2020-ci il tarixdən Azərbaycan Respublikası Ordusunun Zabit Heyətinin siyahısından çıxarılmış hesab edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzi tərəfindən verilmiş Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin Füzuli Regional Məhkəmə X5 rəisi Tibb xidməti polkovnik-leytenantı X10 vəfat etməsi haqqında məlumatdan müəyyən olunur ki, xx.xx.1979-cu ildə Bakı şəhərində doğulmuş, xx.xx.2020-ci il tarixdə saat 21:25 radələrində Bakı şəhəri Silahlı Qüvvələrin Baş Klinik Kospitalında “qaraciyər sirrozu” nəticəsində vəfat etmişdir. Ölüm haqqında ******* №-li şəhadətnamə Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən xx.xx.2020-ci il tarixdə verilmişdir. Ölüm hərbi xidməti vəzifələrinin icrası ilə bağlıdır. xx.xx.2020-ci il tarixdə Şamaxı rayonu Nüyü kənd qəbiristanlığında dəfn olunmuşdur. Himayəsində olanlar: Arvadı-Kərimova (Rəsulova) Elnarə Bəgəhməd qızı, 1981-ci il; oğlu Fərid- 2002-ci il təvəllüdlü; qızı Nigar-2005-ci il təvəllüdlü; oğlu Akif-2017-ci il təvəllüdlü, Bakı şəhəri, Bəhruz Nuriyev küçəsi, ev 2, mənzil 26. İddiaçı hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş 525-14/2-K11833-1/2023 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 №-li qərarı ilə təsdiq edilmiş “Şəhid” adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Mərhum övladı tibb xidməti polkovnik-leytenantı X10 döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqları bilavasitə icra etmədiyi zaman həlak olduğu üçün mövcud qanunvericiliyə görə şəhid hesab edilmir. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şəhidlik statusunun verilməsi üçün müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 20 il hərbi xidməti olmuş mərhum oğlu polkovnik – leytenant Anar Kərimov xx.xx.2020-ci il tarixində ölmüşdür. Mərhum Silahlı Qüvvələrin Baş Klinik Hospitalına birbaşa xidmət etdiyi hərbi hissədən yerləşdirilmişdir. O, uzun müddət gərgin və stresli iş rejminə görə aldığı mənəvi-psixoloji travma nəticəsində düçar olduğu xəstəlik qısa zaman kəsiyində heç bir ay keçməmiş özünü daha tez biruzə verərək onun ölümünə səbəb olmuşdur. Bununla bağlı “Şəhid” statusu və müvafiq şəhid arayışının verilməsi ilə üçün cavabdeh inzibati orqana ərizə ilə müracət etsə də, cavabdeh orqan bundan imtina etmişdir. O, həmin imtinanı qeyri-qanuni hesab edir və hesab edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubunda qəbul edilmiş qərarın ləğv edilməli və “Şəhid” adının və ya “Şəhid” statusu baradə arayışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mərhum Anar Kərimov Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuşdur. Onun xidməti məhz Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xidmətdən ibarət idi. Cavabdehin etirazları: İş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, mərhum polkovnik-leytenant X13 Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xx.xx.2002-xx.xx.2020-ci illərdə həqiqi hərbi xidmət etmiş, 10 mart 2020-ci il tarixində Bakı şəhəri, Silahlı Qüvvələrin Baş Kilniki Hospitalında “qaraciyər sirrozu” xəstəliyindən vəfat etdiyi üçün Azərbaycan Respublikası müdafiə nazirinin 13 aprel 2020- ci il tarixli, 0257 nömrəli əmri ilə 10 mart 2020-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrin hərbi qulluqçularının siyahısından çıxardılmış hesab edilmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 4.1-ci bəndinə görə şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Həmin maddədə isə göstərilir ki, müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X2 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının 25 dekabr 1991-ci il tarixli qanununun 4- cü maddəsinin 2-ci bəndinə görə hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2375/2024 saylı 15 fevral 2024-cü qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2023-cü il tarixdir. İddiaçı iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2, 62.2 və 62.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı tələbi “mərhum oğlu Anar Kərimova şəhidlik statusunun verilməsi üçün müvafiq arayışın verilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının vəfat etməsinə səbəb olan halın xidməti vəzifələrinin icrası zamanı olsa da, lakin onun həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunun müəyyən edilməməsinə istinad edərək iddia tələbinin təmin olunmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi” Qaydalarının 1.1-ci bəndinə əsasən şəhid- Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X2 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. Həmin Qaydaların 6 dekabr 2023-cü ii tarixədək olan redaksiyasında nəzərdə tutulan 2.1-ci bəndinə əsasən Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. Həmin Qaydaların 4.1-ci maddəsinə əsasən şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X2 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan. Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və X1 Xidməti, X2 Dövlət Agentliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Müdafiə Nazirliyinin zabit və gizir heyətinə münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi, habelə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən digər hərbi qulluqçulara (əsgər, matros və çavuş heyəti) münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi məqsədilə maraqlı şəxs “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə də müraciət edə bilər. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının X2 Dövlət Agentliyi və yerli icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi statusu verildiyi tarixdən 5 (beş) iş günü müddətində bu barədə məlumatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edirlər. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasınlan imtina edən cavabdeh inzibati orqan iddiaçının mərhum oğlunun vəfatının “döyüş tapşırığı” və ya “döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi” ilə bağlı olmadığına istinad edir. İşin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və həmin ekspertizanın nəticəsi olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X7” Publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, mərhum X10 meyitinin məhkəmə-tibbi ekspertizası aparılmadığından ölümün səbəbi haqqında dəqiq fikir söyləmək mümkün deyildir. Lakin təqdim olunmuş xx.xx.2020-ci il tarixli “Ölüm haqqında” şəhadətnamədə ölümə səbəb kimi göstərilən “digər və dəqiqdirilməmiş qaraciyər sirrozu” sərbəst xəstəlik olmaqla onun toxumasının diffuz şəkildə sklerozlaşması və funksuyasının pozulması ilə nəticələnən ağır gedişli, geridönməz, xroniki proses aiddir. Bu xəstəliyin yaranmasında əsas rolu alkohol, dərman maddələri, qida zəhərləri və virus infeksiyası oynağını nəzərə alaraq onun yaranmasını hərbi xidmətlə bağlamaq düzgün olmazdı. Həmçinin işin apellyasiya baxışı zamanı iddiaçının apellyasiya şikayətində təkrar ekspertizanın keçirilməsi ilə bağlı göstərdiyi dəlili nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən iş üzrə təkrar məhkəmə-tibbi ekspertizasının keçirilməsi məqsədəuyğun hesab edilmiş və 04 sentyabr 2024-cü il tarixli qərardadla iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X7” publik hüquqi şəxsinin T617/2024 saylı xx.xx.2024-cü il tarixli ekspert rəyi məhkəməyə daxil olmuş və rəydə də bildirilmişdir ki, İddiaçı meyitinin vaxtında məhkəmə-tibbi ekspertizası aparılmadığından hal-hazırda ölümün səbəbi haqqında fikir söyləmək mümkün deyildir. Təqdim edilmiş sənədlərə əsasən ölümə səbəb “Digər və dəqiqləşdirilməmiş qaraciyər sirrozu” göstərilmişdir. Bu xəstəlik sərbəst nozoloji vahid olmaqla qaraciyər toxumasının diffuz şəkildə sklerozlaşması və funksiyasının pozulması ilə nəticələnən ağır gedişli, xroniki prosesdir və hərbi xidmət dövründə yaranmışdır. Xəstəliyin yaranma səbəbi müxtəlif olduğundan (külli alkohol qəbulu, dərman maddələri, qida zəhərləri, virus infeksiyası və sair) onun yaranmasını yalnız hərbi xidmətlə bağlamaq düzgün deyildir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, iddiaçının mərhum oğlu döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmamış, onun ölümünün səbəbi kimi göstərilən “qaraciyər sirrozu” ilə hərbi xidməti arasında hər hansı səbəbli əlaqənin mövcudluğu iş üzrə sübuta yetirilmir. İddiaçı isə həmin halların əksini təsdiq edə biləcək hər hansı sübutu təqdim edə bilmir. Halbuki Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyi üçün cavabdeh inzibati orqan onun tələbinin təmin olunmasından imtina etməkdə haqlı olmuşdur. İddiaçının apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə qeyd olunur ki, həmin dəlillər əsassız olub, birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2375/2024 saylı 15 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2375/2024 saylı 15 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X12 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar