Məhkəmə qərarları › İş №2-1(103)-1996/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1996/2025

21.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1996/2025 21.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) “plan ölçünün tərtib edilməsi və çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Kamran Hüseyn oğlu Əkbərovun və X3 ibarət tərkibdə, Əmənova Türkan Kamran qızının katibliyi, İddiaçı vəkili Vəkil, cavabdehin nümayəndəsi X1, 3-cü şəxsin nümayəndəsi Nümayəndə iştrakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2803/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. Cavabdehin xx.xx.2019-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, “elektron kadastr məlumatına əsasən ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir və torpaq sahəsinin yaxınlığından diametri 400.0 mmlik su borusu keçir. Həmçinin əlavə 125.0 kv.m torpaq sahəsi istifadə edilməkdədir və yerləşmə cizgisindəki qəsəbə nümayəndəsinin imzası surətdir. Bu səbəblərdən ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır.”

2. Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2019-cu il tarixli, M-582- 112 nömrəli məktuba qoşma olaraq təqdim edilmiş Bakı şəhər keçmiş Əzizbəyov rayon X7 İcraiyyə Komitəsinin “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” 13 nömrəli xx.xx.1991-ci il tarixli qərarının təsdiq edilmiş surətinə əsasən, İddiaçı Buzovna qəsəbəsi ərazisində 861 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsinin ayrılmasına dair qərar verilmişdir.

3. Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2019-cu il tarixli, M-249- 091 nömrəli məktuba qoşma olaraq təqdim edilmiş torpaq sahəsinin cizgisi və xəritədən çıxarışının təsdiq edilmiş surətinə əsasən Əzizbəyov rayon 13 nömrəli xx.xx.1991-ci il tarixli qərarı ilə Buzovna qəsəbəsində İddiaçı ayrılmış 861 nömrəli torpaq sahəsinin cizgisi verilmişdir.

4. “Azərsu" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2019-cu il tarixli 04/04-2/22846 nömrəli məktubuna əsasən qeyd olunan ünvana baxış keçirilmişdir. Xəzər rayonu, Buzovna qəsəbəsi, 861 nömrəli sahədə fərdi evin tikintisi üçün ayrılmış torpaq sahəsindən “Azərsu" ASC-yə məxsus su və kanalizasiya xətləri keçmir.

5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd edilmişdir ki, torpaq sahəsi mişar daşı ilə hasara alınıb, yaşayış ev və həyət tikilisi mövcuddur, torpaq sahəsinin cənub tərəfindən d=400.0 mm-lik su borusu keçir. Torpağın hüquqmüəyyənedici sənəd üzrə sahəsi 1200 kv.m., faktiki isə 1325 kv.m təşkil edir.

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək, Əzizbəyov rayon X5 İcraiyyə Komitəsinin “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” 13 nömrəli xx.xx.1991-ci il tarixli qərarına əsasən iddiaçıya Buzovna qəsəbəsində 861 nömrəli sahədə fərdi ev tikmək üçün ayrılmış 1200 kv.m torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququnun qeydiyyata alınmaqla, plan ölçünün tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

7. Məhkəmənin qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əzizbəyov rayon X5 İcraiyyə Komitəsinin “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” 13 nömrəli xx.xx.1991-ci il tarixli qərarına əsasən iddiaçıya Buzovna qəsəbəsində 861 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi ayrılan vaxtdan mübahisəsiz və fasiləsiz olaraq iddiaçının sahibliyində və istifadəsindədir. İddiaçıya ayrılmış torpaq sahəsindən təyinatı üzrə istifadə edərək, orada fərdi yaşayış evi tikdirmiş və ailə üzvləriylə birlikdə həmin evdə yaşayır. Həmin torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin xx.xx.2019-cu il tarixli məktubla müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, «elektron kadastr məlumatına əsasən ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir və torpaq sahəsinin yaxınlığından diametri 400.0 mmlik su borusu keçir. Həmçinin bildiririk ki, əlavə 125 kv.m torpaq sahəsi istifadə edilməkdədir və yerləşmə cizgisindəki qəsəbə nümayəndəsinin imzası surətdir. Bu səbəblərdən ərizənizin icrası mümkün olmamışdır». Bundan sonra iddiaçı adıçəkilən torpaq sahəsində su və kanalizasiya xətlərinin mövcudluğu barədə "xxxx" ASC-yə müraciət etmişdir. "xxxx" ASC tərəfindən xx.xx.2019-cu il tarixli məktubla müraciətinə cavab olaraq Xəzər rayonu, Buzovna qəsəbəsi, 861 nömrəli sahədə fərdi evin tikintisi üçün ayrılmış torpaq sahəsindən "xxxx" ASC-nə məxsus su və kanalizasiya xətlərinin keçmədiyi bildirilmişdir. Bundan sonra iddiaçı təkrarən adıçəkilən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin xx.xx.2024-cü il tarixli məktubla müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, «elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Həmçinin göstərilən ərazi daxilində ləğv edilmiş və işlək neft quyularının baza məlumatı mövcuddur». Hesab edir ki, cavabdeh orqanın imtinası əsassızdır. Belə ki, ona ayrılmış torpaq sahəsinin yaxınlığında yerləşən torpaq sahələrinin istifadəçilərinə (bəziləri hasar qonşularıdır) daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. Belə olan halda ona ayrılmış torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməsi əsası ilə müraciətinin təmin edilməməsi əsassızdır. Cavabdeh iddiaçıya ünvanlandığı imtina məktubunda qeyd etmişdir ki, ərizənin icrası zamanı yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) sorğu göndərilmiş, həmin sorğuya cavab olaraq 14-2/2-4744/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi 400 saylı ləğv olunmuş neftqaz quyusunun 65 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Qeyd olunanlar nəzərə alınaraq, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasına etiraz edilir.

9. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Həmçinin göstərilən sahədən 86 metr məsafədə ləğv edilmiş və 95 metr məsafədə işlək neft quyularının baza məlumatı mövcuddur. Bundan əlavə idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin cənub tərəfindən 400 mm-lik su borusunun keçdiyi məlum olmuşdur. Qeyd olunanları nəzərə alaraq cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Üçüncü şəxs iddiaya etiraz edir və bildirir ki, İddiaçı iddia etdiyi torpaq sahəsinin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) daimi istifadəsində olan ərazilərin hüdudları daxilində olub-olmadığına dair məlumat verilməsi barədə məhkəmə iclası zamanı təqdim edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktının qoşmasında olan koordinatlar əsasında müvafiq araşdırma aparılmışdır. Həmin koordinatların WGS 84/UTM zona 39N koordinat sistemində yoxlanılması nəticəsində müəyyən olunmuşdur ki, X Y 421153.3789 4485424.2734 421168.0303 4485422.7062 421162.8826 4485369.1757 421139.1500 4485370.0846 421142.3806 4485412.9630 421152.6244 4485412.2022 koordinatlarında olan sözügedən 1201 kv.m. torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşir. Həmçinin müəyyən olunmuşdur ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi “X6” MMC-nin balansında olan mancanaq dəzgahı ilə istismar olunan 1322 saylı işlək neft-qaz quyusunun 97 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Bu səbəbdən, həmçinin qanunvericiliyin aşağıda göstərilən tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız neft-qaz əməliyyatlarının aparılması üçün istifadə oluna bilər. Yuxarıda göstərilənləri əsas gətirərək, iddiaçının cavabdehə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2803/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

12. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsi qeyd olunan faktiki hallara hüquqi qiymət verməmiş və tam araşdırma aparmamışdır.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

15. Məhkəmədə iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi haqqında birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanması, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarı ilə razılaşdıqlarını bildirmiş, 3-cü şəxsin nümayəndəsi isə apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

20. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-cü maddələrinə əsasən)

22. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 16-18-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

23. Belə ki, hazırkı işin hallarından görünür ki, iddiaçı Buzovna qəsəbəsində 861 nömrəli sahədə fərdi ev tikmək üçün ayrılmış 1200 kv.m torpaq sahəsinə hüququnun qeydə alınmasını tələb edir.

24. Cavabdeh orqan isə qeyd edilən torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşdiyini, torpaq sahəsinin cənub tərəfindən 400 mm-lik su borusunun keçdiyini bildirərək, iddia ərizəsini təmin etməkdən imtina etmişdir.

25. İşin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən müvafiq qurumlara sorğular verilmişdir.

26. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 15 aprel 2025-ci il tarixli məktubundan görünür ki, sözügedən 1201 m2 torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın (“Azneft” İstehsalat Birliyinin) daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşir. Həmçinin müəyyən olunmuşdur ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi “X6” MMC-nin balansında olan və 1989-cu ildə istismara verilən, mancanaq dəzgahı ilə istismar olunan 1322 saylı işlək neft-qaz quyusunun 97 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Əlavə olaraq qeyd edirik ki, 1322 saylı işlək neft-qaz quyusunun yerləşdiyi ərazi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində olmuş, daha sonra neft-qaz əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikasının 05 aprel 2022-ci il tarixli 501-VİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi haqqında” Risk Xidmət Sazişinə əsasən, “X6” MMC-nin istifadəsinə verilmiş kontrakt sahəsinə daxil edilmişdir. Bu səbəbdən, həmçinin qanunvericiliyin aşağıda göstərilən tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız neft-qaz əməliyyatlarının aparılması üçün istifadə oluna bilər.

27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli 113 nömrəli Fərmanına əsasən Qanunun 8.0.1-ci maddəsində müəyyən edilmiş "icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirir.

29. Qanunvericiliyin tələbinə əsasən kollegiya qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsaslar müəyyən edilməli, yerli icra hakimiyyəti orqanlarının aktları bu əsaslardan birinə aid edilməlidir. Göründüyü kimi, iddiaçı bu əsası – Bakı şəhər keçmiş Əzizbəyov rayon X7 İcraiyyə Komitəsinin “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” 13 nömrəli xx.xx.1991-ci il tarixli qərarını cavabdehə təqdim etmişdir.

30. Həmin qərardan görünür ki, sözügedən torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil, torpaqayırma sənədi ilə (Əzizbəyov rayon XDS İK-nin 13 nömrəli xx.xx.1991-ci il tarixli) 1200 kv.m. sahədən ibarət 861 nömrəli torpaq sahəsi iddiaçıya ayrılmış, həmin sahədə yerləşən 1200 kv.m torpaq sahəsinin cizgisi Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Həmin qərar ləğv edilməmiş, etibarsız sayılmamış və cavabdeh orqanın özü də həmin sənədlərin həqiqiliyini şübhə altına almamış, sənədlərin mötəbərliyini mübahisələndirməmişdir.

31. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində mübahisələndirilən torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazi olmasına münasibətdə məhkəmə kollegiyası bildirir ki, cavabdeh orqan vahid elektron kadastr baza məlumatlarına əsasən mübahisələndirilən sahənin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (”X6” MMC) kontrakt ərazisi olduğunu bildirsə də, iddiaçının torpaq sahəsi üzərində gözlənti hüququnun olmasına əsas ola bilməz. Nəzərə alınmalıdır ki, qeyd olunan ərazi vətəndaşlara fərdi yaşayış evinin inşası üçün nəzərdə tutulması və həmin torpaq sahələri üzərində fərdi yaşayış evlərinin inşasına icazə verilməsi səbəbindən həmin vətəndaşlar fərdi yaşayış evlərinin torpaq sahələrinin mülkiyyətçiləri hesab olunurlar.

32. Eyni zamanda, işdə olan torpaq sahəsinin təqdim olunmuş cizgisindən məlum olur ki, sahənin bir tərəfi məhəllə daxili yola sərhəddir, digər üç tərəfi qonşu torpaq sahələri ilə həmsərhəddir. Qeyd edilən torpaq sahəsi Dövlət Neft Şirkətinin torpağı olduğu halda belə, qonşuluqda yerləşən torpaq sahələri yaşayış məntəqə torpaqlarına aid edilmiş və ayrı-ayrı şəxslərə ayrılmış torpaq sahələrinə dair çıxarışlar verilmişdir.

33. Ədalətli məhkəmə araşdırılmasının aparılması məqsədi ilə məhkəmə kollegiyası tərəfindən qeyd edilən əraziyə baxış keçirilmiş və iddiaçının üzərində mülkiyyət hüququnun qeydə alınması tələb etdiyi torpaq sahəsinin hava məsafəsi ilə 97 metrlik məsafədə işlək neft quyusunun yerləşməsi, lakin iddiaçının sahibliyində olan torpaq sahəsinə qədər qəsəbə daxili yolun və fərdi yaşayış evlərinin mövcud olması müəyyən edilmişdir. Qeyd olunan fərdi yaşayış evlərinin işlək vəziyyətdə olan neft quyusuna daha yaxın məsafədə olmasına, o cümlədən fərdi yaşayış evlərinin qarşısından su borusunun olmasına baxmayaraq üzərində cavabdeh təşkilat tərəfindən mülkiyyət hüququ dövlət reyesterində qeydiyyata alınmışdır.

34. Bakı Apellyasiya Məhkəməsinin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyester publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin cavab məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin evin altında yerləşən 0.11623 ha yaşayış məntəqələri torpaqlarına aid torpaq sahəsinin üzərində X2 mülkiyyət hüququ eydə alınmışdır.

35. Məhkəmə tərəfindən yerli baxış keçirilərkən müəyyən edilmişdir ki, S.Səlimovanın mülkiyyətində olan fərdi yaşayış evinin və fərdi yaşayış evinin altında olan torpaq sahəsinin İddiaçı sahibliyində olan torpaq sahəsindən işlək vəziyyətdə olan neft quyusundan daha yaxın məsafədə yerləşməsinə baxmayaraq həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydə alınmışdır.

36. Digər tərəfdən oda nəzərə alınmalıdır ki, 3-cü şəxs X8 hazırki iddia tələbinin təmin edilməməsi ilə bağlı gətirdiyi arqument ilə məhkəmə kolleqiyası razılaşmır. Belə ki, daşınmaz əmlakın üzərində mülkiyyət hüququnun qeydə alınıb alınmaması gələcəkdə yarana biləcək hadisənin qarşısının alınması üçün əsas ola bilməz və həmin ərazinin təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi səbəbindən köçürülməsi zamanı daşınmaz əmlaka veriləcək kompensasiya məbləğinə təsir edə bilməz. Başqa sözlə desək daşınmaz əmlakın üzərində hüquqların dövlət reyesterində qeydə alınması baş verə biləcək təhlükənin qarşısının alınmasına əsas ola bilməz. Yəni təhlükə olacağı zaman dövlət reyesterində üzərində hüquqların qeydə alınıb alınmamasından asılı olmayaraq ziyanın dəyəcəyi istisna deyil.

37. Cavabdehin torpaq sahəsinin cənub tərəfindən 400 mm-lik su borusunun keçməsi digər dəilinə münasibətdə kollegiya qeyd edir ki, “Azərsu" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən Xəzər rayonu, Buzovna qəsəbəsi, 861 nömrəli sahədə fərdi evin tikintisi üçün ayrılmış torpaq sahəsindən “Azərsu" ASC-yə məxsus su və kanalizasiya xətləri keçmir. Bu isə ona dəlalət edir ki, məhkəmə baxışı zamanı qonşu fərdi yaşayış evinin qarşısında olan su borusunun mühafizə zolağı iddiaçının sahibliyində olan torpaq sahəsinin ərazisinə düşmür.

38. Nəzərə alınmalıdır ki, bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə təcrübəsini formalşdıran xx.xx.2023-cü il tarixli 2-1(102)-1842/2023 qərarında (31-ci bənd) göstərilmişdir ki, “etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır”. (32ci bənd) “İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır”

39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

40. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

41. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2803/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2803/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar