Məhkəmə qərarları › İş №2-1(103)-1997/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1997/2021

12.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1997/2021 12.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltan Həmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 06.05.2021-ci il tarixli, 2-1(112)-1453/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 14 sentyabr 2014cü il tarixdə 60 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək hazıradək fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 03.02.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, onun 30 noyabr 2015-ci il tarixdə 61 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 06.05.2021-ci il tarixli, 2-1(112)-1453/2021 saylı qərarı ilə İddia qismən təmin edilmiş, İddiaçı 30 noyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ilkin müraciət tarixindən (15.02.2020) geriyə 3 il üzrə yəni, 15.02.2017-ci il tarixindən pensiya məbləğinin 15.03.2018-ci il tarixdən yaşa görə aldığı əmək pensiyası məbləği nəzərə alınmaqla hesablanıb ona ödənilməsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 06.05.2021-ci il tarixli, 2-1(112)-1453/2021 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının idarəyə təqdim etdiyi 11 may 1976-cı il tarixli ЭТ-1 ******* nömrəli əmək kitabçasında qeyd olunanlara əsasən 30.03.2011-24.06.2015-ci il tarixləri arasındakı dövr ərzində “H.Z.Tağıyev” adına Neft və Qazçıxarma İdarəsində Neftin kompleks hazırlanması və nəqli sahəsində işlədiyi nasos qurğularının maşinisti vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi iş materiallarına uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 06.05.2021ci il tarixli, 2-1(112)-1453/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə birinci instansiyanın qərarından cavabdehin verdiyi apellyasiya şikayəti iddianın təmin olunmuş hissəsində ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini iddianın həmin hissəsində yoxlayır. İş materiallarına əlavə edilmiş: - AZE 0******* saylı şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1954-cü il təvəllüdlüdür, ünvan 1 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən İddiaçı ünvanladığı güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında 28 aprel 2020-ci il tarixli № **********7 saylı məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. İddiaçının İdarəyə təqdim etdiyi 11 may 1976-cı il tarixli ЭТ-1 ******* nömrəli əmək kitabçasında qeyd olunanlara əsasən 30.03.2011-24.06.2015-ci il tarixləri arasındakı dövr ərzində “H.Z.Tağıyev” adına Neft və Qazçıxarma İdarəsində Neftin kompleks hazırlanması və nəqli sahəsində işlədiyi nasos qurğularının maşinisti vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ərizəsində qeyd etdiyi əsaslarla yenidən hesablanması mümkün hesab edilmir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Pirallahı rayon şöbəsi tərəfindən İddiaçı ünvanladığı 30.12.2019-cu il tarixli № **********9 saylı məktubundan görünür ki, iddiaçıya 15.03.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur və hal-hazırda 251,02 manat pensiya alır. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olduğu halda Xüsusi şərtlərlə təyinat İdarəsinə müraciət etməyi tövsiyə olunmuşdur. - Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi H.Z.Tağıyev adına Neft və qazçıxarma idarəsi tərəfindən İddiaçı ünvanladığı arayışdan görünür ki, o, həqiqətən H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsində Neftin və suyun kompleks hazırlanması və nəqli sexində 02.06.2003-cü il tarixdən 30.03.2011-ci il tarixədək təmirçi-çilingər peşəsində işləyib. «Əmək şəraiti üzrə iş yerinin attestasiya xəritəsi»nə əsasən Neftin və suyun kompleks hazırlanması və nəqli sexində «təmirçi-çilingər» peşəsinin iş yerində zərərlik amillərinin dərəcələri üzrə təyin olunmuş ballara əsasən əmək haqqının hesablanmasında zərərli əmək şəraitində işlədiyinə görə onun tarif maaşına 1,08 (səkkiz faiz) artım əmsalı tətbiq edilmişdir. Neftin və suyun kompleks hazırlanması və nəqli sexində 30.03.2011-ci il tarixdən 09.04.2014-cü il tarixədək və Neftin kompleks hazırlanması və nəqli sahəsində 09.04.2014-cü il tarixdən 24.06.2015-ci il tarixədək «nasos qurğularının maşinisti» — peşəsində işləyib. «Əmək şəraiti üzrə iş yerinin attestasiya xəritəsi»nə əsasən Neftin və suyun kompleks hazırlanması və nəqli sexində «nasos qurğularının maşinisti» peşəsinin iş yerində zərərlik amillərinin dərəcələri üzrə təyin olunmuş ballara əsasən əmək haqqının hesablanmasında zərərli əmək şəraitində işlədiyinə görə onun tarif maaşına 1,08 (səkkiz faiz) artım əmsalı tətbiq edilmişdir. - Məhkəmə sorğusuna cavab olaraq, H.Z.Tağıyev adına NQÇİ tərəfindən 26.10.2020ci il tarixdə daxil olmuş məktubda qeyd edilmişdir ki, NQÇİ-nin keçmiş işçisi İddiaçı işlədiyi nasos qurğusunun maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq etdiyi «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»nın Xİİ «Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı» bölməsinin 2-ci «Neft və qaz kondensatının hasilatı yarımbölməsində nəzərdə tutulmamışdır. Lakin nasos qurğularının maşinistinin icra etdiyi işlər 2 №-li siyahının həmin bölmə və yarım bölməsində nəzərdə tutulan texnoloji nasosların maşinisti (kod: 20130200a-14259) peşəsinin icra etdiyi işlərlə oxşardır. Belə ki, nasos qurğularının maşinisti neft, su və digər qarışıq mayelərin vurulmasında nasos qurğularına xidmət edir. Texnoloji nasosların maşinisti isə neftin, neft məhsullarının və başqa özlü mayelərin hazırlanması və vurulmasında nasos qurğularına xidmət edir. İddiaçı işlədiyi Neftin kompleks hazırlanması və nəqli sahəsinin Neftin yığılması, hazırlanması və nəqli xidmət sahəsində nasos qurğusunun maşinisti quyudan hasil olunan qarışıq mayedən müxtəlif texnoloji proseslər aparmaqla əmtəə neftinin (neft xammalının) hazırlanması işlərində neft, su və digər qarışıq mayelərin vurulmasında nasos qurğularına xidmət etmişdir. Yəni əmtəə neftinin hazırlanması texnoloji prosesində nasos qurğularına xidmət etmişdir. Azərbaycan Respublikası neft sənayesi sahəsinə aid olan fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçası hissə 36-ya (Bölmə: Neft və neft məhsullarının, qazın, şistin, kömürün emalı və magistral boru kəmərlərinə xidmət) əsasən texnoloji nasosların maşinisti peşəsinin əsas icra etdiyi işlər neft və qaz emalı müəssisələrində, magistral neft kəmərlərində və ötürücü neft bazalarında neftin, neft məhsullarının və başqa özlü mayelərin hazırlanması və vurulması üçün olan nasoslara xidmət etməkdir. - Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi H.Z.Tağıyev adına Neft və qazçıxarma idarəsi tərəfindən İddiaçı ünvanlanmış 08 aprel 2021ci il tarixli arayışdan görünür ki, xx.xx.1954-cü il təvəllüdlü İddiaçı H.Z.Tağıyev adına Neft və Qazçıxarma idarəsində Neftin və suyun kompleks hazırlanması və nəqli sexində 02.06.2003cü il tarixdən 30.03.2011-ci il tarixədək texnoloji qurğuların təmirində «təmirçi çilingər», həmin sexdə 30.03.2011-ci il tarixdən 01.01.2012-ci il tarixədək, Neftin kompleks hazırlanması və nəqli sexində 01.01.2012- cı il tarixdən 09.04.2014-cü il tarixədək, Neftin kompleks hazırlanması və nəqli sahəsində 09.04.2014-cü il tarixdən 24.06.2015-ci il tarixədək texnoloji proseslərin aparılmasında «nasos qurğularının maşinisti», həmin sahəsində 24.06.2015-cı il tarixdən 12.04.2018-ci il tarixədək «susuzlaşdırma və duzsuzlaşdırma qurğusunun operatoru» peşəsində işləyib və bu peşələrdə işlədiyi müddət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci ıl tarixli 12 №-li qərarı ilə təsdiq etdiyi «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 10-cu «Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı» bölməsinin 10.2-ci «Neft və qaz kondensatının hasilatı» yarımbölməsinin «a» (fəhlələr) bəndinə əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hüququ verən güzəştli əmək (sığorta) stajı sayılır. İşdə olan iddiaçının ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı: - 06.05.1976-ci il tarixdən 26.01.1984-cü il tarixədək 3-cü dərəcəli sürücü, 26.01.1984-cü il tarixdən 29.07.1993-cü il tarixədək 2-ci dərəcəli sürücü vəzifəsində işləmiş, 23.02.2002-ci ildən 14.05.2002-ci ilədək “Zəka” Müstəqil Kiçik müəssisəsində təchizatçı vəzifəsində işləmiş, 02.06.2003-cü ildən H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsində Neftin və suyun kompleks hazırlanması və nəqli sexində 4-cü dərəcəli təmirçi çilingər vəzifəsində işləmiş, 30.03.2011-ci il tarixdən nasos qurğularının maşinisti peşəsində, 24.06.2015-ci ildən 12.04.2018-ci il tarixədək susuzlaşdırma və duzlaşdırma qurğusunun operatoru peşəsində işləmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsini, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsini tətbiq etməklə belə qərara gəlmişdir ki, İddiaçı iddiası qismən təmin edilməli, iddiaçıya pensiya hüququ yarandığı 30 noyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ilkin müraciət tarixindən (15.02.2020) geriyə 3 il üzrə yəni, 15.02.2017-cı il tarixindən pensiya məbləğinin 15.03.2018-ci il tarixdən yaşa görə aldığı əmək pensiyası məbləği nəzərə alınmaqla hesablanıb ona ödənilməsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd etmişdir ki, Məhkəmə nasos qurğularının maşinisti peşəsinin əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hüququ verən güzəştli peşə sayılıb sayılmaması ilə bağlı araşdırma aparmaq məqsədilə işəgötürənə müvafiq sorğular ünvanlamışdır. Sorğuya cavab məktubundan aydın olur ki, nasos qurğularının maşinistinin icra etdiyi işlər texnoloji nasosların maşinisti peşəsinin icra etdiyi işlərlə oxşardır. İddiaçı işlədiyi Neftin kompleks hazırlanması və nəqli sahəsinin Neftin yığılması, hazırlanması və nəqli xidmət sahəsində nasos qurğusunun maşinisti quyudan hasil olunan qarışıq mayedən müxtəlif texnoloji proseslər aparmaqla əmtəə neftinin (neft xammalının) hazırlanması işlərində neft, su və digər qarışıq mayelərin vurulmasında nasos qurğularına xidmət etmişdir. Yəni əmtəə neftinin hazırlanması texnoloji prosesində nasos qurğularına xidmət etmişdir. Həmçinin, nasos qurğularının maşinisti və texnoloji nasosların maşinisti peşəsinin xüsusiyyətləri barədə məlumat sorğuya cavab məktubuna əlavə edilmişdir. Göründüyü kimi, nasos qurğularının maşinisti neft, su və digər qarışıq mayelərin vurulmasında nasos qurğularına xidmət edir. Texnoloji nasosların maşinisti isə neftin, neft məhsullarının və başqa özlü mayelərin hazırlanması və vurulmasında nasos qurğularına xidmət edir. Həmçinin, “Azneft” İB H.Z.Tağıyev adına NQÇİ-nin 24 oktyabr 2019-cu il tarixli arayışından görünür ki, «Əmək şəraiti üzrə iş yerinin attestasiya xəritəsi»nə əsasən Neftin və suyun kompleks hazırlanması və nəqli sexində «nasos qurğularının maşinisti» peşəsinin iş yerində zərərlik amillərinin dərəcələri üzrə təyin olunmuş ballara əsasən əmək haqqının hesablanmasında zərərli əmək şəraitində işlədiyinə görə onun tarif maaşına 1,08 (səkkiz faiz) artım əmsalı tətbiq edilmişdir. Eyni zamanda iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə ilk dəfə 15.02.2020-ci il tarixdə (iş materiallarında olan poçt qəbzinə əsasən) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Belə olan halda iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün yəni 15.02.2017-ci il tarixdən pensiya məbləği hesablanaraq ödənilməlidir. Bundan əlavə, Məhkəmə qeyd edir ki, iddiaçı 15.03.2018-ci il tarixdən yaşa görə əmək pensiyası aldığından fərq məbləği hesablanan zamanı bu hal nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinin 08.04.2021-ci itarixli arayışına əsasən iddiaçının qeyd olunan peşələrdə işlədiyi müddət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq etdiyi «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 10-cu «Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı» bölməsinin 10.2-ci «Neft və qaz kondensatının hasilatı» yarımbölməsinin «a» (fəhlələr) bəndinə əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hüququ verən güzəştli əmək (sığorta) stajı sayılır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ yaranması üçün 12 il 6 ay zərərli iş stajı 30.11.2015-ci il tarixdə tamam olmuşdur. Ona görə də iddiaçıya həmin tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin olunmalıdır. İddiaçı 15.02.2020-ci il tarixdə cavabdehə müraciət etdiyindən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsasən 15.02.2017-ci il tarixdən yaranmış fərq hesablanaraq ona ödənilməlidir. Eyni zamanda iddiaçı 15.03.2018-ci il tarixdən yaşa görə əmək pensiyası aldığından qeyd olunan hal nəzərə alınmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 06.05.2021-ci il tarixli, 2-1(112)-1453/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azər Hüseynov Hakimlər: Səadət Bəktaşi Vidadi Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar