Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1997/2023 04.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “artıq ödənilmiş sosial müavinətin məbləğinin tutulması haqqında qərarın ləğv edilməsi və sosial müavinətin bərpa edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11631/2022 saylı, 21 dekabr 2022-ci il il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız hesablanmış 4315,42 manat pulun silinməsi və ona 57 yaşdan sosial müavinətin verilməsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia tələbinin “cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “artıq ödənilmiş sosial müavinətin məbləğinin tutulması haqqında” qərarın ləğv edilməsi və sosial müavinətin dayandırılması qanunsuz hesab edilməklə ödənişin dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” şəklində qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh orqan tərəfindən ona xx.xx.2019cu il tarixindən 3 və daha çox uşağı doğub 8 yaşınadək tərbiyə etməsi ilə əlaqədar 57 yaşdan sosial müavinət təyin edilmişdir. 2013-cü ildə bankdan kredit götürmək məqsədilə öz adına VÖEN açdırmış, lakin heç bir fəaliyyət göstərməmişdir. 2022-ci ildən başlayaraq sosial müavinət cavabdeh tərəfindən dayandırılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********750600 nömrəli arayışına əsasən o, xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək aktiv vergi ödəyicisi kimi (VÖEN **********) qeydiyyatda olmuşdur. O, həmin VÖEN əsasında heç bir fəaliyyət göstərməmiş və gəlir əldə etməmişdir. Buna görə də hesab edir ki, cavabdeh tərəfindən sosial müavinətin dayandırılması və ödənilmiş müavinətin ondan geri tələb edilməsi qanunsuz və əsassızdır. Cavabdeh tərəfindən iddiaya verilən etirazda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Qadınların pensiya yaş həddi 62 yaş 6 ay müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2019-cu il tarixli “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliyə əsasən 1.0.2-ci maddəsindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarıldığı üçün xx.xx.2020-ci il tarixindən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmamışdır. İddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etdiyi xx.xx.2022-ci il tarixdə qüvvədə olan qanunvericiliyə əsasən qadınlara yaşa görə sosial müavinətin təyin edilməsi üçün tələb edilən yaş həddi 62 yaş 6 ay müəyyən edildiyindən ona yaşa görə sosial müavinətin ödənilməsi mümkün hesab edilmir. Eyni zamanda, Bakı şəhəri X6 üzrə Baş İdarəsindən vergi uçotunun dayandırılması haqqında rəsmi arayış təqdim edilməsinə baxmayaraq, iddiaçı 5 və daha çox uşaq doğub səkkiz yaşınadək tərbiyə etmədiyindən ona yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Yuxarıda qeyd olunanlara əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11631/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qərarı ilə (hakim S.Salahova) iddia təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, 2917 nömrəli “Artıq ödənilmiş sosial müavinətin məbləğinin tutulması haqqında” qərarının ləğv edilməsi, İddiaçı ödənilən sosial müavinətin dayandırılması qanunsuz hesab edilməklə, sosial müavinətin ödənilməsinin dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza və apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11631/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qərarının ləğv edilib, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işin araşdırılmış hallarından görünür ki, İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. İddiaçının xx.xx.1962-ci il tarixdə doğulduğu və «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun (xx.xx.2020-ci ilədək olan redaksiyası) tələblərinə əsasən 3 və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etməsi nəzərə alındıqda, onun 57 yaşının tamam olduğu vaxtdan - xx.xx.2019-cu il tarixdən, «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, yaşa görə müavinət almaq hüququ vardır. İddiaçı ona yaşa görə müavinətin təyin edilməsi üçün cavabdehə müraciət etmiş, ona xx.xx.2019-cu il tarixdən ömürlük yaşa görə 73,00 manat məbləğində sosial müavinət təyin olunmuş, lakin xx.xx.2022-ci il tarixli, 2917 nömrəli qərarla İddiaçı xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək aktiv vergi ödəyicisi olduğu halda (VÖEN **********) ona sosial müavinətin təyin edilərək ödənilməsinin qanunvericiliyin tələblərinə uyğun olmadığına istinad edilərək xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək artıq ödənilmiş 4315,42 manatın tələb olunaraq tələbkar Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilməsi qərara alınmışdır. Belə ki, Baki şəhər Binəqədi Rayonu İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, iddiaçı oğlu X5 (1992), qızı X4 (1991) və oğlu X3 (1999) 8 yaşınadək böyüdüb tərbiyə etmişdir. İş materiallarından görünür ki, İddiaçı xx.xx.2019- cu il tarixdə ərizə ilə Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət edərək ona yaşa görə müavinətin təyin edilməsini xahiş etmişdir. Sosial müavinətin təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.2019-cu il tarixli, 140 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən ömürlük yaşa görə 73,00 manat məbləğində sosial müavinət təyin olunmuşdur. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının artıq ödənilmiş sosial müavinətin məbləğinin tutulması haqqında xx.xx.2022-ci il tarixli, 2917 nömrəli qərarından görünür ki, xx.xx.1962-ci il tarixində Biləsuvar rayonunda anadan olmuş, ünvan 1 ünvanında yaşayan borclu İddiaçı xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək artıq ödənilmiş 4315,42 manatın tələb olunaraq tələbkar Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilməsi qərara alınmışdır. Qərar onunla əsaslandırılmışdır ki, Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2021-ci il tarixli **********1 nömrəli məktubuna əsasən İddiaçı xx.xx.2019-cu il tarixindən xx.xx.2021ci il tarixinədək aktiv vergi ödəyicisi olduğu halda (VÖEN **********) ona sosial müavinətin təyin edilərək ödənilməsinin qanunvericiliyin tələblərinə uyğun olmadığı aşkarlanmışdır. Bu səbəbdən vətəndaşa xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək ödənilmiş 4315,42 manat sosial müavinət artıq ödənilmiş məbləğ hesab edilmişdir. İddiaçı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsini və sosial müavinətin dayandırılmasının qanunsuz hesab edilməklə ödənişin dayandırıldığı vaxtdan bərpa edilməsini xahiş etmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2008ci il tarixdən vergi uçotuna alınmış, fəaliyyəti xx.xx.2008-ci il tarixdən xx.xx.2013-cü il tarixədək, xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək dayandırılmış, xx.xx.2018-ci il tarixdə vaxtı çatdığı üçün bərpa edilmiş, xx.xx.2021-ci il tarixdən xx.xx.2071-ci il tarixədək dayandırılmışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Digər fəaliyyət dövrləri üzrə fəaliyyətinin dayandırılması barədə müraciəti aşkar edilməmişdir. İşdən görünür ki, cavabdeh iddiaçının vergi ödəyicisi kimi fəaliyyətinin xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək aktiv olduğunu aşkar etdiyindən xx.xx.2021-ci il tarixdən etibarən ona təyin edilən sosial müavinət ödənişini dayandırmışdır. Daha sonra isə iddiaçıya xx.xx.2019-xx.xx.2021-ci il tarixlərdə ödənilən 4315,42 manat məbləğin geri qaytarılması barədə qərar qəbul etmişdir. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarıdır (xx.xx.2019-cu ilədək olan redaksiyası - 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları) - (xx.xx.2020-ci ilədək olan redaksiyası). Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 4.0.1.2-ci maddəsinə əsasən yaşa görə müavinət bu Qanunla təyin edilən aylıq müavinətlərdən biridir. Həmin Qanunun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadığı və işləmədiyi hallarda təyin edilir. Həmin Qanunun 11.1.2-ci maddəsinə əsasən yaşa görə müavinətin ödənişi şəxs əmək fəaliyyətinə başladığı halda dayandırılır. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.1. dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət – ömürlük. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili iddiaçının sosial müavinət hüququnun yarandığı tarixdə (xx.xx.2019) aktiv vergi ödəyicisi olduğundan, həmçinin xx.xx.2020-ci il tarixdən etibarən qanunda dəyişiklik edilərək “3 və daha çox uşaq” sözlərinin çıxarılmasından ibarətdir. Apellyasiya şikayətinin həmin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən Uçot baza məlumatlarına əsasən İddiaçı xx.xx.2008ci il tarixdən vergi uçotuna alınmış, fəaliyyəti xx.xx.2008-ci il tarixdən xx.xx.2013-cü il tarixədək, xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək dayandırılmış, xx.xx.2018-ci il tarixdə vaxtı çatdığı üçün bərpa edilmiş, xx.xx.2021-ci il tarixdən xx.xx.2071-ci il tarixədək dayandırılmışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Bundan başqa “Sosial müavinətlər haqqında” Qanunun 12-ci maddəsinə əsasən: - maddə 12.1. Bu Qanunun 11-ci maddəsində göstərilən müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur. - maddə 12.2. Müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Qanunverici şəxs əmək fəaliyyətinə başladıqda ona təyin edilən yaşa görə müavinətin dayandırılmasını nəzərdə tutsa da, eyni zamanda müəyyən edir ki, artıq ödəniş olmuşsa, həmin vəsait geri qaytarılır, geri qaytarmaqdan imtina olunduqda isə yaranmış mübahisəyə məhkəmə qaydasında baxılır. Lakin işin yuxarıda istinad olunan hallarına əsasən müəyyən edilir ki, cavabdeh iddiaçıya 4315,42 manat məbləğində artıq müavinət ödənişi edildiyini aşkar etsə də, həmin məbləğin qaytarılması ilə bağlı iddiaçının razılığının olub-olmamasını araşdırmamış, iddiaçının razılığını almamış artıq ödənilmiş müavinətin tam formada tutulması barədə qərar qəbul etmişdir. Halbuki, cavabdeh həmin məbləğin tutulması üçün birincisi, iddiaçının razılığını almalı, ikincisi, bu razılıq əsasında tutma barədə qərar qəbul etməli idi. İşdən görünür ki, iddiaçının artıq ödənilmiş məbləğin ondan tutulmasına razılığı yoxdur və bu ödənişi qaytarmaqdan imtina edir. Belə olan halda aydındır ki, qanunvericiliyə əsasən həmin vəsaitin iddiaçıdan tutulması məsələsinə cavabdeh inzibati orqan deyil, məhkəmə baxmalıdır. “İnzibati icraat haqqında” Qanunun 81.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən oluna bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında oxşar məsələ ilə bağlı Konstitusiya Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir ki, “”İnzibatı icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz.” Konstitusiya Məhkəməsi Plenumunun bu mövqeyini hazırkı işə tətbiq edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, nə qədər ki, “Sosial müavinətlər haqqında” Qanunun 12.2-ci maddəsində artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edildikdə bu barədə mübahisənin həll edilməsi məhkəmənin səlahiyyətinə aid edilmiş, belə bir tutulmanın yalnız məhkəmə qərarı ilə həyata keçirilə biləcəyi müəyyən olunmuşdur, deməli, cavabdehin xx.xx.2022-ci il tarixli qərarı qanunsuz olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanunazidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, cavabdehin iddiaçı barəsində qəbul etdiyi xx.xx.2022-ci il tarixli 2917 nömrəli qərar qanunsuz əlverişsiz inzibati akt olduğundan ləğv olunmalıdır. İddiaçıya təyin edilmiş sosial müavinətin verilməsi xx.xx.2021-ci il tarixdə dayandırılsa da, ona ömürlük sosial müavinət ödənilməsi barədə Sosial müavinətin təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.2019-cu il tarixli, 140 nömrəli qərarı təmin tarixdə qüvvədə olmuşdur. Cavabdeh xx.xx.2019-cu il tarixli inzibati aktın hüquqi qüvvəsinin olmaması və ya etibarsız sayılması ilə bağlı məhkəməyə hər hansı bir dəlil təqdim etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.4-cü maddəsinə görə qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - maddə 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; - maddə 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. - maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. - maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. - maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Cavabdeh xx.xx.2019-cu il tarixli inzibati aktın qanunsuz sayılması barədə “İnzibati icraat haqqında” Qanunun yuxarıda bəhs edilən normalarına uyğun icraat aparmamaqla həmin aktın qanunsuz sayılmasına dair inzibati akt qəbul etmədiyindən xx.xx.2019-cu il tarixli akt ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtarana və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin qərar hüquqi qüvvəsini saxladığından və hüquqi cəhətdən etibarlı sayıldığından birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabehin iddiaçıya ödənilən sosial ödənişin dayandırılmasından ibarət hərəkəti qanunsuzdur. Buna görə də həmin ödəniş dayandırıldığı xx.xx.2019-cu il tarixdən bərpa edilməlidir. Bundan başqa, iddiaçının sosial müavinət almaq hüququ yarandığı tarixdən sonra qanunvericiliyin dəyişməsi iddiaçının hüquqlarının məhdudlaşdırılması (vəziyyətin pisləşdirilməsi) üçün əsas deyildir. Buna görə də cavabdeh inzibati orqanın apellyasiya şikayətinin qeyd olunan dəlili formal xarakterli olmaqla yanaşı, ağlabatan mühakiməyə də uyğun deyildir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-11631/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11631/2022 saylı, 21 dekabr 2022-ci il il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1997/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1997/2023
04.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver