Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1997/2024 19.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və X2 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinə (indiki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsi) qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1186/2024 nömrəli, 01 fevral 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli **********147200 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Nəriman Abıyev) 2-1(112)-1186/2024 nömrəli, 01 fevral 2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və ərizənin mümkün hesab edilərək mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsini tərəflərin dinlənilmə hüququnu təmin etməklə müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, elektron kabinet vəkilə məxsusdur. O, məhkəmənin qərardadını xx.xx.2024-cü ildə qəbzə imza etməklə məhkəmədən götürmüş və apellyasiya şikayətini vermişdir. O, müddəti ötürməmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinə baxılmasının mümkün hesab edilməsini və məhkəmə baxış iclasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, elektron kabinet ona məxsusdur. Məhkəmənin qərardadı onun elektron kabinetinə yüklənsə də, hesab edir ki, qərardad iddiaçının şəxsən özünə rəsmi qaydada təqdim edilməli və müddət həmin tarixdən hesablanmalıdır. Hazırki işdə iddiaçı qərardadı aldığı vaxtdan müddəti ötürmədən şikayət vermişdir. İddiaçı tərəfindən müddət ötürülməmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinə baxılmasının mümkün hesab edilməsini və məhkəmə baxış iclasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. İş materiallarından görünür ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil qərardadın surətini elektron kabinet vasitəsi ilə xx.xx.2024-ci il tarixdə rəsmi olaraq qəbul etmişdir, apellyasiya şikayətini isə xx.xx.2024-cü il tarixdə məhkəmənin elektron sistemi vasitəsi ilə vermişdir. Göründüyü kimi, qanunla müəyyən edilmiş qərardaddan şikayət vermə müddəti iddiaçı tərəfindən buraxılmışdır (14 gün). Apellyasiya şikayəti məhkəməyə daxil olduqdan sonra Bakı Apellyasiya Məhkəməsi tərəfindən iddiaçıya məktub göndərilərək qərardaddan apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə və sübutların məhkəməyə təqdim edilməsi bildirilsə də, iddiaçı tərəfindən ərizə və müddətin üzrlü səbəblərdən buraxılması barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Mübahisələndirilən məhkəmə qərardadının iddiaçı tərəfindən xx.xx.2024-cü ildə məhkəmə qəbzinə imza edilməklə qəbul edildiyi, qərardaddan şikayət vermə müddətinin həmin tarixdən hesablanmalı olduğu, bu səbəbdən də iddiaçı tərəfindən müddətin ötürülməməsi barədə iddiaçı tərəfin mövqeyinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qərardadı elektron kabinet vasitəsi ilə xx.xx.2024-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil rəsmi qaydada təqdim edilmişdir. Vəkil eyni zamanda iddiaçının etibarnamə üzrə nümayəndəsidir. Etibarnamə iş materiallarına əlavə edilmişdir (iş mat. səh. 58), etibarnamə xx.xx.2023-cü ildə verilmiş və xx.xx.2026-cı ilədək qüvvədədir, etibarnamənin əsli məhkəməyə təqdim edilmişdir, iddiaçı tərəfindən ona verilmiş etibarnamədə məhkəmə qərardadından şikayət vermə səlahiyyəti də nəzərdə tutulmuşdur və apellyasiya şikayəti etibarnamə üzrə nümayəndə və vəkil tərəfindən imzalanmışdır. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin qərardadı iddiaçıya həmin tarixdə rəsmi qaydada təqdim olunmuş hesab olunduğu üçün məhkəmənin qərardadından apellyasiya şikayəti verilməsi üçün müddət məhz həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür və apellyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir. Buna görə də iddiaçının qərardaddan verdiyi apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1186/2024 nömrəli, 01 fevral 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1997/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1997/2024
19.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver