Məhkəmə qərarları › İş №2-1(103)-1998/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1998/2021

30.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1998/2021 30.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Tağızadə Mirzə Nəsib oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə, İddiaçı Mamedovi Pakhradin (İddiaçı) cavabdeh AR ƏMDX yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarış, plan və ölçünün verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 06.05.2021-ci il tarixli, 2-1(112)-5422/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Bakı İnzibati məhkəməsinə müraciət edərək Bakı şəhər İcraiyyə Komitəsinin 01.04.1994-cü il tarixli 461 saylı sərəncamına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 6097a saylı bağ sahəsi üzərində hüquqların qeydə alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin bağ sahəsinə çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması tələbi irəli sürmüşdür. Məhkəmənin qərardadı ilə iddia tələbinin Bakı şəhəri Ləhiş bağ massivində yerləşən 6097a saylı bağ sahəsinin faktiki ölçüsü 831 kv.m. sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının qeydiyyata alınması, çıxarışın və plan və ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması kimi dəyişdirilməsi qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 06.05.2021-ci il tarixli, 2-1(112)-5422/2021 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 06.05.2021-ci il tarixli, 2-1(112)-5422/2021 saylı qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı əcnəbi (Gürcüstan vətəndaşı) olduğundan qanunvericiliyin tələblərinə əsasən sözügedən torpaq sahəsi üzərində onun mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alına bilməz. Bundan əlavə, müvafiq torpaq sahəsi sənəd üzrə 1200 kv.m qeyd edilsə də, faktiki olaraq 831 kv.m təşkil edir və müvafiq bağ sahəsinin azalmasına dair razılıq ərizəsi iddiaçı tərəfindən təqdim edilməmişdir. Həmçinin, bağ sahəsi Bilgəh-Kürdəxanı dairəvi avtomobil yolunun mühafizə zonasında yerləşir. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 06.05.2021-ci il tarixli, 2-1(112)-5422/2021 saylı qərarının ləğv olunması, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, Vəkil iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 06.05.2021-ci il tarixli, 2-1(112)-5422/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Azərbaycan SSR Bakı şəhər XDS-in İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İnkişafı və X4 bağlar sahəsindəki 113 №-li kooperativin 17 №-li orderinə əsasən Bakı şəhəri icraiyyə komitəsinin 01.04.1994-cü il tarixli 461 nömrəli qərarı ilə Ləhiş bağlar sahəsində 113 №-li BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 6097a №-li bağ İddiaçı ayrılmışdır. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş arxiv arayışına əsasən, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 461 №-li 01.04.1994-cü il tarixli Sərəncamına əsasən İddiaçı – Ləhiş BTK № 113 bağ 6097a saylı bağ sahəsi ayrılmışdır (Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1998-ci il 6/333 №-li və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 №-li qətnaməsinə əsasən; Əsas: Fond -478, siyahı-1, sax.vah-155). - “Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə”yə əsasən əcnəbinin Azərbaycan dilində soyadı və adı qrafasında: İddiaçı; ingilis dilində surname, given name qrafasında: Mamedov Phakhradin; doğulduğu yer və tarix Gürcüstan, 09.08.1957-ci il; vətəndaşlığı Gürcüstan qeyd edilmişdir. - Azərbaycan dilinə tərcümə edilərək notariat qaydasında təsdiq edilmiş doğum haqqında şəhadətnaməyə əsasən 09.08.1957-ci il təvəllüdlü Gürcüstanda doğulmuş İddiaçı atasının adı Agaməli Bahadur, anasının adı Hamzali Kimatdır. - Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinə əsasən iddiaçının şəxsi nömrəsi **********7 olmaqla adı Pakhradin, soyadı Mamedovi, Azərbaycan dilinə tərcümədə soyadı Məmmədov, adı Fəxriddin kimi tərcümə olunaraq notariat qaydasında təsdiq olunmuşdur. Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən verilmiş pasporta əsasən iddiaçının şəxsi nömrəsi **********7 olmaqla adı Pakhradin, soyadı Mamedovi, Azərbaycan dilinə tərcümədə soyadı Məmmədov, adı Fəxriddin kimi tərcümə olunaraq notariat qaydasında təsdiq olunmuşdur. - Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən, Ləhiş bağ massivi 6097a saylı bağ sahəsinin hüquq müəyyənedici sənəd üzrə sahəsi 1200 kv.m, faktiki sahəsi 831 kv.m. olmaqla 369 kv.m. azdır. Sözügedən bağ sahəsi yeni çəkilmiş yolun kənarında (5,0 m aralı məsafədə) yerləşir. - Azərbaycan Avtomobil yolları Dövlət Agentliyi tərəfindən yolun qorunma (mühafizə) zolagı barədə məktubuna əsasən, Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 113 №-li kooperativin 17 saylı orderi ilə Ləhiş bağ sahəsindəki İddiaçı Bakı şəhəri İcraiyyə Komitəsinin 01 aprel 1994-cü il tarixli 461 nömrəli sərəncamı ilə 0,12 ha torpaq sahəsi olan 6097a saylı bağ sahəsi Bilgəh-Kürdəxanı dairəvi avtomobil yolunun (Bilgəh-Pirşağı avtomobil yolu) qorunma (mühafizə) zolağına düşən hissəsinin olubolmaması barədə məlumat verilməsi ilə bağlı müraciətə aidiyyəti üzrə baxıldığı və “Avtomobil yollar haqqında” Azərbaycan Respublikasının Qanununun 15-1-ci maddəsinə əsasən (Avtomobil yollarının qorunma (mühafizə) zolaqları) yaşayış məntəqələrinin hüdudlarında yerləşən avtomobil yolları istisna olmaqla, ümumi istifadədə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən edildiyi bildirimişdir. Bu səbəbdən Bilgəh-Kürdəxanı dairəvi avtomobil yolu yaşayış məntəqəsindən keçdiyi üçün (Sabunçu rayonu) sözügedən torpaq sahəsinin (6097a saylı bağ sahəsi) yerləşdiyi ərazinə qorunma (mühafizə) zolağı nəzərə alınmır. - İddiaçı ilə X2 arasında bağlanmış ilkin alqı-satqı müqaviləsi notartiat qaydasında Bakı şəhəri 23 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən reyestrdə 3M-805 nömrə ilə qeyd olunaraq 01.05.2021-ci il tarixdə təsdiqlənmişdir. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, müqavilənin predmeti Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsindəki 6097a nömrəli bağ ünvanında yerləşən ümumi sahəsi 0,12 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün öhdəlikləridir. Müqavilənin 2.2-ci bəndinə əsasən, “Alıcı” əmlakın bu müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan qiymətini, yəni 20.000 (iyirmi min) manatını “Satıcıya” notariusun bankdan açılan depozit hesabı vasitəsilə ödəyir, “Satıcı” isə həmin pulu qəbul edib torpaq sahəsinə hüquqmüəyyənedici sənədləri (çıxarış, texniki pasport) aldıqdan sonra əsas alqı-satqı müqaviləsini rəsmiləşdirməyi öhdəsinə götürür. Birinci instansiya məhkəməsi işin hallarına Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48, 49-cu maddələrini, .“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsini, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsini, Azərnaycan Respublikasının Mülki Məcəlləsinin 402.1, 402.4-cü maddələrini, tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia təmin edilərək, Bakı şəhəri Ləhiş bağ massivində yerləşən 6097a saylı bağ sahəsinin faktiki ölçüsü 831 kv.m. sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının qeydiyyata alınması, çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, iş materiallarında olan sənədlər əsasında müəyyən olunmuşdur ki, iddiaçının istifadəsində olan torpaq sahəsi əvəzsiz olaraq ona ayrılmışdır. İddiaçı ilə Azərbaycan Respublikası vətəndaşı arasında torpağın alqı-satqısına dair əsas müqavilənin imzalanmasına dair razılaşma əldə edilərək ilkin müqavilə bağlanmışdır və torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı həyata keçirildikdən sonra özgəninkiləşdirilməsi razılaşdırılmışdır. İddiaçı cavabdehə müraciət edərək mübahisəli torpaq sahəsi üzərin hüquqların daşınmaz əmlakın dovlət reyesrtində qeydiyyata alınmasını xahiş etmişdir. Torpaq Məcəlləsinin 49-cu maddəsinin 4-cü bəndinə əsasən xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır. Göründüyü kimi, əvəzsiz olaraq ona ayrılmış torpaq sahəsinin 1 il müddətində özgəninkiləşdirilməsi şərtilə iddiaçının mülkiyyətinə verilməsi qanunvericiliyin tələblərinə uyğundur. Eyni zamanda birinci instansiya məhkəməsinin qərardadı ilə iddia tələbinin Bakı şəhəri Ləhiş bağ massivində yerləşən 6097a saylı bağ sahəsinin faktiki ölçüsü 831 kv.m sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının qeydiyyata alınması, çıxarışın və plan və ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması kimi dəyişdirilməsi qəbul edilmişdir. Ona görə də, apellyasiya şikayəti həmin hissədə də əsassızdır. Apellyasiya şikayətinin bağ sahəsinin Bilgəh-Kürdəxanı dairəvi avtomobil yolunun mühafizə zonasında yerləşməsi dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarında olan Azərbaycan Avtomobil yolları Dövlət Agentliyi tərəfindən yolun qorunma (mühafizə) zolagı barədə məktubuna əsasən müəyyən olunmuşdur ki, Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 113 №-li kooperativin 17 saylı orderi ilə Ləhiş bağ sahəsindəki İddiaçı Bakı şəhəri İcraiyyə Komitəsinin 01 aprel 1994-cü il tarixli 461 nömrəli sərəncamı ilə 0,12 ha torpaq sahəsi olan 6097a saylı bağ sahəsi Bilgəh-Kürdəxanı dairəvi avtomobil yolunun (Bilgəh-Pirşağı avtomobil yolu) qorunma (mühafizə) zolağına düşən hissəsinin olub-olmaması barədə məlumat verilməsi ilə bağlı müraciətə aidiyyəti üzrə baxıldığı və “Avtomobil yollar haqqında” Azərbaycan Respublikasının Qanununun 15-1-ci maddəsinə əsasən (Avtomobil yollarının qorunma (mühafizə) zolaqları) yaşayış məntəqələrinin hüdudlarında yerləşən avtomobil yolları istisna olmaqla, ümumi istifadədə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən edildiyi bildirimişdir. Bu səbəbdən Bilgəh- Kürdəxanı dairəvi avtomobil yolu yaşayış məntəqəsindən keçdiyi üçün (Sabunçu rayonu) sözügedən torpaq sahəsinin (6097a saylı bağ sahəsi) yerləşdiyi ərazinə qorunma (mühafizə) zolağı nəzərə alınmır. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh AR ƏMDX yanında DƏDRX-in 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 06.05.2021-ci il tarixli, 2-1(112)-5422/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar