Məhkəmə qərarları › İş №2-1(103)-1998/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1998/2024

30.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1998/2024 30.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X11 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X5 və X9 ibarət tərkibdə, X7-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1153/2024 saylı 25 yanvar 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 30 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Beynəlxalq Bankı Səbail filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 700 №-li ödəniş tapşırığının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı "xxxx" MMC-yə (ödənişin təyinatı Bakı şəhəri, Tərəqqi küçəsi, 2, M8, m2, A/s 4Ə-2712 xx.xx.2022) 73084 (yetmiş üç min səksən dörd) manat ödəmişdir. İddiaçı əldə etdiyi daşınmaz əmlakla bağlı ƏDV-nin bir hissəsinin geri qaytarılması barədə cavabdeh quruma müraciət etmişdir. Lakin Milli Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” **********194100 №-li, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılmasının təmin edilməməsi qərara alınmışdır. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müraciətinə gələn imtina qərarının ləğv edilməsini və ödədiyi əlavə dəyər vergisinin bir hissəsinin ona qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində nağdsız qaydada "xxxx" məhdud məsuliyyətli cəmiyyətindən mənzil almışdır. Həmin ərəfələrdə nağdsız qaydada alınmış yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılması mümkün deyildi. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın icrası ilə bağlı istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı MTK tərəfindən e-qaimələrin tərtib edilməsi və alıcılar tərəfindən müraciətlərin edilməsi üçün İnternet Vergi İdarəsində müvafiq portal yaradılmış və 21 noyabr 2022-ci il tarixdə istifadəyə verilsə də, qeyd olunan sayt mütəmadi xəta verdiyi üçün təqdim olunan sənədləri yükləmək mümkün olmamışdır. Vergi orqanına müraciət etdikdə oradan ona saytın işləmədiyi və evdən onlayn qaydada mütəmadi yoxlamağı məsləhət görülmüş və gecikmənin nəzərə alınacağı deyilmişdir. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə saytda olan nasazlığın nəzərə alınması ilə bağlı müraciət etmişdir. Eyni gündə sənədləri saytda təsdiqini tapmışdır. Lakin xx.xx.2023-cü il tarixdə ƏDV-nin geri alınması barədə etdiyi müraciətə imtina gəlmişdir. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə dair ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı xx.xx.2023-cü il tarixdə vergi orqanına müraciət etmişdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli elektron ərizəyə xx.xx.2022-ci il tarixli müqavilə və ödəniş sənədləri əlavə edilmişdir. İddiaçının vergi orqanına təqdim etdiyi xx.xx.2022-ci il tarixli güzəştli mənzilin alqı-satqı və ipoteka müqaviləsinə əsasən müəyyən etmək olur ki, alıcı İddiaçı tərəfindən yaşayış sahəsinin dəyəri satıcıya nağdsız qaydada tam şəkildə xx.xx.2022-ci il tarixdə ödənilmişdir. Göründüyü kimi, portalın xx.xx.2022-ci il tarixdən istifadəyə verildiyini nəzərə alaraq alıcı tərəfindən ödəniş xx.xx.2022-ci il tarixdə tam başa çatdırılmasına baxmayaraq, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə yaşayış sahəsinin alınması zamanı ödənilmiş ƏDV-nin nəzərdə tutulan hissəsinin qaytarılması ilə bağlı vergi orqanına müraciət edilməmiş, müddət ötürüldükdən sonra yəni, xx.xx.2023-cü il tarixdə müraciət edilmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin olunmaması xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: İş üzrə birinci instansiya məhkəməsinin qərardadı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi ilə əvəz olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1153/2024 saylı 25 yanvar 2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” **********194100 №-li, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin üzərinə İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsi üzrə ƏDV-nin qaytarılmasının təmin edilməsi barədə qərar qəbul olunması öhdəliyinin qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, İddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı xx.xx.2022-ci il tarixli müqavilə və xx.xx.2022-ci il tarixli ödəniş sənədləri əsasında xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixində qanunla nəzərdə tutulmuş müddəti ötürməklə vergi orqanına müraciət etmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən iş üzrə yekun qərar qəbul edərkən müddətlə bağlı aşağıda qeyd edilən müvafiq normanı nəzərə almamış, faktiki əsaslar olmadığı halda iddiaçı tərəfindən 90 günlük müddət axımının ondan asılı olmayan səbəblərə görə ötürüldüyü qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2022-ci il tarixli, 1693 nömrəli Fərmanı(bundan sonra- Fərman) ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasıŞərtləri və Qaydası”-nın (bundan sonra-Qaydalar) 5.1-ci maddəsinə əsasən, alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılmasıməqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və sənədləri skan edərək portala göndərir. Həmçinin, Qaydaların 5.3-cü maddəsində bir daha təkrarlanır ki, dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə 90 (doxsan) günlük müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. Birinci instansiya məhkəməsi qərarında bildirmişdir ki, portalın rəsmi qaydada xx.xx.2022-ci il tarixindən istifadəyə verilməsi ilə bağlı cavabdeh orqan tərəfindən hər hansı qərar qəbul olunmamış və bununla bağlı “alıcı”lara hər hansı formada məlumat verilməmişdir. Müvafiq hala münasibətdə hesab edirik ki, məhkəmə Azərbaycan Respublikasının Prezidentinin Fərmanında nəzərdə tutulmadığı halda, Fərmana şərh verilməsi qismində öz yanaşmasına əsasən əlavə müddəaların tətbiqi qənaətinə gəlmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli Fərmanda portal yaradıldığı halda istifadəyə verilməsi barədə inzibati orqan tərəfindən bununla bağlı hər hansı qərarın qəbul edilməsi və maraqlı şəxslərə məlumat verilməsi nəzərdə tutulmamışdır. Fərmanla inzibati orqanın üzərinə qoyulmuş öhdəlik yalnız 2.4-cü maddə ilə nəzərdə tutulmuş əlavə dəyər vergisinin qaytarılması sisteminin Azərbaycan Respublikasında tətbiqi ilə bağlı təbliğat işinin aparılmasını təmin etməkdən ibarət olmuşdur. Bununla bağlı vergi orqanı tərəfindən lazımi hərəkətlər icra edilmiş, xx.xx.2022ci il tarixində Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində bu barədə ətraflı şəkildə məlumat verilmiş, portalın istifadəyə verildiyi və vətəndaşların hansı qaydada müraciət edə biləcəyi göstərilmişdir. Bundan əlavə, Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş idarəsinin rəis müavini “ATV” telekanalında yayımlanan “İqtisadi zona” verilişində çıxış edərək əlavə dəyər vergisinin qaytarılması sistemi üzrə portalın yaradılması, istifadəyə verilməsi və digər hallar barədə ətraflıməlumat vermişdir. Həmçinin rəis müavinin müvafiq çıxışı sosial-iqtisadi onlayn qəzet olan “Vergilər” qəzetində də yerləşdirilmişdir. Hər üç hala dair təsdiqedici sənədlər məhkəmə araşdırması dövründə birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Göründüyü kimi, vergi orqanı elektron portalın istifadəyə verilməsi barədə məlumatın təbliğ edilməsi üçün bütün mümkün vasitələrdən istifadə etmişdir. Buna baxmayaraq, məhkəmə vergi orqanının bu fəaliyyətini ümumiyyətlə nəzərə almamış, Qaydalarda və həmin Qaydaların tətbiqi ilə bağlı Fərmanda nəzərdə tutulmayan hər hansı qərarın qəbul edilməməsi, o cümlədən şəxslərə məlumat verilməməsini əsas gətirərək iddiaçının məlumatsızlığını haqlı hesab etmişdir. Həmçinin, məhkəmə portalın rəsmi qaydada xx.xx.2022-ci il tarixindən istifadəyə verilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanında nəzərdə tutulmamadığı halda, qərarın qəbul edilməməsini və məhkəmənin qeyd etdiyi kimi “alıcı”lara məlumat verilməməsinə əsaslansa da, nəzərdə tutduğu qərarın hansı formada qəbul olunması və ya qərarın və məlumatın vətəndaşlara hansı formada çatdırılması barədə yekun nəticəyə gələ bilməmiş, bununla da müvafiq yanaşma əsassız müddəa olaraq qalmışdır. Birinci instansiya məhkəməsi portalın istifadəyə verilməsi barədə məlumatın rəsmi internet səhifəsinə ilk xx.xx.2022-ci il tarixdə yerləşdirildiyindən portal xx.xx.2022-ci il tarixdən deyil, məhz həmin (xx.xx.2022-ci il) tarixdən fəaliyyətə başladığını bildirmişdir. İlkin olaraq qeyd olunmalıdır ki, məhkəmənin qərarında portalın istifadəyə verildiyi tarix yanlış göstərilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli Fərmanla nəzərdə tutulan portal yaradılması xx.xx.2022-ci il tarixində başa çatdırıldığından həmin tarixdən istifadəyə verilmişdir. Portalın yaradılması ilə bağlı rəsmi məlumat (Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində) xx.xx.2022-ci il tarixdə verilmişdir. Qaydaların 6.1.1-ci maddəsinə əsasən, müddət axımının həminQaydaların qüvvəyə mindiyi tarixdən başlanması nəzərdə tutulmasına baxmayaraq, vergi orqanı vətəndaşların mövqeyini nəzərə alaraq 90 (doxsan) günlük müddət axımının ictimaiyyətə rəsmi məlumat verildiyi tarixdən hesablanmasını qərara almışdır. Əlavə olaraq bildiririk ki, Fərmanda portalın hansı vaxtdan istifadəyə verilməsi ilə bağlı müddət nəzərdə tutulmamışdır. Qaydaların 6.1.1-ci maddəsinə əsasən, Azərbaycan RespublikasıVergi Məcəlləsinin 165.6-cımaddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən buQayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə qaytarılır. Maddənin tələbindən də göründüyü kimi, müddət axımının Qaydanın qüvvəyə mindiyi tarixdən yəni, xx.xx.2022-ci il tarixdən hesablanması nəzərdə tutulmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi müvafiq faktı nəzərə almamış, hər hansı əsaslandırma və faktiki səbəbli əlaqəsi olmadan müddət axımının xx.xx.2022-ci il tarixdən hesablanmasını iddiaçı tərəfin 90 (doxsan) günlük müddətin ötürülməsinin səbəbi kimi göstərməklə yanaşı müddətin hansı vaxtdan etibarən hesablanmalı olmasına dair yekun qərara gələ bilməmişdir. Nəticədə iş üzrə qanunvericiliyin tələblərinin pozulmasına səbəb olan əsassız qərar qəbul edilmişdir. Məhkəmə qərarında qeyd olunmuşdur ki, “vergi orqanı tərəfindən “İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsi ilə nəzərdə tutulmuş eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarlar qəbul edilmişdir. Belə ki, yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması barədə 2 ayrı şəxs tərəfindən vergi orqanına müvafiq olaraq xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində edilmiş müraciətlərin təmin edilməsindən əvvəlcə imtina edilmiş, daha sonra təkrar müraciətləri zamanı təmin edilmişdir.” Qeyd olunan hər 2 müraciətlə bağlı bildiririk ki, portalın xx.xx.2022-ci il tarixindən istifadəyə verilməsini nəzərə alsaq xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixində edilmiş müraciətlər üzrə 90 günlük müddət axımı bitdiyi üçün təmin edilməsindən imtina edilmiş və bununla bağlı əsaslandırılmış qərarlar qəbul edilmişdir. Daha sonra, Dövlət Vergi Xidməti tərəfindən vətəndaşların mövqeyi nəzərə alınaraq, portalın yaradılması barədə rəsmi məlumatın ictimaiyyətə açıq elan olunduğu tarixdən, yəni xx.xx.2022-ci il tarixdən müddət axımının hesablanması qərara alınmışdır. Nəzərə alınmalıdır ki, vergi orqanı tərəfindən atılmış bu addım tamamilə vətəndaşların xeyrinə edilmişdir. Bu səbəblə yuxarıda göstərilən digər 2 müraciət üçün 90 günlük müddət xx.xx.2022-ci il tarixdən hesablandığı halda müvafiq olaraq xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində başa çatmadığı üçün hər iki vətəndaşın təkrar müraciəti təmin edilmişdir. Məhkəmə tərəfindən qeyd olunmuş “vergi orqanı tərəfindən oxşar işlər üzrə fərqli qərarlar qəbul edilmişdir” müddəasına münasibətdə bildiririk ki, yuxarıda qeyd olunan faktlardan da anlaşıldığı üzrə həmin tələblər üçün müraciət müddəti tamamilə fərqlidir və heç bir halda eyniyyət təşkil edən hallar kimi qəbul edilə bilməz. Belə ki, digər müraciətlər xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərində, İddiaçı isə xx.xx.2023-cü il tarixində müraciət etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən edilmiş müraciət üzrə 90 günlük müddət axımı həm xx.xx.2022-ci il tarixindən (portalın istifadəyə verildiyi tarix), həm də xx.xx.2022-ci il tarixindən (vətəndaşlara rəsmi məlumat verildiyi tarix) hesablandığı halda belə, yenə də həmin müraciət üzrə müddət iddiaçı tərəfindən ötürülmüşdür. Buna baxmayaraq, məhkəmə yuxarıda qeyd olunan hər 2 müraciət üzrə faktiki halları tam araşdırmadan İddiaçı müraciəti ilə eyniyyət təşkil etməsi qənaətinə gəlmiş, bu da iş üzrə qəbul edilmiş qərarın yanlış istiqamətlənməsi ilə nəticələnmişdir. Digər əsas kimi məhkəmə iddiaçı tərəfindən xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində müraciətlər edilməsini, lakin portalda xətalar baş verdiyi üçün müraciətinin qəbul edilməməsini göstərmişdir. Bildiririk ki, portalda texniki problemin yaranıbyaranmamasından asılı olmayaraq İddiaçı tərəfindən edilmiş müraciət 90 günlük müddət ötürüldükdən sonra edilmişdir. Odur ki, müddət keçdikdən sonra portalda texniki xətanın baş verməsini şəxs tərəfindən 90 günlük müddət axımının ötürülməsinə əsas kimi göstərilməsi düzgün deyildir. Müvafiq hissəyə münasibətdə məhkəmə tərəfindən göstərilmiş şəxsin müddət axımını ötürməsi üçün səbəblərin hər hansı əsası olmadığından hesab edirik ki, məhkəmə şəxs tərəfindən vergi orqanına qarşı əlavə dəyər vergisinin qaytarılması tələbi üzrə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanının müddətlə bağlı imperativ normalarını ümumiyyətlə nəzərə almayaraq “müddətsizlik”, yəni tələb üzrə müddətin tətbiq olunmaması qərarına gəlmişdir. Çünki məhkəmə qərarında iddiaçı tərəfindən müddətin ötürülməsi üçün əsassız səbəblər göstərsə də, əlavə dəyər vergisinin qaytarılması üçün şəxsin hansı müddət ərzində vergi orqanına müraciət etməli olduğunu göstərməmişdir. Yekun olaraq, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanının tələblərinə zidd olaraq, Fərmanla 90 günlük müddət nəzərdə tutulduğu halda, müddətin tətbiq olunmaması qənaətinə gəlinməsi və vergi orqanı tərəfindən portalın istifadəyə verilməsi ilə bağlı rəsmi məlumatın bütün mümkün vasitələrdən istifadə edərək vətəndaşlara təbliğ edildiyi halda bunu nəzərə almaması, faktiki əsası olmadığı halda iddiaçının müddəti ötürməsini ondan asılı olmadığını irəli sürərək qanunvericiliyin müddəalarına və faktiki hallara zidd olan qərar qəbul etmişdir. Əlavə olaraq qeyd olunmalıdır ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanı vətəndaşların əldə etdikləri yaşayış və qeyri-yaşayış sahələrinə görə ödəmiş olduqları əlavə dəyər vergisinin qaytarılması ilə bağlı vətəndaşların hansı qaydada və hansı müddətdə müraciət etməli olduqları halları tənzimləyir. Yəni müvafiq Fərman və Qaydalar vətəndaşların müraciəti üçün nəzərdə tutulmuşdur və nəzərə almaq lazımdır ki, vergi orqanları üçün hər hansı öhdəlik və ya icra hərəkətləri müəyyən etmir. Məhkəmə qərarında qeyd edir ki, vergi orqanı tərəfindən mübahisə edilən qərar qəbul edilən zaman iddiaçıya məlumat verilməmiş, iddiaçının qərarın qəbul edilməsinə münasibəti öyrənilməmiş və araşdırma onun iştirakı olmadan aparılmışdır. Məhkəmə yuxarıda qeyd olunan qənaətə gələrkən İnzibati icraat haqqında qanunun 21-ci maddəsinə istinad etmişdir. Bildiririk ki, İnzibati icraat haqqında qanunun 21.1-ci maddəsində qeyd edilir ki, Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Məhkəmə nəzərə almamışdır ki, mənzilin alışına görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılması ilə bağlı müəyyən edilmiş 90 günlük müraciət müddəti inzibati orqan tərəfindən deyil, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydalar əsasında müəyyən edilmişdir və sözügedən qaydalarla müəyyən edilmiş müddətin ötürülməsi ilə bağlı vergi orqanının maraqlı şəxsləri xəbərdar etmək öhdəliyi yoxdur. Qaydalara əsasən ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılması ilə bağlı müəyyən olunmuş 90 günlük müddət qətidir və həmin müddətin qısaldılması və ya uzadılması ilə bağlı hər hansı şərt və hal nəzərdə tutulmamışdır. Bildiririk ki, maraqlı şəxs əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılması ilə bağlı ümumi qaydada müraciət etmiş, müraciətə müqavilə və ödəniş sənədləri əlavə edilmişdir. Vergi orqanı da əlavə edilmiş sənədləri qaydaların tələbləri çərçivəsində araşdıraraq müvafiq qərar qəbul etmişdir. Buna əsasən vergi orqanının iddiaçıya hər hansı məlumat vermək öhdəliyi yoxdur. Bu səbəblə məhkəmə tərəfindən gəlinən qənaət və fikir də əsaslı deyil. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinə etiraz iddia tələbinin dəlillərinə uyğun əsaslandırılmış və bildirilmişdir ki, apellyasiya şikayətində prosessual hüquq normalarının pozulmasına dair mövqe əsassızdır. Belə ki, xx.xx.2024-cü il tarixli 2-1(112)-1153/2024 nömrəli qərarda cavabdehin dəlilləri tam şəkildə araşdırılmış, təhlil edilmiş, bununla yetinməyərək bütün faktiki halları yoxlamış və əsaslandırma hissəsində istinad edilmiş bütün faktiki hallar, sübutlar, istinad edilən normativ hüquqi aktlar və onların qiymətləndirilməsi öz əksini tapmışdır. Odur ki, hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və xx.xx.2024-cü il tarixli 2-1(112)-1153/2024 nömrəli qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdı. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı tərəfindən mübahisələndirilən qərarın ləğvi ilə bağlı məhkəməyə qanunla müəyyən edilmiş müddət daxilində müraciət edildiyi üçün iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı tələbi “müraciətinə gələn imtina qərarının ləğv edilməsini və ödədiyi əlavə dəyər vergisinin bir hissəsinin ona qaytarılması” barədədir. Mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formalhüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Mübahisələndirilən inzibati aktın qanuniliyi həm formal-hüquqi baxımdan, həm də maddi-hüquqi baxımdan yoxlanılarkən Kollegiya aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 153.1-ci maddəsinə əsasən, əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. 165.6-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması” Şərtləri və Qaydasının: 1.2-ci bəndinə əsasən bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaimə-faktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. 1.3-cü bəndinə əsasən ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 2.0.2-ci bəndinə əsasən alıcı – satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı; 2.0.3-cü bəndinə əsasən satıcı – ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs; - 2.0.4-cü bəndinə əsasən operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti); 2.0.7-ci bəndinə əsasən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi – bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanılmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi; 3.1.1-ci bəndinə əsasən Operator bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; 5.1-ci bəndinə əsasən Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDVnin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: 5.3-cü bəndinə əsasən Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyriyaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. 5.4.-cü bəndinə əsasən Alıcı tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı alıcının müraciətinə operator 10 (on) iş günü müddətində baxır və bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünü yoxlayır. Sənədlərdə çatışmazlıq aşkar olunduqda, müraciət daxil olduğu gündən 5 (beş) iş günü müddətində çatışmazlıqların aradan qaldırılması barədə alıcının portalda yaratdığı elektron kabinetə bildiriş göndərilir. Bütün çatışmazlıqlar eyni zamanda bildirilməlidir. Alıcı həmin çatışmazlıqları bildirişi aldığı tarixdən ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman operatorun müraciətə baxması ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət operator tərəfindən alıcının müraciətinə baxılma müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə alıcının müraciətindən sonra müddətin axımı bərpa olunur. 5.5-ci bəndinə əsasən elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. 5.7-ci bəndinə əsasən müvəkkil bank bu Qaydanın 5.5-ci bəndində nəzərdə tutulan ƏDV məbləğini məlumatı aldığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq alıcının bank hesabına qaytarır. Müvəkkil bank tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ƏDV məbləği onların seçimindən asılı olaraq milli və ya xarici valyutada qaytarılır. 5.8.-ci bəndinə əsasən Qaytarılacaq ƏDV məbləği müvəkkil bank tərəfindən bank əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla alıcıya ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın 1.6-cı bəndinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən elektron qaimə-fakturada, müqavilədə, qəbzdə və ya çekdə göstərilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz dəyəri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin bank hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. Hazırki işdə İddiaçı əldə etdiyi daşınmaz əmlaka görə "xxxx" MMC-yə 73084 manat ödəmişdir. Bundan sonra iddiaçı cavabdeh inzibati orqana müraciət edərək, ödənilmiş 73084 (yetmiş üç min səksən dörd) manat məbləğin ƏDV miqdarının geri qaytarılmasının təmin edilməsini xahiş etmiş, lakin Milli Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” **********194100 №-li, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılmasının təmin edilməməsi qərara alınmışdır. Hazırda iddiaçının tələbi “müraciətinə gələn imtina qərarının ləğv edilməsi və ödədiyi əlavə dəyər vergisinin bir hissəsinin ona qaytarılması” barədədir. İşin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəmənin müvafiq sorğularına cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş "xxxx" MMC (“Satıcı”), "xxxx" ASC (“İpoteka saxlayan”) və İddiaçı (“alıcı- (ipoteka qoyan) borcalan”) arasında 20 oktyabr 2022-ci il tarixdə bağlanmış 1367İK- SAB/2022 №li “Güzəştli mənzilin alqı-satqı və ipoteka müqaviləsi”ndən görünür ki, “Satıcı” Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 6, ev 18 mənzil 2, Yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən və mülkiyyət hüquqları AR ƏMDKY DƏDRX tərəfindən 04 noyabr 2021-ci il tarixində verilmiş qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********84- 05301-093006 olan Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışa (daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa) əsasən müəyyən edilən mənzili (bundan sonra mənzil) “Alıcı-ipoteka qoyan”ın mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür (bənd 1.2). Mənzilin satış qiyməti 73.084 (yetmiş üç min səksən dörd) manat məbləğindədir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan müəyyən olunur ki, 76,94 kv.metrdən ibarət Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 6, ev 18 mənzil 2, Yeni qaydalarla: ünvan 3 xüsusi mülkiyyət hüququ ilə xx.xx.2022-ci il tarixdə İddiaçı adına Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, müraciətdə qeyd olunan məsələlər texniki cəhətdən araşdırılmış və aşağıda qeyd edilən tarixlərdə portalda xətanın olduğu müəyyən edilmişdir: xx.xx.2023-cü il saat 15:24, xx.xx.2023-cü il saat 15:15, xx.xx.2023-cü il saat 15:00, xx.xx.2023-cü il saat 22:29-da sistemdə xəta olduğu görünür. Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin geri qaytarılması ilə əlaqədar ərizəni 27- xx.xx.2023-cü il və 01-xx.xx.2023-cü il tarixlərində göndərməsi ilə bağlı cəhdlər etmiş, lakin proqram təminatında baş vermiş texniki problem səbəbindən ərizə qəbul olunmamışdır. Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, X2 və X8 yaşayış və qeyri-yaşayış sahələrinə dair ödənilmiş ƏDV-nin geri qaytarılması ilə bağlı xx.xx.2023-cü il tarixində və xx.xx.2023-cü il tarixində ilkin ərizə ilə müraciət etmişlər. Vergi orqanı tərəfindən portalın xx.xx.2022-ci il tarixindən istifadəyə verildiyi vaxtdan 90 günlük müddətin xx.xx.2023-cü ildə başa çatmasını nəzərə alaraq ƏDV-nin bir hissəsinin geri qaytarılmasından imtina edilmişdir. Daha sonra portalın istifadəyə verilməsi barədə məlumatın rəsmi internet səhifəsində xx.xx.2022-ci ildə yerləşdirildiyi nəzərə alınaraq xx.xx.2023-cü il tarixinədək müraciət edən şəxslərin ƏDV-nin qaytarılması qərara alınmışdır. “İnzibati icraat haqqında” Qanunun: 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. 48.2-ci maddəsinə əsasən qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Hazırki işdə iddiaçı mənzilin dəyərini xx.xx.2022-ci il tarixdə ödəməsinə baxmayaraq inzibati orqana elektron ərizə ilə yalnız xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Yuxarıda qeyd edilən Qaydaların 5.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyriyaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini portala göndərir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi qənaətinə gələrkən öz qərarını onunla əsaslandırmışdır ki, “cavabdeh inzibati orqanın verdiyi məlumata əsasən portalın istifadəyə verilməsi barədə məlumat rəsmi internet səhifəsinə ilk dəfə xx.xx.2022ci il tarixdə yerləşdirildiyindən portal xx.xx.2022-ci il tarixdən deyil məhz həmin (xx.xx.2022-ci il) tarixdən fəaliyyətə başlamışdır. Bundan əlavə cavabdeh inzibati orqanın verdiyi məlumatlara əsasən iddiaçı tərəfindən ƏDV-nin geri qaytarılması ilə əlaqədar ərizənin 27-xx.xx.2023-cü il və 01- xx.xx.2023-cü il tarixlərində göndərməsi ilə bağlı cəhdlər edilmiş lakin proqram təminatında baş vermiş texniki problem səbəbindən ərizə qəbul olunmamışdır. Bununla yanaşı cavabdeh inzibati orqanın verdiyi məlumatlara əsasən xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə portalda (sistemdə) xətalar baş vermişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, portalın rəsmi qaydada xx.xx.2022-ci il tarixdən istifadəyə verilməsi ilə bağlı cavabdeh orqan tərəfindən hər hansı qərar qəbul olunmamış və bununla bağlı “Alıcı”lara hər hansı formada məlumat verilməmişdir.” Birinci instansiya məhkəməsinin mövqeyi ilə məhkəmə kollegiyası razılaşmır və aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İşin apellyasiya baxışı zamanı cavabdeh inzibati orqana məhkəmə tərəfindən bir sıra sorğular verilmişdir. Həmin sorğulara cavab olaraq cavabdeh qurumun xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş sənədlərdən müəyyən olunmuşdu ki, ayrı-ayrı vətəndaşların əldə etdikləri daşınmaz əmlaklarla bağlı ƏDV-nin geri qaytarılması barədə müxtəlif tarixlərdə etdikləri müraciətlər cavabdeh qurum tərəfindən təsdiq olunmuşdur. Məsələn: xx.xx.2022-ci il tarixdə aparılmış alqı-satqı müqaviləsinə əsasən ödənilmiş 65784 manata görə ƏDV məbləğinin bir hissəsinin geri qaytarılması ilə bağlı vergi orqanına xx.xx.2022-ci il tarixdə edilmiş müraciət elə həmin tarixdə “ƏDV qaytarmaq ərizəsinin təsdiqi barədə” Bildiriş verilməklə təsdiq olunmuşdur; xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsinə əsasən ödənilmiş 73093 manata görə ƏDV məbləğinin bir hissəsinin geri qaytarılması ilə bağlı vergi orqanına xx.xx.2022-ci il tarixdə edilmiş müraciət elə həmin tarixdə “ƏDV qaytarmaq ərizəsinin təsdiqi barədə” Bildiriş verilməklə təsdiq olunmuşdur. Cavabdehin 25 oktyabr 2024-cü il tarixli 3-21-2-2/2-16355/2024 saylı “Məlumatın təqdim edilməsi haqqında” sorğuya cavab məktubunda bildirilmişdir ki, sorğuda qeyd olunan hal üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən “yaşayış və qeyri yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin qaytarılıbqaytarılmaması barədə” müraciətlərə baxılması məqsədilə vətəndaşlar üçün yaradılmış elektron portal Xidmətin bütün strukturları üzrə vahid bir sistemdir, belə ki, ayrı-ayrı vergi orqanları tərəfindən portalın yaradılması və istifadəyə verilməsi nəzərdə tutulmamışdır. Əlavə olaraq qeyd etmək lazımdır ki, İddiaçı vergi orqanına edilmiş müraciətinə baxılmış və sorğuda qeyd olunan sənədlərin təqdim olunub-olunmaması mübahisələndirilməmiş, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Qaydalarda nəzərdə tutulmuş 90 (doxsan) günlük müraciət müddətini ötürdüyü üçün əlavə dəyər vergisinin qaytarılmasından imtina edilmişdir. Odur ki, vətəndaş tərəfindən edilmiş həmin müraciətə elektron-qaimə faktura məlumatları və əlavə dəyər vergisinin "xxxx" MMC-nin depozit hesabına ödənilməsinə dair sənədlər təqdim edilməmiş və müvafiq olaraq vergi orqanı tərəfindən qeyd olunan sənədlərin təqdim edilməsi tələb edilməmişdir. Həmçinin, vətəndaşların müraciət etməsi üçün nəzərdə tutulan elektron portalın xx.xx.2022-ci il tarixindən istifadəyə verilməsi, bu barədə ictimaiyyətə məlumat verilməsi və portalın qeyd olunan tarixdən etibarən aktiv olmasına dair sübutlar məhkəməyə təqdim edilmişdir. Bununla da cavabdeh inzibati orqanın verdiyi məlumatlardan müəyyən olunur ki, portalın istifadəyə verilməsi barədə məlumat rəsmi internet səhifəsinə ilk dəfə xx.xx.2022ci il tarixdə yerləşdirildiyindən portalın xx.xx.2022-ci il tarixdən deyil, məhz xx.xx.2022-ci il tarixdən fəaliyyətə başlaması kimi qəbul olunur və bu fakt cavabdeh qurumun özü tərəfindən də təsdiq olunur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, yuxarıda adı çəkidən Qaydanın qüvvəyə mindiyi xx.xx.2022-ci il tarixdən sonra əldə olunan əmlaklarla bağlı ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı qanunla müəyyən edilmiş 90 günlük müddət həmin daşınmaz əmlaka dair vəsaitin tam ödənildiyi tarixdən deyil, məhz portalın istifadəyə verildiyi xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Həmin “xx.xx.2022-ci il” tarix vergi orqanı tərəfindən də portalın aktiv olduğu tarix kimi qəbul olunduğu üçün daşınmaz əmlak əldə edən şəxslərə münasibətdə vergi orqanı tərəfindən qanunla müəyyən edilmiş 90 günlük müddətin xx.xx.2023-cü ildə bitməsi qərara alınmışdır. Bu fakt cavabdeh qurumun xx.xx.2023-cü il tarixli məktubunda da öz əksini tapmışdır. Qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi qənaətinə gələrkən oxşar hüquq münasibətləri kimi- X2 və X4 yaşayış və qeyri-yaşayış sahələrinə dair ödənilmiş ƏDV-nin geri qaytarılması ilə bağlı xx.xx.2023-cü il tarixində və xx.xx.2023cü il tarixində ilkin ərizə ilə müraciətlərinin vergi orqanı tərəfindən təmin olunmasına istinad etmişdir. Halbuki qeyd olunduğu kimi, həmin şəxslərin ilkin müraciətləri yuxarıda göstərilən- portalın aktiv olduğu xx.xx.2022-ci il tarixdən 90 gün müddətində (xx.xx.2023cü il tarixədək), yəni xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərində edilmişdi. Hazırki işdə isə iddiaçının ilk müraciət ərizəsi qanunla müəyyən edilmiş 90 gündən sonra, yəni xx.xx.2023-cü il tarixdə verilmişdi. O ki qaldı “iddiaçının ƏDV-nin geri qaytarılması ilə əlaqədar 27-xx.xx.2023-cü il və 01- xx.xx.2023-cü il tarixlərində cəhdlər etməsinə, lakin proqram təminatında baş vermiş texniki problem səbəbindən ərizənin qəbul olunmaması” barədə dəlillərə, bu barədə Kollegiya qeyd edir ki, cavabdeh inzibati orqanın birinci instansiya məhkəməsinə verdiyi məlumatlara əsasən portalda (sistemdə) xətalar xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə baş vermişdir, iddiaçının isə ilkin müraciət cəhdləri hər iki tərəfin qəbul etdiyi kimi, ən tezi xx.xx.2023-cü il tarixdə olmuşdur ki, bu zaman da sistemdə hər hansı xəta olmasaydı və sistem üzərindən həmin müvafiq ərizənin verilməsi mümkün olsaydı belə, yenə də qanunla müəyyən edilmiş 90 günlük müddət ötürülmüşdür. Yuxarıda adı qeyd olunan Qaydaların 5.3-cü bəndinə görə isə dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə həmin Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən (90 gündən) sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. Göründüyü kimi, Qaydaların tələbinə görə, sözügedən müddətin ötürülməsi ƏDVnin qaytarılmasını birbaşa istisna edir. Belə olan halda həmin müddətin üzrlü səbəbdən ötürülüb-ötürülməməsi də əhəmiyyət kəsb etmir, çünki qeyd olunduğu kimi, Qanunla belə müddət ötürüldükdə onun bərpası mexanizmi nəzərdə tutulmamışdır. Buna görə də məhkəmə kollegiyası həmin 90 günlük müddətin iddiaçı tərəfindən üzrlü səbəblərdən ötürülüb-ötürülməməsini araşdırmağı zəruri saymamışdır. Beləliklə, aparılan məhkəmə araşdırmaları onu deməyə əsas verir ki, vergi orqanı iddiaçı barəsində “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” **********194100 №-li, xx.xx.2023cü il tarixli qərarı qəbul etməkdə haqlı olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsində isə təsbit edilmişdir ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki işdə cavabdeh inzibati orqan mübahisələndirilən “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” **********194100 №-li, xx.xx.2023-cü il tarixli qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirir. Belə olan halda iddiaçının “vergi orqanının **********194100 №-li, xx.xx.2023-cü il tarixli qərarının ləğv olunması” ilə bağlı tələbi əsassız olub, təmin edilmədiyi üçün, həmin tələbin davamı olaraq verdiyi “ödədiyi əlavə dəyər vergisinin bir hissəsinin ona qaytarılması” barədə tələbi də əsassızdır və təmin oluna bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1153/2024 saylı 25 yanvar 2024-cü il tarixli qərarı ləğv olunmalı və iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsalandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1153/2024 saylı 25 yanvar 2024-cü il tarixli qərarı ləğv olunsun. İddia tələbi rədd edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X12 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar