Məhkəmə qərarları › İş №2-1(103)-1999/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1999/2021

27.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1999/2021 27.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Xətai rayon Polis İdarəsinə qarşı X24, X28, X25, X5, X17 və X18 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə qeydiyyatdan çıxarılma tələbinə dair Bakı İnzibati Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2-1(112)-4459/2021 saylı qərarından üçüncü şəxs X17 tərəfindən verilmiş apelyasiya şikayətinə 24-27 avqust 2021-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Xətai rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X13, X19, X14, X2, X7 və X8 İddiaçı mülkiyyətindəki ünvan 7-dən qeydiyyatından çıxarılmaları vəzifəsinin cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, ünvan 1 ünvanında yerləşən 111 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Həmin mənzili o, 14 oktyabr 2019-cu il tarixdə “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə əsasında satın almaqla, mülkiyyət hüquqları dövlət qeydiyyatına aldırmışdır. Belə ki, sözügedən mənzil Bakı şəhəri Xətai rayon Məhkəməsinin 24 may 2013-cü il tarixli 2(011)-1661/13 saylı qətnaməsi və eyni tarixli icra vərəqəsi əsasında açıq hərraca çıxarılmış və hərraca çıxarılarkən mənzil iddiaçıtələbkar İddiaçı təklif edilmişdir. Həmin mənzil X6 İddiaçı aldığı borc müqabilində ilkin mülkiyyətçisi X15 razılığına əsasən ipoteka ilə yüklü edilmişdir. X31 aldığı borcu qaytarmadığına görə İddiaçı Xətai rayon məhkəməsinə müraciət etmişdir. Elə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 24 may 2013-cü il tarixli 2(011)-1661/13 saylı qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilməklə, 50.000 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, tələbin ipoteka qoyulmuş, X15 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 111 saylı mənzilə yönəldilməsi, mənzil açıq hərracda satıldıqdan sonra X16, X26, X1 Könül Əbdüləli qızı, X18, X17 və onların azyaşlı uşaqlarının mənzildən çıxarılmaları qət edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 24 may 2013cü il tarixli 2(011)-1661/13 saylı qətnaməsi qanuni qüvvəsini almış və icra sənədi 13.03.2014-cü il tarixdə il tarixli “İcraata başlamaq haqqında” qərarla icraata qəbul edilərək icraya yönəldilmişdir. Beləliklə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini Bakı şəhəri Xətai RPİ-nə təqdim edərək, ünvan 1, mənzil 111-də qeydiyyatda olan şəxslərin həmin ünvanda qeydiyyatdan çıxarılmalarını xahiş etmişdir. Lakin cavabdeh Bakı şəhəri Xətai RPİ-si 01.02.2021-ci il tarixli 101-252911-3221 saylı məktubu ilə ərizədə qeyd edilmiş şəxslərin mənzildən qeydiyyatdan çıxarılmalarından absurd səbəblərdən imtina etmişdir. Belə ki, cavabdeh həmin məktubunda “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin tələblərini öz istədiyi kimi təfsir etməklə qanunsuz nəticəyə gəlmişdir. Belə ki, hazırkı iddiaya əlavə etdiyi 24 may 2013-cü il tarixli icra vərəqəsinin 5-ci abzasından da görünür ki, Xətai rayon Məhkəməsinin 24 may 2013-cü il tarixli 2(011)- 1661/13 saylı qətnaməsi ilə X16, X26, X1 Könül Əbdüləli qızı, X18, X17 və onların azyaşlı uşaqlarının mənzildən çıxarılmaları qət edilmişdir. Göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə qətnaməsində həmin şəxslərin mənzildən çıxarılmaları qeyd etməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 9-cu maddəsinə uyğun olaraq dövlət orqanı olan cavabdeh Xətai RPİ-nin həmin şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarmaq vəzifəsi idi. Lakin öz vəzifələrini düzgün icra etməyən cavabdeh orqan qanunu yanlış təfsir etməklə, İddiaçı konstitusiya ilə qorunan mülkiyyət hüquqlarını pozmuşdur. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4459/2021 saylı, 24 fevral 2021-ci il tarixli qərardadı ilə X24, X28, X25, X5, X17 və X18 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2-1(112)-4459/2021 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. (hakim: A.Oruczadə) Həmin qərardan üçüncü şəxs X17 apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Üçüncü şəxs apelyasiya şikayətində qeyd etmişdir ki, o, yuxarıda adlan çəkilən ailə üzvləri ilə ünvan 4 ünvanında yaşayırlar və orada qeydiyyatdadırlar. 29.04.2021 tarixdə Bakı İnzibati Məhkəməsinə onları göstərilən ünvandan qeydiyyatdan çıxarılmaqları ilə bağlı şikayət ərizəsi ilə müraciət etmiş İddiaçı ayrı-ayrı şəxsləri, o cümlədən də onu aldadaraq dələduzluq yolu ilə mənzillərini ələ keçirmişdir. Lakin sonradan onun bu əməllərinin üstü açılmış, ona görə də 07.12.2016 tarixdə İddiaçı və onun digər dəstə üzvləri həbs edilmişlər. İddiaçı məhkəmənin qərarı ilə 07.12.2016 tarixdən 11 il müddətə azadlıqdan məhrum edilmişdir. Digər şəxslər mənzillərini geri alsalar da o, hələlik bunu edə bilməmişdir. İddiaçı və onun hüquq mühafizə orqanlarında olan bəzi himayədarlarının bu əməlləri ilə bağlı ölkə Prezidentinə, Baş prokurora, Ali məhkəmə sədrinə, X34 müraciət etmişdi. Bu gün ayrı-ayrı şəxslərə, o cümlədən ona qarşı dələduzluq etmiş və əməlinə görə 11 il məhkum olunmuş bir şəxs onun xəbəri olmadan dəyəri 90.000 manat olan evini hərraca çıxarıb 35.000 manata guya sataraq öz adına keçirib. Bu azlıq edirmiş kimi indidə onları yaşadıqları evlərindən qeydiyyatdan çıxarmaq istəyir. Ona aydın olmayan odur ki, bu adam həbsdə olaola bu işləri necə görür? Bildirmək istəyir ki, o, və 4 nəfər ailə üzvünün bundan başqa yaşayış yeri yoxdur. Qanunsuz keçirilmiş hərrac və İddiaçı digər qanunsuz əməlləri ilə bağlı yenidən hüquq mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət olunacaq. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi Nümayəndə apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə iddiaçının nümayəndəsini dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı üçüncü şəxslərin onun mülkiyyətindəki ünvan 7-dən qeydiyyatından çıxarılmaları vəzifəsinin cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd etmişdir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Məhkəmə belə hesab etmişdir ki, şəxsin mülkiyyətçiyə məxsus evdə qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir. Belə olan təqdirdə Məhkəmə hesab etmişdir ki, cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinin üçüncü şəxslərin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmalarından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli 13 yanvar 2021-ci il tarixli arayışdan görünür ki, X24, X28, X25, X5, X17 və X18 ünvan 1 mənzil 111-də qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-1661/13 saylı 24 may 2013-cü il tarixli icra vərəqəsindən görünür ki, İddiaçı cavabdehlər X9, X20, X21, X3, X10 və X11 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, öhdəliklərin icra olunması, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə mülki işə Bakı şəhəri, Xətai Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxılaraq, iddia qismən təmin edilmiş, cavabdeh X4 50.000 (əlli min) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulması, tələbin ipoteka qoyulmuş, X20 məxsus Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 13b saylı evin 111 nömrəli mənzilinə yönəldilməsi, X20 məxsus Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 13b saylı evin 111 nömrəli mənzili açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən İddiaçı olan borcun ödənilməsi, qalan məbləğin borcluya qaytarılması, X20 məxsus Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 13b saylı evin 111 nömrəli mənzili açıq hərracdan satıldıqdan sonra 1 (bir) ay ərzində X16, X26, X27, X5, X18 və X17 və onların azyaşlı uşaqları həmin mənzildən çıxarılmaları qət edilmişdir. İş materiallarında olan 14 oktyabr 2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsinin surətindən görünür ki, bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri qaydasında Xətai rayon Məhkəməsinin 2(011)-166113 saylı, 24.05.2013-cü il tarixli icra vərəqəsinin, Xətai rayon İcra və Probasiya Şöbəsinin 17/74-6020/13 saylı, 23.07.2019-cu il tarixli sifariş məktubunun icrasına əsasən bağlanmışdır. Hərracın keçirilməsinə şərait yaradan və protokol tərtib edən: “Daşınar və Daşınmaz Əmlakların Satışı X40” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru G.N.Mustafayeva və (tələbkar) İddiaçı etibarnamə əsasında nümayəndəsi Nümayəndə arasında aşağıda göstərilən (mənzil) əmlak barədə 67/06 saylı, 14.10.2019-cu il tarixli protokola əsasən alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1 bəndinə əsasən daşınmaz əmlakın adı: X20 məxsus Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən 13b saylı evin 111 saylı mənzili. Müqavilənin 1.3-cü bəndinə əsasən mənzilin qiyməti 35 062,50 (otuz beş min altmış iki man 50 qəpik) manat qeyd edilmişdir. İş materiallarında olan Xətai rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 01.02.2021-ci il tarixli, 101-2529H-3221 saylı məktubdan görünür ki, iddiaçıya ünvan 7 ünvanında hal-hazırda qeydiyyatda olan vətəndaşlar X13, X19, X14, X2, X7 və X8 göstərilən ünvandan qeydiyyatdan çıxarılmaları ilə əlaqədar mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsində göstərilən sənədlərdən hər-hansı birinin təqdim edildiyi halda keçmiş sakinlərin qeydiyyatdan çıxarılma məsələsi müsbət həll oluna bilər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış 19 mart 2021-ci il tarixli məktubundan görünür ki, X24, X28, X25, X5, X17 və X8 Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi ev 13B, 111 saylı mənzilə istifadə hüquqlarının dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Həmçinin bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi ev 13B, 111 saylı mənzil İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məktuba əlavə edilmiş çıxarışın surətindən görünür ki, ünvan 7 İddiaçı adına ********** nömrəsi ilə 26.12.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yuxarıda şərh olunan qanunvericilik normalarının tələblərinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Həmin Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarında əksini tapmış hüquqi mövqeyinə görə “... şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Göründüyü kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən şəxsi yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün yaşayış sahəsindən çıxarılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmalı və bundan sonra şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə müvafiq icra hakimiyyəti orqanına (rayon polis şöbəsinə) müraciət olunmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 iyun 1996-cı il tarixli 493 saylı Fərmanının 2.3-cü bəndinə əsasən həmin Qanunun 9-cu maddəsinin birinci hissəsinin birinci abzasında nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları» nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1661/13 saylı, 24.05.2013-cü il tarixli icra vərəqəsinin, Xətai rayon İcra və Probasiya Şöbəsinin 17/74-6020/13 saylı, 23.07.2019-cu il tarixli sifariş məktubunun icrasına əsasən hərracın keçirilməsinə şərait yaradan və protokol tərtib edən “Daşınar və Daşınmaz Əmlakların Satışı X40” MMC-nin direktoru G.N.Mustafayeva və (tələbkar): İddiaçı etibarnamə əsasında nümayəndəsi Nümayəndə arasında sözügedən mənzil barədə 67/06 saylı, 14.10.2019-cu il tarixli protokola əsasən alqı-satqı müqaviləsi bağlanmışdır. Həmçinin, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1661/13 saylı, 24.05.2013-cü il tarixli icra vərəqəsindən göründüyü kimi, məhkəmə qətnaməsi ilə hazırda 3-cü şəxs qismində cəlb edilmiş şəxslərin sözügedən ünvandan çıxarılması qət edilmişdir. Bundan əlavə, üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan mənzildə hər hansı bir istifadə hüquqları qeydiyyata alınmamışdır. İddiaçı Bakı şəhəri Xətai rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, lakin inzibati orqan əsassız olaraq iddiaçının tələbinin yerinə yetirilməsindən imtina etmişdir. Qeyd edilməlidir ki, yaşayış sahəsinə münasibətdə hər hansı əmlak hüquqlarının sahibi olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılması məsələsinə, həmçinin mütənasiblik prinsipinin tələbləri baxımından da yanaşılmalıdır, Hüquqi dövlətin ali prinsiplərindən biri olan mütənasiblik prinsipinin tələbinə görə, hüquqa müdaxilənin yol verilən hesab edilə bilməsi üçün onun qanuni məqsədə yönəlməsi özlüyündə kifayət deyildir, bu zaman həm də müxtəlif toqquşan maraqlar arasında ağlabatan və ədalətli tarazlığa da əməl olunmalıdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Bu mənada qeyd olunmalıdır ki, üçüncü şəxslərin qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, sonuncuların qeydiyyatsız qalmasına səbəb olmur. Belə ki, həmin şəxslər özünün yeni yaşayış yeri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 aprel 2003-cü il tarixli, 55s saylı sərəncamına uyğun olaraq Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafıq orqanının ünvanı üzrə qeydiyyata alına bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, üçüncü şəxsin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı üçüncü şəxs X11 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs X7 apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2-1(112)-4459/2021 saylı qərarı üçüncü şəxs X11 münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar