Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1999/2023 28.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "qulluq stajına görə əlavənin ödənilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3195/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə 2021-ci ilin may ayından etibarən hər ay ödənilməli olan pensiya məbləğinin üzərinə qulluq stajına görə ödənilməli olan 24 (iyirimi dörd) manatın hesablanaraq ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.34.1). İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin “əsassız ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında xx.xx.2022-ci il tarixli **********7 nömrəli qərarına ilə ona xx.xx.2014-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində 6925,68 manat artıq ödənilmiş əmək pensiyası məbləğinin tələb edilərək 10 gün müddətində Binəqədi rayon, Ziya Bünyadov 43 ünvanında yerləşən Mərkəzi Filialının hesabına ödənilməsi qərara alınmışdır. Həmin qərar Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7322/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Hazırda ona ödənilən pensiyanın ümumi məbləğindən qulluq stajına görə ödənilməli olan 24 manat ödənilmir. Bununla bağlı etdiyi müraciətə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli məktubla cavab verilmiş və göstərilmişdir ki, məhkəmə qərarından sonra Mərkəzi Filialın üzərinə əmək pensiyasının yenidən hesablanması ilə bağlı hər hansı öhdəlik qoyulmamışdır. Qeyd olunan cavab məktubu əsassızdır. Belə ki, Dövlət Sosial Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinin xx.xx.2018-ci il tarixli məktubunda onun pensiyasının ümumi məbləğində qulluq stajına görə 24 manatın hesablandığı qeyd olunmuş, 2021-ci ilin may ayına kimi olan müddətədək ona verilmiş pensiyanın ümumi məbləğində 24 manat verilmişdir. Hazırda isə heç bir hüquqi əsas olmadan həmin 24 manat pensiyasına hesablanmır. Cavabdeh iddiaçıya ünvanlanmış iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasın məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki,“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 73-cü maddəsinin 1 yanvar 2020-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 880,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 88,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 827,14 manat olmaqla orta aylıq əmək haqqı 1795,14 manat təşkil etmişdir. İddiaçı sabiq dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası ödənişi 1 avqust 2021-ci il tarixdən dayandırılmış, xx.xx.2009-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə artıq ödənilmiş 6925,68 manat pul vəsaitinin büdcəyə qaytarılmasına dair 10 fevral 2022- ci il tarixli **********7 nömrəli qərar qəbul edilmiş, aidiyyəti üzrə iddiaçının yaşadığı ünvana göndərilmişdir.Bakı İnzibati Məhkəməsinin 17 iyun 2022-ci il tarixli 2- 1(112)- 7322/2022 nömrəli ilə Qərarı ilə İddiaçı artıq ödənilmiş vəsaitin geri qaytarılmasına dair qərarın ləğv edilməsi tələbinə dair iddiası təmin edilmişdir. Bununla əlaqədar İddiaçı cari ilin may, iyun, avqust, sentyabr və oktyabr ayları üzrə ümumilikdə 3454,90 manat ödənilməli olan pensiya məbləği hesablanmış, həmin məbləğin 690,98 manat hissəsi 2021-ci ilin dekabr ayında iddiaçıya ödənilmiş, qalan 2763,92 manat hissəsinin isə cari ilin sentyabr və oktyabr aylarında hissə-hissə (hər ay 1381,96 manat) İddiaçı əmək pensiyasının (690,98 manat) üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulmuşdur. İddiaçı hər ay ödənilən 690,98 manat əmək pensiyası məbləğinin tərkibində 24 manat əlavə də əhatə edildiyindən İddiaçı "qulluq stajına görə ödənilməli olan məbləğin ödənilməsi"nə dair iddia tələbi əsassızdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3195/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, artıq pul ona ödənilməmişdir. Ona 2014-cü ilin avqust, sentyabr və dekabr aylarında əlavələr hesablanaraq ödənilmişdir. Hazırda həmin məbləğin artıq hesablanıb ona ödənilməsinin qeyd edilməsi qanunsuzdur. İnzibati orqanın özünün qiymətləndirilməsindən asılı olaraq göstərilən məbləğ ödənilmişdir. “İnzibati icraat haqqında” Qanunun müddəalarına istinadən iddiaçı hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Cavabdeh apellyasiya şikayətinə dair etirazını da iddia ərizəsinə etirazında qeyd edilən əsaslarla təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, şikayətini ona qulluq illərinə ödənilən 24 manat məbləğin pensiyasında əsassız olaraq nəzərə alınmadığını mübahisələndirərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi F.Həmidova, məhkəmənin artıq ödənilmiş pulun geri qaytarılması barədə əqərarının artıq icra edildiyini, iddiaçıya əvvəllər qulluq stajına görə ödənilən 24 manat, sonradan, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il tarixli 3173 saylı sərəncamına əsasən aylıq pensiya məbləğinə 10 faiz əlavə ilə əvəz olunaraq hal hazırda ona qulluq stajına görə pensiyasının tərkibində 88 manat ödənildiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, pensiya işinin surətindən müəyyən olunur ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Nərmanov rayon şöbəsinin xx.xx.2009-cu il tarixli, 389 nömrəli qərarı ilə xx.xx.2009-cu il tarixdən dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası təyin edilmiş, pensiya təyin edilən zaman iddiaçının 07 il 01 ay 04 gün dövlət qulluğu müddəti nəzərə alınmaqla xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş "Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinin tələblərinə uyğun olaraq orta aylıq əmək haqqının artım faizi 49 faiz olmaqla pensiya hesablanmışdır. Daha sonra 1 mart 2018-ci il tarixindən pensiya məbləği artım faizi 23,61% olmaqla iddiaçının əmək pensiyası yenidən hesablanmışdır. Konkret halda, iddiaçının iddia ərizəsi onun apellyasiya şikayətinin dəlilləri, habelə hazırkı məhkəmə iclasında məhkəməyə verdiyi izahatına əsasən müəyyən olunan hal ondan ibarətdir ki, onun tərəfindən əvvəllər ona hər ay əmək pensiyası tərkibində xidmət illərinə görə ödənilən 24 manat, 2021-ci ilin may ayından etibarən ödənilməməsi qanunsuz olduğu mübahisələndirilir. Məhkəmə kollegiyası aşağıdakılara görə iddiaçının qeyd olunan mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə 1 may 2020-ci il tarixli 76-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə qədər qüvvədə olmuş 73-cü maddəsinin əvvəlki redaksiyası nəzərədə tuturdu ki vergi orqanlarının vəzifəli şəxslərinin vəzifə maaşlarına bu orqanlarda xidmət illərinə görə aşağıda göstərilən miqdarda əlavələr müəyyən edilir: 1 ildən 5 ilədək- 21 manat miqdarında; 5 ildən 10 ilədək - 24 manat miqdarında; 10 ildən 15 ilədək - 27 manat miqdarında; 15 ildən 20 ilədək - 30 manat miqdarında; 20 ildən 25 ilədək - 39 manat miqdarında; 25 ildən 30 ilədək - 45 manat miqdarında; 30 ildən yuxarı - 60 manat miqdarında. Həmin Əsasnamənin 2020-ci ilin yanvar ayının 1-dən qüvvədə olan 73cü maddəsinin yeni redaksiyası isə nəzərdə tutur ki, vergi orqanlarının vəzifəli şəxslərinə xidmətin ikinci ilindən başlayaraq, vergi orqanlarında xidmət illərinə görə hər ay aşağıda göstərilən məbləğdə əlavə haqq ödənilir: 1 ildən 5 ilədək - vəzifə maaşının 5 faizi məbləğində; 5 ildən 10 ilədək - vəzifə maaşının 10 faizi məbləğində; 10 ildən 15 ilədək - vəzifə maaşının 20 faizi məbləğində; 15 ildən yuxarı - vəzifə maaşının 30 faizi məbləğində. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, vergi orqanı əməkdaşlarının vəzifə maaşlarına xidmət illərinə görə ödənilən 24 manat məbləğində ödənilən əlavənin miqdarı 2020-ci ilin yanvar ayının 1-dən faiz şəklində (10%) ifadə olunmaqla artmışdır. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçıya 24 fevral 2009-cu il tarixindən vergi orqanlarının əməkdaşı kimi əlilliyə (İİİ qrup) görə əmək pensiyası təyin edilərkən iddiaçıya hesablanmış 24 fevral 2009-cu il tarixində qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 110,00 manat, qulluq stajına görə əlavə 24,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 103,39 manat olmaqla orta aylıq əmək haqqı 237,39 manat təşkil etmişdir. Belə ki, iddiaçının dövlət qulluğunda ümumi iş stajı 7 il 01 ay 04 gün təşkil etmişdir. Qeyd edilən Əsasnamənin 73-cü maddəsinin tələbindən göründüyü kimi, xidmət illəri 5 ildən 10 ilədək olan əməkdaşlara 24 manat miqdarında qulluq stajına əlavə nəzərdə tutulmuşdur. İddiaçının da əmək pensiyası, sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanarkən (xx.xx.2010, xx.xx.2014, xx.xx.2018, xx.xx.2019-cu il tarixlərdə) onun dövlət məvacibinin tərkibində qulluq stajına görə həmin əlavə, yəni 24 manat hesablanmışdır. Həmin Əsasnaməyə edilmiş dəyişikliklikdən sonra xidmət illərinə görə 5 ildən 10 ilədək xidmət ilinə görə ödənilən əlavə dəyişərək vəzifə maaşının 10 faizi ilə əvəz olunmuş və xx.xx.2020-ci il tarixindən iddiaçının həmin ana mövcud olan 880 manat vəzifə maaşının 10 faizi miqdarında əlavə, yəni, 88 manat məbləğində qulluq stajına əlavə kimi onun əmək haqqında nəzərə alınmaqla, pensiyasının tərkibində ona ödənilir. Belə olan halda, iddiaçının, ona əmək pensiyasının tərkibində 2009-cu il tarixdən xidmət illərinə görə ödənilən 24 manat əlavənin, xx.xx.2020-ci il tarixdən vəzifə maaşının 10 faizi, yəni, 88 manat məbləği ilə əvəz olunaraq pensiyasının tərkibində ona ödənildiyi təqdirdə, onun qüvvədən düşmüş olan həmin 24 manat əlavə nəzərə alınmaqla, daha pensiyasının tərkibində ödənilməsini tələb etməsi üçün hüquqi əsas mövcud deyildir. Ən azından, qeyd edildiyi kimi, onun vəziyyətini yaxşılaşdıran yeni qanunvericiliklə, xidmət illərinə görə orta aylıq əmək haqqında nəzərə əvvəl alınan 24 manat əlavə, 88 manata qədər yüksəlmişdir. Beləliklə də cavabdeh inzibati orqanın üzərinə iddiaçının pensiyasının tərkibində 24 manat məbləğində əlavə nəzərə alınmaqla, əmək pensiyasının yenidən hsablanması öhdəliyinin qoyulması üçün əsasların mövcudluğu müəyyən oolunmur. Belə olan halda, cavabdehin həmin məbləğ nəzərə alınmaqla, pensiyanın yenidən hesablanmasından imtina etməsi iddiaçının qanunla qorunan hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsi də məhz onu nəzərdə tutur ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Birinci instansiyanin qərarından görünür ki, məhkəmə, iddiaçının pensiya işi üzrə hərtərəfli araşdırma apararaq təhlil etmiş və onlara maddi hüquq normalarının tələbi baxımından düzgün hüquqi qiymət verməklə, iddianın təmin rədd olunması barədə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu mübahisələndirən və ləğv edilməsini tələb edən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin -1(112)-3195/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3195/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1999/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1999/2023
28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver