Məhkəmə qərarları › İş №2-1(103)-1999/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1999/2025

03.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1999/2025 03.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “yaşa görə əmək pensiyasının təyin edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3899/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. “Azərittifaq” Lerik rayon istehsal-istehlak Kooperativinin xx.xx.2023-cü il tarixli 06 nömrəli arayışında bildirilir ki, İddiaçı 117 saylı xx.xx.1981-ci il tarixli əmr üzrə Lerik rayon İstehlak Cəmiyyətində olan Univermağın qızıl şöbəsində satıcı işinə qəbul edilmiş, Lerik rayonu İstehlak Cəmiyyətinin İdarə Heyətinin 29 sentyabr 1990-cı il tarixli qərarına əsasən mal çeşidləyici üzrə əmtəəşünas vəzifəsinə təyin olunmuş, Lerik rayon İstehlak Cəmiyyətinin İdarə Heyətinin 112 saylı, 01 oktyabr 1990-cı il tarixli qərarı ilə qəsəbədiki mədəni-mallar mağazasının mebel şöbəsinə müdir-satıcı vəzifəsinə təyinat almış, Lerik rayon İstehlak Cəmiyyətinin № 01/1 saylı 02 yanvar 1991-ci il tarixli qərarı ilə məzuniyyətə göndərilmiş, sonra isə ərzəsi üzrə Lerik rayon İstehlak Cəmiyyətinin 62 saylı, 15 noyabr 1994-cü il tarixli sərəncamı ilə işindən azad edilmişdir. İşlədiyi müddət ərzində iş yerində fasilələrə yol verməmiş, sabit ştat cədvəli ilə müəyyən olunmuş əmək haqqı almışdır. Ştat cədvəli ilə müəyyən olunmuş əmək haqqının işçi tərəfindən almasına dair cədvəl arayışa əlavə olunur.

2. “Azərittifaq” Lerik rayon istehsal-istehlak Kooperativinin xx.xx.2023-cü il tarixli 05 nömrəli arayışında bildirilir ki, İddiaçı 1981-ci ildən 15 noyabr 1994-cü ildən aşağıda göstərilən qaydada və məbləğdə əmək haqqı almışdır. İddiaçı göstərilən tarixlərdə fasiləsiz əmək fəaliyyəti ilə məşğul olmasına və bunun əsasında əmək haqqı almasına baxmayaraq, cəmiyyətin arxiv sənədlərində işçinin 1983-cü il və 1985-ci il təqvim illəri üçün onun əmək haqqı almasına dair məlumatlar, hesabat sənədləri aşkar etmək mümkün olmamışdır.

3. Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli arayışında bildirilir ki, Lerik rayon sakini İddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2001-ci il tarixədək Lerik rayonu üzrə X3 çalışdığı müddət ərzində aylar üzrə əmək haqqı və digər gəlirləri arayışa əlavə edilən cədvəl məlumatlarına uyğun olmuşdur. Arayış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim etmək üçün verilir.

4. Lerik rayon X9 Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, Lerik rayon Çörək Zavuduna aid sənədlər arxivə təhvil veriməmişdir. Ona görə də İddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Çörək Zavodunda işləyibişləməməsi barədə rəsmi məlumatı yoxdur.

5. “Azərittifaq” X7 Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, Azərittifaqm tərkibində olan Lerik Rayon İstehsal İstehlak Kooperativinin (keçmiş Rayon İstehlak Cəmiyyətinin) sənədləri Lerik RİİK-də saxlanılır. İddiaçı barəsində Sizə heç bir məlumat təqdim edə bilmirik.

6. 10.11.1975-ci il tarixli əmək kitabçasının surətinə əsasən, iddiaçı xx.xx.1975-ci ildə X8 direktor vəzifəsinə təyin edilmiş, xx.xx.1976-cı ildə Sovet ordusunda xidmətə göndərilməsi ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1977-ci ildən xx.xx.1977-cu ilədək yenidən X8 işləmiş, xx.xx.1981-ci ildən Lerik rayon İstehlak Cəmiyyətində olan Univermağın qızıl şöbəsində satıcı, xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilədək mədənimallar mağazasının mebel şöbəsində müdir-satıcı, xx.xx.1991-ci ildən xx.xx.1995-ci ilədək mebel mağazasında satıcı vəzifəsində, xx.xx.1995-ci ildən xx.xx.1996-cı ilədək Lerik rayon X5 vəzifəsində, xx.xx.1996-cı ildən xx.xx.2000-ci ilədək Baş Dövlət Vergi Müfəttişliyinin Lerik rayonu üzrə X4 rəisi vəzifəsində çalışmış, xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilədək Vergilər Nazirliyinin Lerik rayonu üzrə Vergilər Şöbəsinin rəisi vəzifəsində işləmişdir.

7. Cavabdehin iddiaçıya pensiyanın təyin edilməsindən imtina məktubunda qeyd edilmişdir ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027ci il iyulun 1-dək hər il 6 ay artırılır). xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019- 2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyiniz əmək kitabçanızın, təhsil haqqında diplomunuzun və hərbi biletinizin surətlərinə əsasən sığorta stajınız (xx.xx.1978-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək təhsil aldığınız illər və hərbi xidmətdə olduğunuz müddət, xx.xx.1981-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək adınıza əməkhaqqı hesablanan aylar nəzərə alınmaqla) 21 il 6 ay 10 gün təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 19 il 3 ay 10 gün sığorta stajına uyğun olaraq 17854,31 manat, xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək 3657,32 manat (2023-cü il tarixinə indeksləşdirilmiş) olmaqla, ümumilikdə 21511,63 manat təşkil edir ki, bu məbləğ pensiya yaşınız tamam olan tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Bildiririk ki, əmək kitabçanızın surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1981-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək və xx.xx.1995-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək əmək fəaliyyəti dövrlərinizin araşdırılması zərurəti yaranmışdır. Fondun 1 saylı Lənkəran-Astara regional filialının xx.xx.2024-cü il tarixli müvafiq aktına əsasən Lerik rayon İstehsal-İstehlak Kooperativində xx.xx.1981-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək əmək fəaliyyətiniz zamanı 1981ci ildə 7 ay, 1982-ci ildə 1 ay, 1983-cü ildə il ərzində, 1984-cü ildə 1 ay, 1985-ci ildə il ərzində, 1986-cı ildə 1 ay, 1990-cı ildə 6 ay, 1991-ci ildə 3 ay, 1993-cü ildə 3 ay, 1994cü ildə 9 ay adınıza əməkhaqqı hesablanmadığı üçün sözügedən ayların sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir. Eyni zamanda Lerik rayon Çörək zavodunda xx.xx.1995-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək əmək fəaliyyətinizə dair məlumat aşkar edilmədiyi üçün həmin dövr sığorta stajınıza daxil edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçanızın surətində göstərilən müvafiq dövrlər sığorta stajı kimi öz təsdiqini tapmadığı, sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonraQanun) 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən sizə xx.xx.2023-cü il tarixindən yaşa görə müavinət təyin edilmiş, ödənişi Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra-MEİS) “Əmək və Məşğulluq” altsistemində olan məlumatlara əsasən qüvvədə olan əmək müqaviləniz olduğu üçün xx.xx.2024-cü il tarixindən dayandırılmışdır. MEİS-in “Əmək və Məşğulluq” altsistemində olan məlumatlara əsasən əmək müqavilənizə xx.xx.2024cü il tarixindən xitam verildiyindən sizin yaşa görə müavinətinizin ödənişi xx.xx.2024cü il tarixindən 220 manat məbləğində olmaqla bərpa edilmişdir. Qanunun 9.1-2-ci maddəsinə uyğun olaraq ötən dövr üçün hesablanan müavinətin ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq müavinətinizin üzərinə əlavə edilməklə ödəniləcəkdir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər..”

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək Astara rayon Tara Bazasında 2 il (xx.xx.1975 - xx.xx.1977) əmək stajı, Lerik rayon Çörək zavodunda 4 ay 4 gün (xx.xx.1995 - xx.xx.1996) əmək stajı və Lerik rayonu X6 çalışdığı 5 il 9 ay (xx.xx.1996 - xx.xx.2001) əmək və sığorta stajının, cəmi 8 il 01 ay 03 gün (2 il + 4 ay 4 gün + 5 il 09 ay) əmək və sığorta stajı nəzərə alınmaqla pensiyanın yenidən hesablanması və yuxarıda göstərilən əmək və sığorta stajı nəzərə alınmaqla hesablanmış pensiya məbləğinin 04 noyabr 2023-cü il tarixdən etibarən təyin olunmaqla verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “İddiaçı 65 yaşdan, xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” kimi dəyişdirilmişdir.

10. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1975-ci il 20 noyabr tarixindən 1977-ci ilin 30 noyabr tarixinə kimi (2 il) Astara rayon Tara Bazasında çalışmışdır. 1977-1978-ci illərdə və 1980-1981 ci illərdə (2 il) texnikumda təhsil almışdır. 1978-ci ilin oktyabrından 1980-ci ilin oktyabrına kimi ordu sıralarında xidmət etmişdir. xx.xx.1981ci il tarixdən xx.xx.1994-cü il tarixədək Lerik rayonunda işlədiyi müxtəlif sahələrdəki sığorta fəaliyyəti (21 il 6 ay 10 gün) təşkil etmiş, lakin sorakı iş fəaliyyəti nəzərə alınmamışdır. Belə ki, xx.xx.1995-xx.xx.1996- cı illər Lerik rayon X5 vəzifəsində çalışmışdır. xx.xx.1996-cı ildən xx.xx.2000-ci ilədək Baş Dövlət Vergi Müfəttişliyinin Lerik rayonu üzrə X4 rəisi vəzifəsində çalışmış, xx.xx.2000-ci ildə struktur dəyişikliyi ilə əlaqədar Vergilər Nazirliyinin Lerik rayonu üzrə Vergilər Şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. Həmin vəzifədə xx.xx.2001-ci il tarixədək çalışmışdır. İstər xx.xx.1995-xx.xx.1996-cı illər Lerik rayonundakı Çörək Zavodunda çalışdığı zamanı, istər xx.xx.1975-xx.xx.1977-ci illər X8 çalışdığı zamanı və istərsə də xx.xx.1996-cı ildən xx.xx.2001-ci il tarixədək Lerik rayonunda Vergi orqanlarında çalışdığı müddət ərzində bütün aylar üzrə əmək haqqı almış və yekun olaraq 8 il 01 ay 03 gün (2 il + 4ay 4 gün+ 5 il 9 ay) sığorta stajı təşkil etmişdir. Lakin pensiya məbləği müəyyən olunarkən düzgün hesablanma aparılmamışdır. Pensiya yaşıma çatmağı ilə bağlı pensiya məbləğinin düzgün hesablanmasından və təyin olunmasından ötrü ƏƏSMNnə müraciət olunmuş, müəyyən araşdırma aparılsa da, araşdırma tam və obyektiv olmamışdır. Belə ki, xx.xx.1978-ci ildən xx.xx.1994-cü il tarixədək adına hesablanmış əmək haqqı nəzərə alınmaqla əmək fəaliyyəti, onun əsasında hesablanmış sığorta stajı 21 il 6 ay 10 gün hesablamışlar. Lakin, əmək kitabçasında təsdiq olunduğu kimi, X8 xx.xx.1975-ci ildən xx.xx.1977-ci il tarixədək (2 il) əmək stajı nəzərə alınmamış və nəticədə sığorta stajına əlavə edilməmişdir. Bundan əlavə, xx.xx.1995-xx.xx.1996-cı illər Lerik rayon X5 vəzifəsində çalışdığı müddət (4 ay 04 gün) nəzərə alınmamışdır. Bundan başqa, xx.xx.1996 — xx.xx.2001- ci ilədək (5 il 01 ay) Lerik rayonu üzrə Vergi Müfəttişliyinin rəisi vəzifəsində (xx.xx.2000-ci ildə struktur dəyişikliyi ilə həmin təşkilat, Vergilər Nazirliyinin Lerik rayonu üzrə Vergilər Şöbəsinin rəisi vəzifəsinə təyin olunmuş) çalışmışdır. Tərəfindən DVX-nə müraciət olunmuş, verilən cavab bir daha təsdiq etmişdir ki, xx.xx.1996-xx.xx.2000-ci illər Lerik rayonu üzrə X3 çalışmış və əmək haqqı almışdır. Lakin xx.xx.2000-ci il tarixdə struktur dəyişikliyindən sonrakı müddət, əmək fəaliyyəti və sığorta stajı nəzərə alınmamışdır. Bu illər pensiya hesablanarkən nəzərə alınmadığından və sığorta stajına əlavə edilmədiyindən tələb olunan 25 il sığorta stajı formalaşmamış və pensiya məbləği təyin olmamışdır. Rayon vergi qrumu dövlət orqanı olmuş, əmək fəaliyyəti rəsmi olmuş və Dövlət vergi orqanında göstərilən müddətdə fasiləsiz fəaliyyət göstərmiş və əmək haqqı almışdır. Yuxarıda göstərdiyi iş yerləri, əmək fəaliyyəti əmək kitabçasında tam qeyd olunmuş, rəsmiləşmişdir. Eyni zamanda göstərilmiş iş yerləri, əmək haqqı almağı barədə əmək kitabçasında olan rəsmi qeydlər, aktlar, arayışlar və məhkəməyə dəvət edəcəyi şəxslərin izahatları ilə də öz təsdiqini tapmaqla bir daha yuxarıdakıların həqiqət olduğunu bəyan edir. Tələb olunan sənədlər cavabdeh təşkilata təqdim olunsa da, pensiya hesablanmasında təqdim olunan qanuni sənədləri nəzərə alınmamış, pensiya stajı düzgün və tam hesablanmamışıdr. Odur ki, təqdim olunan, hüquq verən və digər sənədlər əsasında şərh olunan və sənədlərdə əks olunan tarixlərdə işlədiyi illərin sığorta stajına daxil edilərək əmək pensiyası yenidən və düzgün hesablanmaqla təyin olunmalıdır.

11. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsistemində olan məlumatlara və təqdim edilən əmək kitabçasının, təhsil haqqında diplomun va hərbi biletin surətlərinə əsasən ərizəçinin xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək və xx.xx.1977-ci il tarixdən xx.xx.1977- ci il tarixədək olan əmək fəaliyyəti dövrləri həmçinin 25 10 1978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək təhsil illəri və hərbi xidmətdə müddəti, xx.xx.1981-ci il tarixdən 15.11 1994-cü il tarixədək adına əməkhaqqı hesablanan aylar və xx.xx.1996-cı il tarixdən xx.xx.2001-ci il tarixədək Lerik rayonu üzrə X1 əmək fəaliyyəti dövrü də nəzərə alınmaqla ümumi sığorta stajı 21 il 6 ay 10 gün təşkil edir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Eyni zamanda xx.xx.2006-cı il tarixədək fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 19 il 3 ay 10 gün sığorta stajına uyğun olaraq 17854,31 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 3657,32 manat olmaqla, ümumilikdə 21511,63 manat (2023cü il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ pensiya yaşı tamam olan tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1981-ci il tarixdən xx.xx.1994-cü il tarixədək və xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Fondun 1 saylı Lənkəran-Astara regional filialının xx.xx.2024-cü il tarixli aktına əsasən Lerik rayon istehsal-istehlak Kooperativində xx.xx.1981-ci il tarixdən xx.xx.1994-cü il tarixədək əmək fəaliyyəti zamanı 1981-ci ildə 7 ay, 1982-ci ildə 1 ay, 1983-cü ildə il ərzində, 1984-cü ildə 1 ay, 1985-ci ildə il ərzində, 1986-cı ildə 1 ay, 1990-cı ildə 6 ay, 1991-ci ildə 3 ay, 1993-cü ildə 3 ay, 1994-cü ildə 9 ay əməkhaqqı hesablanmamışdır. Eyni zamanda Lerik rayon Çörək zavodunda xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək əmək fəaliyyətinə dair məlumat aşkar edilməmişdir. Bu səbəbdən də sözügedən dövrün və iddiaçının adına əməkhaqqı hesablanmayan ayların onun sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Odur ki, iddia tələbi əsassız və qanunsuz hesab edilərək təmin edilməməlidir.

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3899/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

13. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, göründüyü kimi iddiaçının xx.xx.1981-xx.xx.1994-cü illərdə müvafiq dövrlər üzrə işləməsi, əmək haqqı cədvəllərində barəsində məlumatın mövcud olması işəgötütənin arayışı ilə də təsdiq olunur.

14. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, iddiaçının işlədiyi 1973-2005-ci illərdə qüvvədə olan qanunvericilik normaları əmək kitabçası əsasında iş stajının təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tuturdu. Ona görə də, həmin dövrə aid iş stajı əmək kitabçası ilə təsdiqlənə bilər və müvafiq olaraq sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının müvafiq dövr üzrə işləməsi əmək kitabçasında əksini tapmış və iddiaçının işlədiyi həmin müəssisənin mövcudluğu hər hansı şübhə doğurmur.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

15. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3899/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar olmaqla əlavə onunla əsaslandırılmışdır ki, əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1981-ci il tarixdən xx.xx.1994-cü il tarixədək və xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Fondun 1 saylı Lənkəran-Astara regional filialının xx.xx.2024-cü il tarixli aktına əsasən Lerik rayon İstehsal-İstehlak Kooperativində xx.xx.1981-ci il tarixdən xx.xx.1994- cü il tarixədək əmək fəaliyyəti zamanı 1981-ci ildə 7 ay, 1982-ci ildə 1 ay, 1984-cü ildə 1 ay, , 1986-cı ildə 1 ay, 1990- cı ildə 6 ay, 1991-ci ildə 3 ay, 1993-cü ildə 3 ay, 1994-cü ildə 9 ayəməkhaqqı hesablanmamışdır. Qeyd edilən dövrlər üzrə əməkhaqqı almaması iddiaçının işlədiyini istisna etməkdədir. Belə olan halda qeyd edilən dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunvericiliyə uyğun deyildir. Göründüyü kimi məhkəmə sözügedən arayışa tam, hərtərəfli və obyektiv yanaşmamış və qanunsuz qərar qəbul etmişdir.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Proses iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

21. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

24. Qərardan cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin aktı bütövlükdə mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin qərarı tam hissədə yoxlanılır.

25. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş, həmçinin, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.

27. Məhkəmə kollegiyası daha sonra işin faktiki hallarına tətbiq edilən hüquq normalarına əsaslanaraq qeyd edir ki, aşağıdakı səbəblərə əsasən apellyasiya şikayəti əsassızdır, odur ki, təmin edilməməlidir.

28. Belə ki, məhkəmə Kollegiyası hesab edir ki, 2006-cı ilə qədər iddiaçının işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmalıdır.

29. Cavabdehin bununla bağlı etirazının dəlilləri ondan ibarətdir ki, Fondun 1 saylı Lənkəran-Astara regional filialının xx.xx.2024-cü il tarixli aktına əsasən Lerik rayon istehsal-istehlak Kooperativində xx.xx.1981-ci il tarixdən xx.xx.1994-cü il tarixədək əmək fəaliyyəti zamanı 1981-ci ildə 7 ay, 1982-ci ildə 1 ay, 1983-cü ildə il ərzində, 1984-cü ildə 1 ay, 1985-ci ildə il ərzində, 1986-cı ildə 1 ay, 1990-cı ildə 6 ay, 1991-ci ildə 3 ay, 1993-cü ildə 3 ay, 1994-cü ildə 9 ay əməkhaqqı hesablanmaması və onun Lerik rayon Çörək zavodunda xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək əmək fəaliyyətinə dair məlumat aşkar edilməmədiyindən həmin dövrlərin sığorta stajına əlavə edilməsi qanunvericiliklə mümkün olmamışdır, həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamış, xx.xx.2006-cı ilədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı qanunvericiliklə tələb edilən pensiya kapitalından az olmuşdur.

30. Məhkəmə Kollegiyası cavabdehin həmin dəlillərini əsassız hesab edir.

31. Belə ki, iddiaçının əmək fəaliyyəti olan dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.

32. Göründüyü kimi, qanunvericiliyə əsasən əmək pensiyasının təyin edilməsi üçün 2006cı il yanvarın 1-dək olan dövr üzrə şəxsin iş müddəti əmək fəaliyyəti barədə sənəd əmək kitabçası əsasında müəyyən olunur. 24.İddiaçı əmək kitabçasından görünür ki, o, xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Lerik rayon X5 vəzifəsində işləmişdir.

33. Cavabdehin imtinasından göründüyü kimi cavabdeh həmin dövrdə onun Lerik rayon Çörək zavodunda əmək fəaliyyətinə dair məlumat aşkar edilmədiyindən həmin dövrlərin sığorta stajına əlavə edilməsinin mümkün olmadığını bildirir, məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmır.

34. Eyni zamanda iddiaçının mübahisələndirilən xx.xx.1981-xx.xx.1994-cü illərdə 55 ay işlədiyi dövrlərə münasibətdə məhkəmə qeyd edir ki: - İddiaçının əmək kitabçasından görünür ki, o, Lerik rayon İstehsal-İstehlak Kooperativində olan Univermaqda xx.xx.1981-ci il tarixdən qızıl şöbəsində satıcı, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci ilə tarixədək mədəni-mallar mağazasının mebel şöbəsində müdir-satıcı, xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək mebel mağazasında satıcı vəzifəsində işləmişdir.

35. Cavabdeh tərəfindən isə iddiaçının işlədiyi 55 ay –1981-ci il üzrə 7 ay, 1982-ci il üzrə 1 ay, 1983-cü ildə il ərzində, 1984-cü ildə 1 ay, 1985-ci ildə il ərzində, 1986-cı ildə 1 ay, 1990-cı il üzrə 6 ay, 1991-ci il üzrə 3 ay, 1993-cü il üzrə 3 ay, 1994-cü il üzrə 9 ay əmək haqqı ödənilmədiyi müəyyən edildiyindən iş stajına daxil edilməmişdir.

36. Məhkəmə cavabehin həmin dəlililərini əsassız hesab edərək qeyd edir ki, iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün, digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir.

37. Məhkəmə hesab edir ki, xx.xx.1995-xx.xx.1996-cı illərdə işləməsi üzrə işəgötürən tərəfindən arayış təqdim edilməməsi onun həmin tarixlərdə çalışmadığını deməyə əsas deyil. Belə ki, işəgötürən tərəfindən qeyd edilən məlumatların natamam olması iddiaçının əleyhinə təsvir edilə bilməz. Onun işlədiyi dövrlər əmək kitabçasında öz əksini tapmışdır.

38. Məhkəmə həmçinin qeyd edir ki, əmək kitabçası qüvvədə olan qanunvericiliyə uyğun olaraq işəgötürənin imzası və həmin müəssisənin möhürü ilə təsdiq edilmişdir və qeydlərin aparılmasına əsas olan əmrlərin nömrəsi, tarixi göstərilmişdir. Odur ki, iddiaçının qeyd edilən dövrlərdə işləməsinə dair əsaslı şübhələr aşkar olunmadı.

39. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin sonuncu hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir.

40. Odur ki, əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddətinin daxil olması tələbi xx.xx.2002-ci ildən olan dövr üçün imperativ olduğundan həmin tarixədək olan dövr üzrə müəssisənin və əmək kitabçasında müvafiq qeydin mövcudluğu əmək stajının nəzərə alınması üçün yetərli hesab olunmalıdır.

41. Eyni zamanda məhkəmə araşdırması nəticəsində əldə edilən işəgötürənin arayışına əsasən müəyyən olunur ki, iddiaçı 117 saylı xx.xx.1981-ci il tarixli əmr üzrə Lerik rayon İstehlak Cəmiyyətində olan Univermağın qızıl şöbəsində satıcı işinə qəbul edilmiş, Lerik rayonu İstehlak Cəmiyyətinin İdarə Heyətinin 29 sentyabr 1990-cı il tarixli qərarına əsasən mal çeşidləyici üzrə əmtəəşünas vəzifəsinə təyin olunmuş, Lerik rayon İstehlak Cəmiyyətinin İdarə Heyətinin 112 saylı, 01 oktyabr 1990-cı il tarixli qərarı ilə qəsəbədiki mədəni-mallar mağazasının mebel şöbəsinə müdir-satıcı vəzifəsinə təyinat almış, Lerik rayon İstehlak Cəmiyyətinin № 01/1 saylı 02 yanvar 1991-ci il tarixli qərarı ilə məzuniyyətə göndərilmiş, sonra isə ərzəsi üzrə Lerik rayon İstehlak Cəmiyyətinin 62 saylı, 15 noyabr 1994-cü il tarixli sərəncamı ilə işindən azad edilmişdir. İşlədiyi müddət ərzində iş yerində fasilələrə yol verməmiş, sabit ştat cədvəli ilə müəyyən olunmuş əmək haqqı almışdır.

42. Göründüyü kimi iddiaçının xx.xx.1981-xx.xx.1994-cü illərdə müvafiq dövrlər üzrə işləməsi, əmək haqqı cədvəllərində barəsində məlumatın mövcud olması işəgötütənin arayışı ilə də təsdiq olunur.

43. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, iddiaçının işlədiyi 1973-2005-ci illərdə qüvvədə olan qanunvericilik normaları əmək kitabçası əsasında iş stajının təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tuturdu. Ona görə də, həmin dövrə aid iş stajı əmək kitabçası ilə təsdiqlənə bilər və müvafiq olaraq sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının müvafiq dövr üzrə işləməsi əmək kitabçasında əksini tapmış və iddiaçının işlədiyi həmin müəssisənin mövcudluğu hər hansı şübhə doğurmur.

44. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:

45. 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.

46. 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur;

47. 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

48. Göründüyü kimi, iddiaçı 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olmadığı üçün yaşa görə əmək pensiyasının təyini üçün 2 şərt lazımdır: i) tələb olunan yaş; ii) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj. 1 iyul 2020 – 30 iyun 2021 il üçün kişilər üçün pensiya yaşı 65 yaş, qadınlar üçün 62 yaşdır.

49. Qanunvericiliyin tələblərinə əsasən iddiaçıya pensiya yaşına çatmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda ona yaşa görə əmək pensiyası təyin edilə bilər.

50. İddiaçı xx.xx.1958-cu il təvəllüdlüdür, pensiya təyin edilməsi ilə müraciət etdiyi vaxta yaşı 65-dir. Əmək kitabçasına əsasən inzibati orqan tərəfindən nəzərə alınmış sığorta stajı (hərbi xidmət dövrü və təhsil aldığı illər daxil edilməklə) 25 ildən çoxdur.

51. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçının işlədiyi müəssisə mövcud olmuş və onun həmin müəssisədə xx.xx.1981-ci il tarixdən xx.xx.1994-cü il tarixdək və xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək işləməsi əmək kitabçasında müvafiq qeydlərlə təsdiq olunduğundan (2002-ci ilədək olan dövr üzrə məcburi dövlət sosial sığorta haqqının ödənilməsi tələbi mövcud olmadığından) cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmaqla cavabdeh tərəfindən sübutetmə vəzifəsi icra edilməmişdir. Belə ki, məhkəmə araşdırması nəticəsində iddiaçıya yaşa görə pensiya təyin edilməsi üçün faktiki şərtlərin mövcudluğu sübut edilmiş, cavabdeh isə konkret halda pensiya təyin edilməsini istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etməsinə baxmayaraq, belə şərtlərin mövcudluğunu sübut etməmişdir.

52. Hazırda işin faktiki hallarına əsasən iddiaçının 2006-cı ilin yanvar ayının 1-nə qədər cəmi 25 ildən çox sığorta stajı iş materiallarında öz təsdiqini tapmışdır. Belə ki, yuxarıda qeyd olunan dövrlərdə işlədiyi müddətlər (cəmi 25 ildən çox) iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası almaq hüququ verir.

53. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tərixli, 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.-ci bəndinə əsasən, Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

54. “Əmək pensiyaları haqqında” Qanunun:

55. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

56. 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti; 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).

57. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.

58. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, 1-ci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, Lerik rayon istehsal-istehlak Kooperativində xx.xx.1981-ci il tarixdən xx.xx.1994-cü il tarixədək, Lerik rayon Çörək zavodunda xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək İddiaçı 65 yaşdan, xx.xx.2023-cü il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.

59. Məhkəmə Kollegiyası iddia tələbinə etirazın dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olduğunu, həmin dəlillərə isə yuxarıda hüquqi qiymət verildiyini qeyd etməklə, odur ki, prosessual qənaət prinsipindən çıxış edərək həmin dəlillər üzrə təkrar hüquqi qiymətləndirmə aparmağa zərurət görmür.

60. Əlavə olaraq məhkəmə Kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində iddiaçıya Lerik rayon İstehsal-İstehlak Kooperativində xx.xx.1981-ci il tarixdən xx.xx.1994- cü il tarixədək əmək fəaliyyəti zamanı 1981-ci ildə 7 ay, 1982-ci ildə 1 ay, 1984-cü ildə 1 ay, , 1986-cı ildə 1 ay, 1990- cı ildə 6 ay, 1991-ci ildə 3 ay, 1993-cü ildə 3 ay, 1994-cü ildə 9 ayəməkhaqqı hesablanmamasını bildirməklə qeyd edilən dövrlər üzrə əməkhaqqı almaması iddiaçının işlədiyini istisna etməsi dəlilini irəli sürür.

61. Həmin dəlilə münasibətdə məhkəmə Kollegiyasının mövqeyi belədir ki, iddiaçının işlədiyi müəssisə mövcud olmuş və onun həmin müəssisədə xx.xx.1981-ci il tarixdən xx.xx.1994-cü il tarixdək və xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək işləməsi əmək kitabçasında müvafiq qeydlərlə təsdiq olunduğundan (2002-ci ilədək olan dövr üzrə məcburi dövlət sosial sığorta haqqının ödənilməsi tələbi mövcud olmadığından) cavabdehin şikayətinin dəlilləri də əsassızdır.

62. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

63. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

64. Göründüyü kimi, birinci instansiya məhkəməsi işə baxakən yuxarıda qeyd olunan məsələlər araşdırılmış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirərək əsaslı nəticəyə gəlmişdir.

65. Beləliklə, apellyasiya şikayətinin dəlilləri əsassızdır və odur ki, təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3899/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3899/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar