Məhkəmə qərarları › İş №2-1(103)-2/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2/2023

03.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2/2023 03.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X11 ibarət tərkibdə, X34 qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs X28 və X29) “mənzil qeydiyyatından çıxarılma” tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-454/2018 saylı iş üzrə qəbul etdiyi 17 aprel 2018-ci il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X28 və X16 Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, 11 saylı evdən qeydiyyatdan çıxarılma vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-454/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, X28 və X16 Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, 11 saylı evdən qeydiyyatdan çıxarılmaları vəzifəsi Bakı şəhəri Cavabdeh üzərinə qoyulmuşdur. Qərardan narazı qalan üçüncü şəxs X28 apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Üçüncü şəxsin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Sevil Həsənova Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi 11 saylı evin yalnız 1/8 hissəsinin mülkiyyətçisidir. Belə olan halda iddiaçı mənim pasport qeydiyyatımın mübahisəli mənzildə olan payına aid olmasına dair sübutları məhkəməyə təqdim etməli idi. Çünki qeydiyyat iş materialları ilə müəyyən edildiyi kimi Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi 11 saylı evədir. İddiaçı isə həmin evin tam mülkiyyətçisi deyil. Onun qeyd edilən mənzildə olan pasport qeydiyyatım yalnız qeydiyyat deyil, eyni zamanda istifdə hüquqlarının olması ilə bağlıdır. Belə olan halda isə istifadə hüquqları olan şəxsin pasport qeydiyyatının ləğv edilməsi Mülki məcəllənin 228-ci maddələrinə ziddiyət təşkil edir. Apelyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxs M.Rəhimova apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının qismən ləğv edilməsi, iddianın ona aid hissədə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətinin təmin edilməməsini, məhkəmənin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Kollegiya iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Kollegiya işə çağırılan tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, “... iddiaçı mübahisəli evi qanuni yollə əldə etmiş, lakin şəxslər X28 və X29 (sonradan - şəxslər) mübahisəli ev üzərində hər hansı hüquqa malik olmadıqları halda qeyd vanda formal olaraq qeydiyyatda qalmışlar.” Kollegiya məhkəmənin mövqeyi ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına hərtərəfli yanaşılmamışdır. İş materiallarından aydın olur ki, Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, 11 saylı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində ilkin olaraq X10 və X17 adına qeydiyyatdan keçmiş, X17 ölümündən sonra vərəsəlik qaydasında 2/8 hissə X6 və X13, 1/8 hissə Şərabani Quliyeva və 1/8 hissə X7 adına qeydiyyatdan keçmişdir. X12 xx.xx.1997-ci il tarixdə X30 ilə nikaha daxil olmuş və iddiaçı mübahisəli evə gəlin köçməklə həmin tarixdən halhazıradək mübahisəli evdə yaşayır. X12 23 dekabr 2014-cü il tarixdə ölmüş, ölənədək mübahisəli evdə yaşamış və xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun mübahisəli evdəki 1/8 hissə payı xx.xx.2017-ci il tarixdə arvadının, yəni iddiaçının adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(009)- 1888/2019 nömrəli, 19 avqust 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının ərizəsi təmin edilərək, mübahisəli evin X8 miras qalmış 4/8 hissəsinin və X23 miras qalmış 1/8 hissəsinin onun tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilmiş və mübahisəli ev xx.xx.2022-ci il tarixdə 6/8 hissə payla iddiaçının adına qeydiyyatdan keçmişdir. Mübahisəli evin payçılarından (1/8 hissədə) biri olan X9 (bundan sonra – miras qoyan) isə, iddiaçının mərhum ərinin əmisi oğlu olmaqla xx.xx.2006-ci il tarixdə ölmüşdür. Miras qoyanın oğlu X31 mübahisəli evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-170/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddiası həmin evə hüququnun müəyyən edilməməsi əsası ilə rədd olunmuş və qətnamə qanuni qüvvəsini almışdır. Miras qoyanın digər oğlu X29 isə, xx.xx.2018-ci il tarixdə atasından qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə ərizə ilə Bakı şəhəri 46 saylı notariat ofisinə müraciət etmiş, ərizəsi əsasında vərəsəlik işi açılmış və vərəsəlik işinin açılmasına əsas kimi birinci cavabdehin miras açılan gündən mübahisəli ünvanda pasport qeydiyyatında olması göstərilmişdir. İşdən görünür ki, iddiaçı X30 cavabdeh Bakı şəhəri 46 saylı notariat bürosunun notariusu X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X3 miras qalmış Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi ünvanında yerləşən 11 saylı evə olan 1/8 hissədə paya dair vərəsəlik işinin açılmasının qeyri-qanuni hesab edilməsi və açılmış vərəsəlik işinin ləğv edilməsinin Bakı şəhəri 46 saylı notariat bürosunun xüsusi notariusu X2 üzərinə vəzifə kimi qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, Səbail rayon Məhkəməsinin 2(009)-4404/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə İddiaçı ərizəsi təmin edilərək, miras əmlaka dair açılmış vərəsəlik işinin qeyri-qanuni hesab edilməsi və işin ləğv edilməsi tələbinə dair mülki iş üzrə X1 miras qalmış Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, 11 saylı fərdi yaşayış evinin 1/8 hissəsinə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi Bakı şəhəri 46 saylı notariat vürosunun xüsusi notariusu X5 qadağan edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-981/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Bakı şəhər 46 saylı Notariat Ofisinə və X25 (üçüncü şəxslər X26, X14, X19) qarşı “X3 miras qalmış Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi ünvanında yerləşən 11 nömrəli evə olan 1/8 hissədə payın iddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi” tələbi üzrə iddia rədd edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 3806/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Beləliklə, işin yuxarıda sadalanan hallarından aydın olur ki, Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, 11 saylı fərdi yaşayış evinin 6/8 hissəsi iddiaçının adına, 1/8 hissəsi X13, 1/8 hissəsi isə X6 adına qeydiyyata alınmışdır. İddiaçının hazırki iş üzrə qeydiyyatdan çıxarılmalarını tələb etdiyi üçüncü şəxslər X29 və X4 evin paylı mülkiyyətçisi olmuş X6 oğlu və nəvəsidir. Eləcə də məlum olur ki, paylı mülkiyyətçi X6 vəfat etməsi ilə əlaqədar X16 ərizəsi əsasında mərhumun payına münasibətdə xx.xx.2018-ci il tarixdə vərəsəlik işi açılmış, lakin, Səbail Rayon Məhkəməsinin yuxarıda qeyd edilən xx.xx.2018-ci il tarixli hazırda qüvvədə olan qərardadına əsasən, Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, 11 saylı fərdi yaşayış evinin 1/8 hissəsinə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi qadağan edilmiş, X25 atasının əmlkaına dair şəhadətnamə verilməmişdir. Digər tərəfdən, iş materialları ilə müəyyən olunur ki, iddiaçı qəbul etmiş olduğu və irsi transmisiya qaydasında hüquq əldə etdiyi əmlakla bağlı mirasın qəbul edilməsinə dair müvafiq notariat kontoruna müraciət etmiş, ona imtina olunmuş və məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, həmin tələb üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6601/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmış, qərardad qanuni qüvvəsini almışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun:

2. Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. (-).

9. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; (-). 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli qərarında qeyd edilir ki, “... “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. ...” Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq apelyasiya şikayəti pozulması ehtimal olan hüquq və mənafelərlə bağlı olaraq verilir. Belə olan halda, hazırki işin faktiki hallarından görünür ki, İddiaçı iddiasının təmin edilməsi ilə hazırki iş üzrə üçüncü şəxslərin qeydiyyat yeri üzrə qanunla müəyyən edilmiş hüquqlarının pozulması ehtimal ediləndir. Belə ki, yuxarıda sadalanan işin faktiki hallarına əsasən, üçüncü şəxslər X28 və X16 Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, 11 saylı fərdi yaşayış evinin mübahisəli 1/8 hissəsinə qeydiyyata alınmalarının əsası vəfat etmiş miras qoyan X20 oğlu və nəvəsi olmalarıdır. Hazırda həmin yaşayış evinin 6/8 hissəsi adına qeydiyyatda olan İddiaçı mərhum X20 mülkiyyətində olmuş 1/8 hissəyə münasibətdə üçüncü şəxslər Nahid və Murad Həsənovun qeydiyyatdan çıxarılmalarını tələb edir. Eyni zamanda, yuxarıda qeyd edilənlərdən isə mübahisəsiz olaraq müəyyən olunur ki, üçüncü şəxs miras əmlakın qəbul edilməsi ilə bağlı müvafiq notariat kontoruna ərizə ilə müraciət etmiş, onun ərizəsi əsasında vərəsəlik işi açılmış, lakin iddianın təmini tədbirinə dair verilmiş ərizə əsasında vərəsəlik işinin icraatı faktiki olaraq dayandırılmış və nəticələnməsinin qarşısı alınmışdır. Eyni zamanda, kollegiya qeyd edir ki, X21 mübahisəli evə köçürülmə tələbinə dair tələbinin rədd edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-170/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsinin mövcudluğu hazırki iş üzrə həlledici əhəmiyyət daşımır. Belə ki, hazırki işin faktiki hallarından müəyyən edilir ki, üçüncü şəxslər X28 və X29 Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, 11 saylı fərdi yaşayış evinin mərhum X20 mülkiyyətində olmuş 1/8 hissəsinə münasibətdə ehtimal edilən edilən mülkiyyətçilərdir. İddiaçı isə həmin 1/8 paya münasibətdə hər hansı hüquqlarının olması hazırki işin materiallarına əsasən müəyyən edilmir. Belə olan halda, iddia tələbinin təmin edilməsi yalnız üçüncü şəxslərin yaşayış evinin mübahisəli hissəsin münasibətdə ehtimal edilən mülkiyyət hüquqlarının pozulması ilə nəticələnə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apelyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, mübahisələndirilən qərar ləğv edilməklə, iddia tələbi rədd edilməlidir. AR İPM-in 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, üçüncü şəxsin apelyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv ediməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Üçüncü şəxs X22 apelyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-454/2018 saylı iş üzrə qəbul etdiyi 17 aprel 2018-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı “X28 və X16 Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, 11 saylı evdən qeydiyyatdan çıxarılma vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar