Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-20/2020 24.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Quluzadə Günel Cəbrayıl qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X3, cavabdehin nümayəndəsi X4, üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı-nin cavabdeh Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə (üçüncü şəxs - «xxxxxxxxx» MMC) qarşı «qərarın ləğv edilməsi və qeydiyyata xitam verilməsinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2- 1(81)-1048/2015 saylı qərarından iş üzrə cavabdeh və üçüncü şəxs tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasənəsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə (üçüncü şəxs «xxxxxxxxx» MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurasının xx.xx.2014-cü il tarixli, E-987 saylı Qərarını ləğv edərək, "xxxxxxxxx" MMC-nin "elsu" adlı əmtəə nişanının 32,35,39 saylı siniflərdə əmtəələri və xidmətləri üzrə xx.xx.2009 tarixli, 20090852 nömrəsi altında qeydiyyatına xitam verilməsi və etiraz ərizəsinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurasının xx.xx.2014-cü il tarixli, E-987 saylı Qərarını ləğv edərək, "xxxxxxxxx" MMC-nin "elsu" adlı əmtəə nişanının 32,35,39 saylı siniflərdə əmtəələri və xidmətləri üzrə xx.xx.2009 tarixli, 20090852 nömrəsi altında qeydiyyatına xitam verilməsinin vəzifə kimi cavabdehin üzərinə qoyulmasıbarədə qərar qəbul edilməsini xahiş etmiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, cavabdehin Apellyasiya Şurasının xx.xx.2014-cü il tarixli E-987 saylı qərarı ilə İddiaçı tərəfindən xx.xx.2013-cü il tarixdə "elsu" adlı əmtəə nişanının 32, 35 və 39-cu siniflərinin əmtəələri və xidmətləri üzrə 20090852 qeydiyyatına xitam verilməsi barədə etiraz ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Bu qərar maddi hüquq normalarına uyğun qəbul edilməmişdir. İddiaçı 2005-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində qeydiyyatdan keçmiş və öz fəaliyyətinə başlamışdır. xx.xx.2007-ci ildə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən 20070775 nömrəli "EL" əmtəə nişanlı Şəhadətnamə verilmişdir (bütün siniflər istisna olmaqla) və xx.xx.2017-ci ilə qədər qüvvədədir. İddiaçı etiraz ərizəsi ilə cavabdehə müraciət edərək göstərmişdir ki, "elsu" əmtəə nişanı "xxxxxxxxx" MMC-nin adına xx.xx.2009-cu ildə qeydiyyata alınmışdır. Bu da "Əmtəə nişanı və coğrafi göstəricilər" haqqında Qanunun 6-cı maddəsinin "a" bəndinə ziddir. Hər iki əmtəə nişanının dominant elementi olan EL hərf birləşməsi “elsu” və “el” sözlərinin bir-biri ilə qarışıq salma dərəcəsinə qədər oxşar olmasını göstərir. Hər iki əmtəə nişanın fonetik oxunuş nöqteyi nəzərdən təhlili də onların arasında yaxın oxşarlığın olmasına dələlət edir. Belə ki, "el" sözünün fonetik oxunuşu "el" və "elsu" sözlərinin fonetik oxunuşu kimi eyni səslənir. Hər iki nişanda dominant elementlər olan "el" hərf birləşməsi "elsu" və "el" sözlərinin fonetik oxunuş tərzi kimi nəinki oxşar, hətta eynidirlər. Bundan əlavə, ********* №li "elsu" əmtəə nişanının ilkinlik tarixi xx.xx.2009-cu ilə aiddir, halbuki "EL" əmtəə nişanının qeydiyyat tarixi xx.xx.2007-ci ildir. Göründüyü kimi "elsu" əmtəə nişanının qeydiyyat tarixi "EL" əmtəə nişanının qeydiyyat tarixindən iki il əvvəl qeydə alınıb 20090852 N-li "elsu" və 20070775 N-li "EL" əmtəə nişanının iddia edilmiş 32, 35, 39-cu siniflərdə əmtəələrin və xidmətlərin siyahısı həmçinin əmtəələr və xidmətlər olmaqla bərabər həm də eynilik təşkil edir. Beləliklə, "xxxxxxxxx" MMC-nin adına qeydiyyata alınmış "elsu" 20090852 nömrəli əmtəə nişanı əmtəələrin istehsalçısı barədə yalnış təssürat yaradan nişan kimi qiymətləndirilməlidir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim Ş.Məmmədova) xx xxxx 2015-ci il tarixli, 2-1(81)-1048/2015 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurasının xx.xx.2014-cü il tarixli, E-987 saylı Qərarı ləğv olunmuş, "xxxxxxxxx" MMC-nin "elsu" adlı əmtəə nişanının (32,35,39) saylı siniflərdə əmtəələri və xidmətləri üzrə xx.xx.2009 tarixli, 20090852 nömrəsi altında qeydiyyatına xitam verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Qərar ilə razı olmayan cavabdeh apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qərarının ləğv edilməsini, iddianın təmin olunmaması və cavabdehin E-987 saylı, xx.xx.2014-cü il tarixli qərarının qüvvədə saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti bununla əsaslandırılmışdır ki, müqayisə edilən "EL" və kombinasiya edilmiş "elsu" əmtəə nişanları qrafik və məna cəhətdən oxşarlıq yaratmır. Məhkəmə isə Azərbaycan Respublikası patent müvəkkili V.F.Əfəndiyevin mütəxəssis rəyindən istifadə edərək qeyd etmişdir ki, öncə qeydiyyata alınmış "EL" əmtəə nişanının qüvvədə olduğu və fəaliyyət göstərdiyi zamanda ona qarışıq dərəcisinə qədər bənzər olan "elsu+təsvir" əmtəə nişanının qeydiyyata alınması qanunvericiliyə ziddir. "Elsu" sözü bir sözdən ibarətdir. "Elsu" sözü əmtəə nişanı kimi iki ayrı-ayrı sözlər kimi ("el" və "su") qeydiyyata alınmış olsaydı, onda həmin Qanunun 5-ci maddəsinin "c" bəndinin şərtləri tətbiq edilə bilərdi. Lakin yalnız "elsu" sözü qeydiyyata alınmışdır. Patent müvəkkili V.F.Əfəndiyevin rəyinə qoşulmuş nümunədən aydın görünür iki ayrı-ayrı sözlərdən yaradılmış əmtəə nişanlarının qeydiyyatları Azərbaycan Respublikasında mövcuddur: "Altın su" (20091438), "Ramil su" (2004 0720),"Çar su" (2005 0578), "Zor su" (2008 1283), "Ceyrən su" (2008 1285) . Belə qeydiyyatlarda "su" elementi birbaşa əmtəənin növünü göstərir və mühafizə edilmir. İş üzrə qəbul olunmuş qərardan eyni zamanda üçüncü şəxs də apellyasiya şikayəti vermiş, qərarın ləğv olunması və iddia tələblərinin təmin olunmaması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət bununla əsaslandırılmışdır ki, İddiaçı-nin "EL" əmtəə nişanı xx.xx.2007-ci il tarixdə qeydiyyata alınsa da, hal-hazıradək həmin əmtəə nişanı altında su istehsalı ilə məşğul olmamışdır. 5 ildən artıq müddətdə əmtəə nişanından istifadə edilməmişdir. "EL" əmtəə nişanı Azərbaycan Respublikasında İddiaçı-nin adına qeydiyyata alınmışdır: əmtəə nişanı: EL; iddia sənədinin daxil olma tarixi: xx.xx.2007; iddia ərizəsinin № 20070982; siniflər: 01, 02, 04-17, 19-24, 26-45; qeydiyyat tarixi: xx.xx.2007; qeydiyyat nömrəsi: 2007 0775; qüvvədə olmasının bitmə tarixi: xx.xx.2017; Qanunun verdiyi hüququdan istifadə edərək "xxxxxxxxx" MMC "EL" əmtəə nişanının ƏXBT-nin (Nitsa təsnifatmm) 32 (mineral və qazlı sular), 35 (reklam, biznes sahəsində menecement (satış üzrə xidmətlər); biznes sahəsində inzibati fəaliyyət; ofıs xidməti) və 39-cu (nəql etmə; malların qablaşdırılması və saxlanması) siniflərində qeydiyyatına xitam verilməsini tələb etmişdir. Aparılan inzibati icraat zamanı "Əmtəə nişanları və coğrafı göstəricilər haqqında " Qanunun 30-cu maddəsinin 5-ci bəndinə əsasən İddiaçı qeyd edilən əmtəə nişanından istifadə etməsini (son beş ildə) sübut edə bilməsə də, Apellyasiya Şurası heç bir əsas olmadan etiraz ərizəsini təmin etməmişdir. Bununla yanaşı, Apellyasiya Şurasından hər iki etiraz ərizəsinin bir icraatda baxılması (həm İddiaçı-nin, həm də "xxxxxxxxx" MMC-nin etiraz ərizələrinə,) xahiş edilsə də, bu işlər ayrı icraatlarda baxılmışdır. Məhkəmədə cavabdehə qarşı iddianın Sumqayıt Apellyasiya Məhkəməsi tərəfındən baxıldığını, həmin işin nəticəsinin hazırki işə birbaşa təsir etdiyi bildirilsə də, məhkəmə işin bu hallarına heç bir diqqət etməmişdir. Bununla yanaşı məhkəmə nəzərə almamışdır ki, inzibati orqan İddiaçınin etiraz ərizəsinə öz qərarında tam hüquqi qiymət vermişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Patent Müvəkkili (Qeydiyyat AZ-011) X5 (qeydiyyat 215) X2 mütəxəssis rəyinə istinad etmişdir ki, həmin rəyin dəlillərinə qarşı "xxxxxxxxx" MMC-nin hələ etiraz ərizəsinə Apellyasiya Şurasında baxılarkən əks arqumentləri dinlənilmiş və əsaslı hesab edilmişdir. Mütəxəssis rəyi heç bir digər sübutla təsdiqini tapmadığı halda birinci instansiya məhkəməsi həmin rəyi mötəbər sübut kimi qəbul etmişdir. Bakı Apellyasiya məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1533/2015 saylı xx xxxxxx 2015-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilmədən, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2-1(81)-1048/2015 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-03/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(103)-1533/2015 saylı xx xxxxxx 2015-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi hüquqi varisi Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi ilə əvəz olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahat verərək apellyasiya şikayətlərinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahuş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətlərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, İddiaçı 2005-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslər Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində qeydiyyatdan keçmiş və öz fəaliyyətinə başlamışdır. İddiaçı-yə xx.xx.2007-ci ildə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən (hazırkı Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi) 20070775 nömrəli "EL" əmtəə nişanlı Şəhadətnaməsi verilmişdir və xx.xx.2017-ci ilə qədər qüvvədə olmuşdur. Sonradan əmtəə nişanının qüvvədə olma müddəti xx xxxxxx 2027-ci ilə qədər uzadılmış və xx xxx 2017-ci ildə dövlət reyestrində müvafiq qeydlər aparılmışdır. Əmtəə nişanı aşağıda göstərilən əmtəələr (xidmətlər) üçün qeydiyyata alınmışdır: 01, 02, 04-17, 19-24, 26-45-ci siniflər. "Elsu" əmtəə nişanı "xxxxxxxxx" MMC-nin adına xx.xx.2009-cu ildə qeydiyyata alınmışdır. İddiaçı etiraz ərizəsi ilə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət edərək göstərmişdir ki, "elsu" əmtəə nişanı "xxxxxxxxx" MMC-nin adına 32, 35 və 39-cu siniflər üzrə xx.xx.2009-cu ildə qeydiyyata alınmışdır ki, bu da "Əmtəə nişanı və coğrafi göstəricilər" haqqında Qanunun 6-cı maddəsinin "a" bəndinə ziddir. Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurası xx.xx.2014-cü il tarixli, E-987 saylı qərarı ilə İddiaçı tərəfindən xx.xx.2013-cü il tarixdə "elsu" adlı əmtəə nişanının 32, 35 və 39-cu siniflərinin əmtəələri və xidmətləri üzrə 20090852 qeydiyyatına xitam verilməsi barədə etiraz ərizəsinin təmin edilməməsini qərara almışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün işin faktiki hallarını aydınlaşdırmış, sübutlara düzgün qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və qərarda göstərilən nəticələr işin hallarına uyğundur. Belə ki, "Əmtəə nişanı və coğrafi göstəricilər" haqqında Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən əmtəə nişanı - sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır). 6-cı maddəsinin "a" bəndinə görə Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları əmtəə nişanı kimi qeydə alınmır. İşın hallarının araşdırılması nəticəsində müəyyən olunur ki, "elsu" əmtəə nişanı, "EL" əmtəə nişanı ilə qarışıq salma dərəcəsinə qədər oxşardır. Belə ki, hər iki əmtəə nişanının dominant elementi olan "EL" hərf birləşməsi "elsu" və "el" sözlərinin bir-biri ilə qarışıq salma dərəcəsinə qədər oxşar olmasını göstərir. Hər iki əmtəə nişanı fonetik oxunuş nöqteyi nəzərdən təhlili də onların arasında yaxın oxşarlığı olmasına dəlalət edir. Hər iki nişanda dominant elementlər olan "el" hərf birləşməsi "elsu" və "el" sözlərinin fonetik oxunuş tərzi kimi nəinki oxşar, hətta eynidir. Bundan əlavə, iş materiallarından görünür ki, ********* №li "elsu" əmtəə nişanının ilkinlik tarixi xx.xx.2009-cu ilə aiddir, halbuki "EL" əmtəə nişanının qeydiyyat tarixi xx.xx.2007-ci ildir. Göründüyü kimi "elsu" əmtəə nişanının qeydiyyat tarixi "EL" əmtəə nişanının qeydiyyat tarixindən iki il əvvəl qeydə alınıb, 20090852 №li "elsu" və 20070775 №li " EL" əmtəə nişanının iddia edilmiş 32, 35, 39-cu siniflərdə əmtəələrin və xidmətlərin siyahısı həmçinin əmtəələr və xidmətlər olmaqla bərabər, həm də eynilik təşkil edir. Məhkəmə kollegiyasının qərardadı ilə təyin edilərək əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli 3676 saylı ekspert rəyindən görünür ki, ekspert “EL” və “Elsu” əmtəə nişanlarının “EL” hissəsində məna (sematik) və səsli (fonetik) uyğunluqlar olduğuna görə həmin nişanlar istehlakçı tərəfindən qarışdırılacaq qədər oxşardırlar. "Əmtəə nişanı və coğrafi göstəricilər" haqqında qanunun 5-ci maddəsinin "c" bəndinin tələbinə görə əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri və tarixi və digər xüsusiyyətlərini göstərən nişanların qeydə alınmasına yol verilmir. "Su" sözü məhsul növü olduğu üçün onun qeydiyyatı yol verilməzdir və qeyri qanunidir. Beləliklə, işə baxan məhkəmə düzgün olaraq belə nəticəyə gəlmişdir ki, "xxxxxxxxx" MMC-nin adına qeydiyyata alınmış "elsu" 2009 0852 nömrəli əmtəə nişanı əmtəələrin istehsalçısı barədə yalnış təəssürat yaradan nişan kimi qiymətləndirilməlidir, bu nişanın "xxxxxxxxxx" MMC-nin adına öncə qeydiyyata alınmış "EL" nişanı ilə qarışıq salma dərəcəsinə qədər oxşar olması səbəbindən "elsu" nişanının qanunvericiliyə zidd olaraq, əsasız qeydiyyata alınması, onun sahibinə haqsız rəqabət nəticəsində gəlir əldə etmək imkanı verir və müvaffiq olaraq "xxxxxxxxxx" MMC-yə maddi zərər vurur və onun kommersiya nüfuzuna xələl gətirir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Cavabdeh tərəfindən verilmiş şikayətin dəlillərinə gəldikdə bu dəlillərə yuxarıda qeyd olunanlarla artıq qiymət verilmişdir. Üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə kollegiya qeyd edir ki, birinci dəlil ondan ibarətdir ki, iddiaçı 5 ildən artıq müddətdə əmtəə nişanı altında su istehsalı ilə məşğul olmamışdır, üçüncü şəxs eyni zamanda «Əmtəə nişanı və coğrafi göstəricilər» haqqında qanunun 30-cu maddəsinə istinad etmişdir. Məhkəmə kollegiya qeyd edir ki, göstərilən Qanunu 30-cu maddəsinə əsasən əmtəə nişanının qeydə alındığı tarixdən fasiləsiz olaraq 5 il və ya istənilən şəxsin ondan istifadə olunmaması barədə verdiyi ərizənin daxil olduğu tarixə qədər 5 il ərzində istifadə olunmadıqda müvafiq icra hakimiyyəti orqanının Apellyasiya şurası qeydiyyata xitam verə bilər. Göründüyü kimi, bu norma imperativ deyil, dispozitiv xarakter daşıyır. Digər tərəfdən, iş materiallarında cavabdeh orqan tərəfindən bu haqda hər hansı bir qərar qəbul olunması müəyyən olunmur. Şikayətdən isə görünür ki, cavabdeh orqan bu barədə üçüncü şəxsin ərizəsini təmin etməmişdir. Üçüncü şəxs bu qərarı mübahisələndirərək məhkəməyə müraciət etdiyini, həmin işə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən baxıldığını göstərsə də, bu barədə hər hansı bir sübutu (işin icraata qəbul olunması, məhkəmə bildirişi və s.) məhkəməyə təqdim etməmişdir. Şikayətin ikinci dəlili ondan ibarətdir ki, məhkəmə Azərbaycan Respublikası Patent Müvəkkili V.Əfəndiyevin mütəxəssis rəyinə istinad etmişdir. Lakin qəbul olunmuş qərardan görünür ki, məhkəmə həmin rəyə deyil, qanunvericiliyin normalarına istinad edərək müvafiq qərar qəbul etmişdir. Məhkəmənin gəldiyi nəticə apellyasiya baxışı zamanı keçirilmiş xx xxxx 2020-ci il tarixli məhkəmə ekspertiza rəyi ilə tam təsdiq olunmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri formal mülahizələrə əsaslanır ki, bu da qanuni və əsaslı qərarın ləğvi üçün əsas hesab oluna bilməz. Beləliklə, məhkəmə kollegiya hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2-1(81)-1048/2015 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2- 1(81)-1048/2015 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-20/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-20/2020
24.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver