Məhkəmə qərarları › İş №2-1(103)-20/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-20/2023

10.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-20/2023 10.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli, 2- 1(112)-992/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsinə qarşı 02 yanvar 1979-cu ildən 1990cı ilin dekabr ayınadək “Azneftlahiyətikinti” Birliyinin Xüsusiləşdirilmiş Tikinti Quraşdırma İdarəsində olan 11 il 11 ay iş stajını və xx.xx.1993-cü ildən xx.xx.1996-cı ilədək “Azneftlahiyətikinti” Birliyinin 6 nömrəli İxtisaslaşdırılmış Təmir Quraşdırma İdarəsində olan 2 il 5 ay 15 gün iş stajını (cəmi 14 il 4 ay 15 gün) nəzərə alaraq 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, iddiaçı xx xxxx 1956-cı ildə Mərəzə rayonunun Leninabad kəndində anadan olmuşdur. 1978-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir. 02 yanvar 1979-cu ildə Azneftlahiyətikinti Birliyinin Xüsusiləşdirilmiş Tikinti Quraşdırma İdarəsinə usta vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1988-ci ildə xx.xx.1988-ci il tarixli, 40k nömrəli əmrlə müvəqqəti olaraq iş icraçısının öhdəlikləri ona həvalə edilmiş, xx.xx.1989-cu ildə isə iş icraçısı vəzifəsinə keçirilmiş və 1990-cı ilin dekabr ayınadək həmin işdə işləmişdir. Həmin dövrdə iş stajım 11 il 11 ay təşkil etmişdir. xx.xx.1993-cü ildə “Azneftlahiyətikinti” Birliyinin 6 nömrəli İxtisaslaşdırılmış Təmir Quraşdırma İdarəsinə 5-ci dərəcəli elektrik mantyoru peşəsinə işə qəbul edilmiş, xx.xx.1996-cı ilədək həmin işdə işləmiş ki, iş stajı 2 il 5 ay 15 gün təşkil etmişdir (cəmi-14 il 4 ay 15 gün). 30 ildən çox olan ümumi əmək stajının 14 il 4 ay 15 gününün güzəştli iş stajı olduğundan cavabdeh orqana iş stajını təsdiq edən əmək kitabçasını və müvafiq arxiv arayışını təqdim edərək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Lakin cavabdeh orqan tərəfindən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. 07 noyabr 2019-cu il tarixli **********2 saylı imtina məktubunda buna əsas kimi güzəştli iş stajının 12 il 6 aydan az olduğu göstərilmişdir. Hesab edir ki, cavabdeh orqanın bu qənaətə gəlməsi tam əsassızdır. Çünki güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi uçun cavabdeh orqana ərizə ilə müraciət edən zaman əmək kitabçası və SOKAR-ın Baş ofisinin Mərkəzi Arxivindən verilmiş arayışı da təqdim etmişdir. Əmək kitabçasında və arayışda hansı illərdə hansı müəssisədə işləməyi öz təsdiqini tapmışdır. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında cavabdehin adının “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı” kimi oxunması qərara alınmışdır. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının idarəyə təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az təşkil edir. Bakı İnzibati Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli, 2-1(112)-992/2020 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya baxışı zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 60 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixindən güzəştli şərtlərlə pensiya təyin edilməklə müraciət etdiyi xx.xx.2019-cu il tarixdən əvvəlki üç ilə, yəni xx.xx.2016-cı il tarixdən ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə Protokol qaydasında icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Hazırkı işin hallarından görünür ki, İddiaçı xx.xx.1956-cı ildə doğulmuş, xx.xx.1974xx.xx.1978-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almışdır. 02 yanvar 1979-cu ildə Azneft Birliyinin Xüsusi Tikinti Montaj İdarəsinə mühəndissmetaçı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1980-ci ildə 4 saylı sahəyə usta vəzifəsinə, xx.xx.1980-ci ildə 4 saylı sahəyə iş icraçısı vəzifəsinə keçirilmiş, xx.xx.1982-ci il tarixdə 4 saylı sahəyə usta vəzifəsinə keçirilmiş, xx.xx.1989-cu il tarixdə 4 saylı sahəyə iş icraçısı vəzifəsinə keçirilmiş, xx.xx.1989-cu ildə 2 saylı sahəyə iş icraçısı vəzifəsinə, xx.xx.1990-cı il tarixdə baş iş icraçısı vəzifəsinə keçirilmiş, xx.xx.1991-ci il tarixdə öz xahişi ilə vəzifədən azad edilmiş,xx.xx.1991-ci il tarixdə Qaradağ Təsərrüfat hesablı inzibati ərazidən kənar birliyində Qaradağ TİƏB-ə Xüsusi Montaj idarəsinin rəisi vəzifəsinə qəbul edilmiş, xx.xx.1997-ci il tarixdə öz xahişi ilə vəzifədən azad edilmiş, xx.xx.1992-ci il tarixdə X3 iş icraçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.1992-ci il tarixdə direktorun müavini vəzifəsinə keçirilmiş, xx.xx.1993-cü il tarixdə öz xahişi ilə vəzifədən azad edilmiş, O, daha sonra da əmək fəaliyyətini davam etdirərək müxtəlif vəzifələrdə çalışmışdır. Hal-hazırda da işləyir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı xx.xx.2006cı il tarixədək mövcud olmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. “Ümumi iş stajı” anlayışı ilə bağlı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.3-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra ha kimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddət sığortaolunanın sığorta stajına daxil edilir. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: . . . v” hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; “ğ” ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. “Qaydalar”ın 3.6-cı bəndinə əsasən, Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, mövcud “Qaydalar” “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən, Qanunun qüvvəyə mindiyi tarixdən sonra isə fərdi uçot məlumatları əsasında müəyyən edilməsini təsbit etmişdir. Beləliklə, iş materiallarında olan diplomun, əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən göründüyü kimi, iddiaçının təhsil dövrü də nəzərə alınmaqla, onun xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. İddiaçının qanunla tələb olunan ümumi iş stajını tam olaraq toplaması cavabdeh tərəfindən mübahisələndirilmir. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi əsası kimi qeyd etmişdir ki, İddiaçı xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajına malik olsa da, xx.xx.2006-cı il tarixədək 12 il 06 aydan çox güzəştli şərtlərlə pensiya hüququ verən iş stajının mövcud olmaması iş materialları ilə öz təsdiqini tapdığından, iddiaçıya münasibətdə «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsaslanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin oluna bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün onun güzəştli şərtlərlə pensiya hüququ verən peşədə qanunvericiliklə tələb olunan güzəşti əmək stajının olmaması əsası ilə iddianın rədd edilməsi barədə gəldiyi nəticə düzgün olmamışdır. Belə ki, iddiaçının güzəştli iş stajına münasibətdə məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2017ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Dövlət Neft Şirkəti (SOCAR) birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq xx.xx.2020-ci il tarixli məktubla bildirmişdir: “Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 mart tarixli 651 nömrəli Sərəncamına əsasən, SOCAR-ın bir sıra müəssisələri, o cümlədən «Azərneftlayihətikinti» Birliyi özəlləşdirilməyə açılmışdır. Bu səbəbdən, Azneftlayihətikinti” Birliyinin Xüsusiləşdirilmiş Tikinti Quraşdırma İdarəsinin və 6 nömrəli İxtisaslaşdırılmış Təmir Quraşdırma İdarəsinin kadr sənədləri SOCAR-da saxlanılmadığından, aşağıda qeyd edilən məlumatlar haqqhesab cədvəllərinə əsasən müəyyən edilmişdir. SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan “Azneftlayihətikinti” Birliyinin Xüsusiləşdirilmiş Tikinti Quraşdırma İdarəsinin haqq-hesab cədvəllərində olan qeydə əsasən xx.xx.1956-cı il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1979cu ildə “Azneftlayihətikinti” Birliyinin Xüsusiləşdirilmiş Tikinti Quraşdırma İdarəsinə usta vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1988-ci ildə müvəqqəti olaraq iş icraçısının öhdəlikləri ona həvalə edilmiş, xx.xx.1989-cu ildə iş icraçısı vəzifəsinə keçirilmiş, 1990-cı ilin dekabr ayınadək əmək haqqı almışdır. “Azneftlayihətikinti” Birliyinin 6 №-li İxtisaslaşdırılmış Təmir Quraşdırma İdarəsinin haqq-hesab cədvəllərində olan qeydə əsasən xx.xx.1993-cü ildə 5ci dərəcəli elektrik montyoru peşəsinə işə qəbul edilmiş, xx.xx.1996-cı ildə (əmr N 1 k, xx.xx.1996-cı il) öz xahişi ilə işdən azad olunmuşdur.” Apellyasiya baxışı zamanı ünvanlanmış sorğuya Dövlət Neft Şirkəti (SOCAR) xx.xx.2022-ci il tarixli məktubla cavab olaraq bildirmişdir ki, “Azərneftlayihətikinti” Birliyinin 6 nömrəli İxtisaslaşdırılmış Təmir Quraşdırma və Xüsusiləşdirilmiş Tikinti Quraşdırma İdarələri ilə “Neftqaztikinti” trestinin İxtisaslaşdırılmış Təmir Tikinti bölümünün (əvvəlki İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsi) fəaliyyət istiqamətlərinin uyğunluğunu müəyyən etmək mümkün olmasa da, bildirmək istəyirik ki, “Neftqaztikinti” trestinin İxtisaslaşdırılmış Təmir Tikinti bölümünün əsas fəaliyyəti korroziyaya qarşı mühafizə işlərinin yerinə yetirilməsindən ibarətdir və sorğuda göstərilən usta, iş icraçısı vəzifələrinə oxşar tikinti quraşdırma işlərində usta və iş icraçısı vəzifələri, elektrik montyoru peşəsinə oxşar elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsi həmin Bölümdə mövcuddur. Tikinti quraşdırma işlərində usta vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının 2 saylı əlavəsi ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısının (Siyahı) “Neftqaztikinti” trestinin istehsalat sahələrinin aid olduğu “XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin b) rəhbərlər və mütəxəssislər” alt bölməsindəki “yeni tikinti və quraşdırma işlərinin ustaları” (kod: 22900006—23419) vəzifəsi ilə, iş icraçısı vəzifəsi həmin bölmədəki “iş icraçıları” (kod: 22900006—24441) vəzifəsi ilə uyğunluq təşkil edir. Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsi Siyahının yuxarıda qeyd olunan bölməsində (kod:2290000a-dan 22900006—24441-дəк) və Siyahının “XXXİİL Ümumi peşələr” bölməsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi öz əksini tapmamışdır. Apellyasiya baxışı zamanı ünvanlanmış sorğuya Dövlət Neft Şirkəti (SOCAR) “Neftqaztikinti” tresti xx.xx.2022-ci il tarixli məktubla cavab olaraq bildirmişdir ki, İddiaçı “Azərneftlayihətikinti” Birliyinin 6 nömrəli İxtisaslaşdırılmış Təmir Quraşdırma İdarəsində işlədiyi elektrik montyoru peşəsinə oxşar elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsi “Neftqaztikinti” trestinin İxtisaslaşdırılmış Təmir Tikinti bölümündə mövcuddur. Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsi üzrə işin xüsusiyyətləri yüksək ixtisaslı elektrik montyorunun rəhbərliyi altında müxtəlif təyinatlı bütün növdən və qabaritdən olan elektrik avadanlıqlarının sökülməsi və əsaslı təmiri, elektrik keçiricilərinin aparat və cihazlarının təmirdən sonra tənzimlənməsi və yoxlanması, gücləndiricilərin, işıq və səs siqnalizasiyalarının təmiri, güc və işıqlandırıcı elektrik qurğularına xidmət, elektrik stansiyaları, transformator yarımstansiyalarında gərginliyin tam söndürülməsi ilə işlərin yerinə yetirilməsi, lüminisentli işıqlandırıcıları sxemin quraşdırılması və təmiri, gərginliyi 35 kV-a qədər olan kabel xətlərində kabellərin açılması, kəsilməsi, çəkilməsi, giriş qurğularının və birləşdirici muftaların, kabellərin zədələnmiş yerlərinin müəyyənləşdirilməsi, elektrik dövriyyəsinin torpaqlanması, müqavimətin, kabel örtüyünün potensialının ölçülməsi, bərk və yumşaq lehimlə lehimləmə, cizgi və sxem üzrə işlərin yerinə yetirilməsi, elektrik mühərrikləri üçün işəsalma müqavimətlərinin seçilməsindən ibarətdir. Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının 2 saylı əlavəsi ilə təsdiq olunmuş “Əmək şəralti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısının “XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması,texniki təchizatı, bərpası və təmiri” bölməsindəki “5 metrdən yuxarı yüksəklikdə işləyən (gərginliyi 35 kV və artıq olan) elektrik keçirici hava yətlərinin təmiri üzrə elektrik montyorları” (kod: 2290000a—19855) peşəsi ilə uyğunluq təşkil etmir. Ali Məhkəmənin oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında da qeyd edilmişdir ki, əgər iddiaçı inzibati orqanın imtinası ilə razılaşmayaraq işlədiyi hər hansı işin, peşənin və ya vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verdiyini iddia edirsə, bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Vəkil sorğusuna cavab olaraq "xxxx" ASC tərəfindən verilmiş 07 fevral 2023-cü il tarixli arayışda qeyd olunmuşdur ki, şirkət iri tikinti-qurşadırma müəssisəsi olmaqla Azərbaycan Respublikası ərazisində 0,4-500 kV-luq elektrik veriliş xətlərinin və yarımstansiyaların tikinti-qurşadırma işlərini yerinə yetirir. Müəssisələrində 3-6 dərəcəli elektrik xətt montyoru peşələri vardır. 5-ci dərəcəli elektrik xətt montyoru peşəsinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 29-cu bölmənin (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) a) bəndinə (5 m-dən yuxarı yüksəklikdə işləyən (gərginliyi 35 kV və artıq olan) elektrik keçirici hava xətlərinin təmiri üzrə elektrik montyorları) əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi tövsiyə olunur. Beləliklə, iddiaçının xx.xx.1993-xx.xx.1996-cı illərdə işlədiyi 5-ci dərəcəli elektrik montyoru və xx.xx.1980-xx.xx.1990-cı il tarixlərdə işlədiyi usta və iş icraçısı vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısında 29-cu fəslində “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” peşəsində 5 metrdən yuxarı yüksəklikdə işləyən (gərginliyi 35 kV və artıq olan) elektrik keçirici hava xətlərinin təmiri üzrə elektrik montyorları, tikinti və quraşdırma işləri üzrə ustalar və iş icraçıları peşələrində, həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı” üzrə “5 metrdən yuxarı yüksəklikdə işləyən (gərginliyi 35 kV və artıq olan) elektrik keçirici hava yətlərinin təmiri üzrə elektrik montyorları” (kod: 2290000a—19855), b) rəhbərlər və mütəxəssislər” alt bölməsindəki “yeni tikinti və quraşdırma işlərinin ustaları” (kod: 22900006—23419), həmin bölmədəki “iş icraçıları” (kod: 22900006—24441) nəzərdə tutulmuş və güzəştli iş stajı 12 il 06 aydan çoxdur. Beləliklə, iddiaçının 12 il 6 aydan artıq güzəştl iş stajının olması iş materialları ilə öz təsdiqini tapır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, pensiya kapitalı ilə bağlı qeyd edilən tələb xx.xx.2017-ci il tarixdən qüvvədədir. İddiaçı isə pensiya hüququnu xx.xx.2006-cı il tarixəndək qazanmışdı. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.2016-cı il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1, 9.8-ci maddələrinə müvafiq olaraq onun 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək peniyası hüququ yaranmışdır. Azərbaycan Respublikası İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, xx.xx.2016-cı il tarixindən güzəştli şərtlərlə pensiya təyin edilməsi tələbini irəli sürməkdə haqlı olmuş, cavabdehin imtinası isə əsassız olmuşdur. Qeyd olunmalıdır ki, iddiaçı əmək pensiyası təyin edilməsi barədə tələb irəli sürsə də, son nəticədə, bu iddianı qaldırmaqda onun marağı pensiya hüququ yaranan vaxtdan ödənilməli olan pensiya məbləğinin hesablanıb ödənilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkəmə mübahisənin düzgün həlli və tərəflər arasında yeni məhkəmə mübahisəsinin yaranmaması üçün, tərəflərin hər hansı formada münasibət bildirmədikləri, lakin hazırkı iddia tələbi ilə əlaqəli olan və iddiaçının pensiya hüququna təsir edə bilən digər hallara da aydınlıq gətirməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci müddəsinin hazırda qüvvədə olan redaksiyasında əmək pensiyalarının onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilməsi təsbit edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 08 oktyabr 2020-ci il tarixli 03/2020-ci saylı qərardadında belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Göründüyü kimi iddiaçı onun pensiya təyin olunması üçün müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya ödənilməsi hüququna malikdir. İddiaçı ilkin olaraq xx.xx.2019-cu il tarixli ərizə ilə (xx.xx.2019-cu il tarixli imtina məktubunda göstərilən tarix) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bu halda iddiaçıya pensiya xx.xx.2019-cu il tarixdən əvvəlki üç ilə görə, yəni xx.xx.2016-cı il tarixdən ödənilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməli, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməklə müraciət etdiyi xx.xx.2019-cu il tarixdən əvvəlki üç ilə, yəni xx.xx.2016-cı il tarixdən ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Nəticə hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli, 2-1(112)-992/2020 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixindən güzəştli şərtlərlə pensiya təyin edilməklə müraciət etdiyi xx.xx.2019-cu il tarixdən əvvəlki üç ilə, yəni xx.xx.2016-cı il tarixdən ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar