Məhkəmə qərarları › İş №2-1(103)-20/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-20/2024

01.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-20/2024 01.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-226/2021 nömrəli, 01 iyul 2021ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri kiçik sahibkaqrlıqla iş departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul olunmuş xx.xx.2019-cu il tarixli, **********184316 saylı «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən xx.xx.2020-ci ildə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X8 üzrə Baş İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1423/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********197584 nömrəli qərarının ləğv edilərək 16.111,79 manat maliyyə sanksiyasının şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiaçı tərəfin iddianın dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı X1 “buraxılmış müddətin bərpası barədə” vəsatəti təmin edilərək, iddiaçı X3 barəsində qəbul edilmiş “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********197584 nömrəli qərarı üzrə buraxılmış iddia müddəti bərpa edilmişdir. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iddia tələbinin ““Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********197584 nömrəli qərarının 16.111,79 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi” kimi oxunması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin (hakim Elvin Əliyev) 2-1(112)-226/2021 nömrəli, 01 iyul 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vergi orqanının qərarının mübahisələndirilməsi barədə məhkəmənin icaraatına iddiaçının iddia ərizəsi daxil edildikdən və icraata qəbul edildikdən sonra Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində qanunsuz olaraq iddiaçı barəsində vergidən yayınma faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaqı aparılmışdır. İbtidai araşdırıma orqanı iddiaçının sözügedən vergi orqanının qərarını mübahisələndirilməsi haqqında məhkəmədə iddia qaldırılmasına heç bir əhəmiyyət vermədən və məhəl qoymadan məcburiyyət qarşısında iddaçıya dövlət büdcəsinə qərarla müəyyən edilmiş 64.447,17 manat məbləğində vergi borcunun yarısını, yəni 32.223.58 manatını ödətdirmişdir. Belə ki, ibtidai araşdırma zamanı cinayət iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının verdiyi xx.xx.2019-cu il tarixli 25065 nömrəli rəyində göstərilmişdir ki, vergi ödəyicisi tərəfindən cəmi 32.223,58 (1.661.179.2 x 2%) manat vergilər dövlət büdcəsinə ödənilməkdən yayındırılmışdır. İddaçı ekspert rəyi ilə müəyyən edilmiş vergi borcunu dövlət büdcəsinə ödədiyindən onun barəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində istintaq və təhqiqat idarəsində aparılan cinayət işinə xitam verilmişdir. İstintaq orqanının Q2000117 nömrəli 31 yanvar 2020-ci il tarixli qərarının nəticə hissəsində də göstərilmişdir ki. X2 xx.xx.2019-cu il tarixli SVY Aktı üzrə xx.xx.2019-cu il tarixdə hesablanmış 2018-ci ilin 1-ci rübü üzrə 64.447,17 manat sadələşdirilmiş vergi, həmin vergiyə görə tətbiq edilmiş (hesablanmış) 32.223.59 manat maliyyə sanksiyası şəxsi hesab vərəqəsi üzrə azaldılsın. Lakin buna baxmayaraq, cavabdeh orqan maliyyə sanksiyasının yalnız 16.112 manat hissəsini azaltmışdır. Cavabdeh orqan “səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”na əlavə olaraq xx.xx.2020-ci il tarixdə “Vegi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara düzəlişin edilməsi haqqında **********197584 nömrəli qərar qəbul etmişdir. Məhkəmədə maliyyə sanksiyasının qanunsuz olması ilə bağlı maddi və hüquqi cəhətdən belə əsaslandırmışlar ki, əməliyyatlar 2017-ci ilin müxtəlif dövrlərini əhatə etdiyinə görə həmin tarixdən 3 il keçdiyindən, maliyyə sanksiyası 3 ildən artıq müddətə vurula bilməz. Bu səbəbdən də qərar xx.xx.2020-ci il tarixdə qəbul edildiyindən həmin müddətdən çox müddəti əhatə edə bilməz. İddia tələbi dəqiqləşdirilərək “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********197584 nömrəli qərarının ləğv edilib 16.111.79 manat maliyyə sanksiyasının şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məlikəmə isə əsassız olaraq iddianın rədd edilməsi üçün gətirdiyi əsaslarını belə qiymətləndirmişdir ki, hazırki vəziyyətdə maliyyə sanksiyası müstəqil olaraq deyil, vergilərin azaldılmasına görə tədbiq edilmiş və məsuliyyətə cəlb etmə müddəti keçməmişdir. Eyni zamanda məhkəmə hesab etmişdir ki, iddiaçının hesablanmış əsas vergi məbləğini ödədiyini nəzərə alaraq iddia təmin edilə bilməz. Məhkəmənin gətirdiyi əsaslar qanunsuzdur və iddia tələbi təmin edilməli idi. Cavabdeh tərəfindən apellyasiya şikayətinə daxil olmuş etirazda qeyd edilir: İddiaçı tərəfindən apellyasiya şikayətində qeyd edilmişdir ki, vergi ödəyicisi tərəfindən həyata keçirilmiş əməliyyatlar 2017-ci ilin müxtəlif dövrlərini əhatə etdiyindən və həmin tarixdən 3 il müddət keçdiyindən maliyyə sanksiyası 3 ildən artıq müddətə tətbiq edilə bilməz. Bu səbəbdən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” qərar xx.xx.2020-ci il tarixdə qəbul edildiyindən həmin müddətdən çox müddəti əhatə edə bilməz. Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Vergi ödəyicisi üzrə vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərarı xx.xx.2018-ci il tarixdə olduğundan vergilərin azaldılmasına görə tətbiq edilmiş məsuliyyətə cəlb etmənin müddəti vergi orqanı tərəfindən ötürülməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2538/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçı X1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-226/2021 nömrəli, 01 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-640/2022 nömrəli, xx.xx.2022ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 noyabr 2021-ci il tarixli, 2-1(103)-2538/2021 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-640/2022 nömrəli, xx.xx.2022ci il tarixli qərarında qeyd edilir: İddiaçının iddiasında ləğv edilməsini xahiş etdiyi cavabdehin 31 may 2019-cu il tarixli qərarı, cavabdeh tərəfindən tərtib edilmiş 12 aprel 2019-cu il tarixli səyyar vergi yoxlaması aktı əsasında qəbul edilmişdir. Burada xüsusi olaraq qeyd edilməlidir ki, sözügedən 12 aprel 2019-cu il tarixli səyyar vergi yoxlaması aktından göründüyü kimi, cavabdeh vergi məcəlləsinin 38.3.5-ci maddəsinə istinad edərək, iddiaçıya növbədənkənar səyyar vergi yoxlaması aparmışdır. Məlum olduğu kimi vergi orqanları tərəfindən növbədənkənar vergi yoxlamasının aparılması halları vergi məcəlləsinin 38.3-cü maddəsində (38.3.1, 38.3 və 38.3.9-cu bəndləri) müəyyən edilmiş və həmin hallar müfəssəl xarakter daşıyır. Cavabdehin 12 aprel 2019-cu il tarixli səyyar vergi yoxlaması aktında cavabdeh vergi məcəlləsinin 38.3.5-ci maddəsinə əsaslanaraq, növbədənkənar vergi yoxlaması aparmışdır. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən vergi məcəlləsinin 38.3.5-ci maddəsində növbədənkənar vergi yoxlamasının keçirilməsi üçün nəzərdə tutulmuş əsasların olub-olmaması ümumiyyətlə yoxlanılmamışdır. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının növbədənkənar vergi yoxlamasının təyin edilməsi barədə onun şikayət verməməsi məhkəmə kollegiyası bu qənaəti yanlış qiymətləndirir. Belə ki, bu hallarda şikayətin verilməsi tənzimlənməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin həmin qərarında həmçinin qeyd edilir ki, digər tərəfdən 12 aprel 2019-cu il tarixli səyyar vergi yoxlaması aktından görünür ki, vergi yoxlaması 2015-ci mart 2018-ci illəri əhatə edir. Belə olan halda vergi məcəlləsinin 67.15ci maddəsinin tətbiq edilməsi yolverilməzdir, belə ki, həmin maddə vergi məcəlləsinə 30 noyabr 2018-ci il tarixli qanunla əlavə edilmiş, 1 yanvar 2019-cu il tarixdən isə, yoxlama dövründən (31 mart 2018-ci il tarixdən) sonra qanuni qüvvəyə minmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, yuxarıda artıq göstərildiyi kimi, iddiaçıda keçirilmiş yoxlama dövrü 2015-mart 2018-ci illəri əhatə etdiyi halda vergi orqanının vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 31 may 2019-cu il tarixli, **********184316 saylı qərarın “qərar alıram” hissəsində sadələşdirilmiş vergi üzrə yoxlanılan dövr olaraq bütövlükdə 2018-ci il yazılmışdır ki, bu da vergi orqanlarının vergi məcəlləsinin 67.15-ci maddəsinin tətbiq edilməsi ilə bağlıdır, halbuki yuxarıda artıq göstərildiyi kimi vergi orqanının sözügedən məsələyə belə olan yanaşması yanlışdır (səbəblər yuxarıda qeyd olunmuşdur). Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında 24 fevral 2020-ci il tarixli **********197584 saylı qərara görə 2018-ci il üzrə sadələşdirilmiş vergiyə dair 32.223,58 manat əlavə vergi və 16.111,79 manat maliyyə sanksiyası hesablanmışdır. Lakin bu zaman vergi orqanı tərəfindən “İnzibati icraat haqqında” qanuna əsasən inzibati icraatın aparılıb-aparılmaması apellyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apellyasiya instansiya məhkəməsi inzibati kollegiyasının 29 noyabr 2021-ci il tarixli qərarından göründüyü kimi iddiaçının apellyasiya şikayətinin təmin edilməməsinin səbəbi belə əsaslandırılmışdır ki, “hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən maliyyə sanksiyası müstəqil olaraq deyil, vergilərin azaldılmasına görə tətbiq edilmiş və məsuliyyətə cəlb etmənin müddəti keçməmişdir. İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən 32.223,58 manat əsas vergi məbləği ödənilsə də, 16.111,79 manat maliyyə sanksiyası yerinə yetirilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, tətbiq edilmiş maliyyə sanksiyası Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq, vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən silinməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən hər hansı qanunazidd hərəkətlər edilməmişdir”. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, vergi orqanı tərəfindən iddiaçıya əlavə hesablanmış əsas borcun olmaması və ya ödəməsi iddiaçının avtomatik olaraq maliyyə sanksiyasını mübahisələndirilməsi hüququnu məhdudlaşdıra və ya ələlxüsus qadağa edə bilməz. Məhkəməyə müraciət etmək hüququ istənilən şəxsin (hazırki halda iddiaçı H.Ə.Hacıbabayevin) konstitusion hüququdur. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında hazırki səyyar vergi yoxlamasının aparılması ilə bağlı “sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarış mövcud deyil və apellyasiya məhkəməsi sözügedən məsələni ümumiyyətlə araşdırmamışdır. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş “Fiziki şəxsin uçotu haqqında” şəhadətnaməyə əsasən X3 xx.xx.2011-ci il tarixdə ********** nömrəli VÖEN ilə qeydiyyatdan keçmişdir. İş materiallarından görünür ki, vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi” haqqında xx.xx.2018-ci il tarixli **********152777 nömrəli qərarına əsasən X1 fəaliyyəti ilə bağlı səyyar vergi yoxlaması (yoxlanılan dövr: xx.xx.2015-xx.xx.2018) təyin edilmişdir. Səyyar vergi yoxlamasına xx.xx.2018-ci il tarixdə başlanmış, xx.xx.2019-cu il tarixdə başa çatdırılmış və yoxlamanın nəticəsi üzrə xx.xx.2019-cu il tarixli **********168099 nömrəli akt tərtib olunmuşdur. İş materiallarında olan Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli **********184316 nömrəli qərardan görünür ki, iddiaçı X2 2018-ci il üzrə 64.447,17 manat sadələşdirilmiş vergi məbləği, 32.223,59 manat maliyyə sanksiyası hesablanmışdır. İş materiallarında olan “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi barədə” xx.xx.2020-ci il tarixli **********197584 saylı qərardan görünür ki, iddiaçı X2 2018-ci il üzrə 32.223,58 manat sadələşdirilmiş vergi məbləği, 16.111,79 manat maliyyə sanksiyası hesablanmışdır (göründüyü kimi, xx.xx.2019-cu il tarixli qərarla iddiaçıya səyyar vergi yoxlaması əsasında hesablanmış sadələşdirilmiş vergi məbləği 32.223,58 manat, buna müvafiq olaraq maliyyə sanksiyası 16.111,79 manat azaldılmışdır). İş materiallarında olan vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən görünür ki, səyyar vergi yoxlaması ilə hesablanmış 32.223,58 manat əsas vergi borcu üzrə vergi öhdəliyi iddiaçı tərəfindən yerinə yetirilmiş, 16.111,79 manat maliyyə sanksiyası üzrə vergi borcu isə ödənilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 25065 nömrəli ekspert rəyinə əsasən (ekspertizanı təyin edən orqan Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsi) iş materiallarında olan sənədlər və Vergi Məcəlləsinin 220.1-ci maddəsinə edilmiş dəyişiklik nəzərə alınmaqla xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə fiziki şəxs X3 tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan sadələşdirilmiş verginin 32.223,58 (1611179,2x2%) manat məbləğində az hesablanması müəyyən olunur. İş materiallarında olan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2018-ci il tarixli, KY181255680 nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, X2 (VÖEN:**********) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi) məsələləri üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək (yoxlanılan dövr xx.xx.2015-xx.xx.2018) növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi qeydə alınmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə. 67.15. Vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir (Vergi Məcəlləsinə xx.xx.2018-ci ildə əlavə edilmiş, xx.xx.2019-cu ildə qüvvəyə minmişdir). İşin faktiki halları ondan ibarətdir ki, vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi” haqqında xx.xx.2018-ci il tarixli **********152777 nömrəli qərarına əsasən iddiaçı X1 fəaliyyəti ilə bağlı səyyar vergi yoxlaması (yoxlanılan dövr: xx.xx.2015xx.xx.2018) təyin edilmişdir. Səyyar vergi yoxlamasına xx.xx.2018-ci il tarixdə başlanmış, xx.xx.2019-cu il tarixdə başa çatdırılmış və yoxlamanın nəticəsi üzrə xx.xx.2019-cu il tarixli **********168099 nömrəli akt tərtib olunmuşdur. Həmin akt əsasında qəbul edilmiş Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli **********184316 nömrəli qərara əsasən iddiaçı X2 2018-ci il üzrə 64.447,17 manat sadələşdirilmiş vergi məbləği, 32.223,59 manat maliyyə sanksiyası hesablanmışdır. Daha sonra “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi barədə” xx.xx.2020-ci il tarixli **********197584 saylı qərara əsasən iddiaçı X2 2018-ci il üzrə 32.223,58 manat sadələşdirilmiş vergi məbləği, 16.111,79 manat maliyyə sanksiyası hesablanmışdır, göründüyü kimi, xx.xx.2019-cu il tarixli qərarla iddiaçıya səyyar vergi yoxlaması əsasında hesablanmış sadələşdirilmiş vergi məbləği 32.223,58 manat, buna müvafiq olaraq maliyyə sanksiyası 16.111,79 manat azaldılmışdır. Səyyar vergi yoxlaması ilə hesablanmış 32.223,58 manat əsas vergi borcu üzrə vergi öhdəliyi iddiaçı tərəfindən yerinə yetirilmiş, 16.111,79 manat maliyyə sanksiyası üzrə vergi borcu isə ödənilməmişdir. Məhkəmə kollegiyası ilk növbədən qeyd edir ki, vergi orqanı tərəfindən iddiaçıya əlavə hesablanmış əsas borcun olmaması və ya ödəməsi iddiaçının avtomatik olaraq maliyyə sanksiyasını mübahisələndirilməsi hüququnu məhdudlaşdıra və ya ələlxüsus qadağa edə bilməz. Məhkəməyə müraciət etmək hüququ istənilən şəxsin konstitusion hüququdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırki iş üzrə 2-1(102)-640/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, iş materiallarında hazırki səyyar vergi yoxlamasının aparılması ilə bağlı “sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarış mövcud deyil və apellyasiya məhkəməsi sözügedən məsələni ümumiyyətlə araşdırmamışdır. Bununla əlaqədar olaraq məhkəmə tərəfindən cavabdeh inzibati orqana müvafiq sorğu verilmiş və Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2018-ci il tarixli, KY181255680 nömrəli çıxarışın təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin çıxarışdan görünür ki, iddiaçıya vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi) məsələləri üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək (yoxlanılan dövr xx.xx.2015-xx.xx.2018) növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi qeydə alınmışdır. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin 31 may 2019-cu il tarixli qərarı cavabdeh tərəfindən tərtib edilmiş 12 aprel 2019-cu il tarixli səyyar vergi yoxlaması aktı əsasında qəbul edilmişdir. Həmin aktdan görünür ki, vergi yoxlaması dövrü xx.xx.2015-xx.xx.2018-ci il dövrü əhatə edir. İddiaçıda keçirilmiş yoxlama dövrü xx.xx.2015-xx.xx.2018-ci il dövrü əhatə etdiyi halda vergi orqanının vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 31 may 2019-cu il tarixli qərarın “qərar alıram” hissəsində sadələşdirilmiş vergi üzrə yoxlanılan dövr olaraq bütövlükdə 2018-ci il yazılmışdır ki, bu da vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 67.15ci maddəsinin tətbiq edilməsi ilə bağlıdır. Lakin Vergi Məcəlləsinin 67.15-ci maddəsinin tətbiq edilməsi yolverilməzdir, belə ki, həmin maddə Vergi Məcəlləsinə 30 noyabr 2018-ci il tarixli qanunla əlavə edilmiş, 1 yanvar 2019-cu il tarixdən isə qüvvəyə minmişdir. Vergi yoxlaması dövrü xx.xx.2015-ci ildən xx.xx.2018-ci ilədək dövrü əhatə edir. Göründüyü kimi, cavabdehin tətbiq etdiyi norma yoxlama dövründən sonra qüvvəyə minmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-640/2022 nömrəli, xx.xx.2022ci il tarixli qərarında qeyd olunan göstərişlərə uyğun olaraq məhkəmə tərəfindən cavabdeh inzibati orqana sorğu göndərilmiş, iddiaçı barəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün mövcud olmuş əsasların məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. Qeyd olunan 12 aprel 2019-cu il tarixli səyyar vergi yoxlaması aktında cavabdeh Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad edərək, iddiaçıya növbədənkənar səyyar vergi yoxlaması aparmışdır. Lakin məhkəmə araşdırması dövründə cavabdeh inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün qeyd olunan əsasların olması barədə sübutları məhkəməyə təqdim edə bilməmiş və əldə edilmiş hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edildiyini göstərə bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-640/2022 nömrəli, xx.xx.2022ci il tarixli qərarında həmçinin qeyd edilir ki, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında 24 fevral 2020-ci il tarixli **********197584 saylı qərara görə 2018-ci il üzrə sadələşdirilmiş vergiyə dair 32223,58 manat əlavə vergi və 16.111.79 manat maliyyə sanksiyası hesablanmışdır. Lakin bu zaman vergi orqanı tərəfindən “İnzibati icraat haqqında” qanuna əsasən inzibati icraatın aparılıb-aparılmaması apellyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli **********184316 nömrəli qərara əsasən iddiaçıya 2018-ci il üzrə 64.447,17 manat sadələşdirilmiş vergi məbləği, 32.223,59 manat maliyyə sanksiyası hesablanmışdır. Daha sonra isə cavabdeh tərəfindən iddiaçıya “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi barədə” xx.xx.2020-ci il tarixli **********197584 saylı qərara əsasən 2018-ci il üzrə 32.223,58 manat sadələşdirilmiş vergi məbləği, 16.111,79 manat maliyyə sanksiyası hesablanmışdır. Göründüyü kimi, xx.xx.2019-cu il tarixli qərarla iddiaçıya səyyar vergi yoxlaması əsasında hesablanmış sadələşdirilmiş vergi məbləği 32.223,58 manat, buna müvafiq olaraq maliyyə sanksiyası 16.111,79 manat azaldılmışdır. Lakin bu zaman cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” qanuna əsasən inzibati icraatın aparılması iş materialları ilə müəyyən edilmir. Buna görə də məhkəmə tərəfindən cavabdehə müvafiq sorğu göndərilmiş, lakin cavabdeh qeyd olunan hallarla əlaqədar inzibati icraatın aparılmasına dair sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə araşdırması zamanı da cavabdeh inzibati orqan tərəfindən inzibati icraatın aparılması öz təsdiqini tapmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə inzibati icraatın başlanılması üçün əsaslar, onun aparılması və yekunlaşdırılması qaydası ətraflı nəzərdə tutulmuşdur. Lakin hazırkı mübahisə üzrə cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun icraat aparılması müəyyən edilməmişdir. Mövcud qanunvericliyin qeyd olunan normaları istər inzibati aktın qəbulu, dəyişdirilməsi, istərsə də ləğvi üzrə aparılan inzibati icraat barədə inzibati orqan tərəfindən maraqlı şəxsə məlumat verilməsini, habelə işin müəyyən edilmiş faktiki halları və bununla əlaqədar müvafiq tədbirlər haqqında maraqlı şəxsin mülahizələrinin dinlənilməsini tələb etsə də, hazırkı cavabdeh inzibati orqan tərəfindən aparılan inzibati icraatda bu tələblərə riayət edilməmiş və bununla da «İnzibati icraat haqqında» Qanunun yuxarıda qeyd olunan müddəalarının tələbləri pozulmuşdur. Hazırki halda “İnzibati icraat haqqında” Qanunun 21.3-cü maddəsində nəzərdə tutulmuş hallar da mövcud olmamışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaçı maraqlı şəxs kimi başlanılmış inzibati icraata cəlb edilməli, həmin icraatı iddiaçının dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməli idi. Lakin cavabdeh tərəfindən bu tələblərə əməl edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-226/2021 nömrəli, 01 iyul 2021-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********197584 nömrəli qərarı 16.111,79 manat maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar