Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-20/2025 27.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müəyyən edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1469/2023 nömrəli, 07 mart 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 04 mart 2022-ci il tarixli əlillik təyin edilməsindən imtina edilməsi barədə qərarının ləğv edilməsini və əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Birinci Qarabağ müharibəsi zamanı iddiaçı sağ aşağı aşıq baldır oynağı hissəsindən kəsici keçici güllə yarası almış və onun fəsadları ilə əlaqədar ona əlillik dərəcəsi verilmişdir. Bununla əlaqədar dəfələrlə 2014-2015-ci illərdə tibbi komissiyadan keçmişdir. Sonuncu dəfə 2016-ci ildə komissiyadan keçəndə ona 5 il müddətinə əlillik təyin olunmuşdur. Aldığı qəlpə yarasından oynağının sümüyü parçalanmış, indi də əllə ora toxunduqda oyuq kimi olmuşdur və yeriyərkən daima ağrılar verir. Sonuncu dəfə 04 mart 2022-ci il tarixində 6 ay araşdırma apardıqdan sonra ona həkim komissiyasında bildirdilər ki, o, artıq sağalıb və ona əlillik düşmür. Diaqnoz əlillik əlaməti təyin etməməməsi, səbəb diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Onun hərbi əməliyyatlar nəticəsində odlu silahla ayağı yaralanmışdır. Həmin vaxtdan iddiaçı bu ağrılarla yaşayır. İddiaçıya sağ baldır oynağının odlu silahla yaralanması nəticəsində digər ikitərəfli ikincili qonartroz və iki tərəfli ikincil qonortrtroz diaqnozu qoyulmuşdur. Bundan əlavə, ona aldığı yara nəticəsində digər oynaqların posttravmatik artirozu, hipertrofik çapıq, oynaqların kontrrakturası və nevrosteniya kimi diaqnoz verilmişdir. Həkim komissiyasının 04 mart 2022-ci il tarixli rəyi əassızdır. Aldığı yaralar nəticəsində hələ də özünə gələ bilmir. Ağrılar onu çox incidir. Dərmansız ağrıları kəsmir. Qərar iddiaçının xəstəliyini tam əks etdirməmişdir. Onda olan yaraları tam müayinə etmədən, ancaq sənədlərə baxıb 6 ay araşdırma apardıqdan sonra müraciətindən imtina etmişlər. Bakı İnzibati Məhkəməsinin (hakim Miminat Hacıbəyova) 2-1(112)-1469/2023 nömrəli, 07 mart 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 07 mart 2023-cü il tarixli qərarına əsasən ona əlilliyin təyin edilməsi barədə iddia tələbi təmin edilməmişdir. Qərar düzgün deyil. İşə baxan məhkəmə cavabdehin məhkəmə iclasında verdiyi ifadəni və təqdim etdiyi sənədləri əsas götürərək, iddianı rədd etmişdir. İddiaçı Birinci Qarabac müharibəsi zamanı sağ aşağı aşıq baldır oynağı hissəsindən kəsici keçici güllə yarası almış və ona əlillik dərəcəsi verilmişdir. Sonuncu dəfə 04 mart 2022-ci il tarixdə keçirilən müayinə nəticəsində tibbi komissiyanın rəyinə əsasən guya onun yarası tam sağalmış və ona əlillik düşmədiyi bildirilmişdir. Bu rəylə razılaşmayıb məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə işə birtərəfli baxaraq iddianı təmin etməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin (nümayəndəsinin) iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə təqdim edilmiş Əlillik Altsistemindən çıxarışlardan görünür ki: - İddiaçı xx.xx.2014-cü il tarixdən (ilkin) bir il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Əlilliyin səbəbi - Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik. Diaqnoz: Sağ baldırın aşağı 3/1-nin və sol saidin yuxarı 3/1-nin dəlib keçən güllə yarasından sonra çapığı. - İddiaçı xx.xx.2015-ci il tarixdən (təkrar) bir il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Əlilliyin səbəbi - Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik. Diaqnoz: Saidin çoxsaylı səthi travmaları. Sağ aşıq-baldır oynağı və sol saidin yuxarı 1/3-nin güllə yarasından sonrakı çapığı. Baldırın digər səthi travmaları. Sağ aşıq-baldır oynağının postravmatik artrozo-artriti. - İddiaçı xx.xx.2016-cı il tarixdən (təkrar) beş il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Əlilliyin səbəbi - Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik. Diaqnoz: Saidin çoxsaylı səthi travmaları. Sağ aşıq-baldır oynağı və sol saidin yuxarı 1/3-nin güllə yarasından sonrakı çapığı. Baldırın digər səthi travmaları. Sağ aşıq-baldır oynağının postravmatik artrozo-artriti. - İddiaçı xx.xx.2021-ci il tarixdə əlilliyin təyinindən imtina edilmişdir. İmtina səbəbi - Diaqnoz əlillik əlaməti təyin etməməsi, diaqnoz əlillik əlaməti təyin etmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X3 xx.xx.2022-ci il tarixli T621/2022 saylı ekspert rəyindən görünür ki, İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib olunmuş 2782003AAB4C saylı (Forma 088) göndərişində qeyd olunmuş diaqnoz nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyindən ona Nazirlər Kabinetinin istər xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrinin və istərsə də xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarla təsdiq edilmiş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin təyininə dair meyarların hər hansı bir bəndini aid etmək mümkün olmadı. İddiaçı xx.xx.1994-cü il tarixdə döyüşlərdə yaralanmışdır. (Əsas MN HHK-nın xx.xx.2021-ci il tarixli 284 saylı qərarı). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 10 may 2024-cü il tarixli T628/2024 saylı ekspert rəyindən görünür ki, Səhiyyə Nazirliyinin “MTE və PA Birliyin” müalicə müəssisəsi olmadığından vətəndaş İddiaçı konkret olaraq hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin Bakı 1 nömrəli şəhər Poliklinikasında tərtib edilmiş 2782003AAB4C saylı Forma 088 göndərişində qeyd edilmiş “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36- Hərbi əməliyyatlar => Y36.2-Hərbİ əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Sağ aşıq-baldır oynağının odlu silahla yaralanması. Sağ aşıq-baldır oynağının posttravmatik artrozu. Kelloid çapığı. Kontraktura. İkitərəfli ikincili qonartroz. Daimi ağrı sindromu. Hərəkət və yerişin pozulması. Anadangəlmə yastıpəncəlik, sağda İİİ dərəcə, solda İİ dərəcə. Nevrasteniya. Neyrosirkulyator distoniya” diaqnoz onun xəstəxanada müayinə və müalicələri zamanı anamnestik, klinik və laborator instrumental müayinələri əsasında müəyyən edildiyindən onun həmin xəstəliklərdən əziyyət çəkməsini inkar da etmək olmaz. Xəstəliklər xroniki olduqlarında tam reablitasiya olunmurlar. Xəstəliklərin yaranma səbəbləri müxtəlifdir. xx.xx.1994-cü il tarixdə döyüşlərdə yaralanmışdır. (Əsas MN HHK-nın xx.xx.2021-ci il tarixli 284 saylı qərarı). Qərarın 4 və 5ci sualları əlilliliklə əlaqədar olduğundan həmin sualların həlli məhkəmə-tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydasmm” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3-cü bəndinə əsasən TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6-cı bəndinə əsasən qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin: 1.1-ci bəndinə əsasən əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3-cü bəndinə əsasən tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4-cü bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə «Əlilliyin müəyyən olunması meyarları» təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarları»: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki halları və sübutlar birinci instansiya məhkəməsi tərəfindən qərarda ətraflı əks etdirilmişdir. Həmçinin qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-tibbi ekspertizası keçirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X3 xx.xx.2022-ci il tarixli T621/2022 saylı ekspert rəyindən görünür ki, İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib olunmuş 2782003AAB4C saylı (Forma 088) göndərişində qeyd olunmuş diaqnoz nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyindən ona Nazirlər Kabinetinin istər xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrinin və istərsə də xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarla təsdiq edilmiş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin təyininə dair meyarların hər hansı bir bəndini aid etmək mümkün olmadı. Daha sonra apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 2736/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə xüsusi bilik tələb edən sualları izah etmək zərurəti olduğundan məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Lakin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 10 may 2024-cü il tarixli T628/2024 saylı ekspert rəyində iddiaçının konkret olaraq hazırda hansı xəstəliklərdən əziyyət çəkməsini müəyyən etməyin mümkün olmaması göstərilmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-176/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Lakin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, məlumat verilməsinə baxmayaraq, iddiaçı ekspertizanın keçirilməsində iştirak etməmişdir, bu səbəbdən ekspertizanı başa çatdırmaq mümkün olmamışdır və sənədlər ekspertiza aparılmadan icrasız geri qaytarılmışdır. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-20/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Lakin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, məlumat verilməsinə baxmayaraq, iddiaçı ekspertizanın keçirilməsində iştirak etməmişdir, bu səbəbdən ekspertizanı başa çatdırmaq mümkün olmamışdır və sənədlər ekspertiza aparılmadan icrasız geri qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, həmin Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və orada nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Göründüyü kimi, iddiaçı ekspertizanın keçirilməsində iştirak etməkdən imtina etmişdir, nəticədə iş üzrə xüsusi bilik tələb edən sualların aydınlaşdırılmasına mane olmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının iştirakı olmadan həmin ekspertizanı keçirmək mümkün deyildir. İddiaçı yenidən tibbi müayinədən keçmək üçün gəlmədiyindən onda aşkar edilmiş xəstəliklərin əlilliyin müəyyən olunması meyarlarında göstərilən xəstəliklərin əhatə dairəsinə düşüb-düşmədiyini müəyyən etmək üçün ekspertizanın keçirilməsi və müvafiq ekspert rəyinin verilməsi mümkün olmamışdır. Bu səbəbdən də ekspertiza təyin edilən fakt iddiaçının ziyanına olaraq öz təsdiqini tapmamış hesab edilir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, iddiaçıda aşkar edilmiş xəstəliklərin əlilliyin müəyyən olunması meyarlarında göstərilən xəstəliklərin əhatə dairəsinə düşməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də iddiaçının hazırkı sağlamlıq vəziyyəti ona əlillik təyinatına imkan vermədiyindən əlillik təyinatının aparılmasından imtina qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1469/2023 nömrəli, 07 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-20/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-20/2025
27.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver