Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-200/2022 04.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “istifadə etmədiyi məzuniyyət günlərinə görə pul məbləğinin düzgün hesablanaraq ödənilməsi, hesablanmış ödənişlərdən gəlir vergisinin məzuniyyət illərinə görə tutulması və pensiya təyin edilməsi üçün ödəniləcək ödəniş məbləği nəzərə alınmaqla məlumat vərəqəsinin göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1266/2020 saylı 18.06.2020-ci il tarixli qərarından cavabdeh və 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı tərəfindən ayrı-ayılıqda verilmiş apelyasiya şikayətlərinə 01-04 fevral 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri üzrə Lokal Gəlirlər Departamentinə (hazırki: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadə olunmayan məzuniyyət günlərinə görə kompensasiyanın hesablanaraq iddiaçıya ödənilməsi, həmin kompensasiyadan gəlir vergisinin məzuniyyət illərinə görə tutulması və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsinə yeni hesablanmış kompensasiya uyğun məktubun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, 01 avqust 1985-ci ildən 01 iyul 1990ci il tarixədək Azərbaycan SSR-nin Maliyyə Nazirliyinin Bakı Şəhəri Lenin və Nərimanov rayon Maliyyə Şöbələrində iqtisadçı və böyük iqtisadçı vəzifələrində xidmət etmişdir. 01.07.1990-cı ildən 01.11.1993-cü ilədək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Baş Dövlət X3 rayon X5 Şöbə rəisi vəzifəsində xidmət etmişdir. İddiaçı 01.05.1996-cı il tarixdən 16.10.2018-ci il tarixədək Azərbaycan Respublikası Baş X7 və Vergilər Nazirliyində Müxtəlif vəzifələrdə xidmət etmişdir. Səhhəti ilə əlaqədar olaraq 26.05.2017-ci il tarixdə 2-ci qrup əlilliyə görə iddiaçı pensiyaya çıxmışdır. Lakin əlil olaraq xidməti vəzifələrini icra etmişdir. Səhhətində kəskin ağrılar olduğundan xidməti vəzifələrini yerinə yetirə bilmədiyinə görə, o, 16.10.2018-ci il tarixdən Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri üzrə Lokal Gəlirlər Departamentində Böyük dövlət vergi müfəttişi kimi təqaüdə çıxmışdır. Göründüyü kimi iddiaçının ümumilikdə dövlət orqanlarında dövlət qulluqçusu kimi iş stajı 30 il təşkil edir. 16.10.2016-cı il tarixdən son iki il ərzində iddiaçının vəzifə maaşı 9464 manat, mükafatı - 33990 manat, iş stajına görə 724 manat, rütbəyə görə 764 manat ümumilikdə, 44942 manat təşkil etmişdir. 01.10.2018-ci il tarixdən 16.10.2018-ci il tarixədək əmək haqqı 203, mükafat 1725 manat, staja və rütbəyə görə 37 manat təşkil edir. Pensiyaya çıxmağı ilə əlaqədar olaraq işlədiyi müddətdə, yəni 2007-ci il tarixdən 16.10.2018-cı il tarixədək 291 gün əmək məzuniyyətindən istifadə etməmişdir. Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamenti tərəfindən yekun haqq-hesab aparılan zaman istifadə etmədiyi 291 gün məzuniyyətə görə 11995 manat məbləğində kompensasiya hesablanmışdır. Faktiki olaraq istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya aşağıdakı hesablamaya görə verilməlidir.1. 12 ay üzrə əmək haqqı 5832 manat; 2. 12 ay üzrə mükafat 13689 manat; 3. 12 ay üzrə Staj və rütbəyə görə 650 manat; cəmi: 5832+13689+650= 20171 manat. İstifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya aşağıdakı formada hesablanmalıdır. 20171 : 12 ay = 1680 manat; 1680 : 30.4 gün = 55 manat; 55.263 manat x 291 gün istifadə edilməmiş məzuniyyət = 16081.57 manat. Yuxarıdakı hesablamalardan göründüyü kimi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə təqdim edilmiş **********494900 nömrəli 02.11.2018-ci il tarixli məktubda göstərilən yekun məlumatda son haqq-hesabda istifadə edilməmiş məzuniyyət günlərinə görə 4176 manat az göstərilmişdir. Bu da pensiyanın az hesablanmasına təsir göstərmişdir. Bu fərqin az hesablanmasının səbəbini dəqiqləşdirmək üçün **********782900 nömrəli 15.11.2018-ci il tarixli ərizə ilə Vergilər Nazirliyinə müraciət olunmuşdur. Vergilər Nazirliyinin Katibliyinin Baş direktoru baş vergi xidməti müşaviri Nigar Alimovanın imzası ilə **********083300 nömrəli 28.11.2018-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Vergilər Nazirliyinin 01.10.2018-ci il tarixli **********013700 nömrəli əmrinə əsasən 16.10.2018-ci il tarixdə işdən azad olunma ilə bağlı iddiaçı ilə son haqq-hesab aparılmış və büdcədənkənar vəsaitdən ödənilən vəzifə maaşına əlavələr mövcud qaydalara müvafiq olaraq hesablama zamanı nəzərə alınmamışdır. Eyni zamanda hesabat dövründə, yəni oktyabr ayında iddiaçı işdən azad olunduğuna görə işçilərin həvəsləndirilməsi məqsədi üçün verilən vəzifə maaşına əlavə həmin ay üzrə Sizə hesablanmamışdır. Göründüyü kimi hər iki məktubda yalnız oktyabr ayının (həmin ay işdən azad olunduğuna görə) nəzərə alınmadığı bildirilir. Qeyd olunanları nəzərə alaraq iddiaçı tərəfindən X9 M.Cabbarova müraciət olunmuş, lakin müraciətinə bu günədək heç bir cavab verilməmişdir. Odur ki, iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, işdən çıxmağı ilə əlaqədar istifadə etmədiyi məzuniyyət günlərinə görə pul əvəzinin düzgün hesablanaraq iddiaçıya ödənilməsi, həmin ödənişdən gəlir vergisinin məzuniyyət illərinə görə tutulması və pensiya təyin edilməsi üçün ödəniləcək ödəniş məbləği nəzərə alınmaqla “məlumat vərəqəsi”-nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi öhdəliyinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1266/2020 saylı, 03.03.2020-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul olunmuşdur. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1266/2020 saylı, 03.03.2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia tələbi üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Madafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsi üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1266/2020 saylı 18.06.2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. (hakim: A.Oruczadə) Həmin qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı 15.05.1996-cı il tarixdən 16.10.2018-ci il tarixədək Bakı şəhəri üzrə vergi orqanlarında müxtəlif vəzifələrdə işləmiş və işlədiyi dövrlərə aid edilən vəzifə maaşları Nazirlər Kabinetinin 30.03.2018-ci il tarixli 124 nömrəli Qərarına əsasən 01.03.2018-ci il tarixindən şöbə rəhbəri vəzifəsi üzrə 385,0 manat, baş dövlət vergi müfəttişi vəzifəsi üzrə 352,0 manat, böyük dövlət vergi müfəttişi vəzifəsi üzrə 347,0 manat, dövlət vergi müfəttişi vəzifəsi üzrə 341,0 manat, ona verilmiş kiçik vergi xidməti müşaviri xüsusi rütbəsinə görə əlavə 39,0 manat və vergi orqanlarında xidmət illərinə görə əlavə 39,0 manat təşkil etmişdir. İddia tələbinin istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiyanın hesablanması hissəsi ilə bağlı bildirilmişdir ki, sabiq vergi orqanı əməkdaşı İddiaçı ilə Əmək Məcəlləsinə və Vergilər Nazirliyinin 30.11.2017-ci il tarixli **********739700 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası”na əsasən istifadə etmədiyi məzuniyyət günləri hesabına son haqq-hesab aparılmış və ödənilməsi təmin edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbi istifadə olunmamış məzuniyyətə görə pul əvəzinin hesablanması baxımından əsassızdır. İddia tələbinin həmin kompensasiyadan gəlir vergisinin məzuniyyət illərinə görə tutulması hissəsində bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 140-cı maddəsinin tələblərinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Əmək Məcəlləsinin 140-cı maddəsinin 4-cü hissəsinə əsasən bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. Məcəllənin müvafiq maddəsinin tələbindən aydın olur ki, istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi illər üzrə ayrılıqda hesablanmır. Bu səbəbdən də iddia tələbində ifadə olunduğu kimi hesablanmış pul əvəzindən gəlir vergisinin illər üzrə ayrı-ayrı tutulması Əmək Məcəlləsinin 140-cı maddəsinin tələbləri baxımından əsassızdır. İddia tələbinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə yeni hesablanmış kompensasiyaya uyğun məktubun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində isə bildirilmişdir ki, cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsinə ünvanlanmış 02.11.2018-ci il tarixli **********494900 saylı məktubla İddiaçı əmək haqqı barədə pensiya hesablanmasını həyata keçirən səlahiyyətli orqana müvafiq məlumat verilmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı tərəfindən verilmiş apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nazirlər Kabinetinin 135 saylı 27.08.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən məhkəmə qərarının “qərara aldı” hissəsində məlumat vərəqəsinin göndərilməsi anlayışı cavabdeh orqana aid deyildir, çünki məlumat vərəqəsinin göndərilməsi cavabdeh orqanın səlahiyyətləri xaricindədir. “Əmək pensiyaları haqqında” Qanunun 20.30-cu maddəsinə müvafiq olaraq bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. İddia tələbi istifadə olunmamış məzuniyyətə görə pul əvəzinin hesablanması baxımından əsassızdır. Apelyasiya baxışı zamanı 3-cü şəxs DSMF-nun Xətai rayon Şöbəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı ilə əvəz edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.03.2021-ci il tarixli 2-1(103)- 131/2021 saylı qərarı ilə hər iki apelyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1266/2020 saylı 18.06.2020-ci il tarixli qərarı qismən, “İddiaçı hesablanmış ödənişlərdən gəlir vergisinin məzuniyyət illərinə görə tutulması vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi rədd edilmiş, qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan iddiaçı və cavabdeh kassasiya şikayəti vermişlər. Ali Məhkəmənin İnzibati Kollegiyasının 13.07.2021-ci il tarixli 2-1(102)-1224/2021 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 10.03.2021-ci il tarixli 2- 1(103)-131/2021 saylı qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Təkrar apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətində qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Təkrar apelyasiya baxışı zamanı üçüncü şəxsin nümayəndəsi-vəkili X4 Məhkəmənin qoymuş olduğu sualların araşdırılmasını və əsaslı qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Təkrar apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq iş üzrə tərəflərin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iş təkrar baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. İddiaçının işlədiyi dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında” Əsasnamənin 15.7-ci bəndinə əsasən dövlət vergi orqanlarının vəzifəli şəxslərini, tabeliyindəki digər struktur bölmələrinin əməkdaşlarını vergilər naziri vəzifəyə təyin və vəzifədən azad edir. İşin faktiki hallarından görünür ki, İddiaçı 15.05.1996-cı il tarixdən 16.10.2018-ci il tarixədək Bakı şəhəri üzrə vergi orqanlarında müxtəlif vəzifələrdə işləmiş və işlədiyi dövrlərə aid edilən vəzifə maaşları 01.03.2018-ci il tarixindən şöbə rəhbəri vəzifəsi üzrə 385,0 manat, baş dövlət vergi müfəttişi vəzifəsi üzrə 352,0 manat, böyük dövlət vergi müfəttişi vəzifəsi üzrə 347,0 manat, dövlət vergi müfəttişi vəzifəsi üzrə 341,0 manat, ona verilmiş kiçik vergi xidməti müşaviri xüsusi rütbəsinə görə əlavə 39,0 manat və vergi orqanlarında xidmət illərinə görə əlavə 39,0 manat təşkil etmişdir. İddiaçı hazırki iddia tələbi ilə, ona istifadə olunmamış məzuniyyət günləri üçün ödənilmiş kompensasiya məbləğinin düzgün hesablanmamısını, işlədiyi dövr ərzində aldığı əlavələrin ödənilməmiş məzuniyyət günlərinə tətbiq olunmasını, həmçinin, hesablanacaq kompensasiya məbləğindən gəlir vergisinin məzuniyyət illərinə görə tutulmasını cavabdeh kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən tələb edir. Halbuki, zamana görə qüvvədə olmuş Əsasnaməyə əsasən vergi orqanının vəzifəli şəxsləri ilə bağlı vergi orqanı arasında hər hansı bir əmək mübahisəsi, pul tələbi və digər məsələlərlə bağlı mübahisə olduqda həmin işlər üzrə cavabdeh qismində Dövlət Vergi Xidməti (o zaman Vergilər Nazirliyi) çıxış edir. Odur ki, məhkəmə işə mahiyyəti üzrə baxmazdan əvvəl ilk növbədə iddianın ona cavab verməli olan cavabdehə qarşı qaldırılıb-qaldırılmadığını müəyyən etməli idi. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sadalanan halları ümumiləşdirərək, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə təkrar baxılarkən sadalanan pozuntular aradan qaldırılmalı, iddiaçıya müvafiq olaraq hüquqi yardım olunmaqla tələblərini dəqiqləşdirmək və cavabdehin əsl cavabdehlə əvəz olunması təklif olunmalı, dəqiqləşdirilmiş tələbin mümkünlüyü məsələsi aydınlaşdırıldıqdan sonra mahiyyəti üzrə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.7.1-ci maddəsinin tələbinə görə inzibati-iqtisadi məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.7.1, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh və üçüncü şəxsin apelyasiya şikayətləri qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1266/2020 saylı 18.06.2020-ci il tarixli qərarı ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-200/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-200/2022
04.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver