Məhkəmə qərarları › İş №2-1(103)-200/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-200/2024

30.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-200/2024 30.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına nəzarət Dövlət Xidmətinin Cavabdeh MMC-yə qarşı “məlumatların təqdim edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5960/2023 saylı, 02 may 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına nəzarət Dövlət Xidməti Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Antiinhisar və İstehlak bazarına nəzarət Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli Göstərişinin (maliyyə sanksiyasının ödənilməsi hissəsi istisna olmaqla) məcburi icrasının təmin edilməsi və satılan marqarin yağı, palma yağı, 9 duru yağ məhsullarına dair alış qiyməti, satış qiyməti və satış həcminə dair məlumatların cədvəl formasında Antiinhisar və İstehlak bazarına nəzarət Dövlət Xidmətinə təqdim edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaranmış zərurətlə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli AİBNDX-06/07-5/3634 nömrəli məktubu ilə “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə, habelə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsinin 4.0.5-ci bəndinə əsasən marqarin yağı, palma yağı, duru yağlar, bitki və heyvan mənşəli qarışıq digər yağ məhsullarına dair sənəd və məlumatların Xidmətə təqdim edilməsi Cavabdeh MMC-dən xahiş edilmişdir. Həmin məktubla məlumatların və sənədlərin verilməməsinə, yaxud düzgün olmayan məlumatların verilməsinə görə “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən məsuliyyət daşıdıqları Cavabdeh MMC-nin nəzərinə çatdırılmışdır. Cəmiyyətin Dövlət Xidmətinə daxil olmuş xx.xx.2022-ci il tarixli 136 nömrəli məktubunda (daxilolma qeydiyyatı: 5/3752, xx.xx.2022-ci il) “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunlarında nəzərdə tutulmuş hallar üzrə və qaydada Xidmət tərəfindən sorğu daxil olduqda yoxlama və araşdırma məqsədilə müvafiq məlumatların Cavabdeh MMC tərəfindən təqdim ediləcəyi bildirilmiş, lakin tələb olunan sənəd və məlumatlar təqdim edilməmişdir. Bununla əlaqədar, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci bəndinin tələblərinin pozulması əlamətləri üzrə Cavabdeh MMC barəsində xx.xx.2022-ci il tarixdə iş qaldırılmış, işə baxılması iclası xx.xx.2022-ci il tarixinə təyin edilmiş, eyni zamanda Xidmətin xx.xx.2022-ci il tarixli AİBNDX-06/07-5/3634 nömrəli məktubu ilə tələb olunan sənəd və məlumatların təqdim edilməsi xx.xx.2022-ci il tarixli Qərarla Cavabdeh MMC-dən xahiş edilmişdir. Xidmətin xx.xx.2022-ci il tarixli AİBNDX-06/07-5/3634 nömrəli məktubu ilə, habelə Xidmətin xx.xx.2022-ci il tarixli FA-52 nömrəli əmrilə yaradılmış Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxan Komissiyanın “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılması haqqında” xx.xx.2022-ci il tarixli Qərarına əsasən tələb olunan sənəd və məlumatlar Cavabdeh MMC tərəfindən təqdim edilməmişdir. Bununla əlaqədar olaraq, xx.xx.2022-ci il tarixli Qərarın icrasını təmin etmək məqsədilə xx.xx.2022-ci il tarixli Göstərişlə Cəmiyyətə satılan marqarin yağı, palma yağı və duru yağ məhsullarına dair alış qiyməti, satış qiyməti və satış həcminə dair məlumatların cədvəl formasında tərtib edilərək Xidmətə təqdim edilməsi tələb edilmişdir. Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli Göstərişi Cəmiyyətə xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə rəsmi qaydada çatdırılsa da, Göstərişin icrası hazırkı tarixədək təmin edilməmişdir. Cavabdeh iddiaya dair məhkəməyə ünvanladığı yazılı münasibətdə bildirmişdir ki, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Cavabdeh MMC-yə qarşı “Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli Göstərişinin məcburi icrası baradə” iddia tələbi inzibati mübahisələrə dair işlər üzrə məhkəməyə aid olmadığı üçün mümkün sayılmamalı və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməlidir. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Cavabdeh MMC-yə qarşı “Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli Göstərişinin məcburi icrası baradə” tələbi barədə iddiası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məhkəmə icraatı qaydasında baxılan iddialara siyahısına daxil olmadığı üçün mövcud iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Buna görə də iddia həmin Məcəllənin 35-ci maddəsinə uyğun olaraq, mümkünsüz sayılmalıdır. İddiaçı iddia ərizəsində ilk öncə iddiasının mümkünlüyünü əsaslandırmalı olduğu halda, bu hissədə heç bir hüquqi əsaslandırma həyata keçirməmiş, yalnız Dövlət Xidmətinin fiziki şəxs X3 qarşı sənəd və məlumatların təqdim edilməsi barədə xx.xx.2022-ci il tarixli AİBNDX14/01-8/116 nömrəli iddia ərizəsinin Sumqayıt İnzibati Məhkəməsi tərəfindən icraata qəbul edilməsini əsas gətirmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5960/2023 saylı, 02 may 2023-cü il tarixli qərarı (hakim L.Musayeva) ilə iddia tələbi təmin edilərək, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına nəzarət Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli Göstərişinin (maliyyə sanksiyasının ödənilməsi hissəsi istisna olmaqla) icrasının təmin edilməsi və satılan marqarin yağı, palma yağı 9 duru yağ məhsullarına dair alış qiyməti, satış qiyməti və satış həcminə dair məlumatların cədvəl formasında iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına nəzarət Dövlət Xidmətinə təqdim edilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarının ləğv edilməsi üçün ən ciddi əsas ondan ibarətdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 34 və 35-ci maddələrinin tələblərini doğru tətbiq etməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli Plenum Qərarı və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli Qərarı ilə formalaşmış hüquqi mövqeyi yanlış tətbiq etmiş, hüquqi cəhətdən mümkünsüz olan iddianı mümkün sayaraq iddiaya baxmış və onun təmin edilməsi barədə qərar qəbul etmişdir. Belə ki, işin gedişatı ərzində cavabdeh iddianın mümkünsüz sayılması barədə əsaslandırılmış vəsatətlə məhkəməyə müraciət etmiş və iddianın mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə isə iddianı mümkün hesab etmiş və bu qənaətini hüquqi cəhətdən əsaslandırmadan sadəcə aşağıdakı kimi qeyd etməklə kifayətlənmişdir: “İddia tələbi məlumatların təqdim edilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür”. Halbuki, məhkəmə nəzərə almamışdır ki, öhdəliyin icrasına dair iddiaları tənzimləyən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.3-cü və 34-cü maddəsi inzibati orqanın fiziki və hüquqi şəxsə qarşı məlumatların təqdim edilməsi iddiasını yox, fiziki və hüquqi şəxslər tərəfindən inzibati orqanlara qarşı onların inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlərin edilməsinə dair öhdəlikləri üzrə iddialarını tənzimləyir. Göründüyü kimi, birinci instansiya məhkəməsi AR İnzibati Prosessual Məcəllənin 2.2.3-cü və 34-cü maddəsini yanlış təfsir etmişdir. İddianın mümkünlüyü adlanan İnzibati Prosessual Məcəllənin 35-ci maddəsinin mətni ilə tanış olduqda da açıq-aşkar görünür ki, öhdəliyin icrası haqqında iddialarda öhdəlik dedikdə qanunvericilik fiziki və hüquqi şəxslərin yox, məhz inzibati orqanların müəyyən hərəkəti etmək öhdəliyini nəzərdə tutur. Yəni 35-ci maddənin tələbləri baxımından bir inzibati iddianın mümkün sayılması üçün o, əsasən, aşağıdakı elementlərə malik olmalıdır: 1. SUBYEKTİV HÜQUQ: İddia inzibati orqanın qəbul etdiyi və ya qəbul etməkdən imtina etdiyi inzibati aktla bağlı olmalı və ya iddia inzibati orqanın inzibati akt qəbul etməklə bağlı olmayan hərəkəti və hərəkətsizliyi ilə bağlı olmalı; 2. HÜQUQA MÜDAXİLƏ: Bunun nəticəsində fiziki və hüquqi şəxsin hüquqları və qanunla qorunan maraqları pozulmalı və bu pozuntu fiziki və hüquqi şəxslər tərəfindən əsaslandırılmalıdır. Lakin Məhkəmə nəzərə almamışdır ki, hazırki iddiada mübahisələndirilən predmet inzibati orqanın inzibati akt qəbul etməklə bağlı olmayan hərəkəti və hərəkətsizliyi yox, fiziki və hüquqi şəxsin hərəkətsizliyidir ki, bu da inzibati məhkəmə icraatının predmeti hesab oluna bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarının 12-ci maddəsinə görə inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Göründüyü kimi, Ali Məhkəmə Plenum Qərarı vasitəsilə öhdəliyin icrası haqqında iddiaların predmetinin fiziki və hüquqi şəxslərin hərəkətləri yox, yalnız inzibati orqanların hərəkətləri olmasını vurğulamışdır. Yəni məhkəmədə fiziki və hüquqi şəxslərin yox, inzibati orqanların hərəkətləri (hərəkətsizlikləri) mübahisələndirilir. Lakin bu hal birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış, tam tərsinə qiymətləndirilmiş, nəticədə mümkünsüz iddia ərizəsinin mümkün sayılaraq baxılması barədə qərar qəbul edilməsi ilə nəticələnmişdir. Bundan əlavə, “İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsi ilə bağlı” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında da İnzibati Prosessual Məcəllə və inzibati icraatın əsas vəzifələrinin nə olması ilə bağlı aşağıdakı hüquqi mövqe ortaya qoyulmuşdur: “İnzibati prosessual qanunvericiliyin səciyyəvi cəhətlərindən biri odur ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və yerli özünüidarəetmə sahəsində meydana çıxır və bu münasibətlərdə tərəflərdən biri mütləq icra hakimiyyəti orqanı, bələdiyyə və qanunla inzibati akt qəbul etmək səlahiyyəti verilən hər hansı bir subyektdir. Bu münasibətlərin iştirakçıları əvvəlcədən qeyri-bərabər olurlar, onlardan biri suverenlik daşıyıcısıdır və digər tərəfə, yəni fiziki və hüquqi şəxsə münasibətdə hakimiyyət səlahiyyətlərinə malik olur. İnzibati mübahisənin yaranması səbəbindən asılı olmayaraq, bir qayda olaraq, məhkəməyə müraciət edən tərəf fiziki və ya hüquqi şəxs olur. İPM-in qarşısında duran əsas vəzifə ictimai-hüquqi münasibətlər sahəsində dövlət hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, onların vəzifəli şəxslərinin, digər subyektlərin qanunla müəyyən edilmiş qaydada hakimiyyət idarəçiliyi sahəsindəki funksiyalarını yerinə yetirərkən yol verdikləri pozuntulardan fiziki şəxslərin hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin, habelə hüquqi şəxslərin hüquq və mənafelərinin qorunmasıdır”. Göründüyü kimi, yuxarıda qeyd olunan normaların və yüksək məhkəmələrin formalaşdırdığı hüquqi mövqelərin fonunda iddiaçı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Cavabdeh MMC-yə qarşı məlumatların tələb edilməsi barədə iddia ərizəsi mümkünsüz hesab olunmalı olduğu halda, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan normaları və hüquqi mövqeləri nəzərə almadan, heç bir hüquqi arqumentasiya irəli sürüb əsaslandırma aparmadan sadəcə bir cümlə ilə iddianın mümkün hesab olunduğunu bildirmişdir. Hesab edirik ki, iddia ilk başda mümkünsüz olduğu üçün iddianın mümkünsüz hesab olunması barədə qərardad qəbul edilməlidir. İddianın əsaslılığına dair hissədə isə hesab edirlər ki, birinci instansiya məhkəməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.1; 2.2; 3.2-ci maddələrinin və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 1; 2.1; 3.1-ci maddələrinin tələblərini kobud şəkildə pozmaqla qərar qəbul etmişdir. Belə ki, iddiaçı qurumun cavabdeh barəsində başlatdığı yoxlamalar müvafiq icra hakimiyyəti orqanının vahid məlumat reyestrində qeydə alınmadığı, məlumatların verilməsindən də məhz buna görə imtina verildiyi, ümumiyyətlə, ölkə ərazisində sahibkarlıq sahəsində yoxlamaların 01 yanvar 2024-cü ilədək dayandırıldığı və istisna təşkil edən yoxlama aparan orqanlar siyahısında iddiaçı qurumun olmamasını nəzərə aldıqda iddiaçı qurumun Cəmiyyət barəsində antiinhisar yoxlamaları apararaq kommersiya xarakterli sənədləri tələb etməsi, hətta bu məhkəmə qərarı vasitəsilə olsa da belə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması anlamına gəlir və buna görə də məhkəmə iddia tələblərinin rədd edilməsi barədə qərar qəbul etməli idi. İddiaçı qurum isə hesab edir ki, müvafiq icra hakimiyyəti orqanının (Ədliyyə Nazirliyinin) vahid məlumat reyestrində qeydə alınmalı olan sahibkarlıq sahəsində yoxlamalar yalnız yoxlayıcı orqanın sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə həyata keçirilən yoxlamalardır, onlar isə əraziyə gəlməklə yoxlama həyata keçirmirlər. Həmçinin, iddiaçı qurum hesab edir ki, onlar ümumiyyətlə sahibkarlıq sahəsində yoxlama həyata keçirmir. Lakin bu cür etiraz hüquqi cəhətdən tamamilə əsassızdır. Əvvəla “yoxlama” sözünün anlayış və mahiyyətinə diqqət yetirmək gərəklidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanunu sahibkarlıq sahəsində aparılan yoxlama ifadəsinə aşağıdakı kimi anlayış və mahiyyət verir: 1.1.1. sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Göründüyü kimi, qanunvericilik yoxlama anlayışına izah verərkən yoxlamanın hüquqi elementlərini a) məcburi tələblərin yerinə yetirilməsinin qiymətləndirilməsi və b) nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanı olaraq dəqiqləşdirmiş, yoxlayıcı orqanın ərazilərə gəlməsi ilə bağlı elementi qeyd etməmişdir. Mahiyyət etibarilə, iddiaçı qurum tərəfindən Cəmiyyətdən kommersiya xarakterli sənədlər tələb edilməklə Cəmiyyətin sahibkarlıq sahəsində qanunla müəyyənləşdirilmiş məcburi tələbləri (antiinhisar və haqsız rəqabət qaydaları) yerinə yetirib-yetirməməsi yoxlanılır və bunun nəticəsində də Cəmiyyətə müvafiq məsuliyyət tədbirləri tətbiq edilə bilər. Belə olduğu təqdirdə cavabdeh qurumun fəaliyyətinin yoxlama kimi qiymətləndirilməməsi qanunvericiliyin tələblərinə ziddir. Bundan əlavə, nəzərə alınmalıdır ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə görə Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan bütün yoxlamalar – istər əraziyə gəlməklə, istərsə də əraziyə gəlmədən aparılan yoxlamalar 2024-cü il yanvarın 1-dək dayandırılmışdır. Buna baxmayaraq, iddiaçı qurum qeyd olunan qanunun tələblərini pozaraq cavabdeh barəsində qanunsuz yoxlama həyata keçirmək niyyətindədir. Həmin Qanunun 2.1-ci maddəsinə görə isə yoxlamaların dayandırılması ilə bağlı istisna hallar nəzərdə tutulmuş, lakin cavabdeh qurumun sahibkarlıq sahəsində yoxlama aparması müvafiq maddədə istisna hal kimi nəzərə alınmamışdır. Sırf qeyd olunan məsələ ilə bağlı Ali Məhkəmənin İnzibati Kollegiyasının qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli məhkəmə qərarı mövcuddur. Həmin Qərarda aşağıdakı kimi qeyd edilir: 48. Cavabdeh yoxlamanın yerlərə getmədən aparıldığını bildirərək qeyd olunan normanın hazırkı hala tətbiqini düzgün hesab etmir. Bununla bağlı qeyd edilməlidir ki, cavabdeh qanun pozuntusu əlamətlərinin mövcud olub-olmadığını sübuta yetirmək məqsədilə yerlərdə, həmçinin yerlərə getmədən yoxlama aparmaq hüququna malikdir. 49. Cavabdeh inzibati orqan iddiaçının fəaliyyət göstərdiyi yerlərə getmədən yoxlama apardığını bildirir və qanunvericiliyin tələbinə görə onun aparılan yoxlama çərçivəsində belə bir səlahiyyəti mövcud olub. Lakin cavabdeh inzibati orqan həmin səlahiyyətindən istifadə edib-etməməsindən, yəni yerlərə gedib-getməməsindən asılı olmayaraq yoxlamanı müvafiq Reyestrdə qeydiyyata almalı idi. 50. Bəzi yoxlama növləri üzrə qanunverici inzibati orqana yerlərə getmək səlahiyyəti olmadan yoxlama aparmaq hüququ vermişdir. İnzibati orqanın yerlərə getmək səlahiyyəti olmadan aparacağı yoxlamanın qeydiyyatdan keçməsini qanunverici nəzərdə tutmamışdır. Cavabdehin apardığı yoxlama bu növ yoxlamalara aid olmamışdır. Cavabdehin hazırkı yoxlama növündə iddiaçının fəaliyyət göstərdiyi yerdə yoxlama aparmaq səlahiyyəti olmuşdur. Odur ki, cavabdehin yerlərə getmək niyyətindən asılı olmayaraq onun apardığı hazırkı yoxlama dövlət reyestrində qeydiyyata alınmalı olduğu halda, yoxlama dövlət reyestrində qeydiyyata alınmamışdır. 51. Beləliklə, cavabdeh tərəfindən aparılan yoxlama dövlət reyestrində qeydiyyata alınmadığından, apardığı yoxlamanın heç bir hüquqi nəticəsi olmamışdır. Bu isə cavabdehin 12 iyul 2019-cu il tarixli qərarının mübahisə olunan hissədə ləğv edilməsi üçün əsasdır. Göründüyü kimi, Ali Məhkəmə yoxlama ifadəsini analiz edərkən qanunda ona verilmiş anlayışı əsas götürmüş (həmin anlayışda əraziyə gəlmə və ya gəlməmə nəzərdə tutulmamışdır), cavabdeh qurumun əraziyə gəlməkdə və ya gəlmədən yoxlama aparmaqda sərbəst olduğunu, lakin bunun yoxlama ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsindən imtina edilməsinə haqq qazandırmadığını bildirmişdir. Qısacası, Ali Məhkəmənin İnzibati Kollegiyasının qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli məhkəmə qərarı ilə eyni mübahisəli məsələ ilə bağlı qaldırılmış eyni dəlilə artıq hüquqi qiymət verilmiş və bu sahədə vahid məhkəmə praktikası yaranmışdır. Bu qərar üzrə dəlilə verilən hüquqi qiymət və yaranan hüquqi nəticə mülki və inzibati prosessual qanunvericiliyə görə Ali Məhkəmə tərəfindən fərqli hüquqi nəticəsi müəyyənləşdirən kollegiyaların məhkəmə təcrübəsinin vahidliyini təmin edən qərardad qəbul edilənədək öz hüquqi qüvvəsini qoruyub saxlamaqdadır. Belə olduğu təqdirdə Ali Məhkəmənin qeyd olunan qərarı və müvafiq hüquqi nəticə (tövsif) hazırki iş üzrə məcburi hüquqi qüvvəyə malikdir. Məhkəmə isə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması və çəkişmə prinsipinin tələblərini pozaraq nə təqdim olunmuş vəsatətə, nə də iddia ərizəsinə dair etirazımıza dair öz qərarında heç bir münasibət bildirməmiş, əksinə obyektiv araşdırma prinsipinin tələblərini pozaraq iş üzrə cavabdehin sübut və dəlillərini öz qərarında qeyd etmədən, araşdırmadan və nəzərə almadan yalnız iddiaçı dövlət qurumunun mövqeyini dəstəkləmiş, hətta onun hüquqi yardıma ehtiyacı olduğuna əsaslanaraq iddianı təmin etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Növbəti məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Hazırda məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5960/2023 saylı, 02 may 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki; -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilən “Antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması və tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsi haqqında” 05 dekabr 2022-ci il tarixli Göstərişdən görünür ki, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci bəndinin tələblərinin pozulması əlamətləri üzrə hüquqi ünvanı 1069, ünvan 1hdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - "Sun Food” MMC) (VÖEN: **********) barəsində qaldırılmış xx.xx.2022-ci il tarixil FA-52 nömrəli “Antiinhisar qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyaları tətbiq edilməsi haqqında” xx.xx.2022-ci il tarixli Qərarına əsaslanaraq, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü, 17-ci və 18-ci maddələrini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”nın 3.7-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli AİBNDX-06/07-5/3634 nömrəli məktub ilə tələb olunan sənəd və məlumatları xx.xx.2022-ci il tarixinədək təqdim edilməsi, Komissiyasının xx.xx.2022-ci il tarixli Qərarı ilə barəsində tətbiq edilmiş 5500 (beş min beş yüz) manat məbləğində maliyyə sanksiyasını təqdim edildiyi gündən 30 (otuz) gündən gec olmayaraq iddiaçının hesabına köçürülməsinin təmin edilməsi tələb edilmişdir. Göstərişin 3-cü bəndindən görünür ki, iddiaçı bazar subyektlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin göstərişlərini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, təsərrüfat subyektləri məlumatların və sənədlərin verilməməsinə, yaxud düzgün olmayan məlumatların verilməsinə görə Azərbaycan Respublikasının "Antiinhisar fəaliyyəti haqqında" Qanununun 18-ci maddəsinə əsasən məsuliyyət daşıdıqları "Sun Food” MMCnin (VÖEN: **********) nəzərinə çatdırılması, həmçinin "Sun Food” MMC-nin (VÖEN: **********) nəzərinə qanunvericiliyə əsasən antiinhisar qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə verilmiş qərarlar (göstərişlər) yerinə yetirilmədikdə məhkəməyə müraciət etmək İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin vəzifələrindən olduğu Cavabdeh MMC-nin nəzərinə çatdırılmış, Göstərişin icrasına nəzarət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Antiinhisar nəzarəti şöbəsinin Antiinhisar qanunvericiliyinə nəzarət sektorunun məsləhətçisi X1 həvalə edilmişdir. Göstərişdən 30 (otuz) gün müddətində inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermə hüququ izah edilmişdir. -İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli AİBNDX-06/07-5/3634 nömrəli məktub əsasında marqarin yağı, palma yağı, duru yağlar, bitki və heyvan mənşəli qarışıq digər yağ məhsullarına dair sənəd və məlumatların Xidmətə təqdim edilməsi “Sun Food" MMC-dən xahiş edilmiş, lakin sonuncu tərəfindən tələb olunan sənəd və məlumatlar təqdim edilmədiyindən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə işdən müəyyən olunur ki, iddiaçı Dövlət Xidməti tərəfindən Cavabdeh MMC barəsində “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci bəndinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmış və Xidmətin xx.xx.2022-ci il tarixli Qərarı ilə iddia tələbində göstərilən məlumat və sənədlər Cavabdeh MMC-dən tələb edilmiş, lakin sonuncu sənədləri təqdim etməmiş, bunu “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamaların xx.xx.2024-cü il tarixinədək dayandırıldığı və bu müddət ərzində yoxlama aparıla bilən istisna yoxlanılan sahələr içərisində antiinhisar qanunvericiliyi ilə bağlı yoxlamaların nəzərdə tutulmadığı ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasnını Qanuna, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanuna, Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1998-ci il tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”na istinad edərək iddianın təmin edilməsi barədə qərar qəbul etmişdir. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin əsas dəlili isə iddiaçının subyektiv hüququ olmadığından iddianın mümkün sayılmamalı olması, o cümlədən ölkə ərazisində sahibkarlıq sahəsində yoxlamaların 01 yanvar 2024-cü ilədək dayandırıldığı və istisna təşkil edən yoxlama aparan orqanlar siyahısında iddiaçı qurumun olmamasını nəzərə aldıqda iddiaçı qurumun Cəmiyyət barəsində antiinhisar yoxlamaları apararaq kommersiya xarakterli sənədləri tələb etməsi, hətta bu məhkəmə qərarı vasitəsilə olsa da belə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunun tələblərinin pozulması anlamına gəlməsindən ibarətdir. Halbuki, məhkəmə kollegiyası apelyasiya şikayətinin qeyd olunan dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, antiinhisar orqanına antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxarkən öz vəzifələrinin yerinə yetirilməsi ilə bağlı təsərrüfat subyektləri də daxil olmaqla dövlət idarəetmə orqanlarından, təşkilati-idarəetmə qurumlarından və vəzifəli şəxslərdən zəruri olan müvafiq sənəd və məlumatların təqdim edilməsi barədə göstəriş vermək, həmin göstərişlər yerinə yetirilmədikdə cərimə və ya maliyyə sanksiyasının tətbiqi haqqında qərar qəbul etməklə yanaşı, müvafiq sənəd və məlumatlar təqdim edilmədikdə həmin sənəd və məlumatların təqdim edilməsi haqqında iddia ilə məhkəmə orqanlarına müraciət etmək hüququ verilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununda yoxlamanın anlayışı və qaydası aydın şəkildə göstərilmişdir. Hazırkı halda mübahisə məlumatlar və sənədlərin təqdim edilməsi ilə bağlıdır. Həmin sənədlərin tələb edilməsi iddiaçının antiinhisar qanunvericiliyindən irəli gələn hüququ, cavabdehin isə təsərrüfat subyekti kimi onları təqdim etmək vəzifəsi olduğundan bu fəaliyyət yoxlama kimi qiymətləndirilməməli, əslində antiinhisar qanunvericiliyinin pozulması hallarının müəyyən olunması məqsədlərinə xidmət edən və bununla bağlı icraatın tərkib hissəsi sayılmalıdır. İddiaçının tələb etdiyi sənəd və məlumatlar antiinhisar qanunvericiliyinin pozulması hallarının müəyyən olunması üzrə icraat çərçivəsində cavabdehdən tələb oluna bilər və obyektiv qərarın qəbulunu təmin etmək üçün tələb edilməlidir. Başqa sözlə, sənəd və məlumatların təqdim olunmaması cavabdehə münasibətdə əlverişsiz qərarın qəbulunu şərtləndirmə riskini daşıyır və məhz belə qərarın qəbulu riski sənədlərin təqdim olunmasının təminatı qismində çıxış edir. Belə hallarda dövlət orqanı olan iddiaçının məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacı mövcud olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 oktyabr 2022-ci il tarixli 378 №li Qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”nda dəyişiklik edildiyindən antiinhisar orqanlarının cavabdehdən tələb etdiyi müvafiq sənəd və məlumatların təqdim edilməsi ilə bağlı məhkəməyə müraciət etmək, başqa sözlə, tələb olunan sənədlərin cavabdehdən məcburi götürülməsi ilə bağlı iddia qaldırmağın normativ hüquqi əsası yaranmışdır. Belə ki, “Antiinhisar fəaliyyəti haqqında” Qanunun: -1-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında antiinhisar qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, “Təbii inhisarlar haqqında”, "Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının qanunlarından və digər normativ hüquqi aktlardan ibarətdir. -3-cü maddəsinə əsasən, inhisarçılıq fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması üzrə dövlət siyasətini, digər dövlət orqanlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasında antiinhisar siyasətini yeridən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanı həyata keçirir. Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun tələblərinin pozulmasına görə icrası məcburi olan göstərişlər verə bilər və qanunvericiliklə müəyyən olunmuş digər səlahiyyətləri yerinə yetirə bilər. -16-cı maddəsinin 1-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının öz vəzifə və funksiyalarını yerinə yetirmək üçün dövlət idarəetmə orqanlarından, təşkilati-idarəetmə qurumlarından, təsərrüfat subyektlərindən, vəzifəli şəxslərdən zəruri olan hər bir məlumat, o cümlədən antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı yazılı (şifahi) izahatlar almaq hüququ vardır. -18-ci maddəsinə əsasən, bu Qanunun pozulmasına görə təsərrüfat subyektləri, onların rəhbərləri və müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri aşağıda nəzərdə tutulan məsuliyyəti daşıyırlar.

1. Təsərrüfat subyektləri: müvafiq icra hakimiyyəti orqanının qanuni göstərişlərini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə hər gecikdirilmiş günə görə əlli beş manatadək, lakin iyirmi iki min manatdan çox olmamaq şərti ilə; müvafiq icra hakimiyyəti orqanına bu Qanunun 13-cü, 13-1-ci və 16-cı maddələrində göstərilmiş məlumatları və sənədləri vermədikdə, yaxud düzgün olmayan məlumatlar verdikdə — beş min beş yüz manatadək maliyyə sanksiyası şəklində cərimə olunurlar. Cərimənin miqdarı müəyyən edilərkən təsərrüfat subyektlərinin iqtisadi vəziyyəti nəzərə alınır. Antiinhisar qanunvericiliyinin pozulması üzrə işlərə baxılması və bu baradə qərarların qəbul edilməsi qaydalarını və müddətini müəyyən edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1998-ci il tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”nın: -1.1-ci bəndinə əsasən Antiinhisar orqanı antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə hüquqi və fiziki şəxs kimi fəaliyyət göstərən bazar subyektlərinin, icra hakimiyyəti və idarəetmə orqanlarının ictimai təşkilatların və digər qeyri-kommersiya təşkilatlarının habelə, publik hüquqi şəxslərin müraciətləri, müvafiq dövlət orqanlarının materialları, dövri mətbuatın məlumatları əsasında baxır. -2.3-cü bəndinə əsasən Komissiya əmr verildiyi vaxtdan beş gün müddətində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılması barədə qərar (4 nömrəli əlavə) qəbul edir. Qərar Komissiyanın sədri tərəfindən imzalanır və iş üzrə tərəflərə bildirişli sifariş məktubu ilə göndərilir, yaxud tərəflərin səlahiyyətli nümayəndələrinə imza alınmaqla təqdim olunur. Bu halda qərarın alınmasını təsdiq edən poçt və digər sənədlər işin materiallarına əlavə edilir. -2.4-cü bəndinə əsasən Komissiya tərəfindən işə baxılmasına hazırlıq zamanı Antiinhisar orqanının tərəfindən iş qaldırılmasına səbəb olmuş fakt üzrə sənədləri tanış olmaq üçün tələb etmək, o cümlədən onların rəhbərlərindən (vəzifəli şəxslərindən) izahat almaq, işdə iştirak etmək üçün digər şəxsləri cəlb etmək hüququ vardır. -2.21-ci bəndinə əsasən Antiinhisar qanunvericiliyinin pozulmasına yol verilməklə qəbul olunmuş aktların ləğvi və qismən dəyişdirilməsi haqqında göstəriş yerinə yetirilmədikdə, Antiinhisar orqanı həmin aktların bütövlüklə və ya qismən etibarsız hesab edilməsi, yaxud antiinhisar qanunvericiliyinin pozulması baş verən ana qədərki vəziyyətin bərpa olunmasının məcburi həyata keçirilməsi haqqında ərizə ilə məhkəmə orqanlarına müraciət edə bilər. Digər təsərrüfat subyektləri ilə müqavilələrin bağlanması haqqında və antiinhisar qanunvericiliyinin pozulmasına yol verilməklə bağlanmış müqavilələrin pozulması və ya dəyişdirilməsi haqqında göstəriş icra edilmədikdə Antiinhisar orqanı müqavilənin məcburi bağlanması, yaxud müqavilələrin tamamilə və ya qismən etibarsız sayılması haqqında iddia ilə məhkəmə orqanlarına müraciət edə bilər. Antiinhisar qanunvericiliyinin pozulması nəticəsində qanunsuz əldə olunmuş mənfəətin büdcəyə ödənilməsi haqqında göstərişə əməl edilmədikdə Antiinhisar orqanı qanunsuz əldə olunmuş mənfəətin büdcəyə ödənilməsi haqqında iddia ilə məhkəmə orqanlarına müraciət edə bilər. Əsasnamənin 3.1-ci bəndinə əsasən, Antiinhisar orqanı antiinhisar qanunvericiliyinin pozulmasının aşağıdakı hallarına görə cərimələr və ya maliyyə sanksiyaları tətbiq edir: a) Antiinhisar orqanının göstərişləri vaxtında icra olunmadıqda; b) antiinhisar orqanlarına “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 13-cü, 13-1-ci maddələrində göstərilən ərizə və sənədlər təqdim edilmədikdə; c) antiinhisar orqanlarının tələbi ilə “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 13-cü, 13-1-ci və 16cı maddələrində nəzərdə tutulmuş, həmçinin öz vəzifələrinin yerinə yetirilməsi ilə bağlı digər sənədlər və məlumatlar vaxtında təqdim edilmədikdə; ç) antiinhisar orqanlarına düzgün olmayan məlumatlar verildikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 oktyabr 2022-ci il tarixli, 378 №li Qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”nda dəyişiklik edilərək 2.21-ci bəndə aşağıdakı məzmunda dördüncü abzas əlavə edilmişdir: Antiinhisar orqanının ilkin və ya təkrar tələbi ilə bu Qaydaların 3.1-ci bəndinin “c” yarımbəndində nəzərdə tutulmuş sənəd və məlumatlar təqdim edilmədikdə antiinhisar orqanları həmin sənəd və məlumatların təqdim edilməsi haqqında iddia ilə məhkəmə orqanlarına müraciət edə bilər. -3.11-ci bəndə əsasən cərimə və maliyyə sanksiyalarının tətbiqi bazar subyektlərini (onların rəhbərlərini) antiinhisar orqanlarının qərarlarını və göstərişlərini icra etmək və ya antiinhisar qanunvericiliyində nəzərdə tutulmuş tələbləri yerinə yetirmək və digər hərəkətləri icra etmək vəzifəsindən azad etmir. -3.12-ci bəndə əsasən bazar subyekti tərəfindən Antiinhisar orqanının göstərişi icra olunmadıqda, Komissiya cərimə və ya maliyyə sanksiyası tətbiq edir və iş üzrə qəbul olunmuş qərara əsasən yeni müddət təyin edərək təkrar göstəriş verir. Təkrar göstəriş icra olunmadıqda Komissiyanın bu Qaydalara uyğun olaraq yenidən cərimə tətbiq edilməsi barədə işə baxılmasına qayıtmaq hüququ var. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsinin: -3.0.3-cü bəndinə əsasən antiinhisar qanunvericiliyinin tələblərinə riayət olunmasına dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək, inhisarçılıq və haqsız rəqabət fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin (bundan sonra – təsərrüfat subyektləri) və istehlakçıların mənafelərinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin qarşısının alınması ilə bağlı antiinhisar qanunvericiliyi ilə səlahiyyətlərinə aid edilmiş tədbirləri görmək; -3.0.6-cı bəndinə əsasən antiinhisar qanunvericiliyinin pozulması və sahibkarlıq fəaliyyətinin ədalətsiz üsullarla aparılması haqqında işlərə baxmaq, bazar subyektlərinin tətbiq etdiyi haqsız rəqabət hallarının, təsərrüfat subyektlərinin kartel sövdələşmələrinin aşkarlanması və aradan qaldırılması, bazarda ilkin vəziyyətin bərpa edilməsi, həmçinin qanun pozuntusuna yol vermiş şəxslərin antiinhisar qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görmək Xidmətin vəzifələrinə aid edilmişdir. Həmin Əsasnamənin 4.0.5-ci bəndinə əsasən öz vəzifələrini yerinə yetirmək üçün müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək, onlardan belə məlumatları (sənədləri) almaq Xidmətin hüquqlarından biridir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 1.1.1-ci maddəsinə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu deməkdir. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti ümumi sözlərdən istifadə edilməklə əsaslandırılmağa çalışılmış, hansısa əsaslı dəlil, sübut göstərilməmişdir. Şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5960/2023 saylı, 02 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar