Məhkəmə qərarları › İş №2-1(103)-2000/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2000/2021

05.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2000/2021 05.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh AR ƏƏSMN tabeliyində DSMF PHŞ-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 05.05.2021-ci il tarixli, 2-1(112)-3817/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı Azərbaycan Respublikası Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, ona 57 yaşı tamam olduğu yəni 14.10.2020-ci il tarixdən güzəştli yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında Dövət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 05.05.2021-ci il tarixli, 2-1(112)-3817/2021 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 05.05.2021-ci il tarixli, 2-1(112)-3817/2021 saylı qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 30 yanvar 1985-ci il tarixli əmək kitabçasında və "xxxx" MMC-nin ona dair 16 oktyabr 2020-ci il tarixli TCS-M-032/20 nömrəli arayışında 30.01.1985-ci il tarixindən bugünədək doker-mexanizator vəzifəsində işlədiyiniz qeyd edilmişdir.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla müəyyən edilmiş tələblərə uyğun olaraq onun hazırda 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təminatına baxılarkən yuxarda qeyd olunanlara əsasən müəyyən edilir ki, 01.01.2006-cı il tarixindən əvvəlki qanunvericiliyə görə doker-mexanizator vəzifəsi güzəştli şərtlərlə təminat verən vəzifələr sırasına daxil edilmədiyi üçün həmin tarixədək güzəştli iş stajı tamamlanmayıb. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 05.05.2021-ci il tarixli, 2-1(112)-3817/2021 saylı qərarının ləğv olunmasını, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 05.05.2021-ci il tarixli, 2-1(112)-3817/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərini izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İş materiallarına əlavə edilmiş: - AZE № ******** seriyalı nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxxx 1963-cü il tarixdə Kürdəmir rayonunun Şilyan kəndində anadan olmuşdur. İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - "xxxx" MMC tərəfindən tərtib edilmiş 16.10.2020-ci il tarixli, TCS-M-032/20 №-li arayışdan görünür ki, İddiaçı həqiqətən güzəştli əmək pensiyasına çıxması üçün stajı 30.01.1985-ci il tarixindən bu günədək 35 il 8 ay 15 gün doker-mexanizator vəzifəsində təşkil etmişdir. Hal-hazırda da bu vəzifədə işləyir. İddiaçı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının” təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il tarixli 12 nömrəli qərarında 21 saylı bölmənin 21.2 bəndinin “C” yarımbəndinə əlavə edilən “yükvurma-yükboşaltma işlərində çalışan kompleks briqadaların mexanizatorları (doker-mexanizatorları)” qeydlərinə görə güzəştli əmək pensiyasına çıxmağına əsas verir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 28 dekabr 2020-ci il tarixli, **********0 saylı imtina məktubunun məzmunundan aydın olur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 21.2-ci bəndinin “c” yarımbəndinə Nazirlər Kabinetinin 06 oktyabr 2008-ci il tarixli 236 nömrəli Qərarı ilə aşağıdakı məzmunda beşinci abzas əlavə edilmişdir: “Limanlarda yükvurma-yükboşaltma işlərində çalışma kompleks mexanizatorları (doker- mexanizatorlar)”. Mərkəzi Filiala təqdim edilmiş 30 yanvar 1985-ci il tarixli əmək kitabçasında və "xxxx" MMC-nin 16 oktyabr 2020-ci il tarixli TCS-M-032/20 nömrəli arayışında 30.01.1985-ci il tarixindən bugünədək doker-mexanizator vəzifəsində işlədiyi qeyd edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla müəyyən edilmiş tələblərə uyğun olaraq ərizəçinin hazırda 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təminatına baxılarkən yuxarıda qeyd olunanlara əsasən müəyyən edilir ki, 01.01.2006-cı il tarixindən əvvəlki qanunvericiliyə görə doker-mexanizator vəzifəsi güzəştli şərtlərlə təminat verən vəzifələr sırasına daxil edilmədiyi üçün həmin tarixədək güzəştli iş stajı tamamlanmayıb. - Azərbaycan SSR Dövlət texniki Peşə Təhsili Komitəsi 609598 nömrəli diplomun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 01 sentyabr 1979-cu ildə Azərbaycan SSR Kürdəmir rayonu 115 nömrəli kənd orta texniki peşə məktəbinə daxil olmuş, 22 iyul 1982-ci ildə elektrik qaz qaynaqçısı peşəsi üzrə orta texniki peşə məktəbinin tam kursunu bitirmişdir. - НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 16.10.1982-ci il tarixində Sovet ordu sıralarına qoşulmuş, 15 noyabr 1984-cü ildə hərbi xidmətini başa vurmuşdur. İşdə olan iddiaçının nömrəli İT-İ № ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən və notarial təsdiq edilmiş tərcüməsindən görünür ki: -İddiaçı 16.10.1982-ci ildən 15.11.1984-cü ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuş, 30.01.1985-ci ildən 29.04.1985-ci ilə qədər Bakı Dəniz Ticarət Limanında yük rayonunun yük fəhləsi-mexanizatorunun şagirdi-doker mexanizator şagirdi vəzifəsində çalışmış, 29.04.1985-ci il tarixində imtahan verdikdən sonra 4-cü dərəcəli yük fəhləsimexanizator hesab edilmiş, 01.04.1986-cı il tarixində 1 saylı istehsal yükləmə kompleksinin 4-cü dərəcəli yük fəhləsi mexanizatoru, 25.10.1990-cı il tarixində istehsal yükləmə kompleksinin 4-cü dərəcəli yük fəhləsi –mexanizatoru (manqabaşı), 27.12.1990cı il tarixində istehsal yükləmə kompleksinin 3-cü dərəcəli yük fəhləsi-mexanizatoru (manqabaşı), 01.01.1991-ci il tarixində 1 saylı İYK-nın struktur dəyişikliyi ilə əlaqədar olaraq 1 saylı yük rayonunun 3-cü dərəcəli yük fəhləsi-mexanizatoru hesab edilmiş, 23.04.1993-cü il tarixində imtahan verdikdən sonra 2-ci dərəcəli yük fəhləsi–mexanizator hesab edilmiş, 12.08.1993-cü il tarixində yük fəhləsi-mexanizator briqadiri keçirilmiş, 25.01.2016-cı il tarixində əmək müqaviləsinə xiam verilmiş, 25.01.2016-cı il tarixində “X2” MMC-yə doker-mexanizator vəzifəsinə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən göndərilmiş sorğuya "xxxx"QSC tərəfindən göndərilmiş cavab məktubundan görünür ki, İddiaçı həqiqətən 29.01.1985-ci ildə Bakı Dəniz Limanına (indiki "xxxx" QSC) 174/л saylı əmrə əsasən doker-mexanizator şagirdi kimi işə qəbul edilmiş. 696/л saylı 29.04.1985-ci il tarixli əmrə əsasən “4-cü dərəcəli doker mexanizator” vəzifəsinə keçirilmişdir. 1761/л saylı 25.10.1990-cı il tarixli əmrə əsasən müvəqqəti olaraq 3 Noli “manqanın başçısı” vəzifəsinə keçirilmişdir. 2202/л saylı 27.12.1990-cı il tarixli əmrə əsasən imtahan verdikdən sonra “3 dərəcəli dokermexanizator” vəzifəsinə təyin edilmişdir. 567/m saylı 26.04.1993-cü il tarixli əmrə əsasən imtahan verdikdən sonra “2 dərəcəli doker mexanizator” vəzifəsinə keçirilmişdir. 1127/ш saylı 12.08.1993-cü il tarixli əmrə əsasən “doker-mexanizator/növbətçi briqadir” vəzifəsinə təyin edilmişdir. 282/m saylı 29.12.1998-ci il tarixli əmrə əsasən 3 №-li AKB-na “dokermexanizator (briqadir)” vəzifəsinə təyin edilmişdir. 1/040 saylı 25.01.2016-ci il tarixli əmrə əsasən öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı 29.01.1985-cü il tarixindən 25.01.2016-cı il tarixinədək Cəmiyyətdəki ümumi iş stajı 30 il 11 ay 27 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında “doker mexanizator” vəzifəsi üzrə qeydlər olmasa da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarının 21.2-ci bəndinin c) yarımbəndində qeyd edilən “limanlarda yükün aşırılması işlərində çalışan kompleks briqadaların mexanizatorları (doker-mexanizatorlar)” “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na aid edilmişdir. İddiaçı həmin vəzifədə çalışdığı müddətdə əmək şəraitinə görə əmək haqqına əlavə verilməmiş, lakin əmək şəraitinə görə əlavə məzuniyyətlər (30.01.1985-ci il tarixindən 30.01.2009-ci il tarixinə kimi hər iş ili üçün 6 gün, 30.01.2009-cu il tarixindən etibarən isə hər iş ili üçün 13 gün) verilmişdir. Birinci instansiya məhkəməsi işin hallarına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddələrini, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1ci abzasının “b” yarımbəndini, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyi, “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, İddiaçı iddiası təmin edilməli, onun pensiya hüququnun yarandığı gün, yəni 57 yaşının tamam olduğu 14.10.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiya məbləğinin hesablanıb ona ödənilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, iddiaçının işlədiyi “doker-mexanizatorları”peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 2 nömrəli Siyahısı»da qeyd olunmasa da, AR Nazirlər Kabinetinin 06.10.2008-ci il tarixli 236 №-li qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının» təsdiq edilməsi barədə AR Nazirlər Kabinetinin 2007-ci il tarixli 12 №-li qərarında 21 saylı bölmənin 21.2 bəndinin «C» yarımbəndinə əlavə edilmişdir. Məhkəmə hesab edir ki, həmin hal iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırdığından onun iddiaçıya münasibətdə geriyə qüvvəsi tətbiq olunmalı və bununla da iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. Eyni zamanda qeyd olunmalıdır ki, Ali Məhkəmənin yaratdığı praktika da məsələnin bu tərzdə həll olunmasına yönəlmişdir. Belə ki, işin materiallarında olan Ali Məhkəmənin eyni mövzulu bir neçə qərarında Azərbaycan Respublikası Konstitusiyasına və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa istinadən hazırki məsələnin həlli zamanı fiziki və hüquqi şəxslərin vəziyyətini yüngülləşdirən normativ hüquqi aktların qüvvəsinin həmin normativ hüquqi aktlarda birbaşa göstərilib-göstərilməsindən asılı olmayraq onların qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilməsinin nəzərə alınması xüsusi olaraq vurğulanmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq İddiaçı iddiasını təmin edərək, onun pensiya hüququnun yarandığı gün, yəni 57 yaşının tamam olduğu 14.10.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiya məbləğinin hesablanıb ona ödənilməsi vəzifəsini cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə etmişdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 05.05.2021-ci il tarixli, 2-1(112)-3817/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar