Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2001/2021 27.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3652/2021 saylı 08 may 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 24-27 avqust 2021-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 15.04.1982-ci il tarixdən 02.12.1997-ci il tarixədək "xxxx" ASC-də boru mufta emalı sexində soyuq boru kəsicisi peşəsində, 18 iyul 2004-cü ildən 25 sentyabr 2006-cı ilədək “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunda güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşədə işləməyi nəzərə alınaraq, pensiya hüququnun yarandığı 18.10.2017-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, 12.04.1977-ci ildən əmək fəaliyyətinə başlamış, 15.04.1982-cı il tarixdən 02.12.1997-ci il tarixədək "xxxx" ASC-də boru mufta emalı sexində soyuq boru kəsicisi peşəsində işləmiş, 12.01.1998-ci il tarixdən 2001-ci il tarixədək isə “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun 55 saylı sexinə 5-ci dərəcəli el.montyoru işinə qəbul edilərək 2001-ci ilədək həmin sexində işləmiş, 2001-ci ildən 25 sentyabr 2006-cı ilədək “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunda elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru peşəsində işləmişdir. Ümumi 29 il əmək stajının 15 ildən yuxarısını zərərli əmək şəraitində işləmişdir. Bu peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 № li siyahısında nəzərdə tutulmuşdur. İşlədiyi müəssisə tərəfindən verilən arayışlarla və əmək kitabçası üzrə onun həmin siyahı üzrə zərərli peşədə işləməyi təsdiqini tapmışdır. Buna baxmayaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı 21 dekabr 2020-ci il tarixli imtina məktubu ilə qanuna edilmiş dəyişikliklərə əsasən pensiya kapitalının kifayət etməmməsi səbəbi ilə bu pensiyanı ona təyin etməkdən imtina etmişdir. Hesab edir ki, bu imtina qanunsuz və ədalətsizdir. Ümumulikdə 29 il əmək stajının 15 ildən yuxarısını zərərli əmək şəraitində işləmiş və 57 yaşı tamam olan vaxt güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. O, əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən 52 yaşında güzəştli şərtlərlə yaşa görə pensiya təyini edilməsi üçün müraciət etsə də əvvəlki Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi yeni qanunvericiliyə əsaslanaraq, həmin vaxt ona pensiya təyin etməkdən imtina etmiş və köhnə qanun ləğv edildiyini və yeni qanunla 57 yaşın çatanda müraciət etməli olduğunu demişdir. Hazırda isə ona məlum olur ki, onunla eyni işdə işləyən şəxslər 57 yaşından güzəştli şərtlərlə yaşa görə bu pensiyanı alırlar. Göründüyü kimi, onun pensiya hüququ əvvəllər qüvvədə, olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən yaranmışdır. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3652/2021 saylı 08 may 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: A.Oruczadə) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 25282,84 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3pelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı 15.04.1982-ci il tarixdən 02.12.1997-ci il tarixədək "xxxx" ASC-də boru mufta emalı sexində soyuq boru kəsicisi peşəsində, 18 iyul 2004-cü ildən 25 sentyabr 2006-cı ilədək “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunda güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşədə işləməyi nəzərə alınaraq, pensiya hüququnun yarandığı 18.10.2017-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və qeyd etmişdir ki, işin mübahisələndirilən halı iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə bağlıdır. Məhkəmə hesab etmişdir ki, cavabdehin bu imtina əsası əsassızdır. Çünki “Əmək pensiyaları haqqında” Qanunun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması şərtlərini müəyyən edən 9-cu maddəsinin 9.8-ci bəndində qeyd edilir ki, Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İşin araşdırılmış hallarından da bəllidir ki, iddiaçı 01.01.2006-cı ilədək qüvvədə olmuş qanunvericiliyin tələbləri üzrə ümumi və xüsusi stajı toplamışdır. 01.01.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün pensiya kapitalının olması tələb olunmurdu. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1960-cı il təvəllüdlüdür, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan İddiaçı məxsus NЭ ******* №-li hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, iddiaçı 16.05.1979-cu ildən 15.06.1981-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen” zavodu tərəfindən İddiaçı əmək haqqı və digər gəlirlər haqqında təqdim etdiyi 08.11.2019-cu il tarixli № 143 saylı arayışından görünür ki, iddiaçının gəliri 2001-ci il üzrə cəmi 6762398,00, 2002-ci il üzrə 7181005,00, 2003-cü il üzrə 8304820,00, 2004-cü il üzrə 6828767,28, 2005-ci il üzrə 5116293,95 manat, cəmi: 34193284,23 (otuz dörd milyon yüz doxsan üç min iki yüz səksən dörd manat.AZM.23 qəpik) manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Boru Yayma Zavodu tərəfindən (pensiya sənədləşdirilməsi üçün) İddiaçı təqdim edilmiş 09.10.2019-cu il tarixli № 45 saylı arayışdan görünür ki, İddiaçı 15.04.1982-ci ildən 02.12.1997-ci ilə qədər boru mufta emalı sexində soyuq boru kəsicisi vəzifəsində işləmişdir. Göstərilən iş yeri, vəzifə, peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 №-li siyahının İİİ bölməsinin 4a yarımbölməsinin 2040400a-17968 şifri ilə güzəştli şərtlərlə əmək pensiyaları haqqında (qeyd: işlədiyi müddətdə ödənişsiz məzuniyyətdə olmayıb) Azərbaycan Respublikası qanununun tələblərinə uyğun pensiya almaq hüququ verir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi tərəfindən verilmiş 25 oktyabr 2019cu il tarixli № **********26 saylı arxiv arayışından görünür ki, xx.xx.1960-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş İddiaçı həqiqətən Sumqayıt şəhəri Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsinin (ƏMXİİ): 11.04.1977-ci il tarixli 36 №-li əmri ilə 12.04.1977-ci il tarixdən 3 №-li tikiş emalatxanasına dərzi şagirdi qəbul edilmişdir; 03.04.1978-ci il tarixli 52 №-li əmri ilə həmin tarixdən “Xəzər” atelyesinə dərzi şagirdi keçirilmişdir; 20.04.1978-ci il tarixli 65 №li əmri ilə 14.04.1978-ci il tarixdən “Xəzər” atelyesində kişi üst paltarı dərzisinə 3-cü dərəcə verilmişdir; 22.03.1979-cu il tarixli 51 №-li əmri ilə həmin tarixdən 13 №li atelyeyə 3-cü dərəcəli kişi üst paltarı dərzisi keçirilmişdir; 25.04.1979-cu il tarixli 72 №-li əmri ilə 16.05.1979-cu il tarixdən Azərbaycan SSR ƏQM-nin 36-cı maddəsinin 3-cü bəndinə əsasən (Sovet Ordusu sıralarına çağırışla əlaqədar) işdən azad edilmişdir; 29.07.1981-ci il tarixli 82 №-li əmri ilə həmin tarixdən “Xəzər” atelyesinə 3-cü dərəcəli kişi üst paltarı dərzisi qəbul edilmişdir; 15.12.1981-ci il tarixli 145 №-li əmri ilə həmin tarixdən Azərbaycan SSR ƏQMnin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 13.08.1996-cı il tarixli 383 №-li Sərəncamı ilə “Xidmət” Konserni (keçmiş Əhaliyə Məişət Xidməti Nazirliyi) ləğv edilərək, müəssisə və obyektləri Dövlət Əmlak Komitəsinin (DƏK) tabeliyinə verilmişdir. DƏK-in 21.04.1997-ci il tarixli 157 №-li Sərəncamı və 22.04.1997-ci il tarixli 66 №-li əmri ilə Sumqayıt şəhəri “İmdad” X1 (keçmiş ƏMXİİ-nin bazasında) ləğv edilərək, müəssisə və obyektləri DƏK-in Bakı şəhəri Əhaliyə Məişət Xidmət İdarəsinə (ƏMXİ) verilmişdir. DƏK-in 15.10.1997-ci il tarixli 864 №-li sərəncamı və həmin tarixli 197 №-li əmri ilə Bakı şəhəri ƏMXİ ləğv edilərək, onun müəssisə və obyektləri DƏK-in “İstehsalat və Təsərrüfat” İdarəsinin tabeliyinə verilmişdir. DƏK-in “İstehsalat və Təsərrüfat” İdarəsinin hüquqi varisi Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzidir. İş materiallarında olan iddiaçının ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı 12.04.1977-ci il tarixdən 3 nömrəli tikiş emalatxanasına dərzi şagirdi qəbul edilmiş, 03.04.1978-ci il tarixdə Xəzər atelyesinə dərzi şagirdi keçirilmiş, 14.04.1978-ci il tarixdən 3-cü dərəcəli dərzi vəzifəsinə keçirilmiş, 23.02.1979-cu il tarixdən 13 nömrəli atelyeyə 3-cü dərəcəli kişi üst paltarı dərzisi keçirilmiş, 16.05.1979-cu il tarixdən işdən azad edilmiş, 29.07.1981-ci il tarixdən Xəzər atelyesinə 3-cü dərəcəli kişi üst paltarı dərzisi qəbul edilmiş, 15.12.1981-ci il tarixdən işdən azad edilmişdir. 15.04.1982-ci il tarixdən Azərboru ASC-də Boru mufta emalı sexində soyuq boru kəsici vəzifələrində işləmiş, 02.12.1997-ci ildə işdən azad edilmişdir.12.01.1998-ci ildə Sumqayıt “Etilen-politelin” zavodu 55 saylı elektrik təchizatı sexinə 5-ci dərəcəli elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru qəbul edilmiş, 01.08.2001-ci ildə həmin sexdə elektrik mühərrikləri dolarlarının təmiri üzrə 5 dərəcəli elektrik dolayıcısı keçiriliş, 18.07.2004-cü il tarixdə 42 nömrəli sexə 11 nömrəli sintez sexi üzrə elektrik avadanlıqlarının təmiri üzrə 5-ci dərəcəli elektrik montyoru keçirilmiş, 01.03.2006-cı il tarixdə struktur dəyişikliyi ilə əlaqədar 11 nömrəli sintez sexinə 5ci dərəcəli elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru keçirilmiş, 21.09.2006-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 21 dekabr 2020-ci il tarixli № **********3 nömrəli məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtinanın əsası kimi əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 25282,84 manat təşkil etdiyi, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan hüquq normalarından görünür ki, 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün 2006-cı ilin yanvarın 1-dək güzəştli iş stajı 12 il 6 aydan, ümumi stajı 25 ildən az olmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının 57 yaşı 18.10.2017-ci il tarixdə tamam olmuşdur və o, 16.05.1979-cu il tarixdən 15.06.1981-ci il tarixə kimi hərbi xidmət keçmiş (2 il 1 ay), əmək kitabçasına əsasən iddiaçı 12.04.1977-ci il tarixdən 16.05.1979-cu il tarixə kimi 3 nömrəli tikiş emalatxanasında dərzi şagirdi, Xəzər atelyesində 3-cü dərəcəli dərzi və 13 nömrəli atelyeyə 3-cü dərəcəli kişi üst paltarı dərzisi (2 il 1 ay 4 gün), 29.07.1981-ci il tarixdən 15.12.1981-ci il tarixə kimi Xəzər atelyesində 3-cü dərəcəli kişi üst paltarı dərzisi (4 ay 16 gün), 15.04.1982-ci il tarixdən 02.12.1997-ci il tarixə kimi "xxxx" ASC-də Boru mufta emalı sexində soyuq boru kəsici vəzifəsində (15 il 7 ay 17 gün), 12.01.1998-ci il tarixdən 21.09.2006-ci il tarixə kimi “Etilen-politelin” zavodunda 55 saylı elektrik təchizatı sexinə 5-ci dərəcəli elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru, həmin sexdə elektrik mühərrikləri dolarlarının təmiri üzrə 5 dərəcəli elektrik dolayıcısı, 42 nömrəli sexdə 11 nömrəli sintez sexi üzrə elektrik avadanlıqlarının təmiri üzrə 5-ci dərəcəli elektrik montyoru vəzifəsində işləmişdir (01.01.2006-cı il tarixə kimi 7 il 1 ay 19 gün). Göründüyü kimi iddiaçının hərbi xidmət dövrü nəzərə alınmaqla, onun 01.01.2006-cı il tarixədək 28 il 2 ay ümumi iş stajının mövcud olması işin materialları ilə öz təsdiqini tapmışdır. Həmçinin işə götürən tərəfindən verilmiş arayışlara əsasən iddiaçının 15.04.1982-ci ildən 02.12.1997-ci il tarixədək "xxxx" ASC-də işlədiyi Boru mufta emalı sexində soyuq boru kəsici vəzifəsi (15 il 7 ay 17 gün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" 2 №-li Siyahının İİİ bölməsinin 4a yarımbölməsinin 2040400a-17968 şifrində nəzərdə tutulmuş vəzifələrə uyğun olması müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. İşə götürən tərəfindən verilmiş arayışdan göründüyü kimi iddiaçı 01.01.2006-cı il tarixədək 15 il 7 ay 17 gün güzəştli iş stajına malik olmuşdur. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir. Cavabdeh inzibati orqanın iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsinə dair irəli sürüdüyü dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, 01.07.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının tələb olunması nəzərdə tutulmamışdır. Yaş, ümumi iş stajı və güzəştli iş stajı iddiaçıya münasibətdə mövcud olduğundan, pensiya kapitalı tələb olunmadığından cavabdeh inzibati orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinə əsasən İddiaçı 57 yaşı tamam olduğu tarixdən, yəni 18.10.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. İş materiallarından göründüyü kimi, iddiaçı əmək fəaliyyətinin ilk dövründən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən ona güzəştli şərtlərlə pensiya verilməsinə ümid etmiş, həmçinin həmin işlərdə işləməklə əmək haqqının müəyyən hissəsini məcburi sığorta haqqı kimi ödəməklə əmək pensiyasının ödənilməsinə yönəldilən vəsaitlərin yaradılmasında iştirak etmiş və həmin vəsaitlərin yaradılması üçün iddiaçı tərəfindən ödənilmiş məbləğ onun mülkiyyəti hesab olunur. “Andreyeva Latviyaya qarşı” məhkəmə işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3652/2021 saylı 08 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2001/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2001/2021
27.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver