Məhkəmə qərarları › İş №2-1(103)-2001/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2001/2024

25.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2001/2024 25.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Cəfərov Namiq Şamil oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3679/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları xx.xx.2006-cı il təvəllüdlü İddiaçı1 və xx.xx.2007-ci il təvəllüdlü İddiaçı2 məcburi köçkün vəsiqəsinin verilməsi vəzifəsinin Komitənin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan, xx.xx.2023-cü il tarixdə isə iddiaçıların qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, iddiaçılar qismində İddiaçı1 və İddiaçı2, iddiaçıların qanuni nümayəndəsi qismində isə Qanuni nümayəndə göstərməklə, məhkəmədən, övladları - xx.xx.2006-cı il təvəllüdlü İddiaçı1 və xx.xx.2007-ci il təvəllüdlü İddiaçı2 məcburi köçkün vəsiqəsinin verilməsi vəzifəsinin həmin Komitəyə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılmışdır: “...Qanuni nümayəndə 1993-cü ildə Füzuli rayonundan məcburi köçkün düşmüşdür və ailə üzvləri ilə birlikdə Bakı şəhərində məskunlaşmışdır. Qanuni nümayəndə xx.xx.2003-cü ildə Füzuli rayonundan məcburi köçkün X6 ilə rəsmi nikaha girməklə ailə qurmuş və bu nikahdan iki övladı - xx.xx.2006-cı il təvəllüdlü İddiaçı1 və xx.xx.2007- ci il İddiaçı2 doğulmuşdur. Hal-hazırda, ünvan 1 ünvanında yaşayırlar. Qanuni nümayəndə və X6 məcburi köçkündür. xx.xx.2006-cı il təvəllüdlü İddiaçı1 2023-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və Coğrafiya əyani şöbəsinə ödənişli əsaslarla qəbul olmuşdur. İllik təhsil haqqı 2000 manat təşkil edir. Lakin sonuncunun hal-hazırda həmin məbləğdə təhsil haqqını ödəmək imkanı yoxdur. Qanunvericiliyə əsasən, məcburi köçkünlər təhsil haqqı ödəməkdən azad edilmişdirlər. Lakin İddiaçı1 məcburi köçkün vəsiqəsi olmadığına görə universitet onu təhsil haqqından azad etmir. Bundan başqa, xx.xx.2007-ci il təvəllüdlü İddiaçı2 da hal-hazırda ali məktəbə hazırlaşır. Onun da güzəştlərdən istifadə etmək hüququ vardır. Ərizə ilə Komitəyəmüraciət edərək, xx.xx.2006-cı il təvəllüdlü İddiaçı1 və xx.xx.2007-ci il İddiaçı2 məcburi köçkün vəsiqəsi verilməsini xahiş etmiş, ərizəsinə cavab olaraq Komitənin xx.xx.2023-cü il tarixli cavab məktubunda məcburi köçkün vəsiqəsinin verilməsinin mümkün olmadığı bildirilmişdir...” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...ünvan 2i 1994-cü il tarixdə işğaldan azad olunduğundan, həmçinin X3 sonra təmas xətti ləğv edildiyindən iddiaçılar İddiaçı1 və İddiaçı2 məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilə bilməz. Qeyd olunan fikirlərin məntiqi yekunu olaraq iddiaçıların atası Qanuni nümayəndə 1994cü ildə işğaldan azad olunan ünvan 2i ünvanında qeydiyyatda olduğundan və təmas xətti ləğv edildiyindən, ünvan 2indən məcburi köçkün düşə bilməzdi...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3679/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və xx.xx.2006-cı il təvəllüdlü İddiaçı1 və xx.xx.2007-ci il təvəllüdlü İddiaçı2 “məcburi köçkün statusu”nu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçılar İddiaçı1 və İddiaçı2 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsi tərəfindən araşdırılan zaman müəyyən olunmuşdur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ataları Qanuni nümayəndə anaları X2 rayonun, Mirzənağılı kəndində yaşayış yeri üzrə qeydiyyatdadırlar. ünvan 2i 1994-cü il tarixdə işğaldan azad olunmağına baxmayaraq, həmin ərazi Ermənistan Silahlı Qüvvələrinin yerləşdikləri mövqelərə, yəni “təmas xətti”nə yaxın ərazidə yerləşdiyindən burada yaşayan insanların çətin və təhlükəli şəraitdə yaşamaları nəzərə alınaraq onların məcburi köçkünlər üçün nəzərdə tutulmuş imtiyaz və güzəştlərdən istifadə etmələrinə şərait yaradılmışdır. Lakin 2020-ci il tarixdə X1mış Zəfər nəticəsində ərazilərimizin işğaldan azad olunması nəticəsində, həmçinin cənab X9 də çıxış zamanı qeyd etdiyi kimi təmas xətti tamamilə ləğv edilmişdir. İddiaçının valideynləri 1994-cü ildə işğaldan azad olunmuş ünvan 3i ünvanına qayıtmaq imkanına malik olduqlarından Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanunun tələblərinə uyğun olaraq, məcburi köçkün statusunu itirmişdirlər. Qanuni nümayəndə məcburi köçkün statusuna malik olması faktı belə onun övladlarına məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi üçün əsas ola bilməz. Çünki ünvan 2i 1994-cü il tarixdə işğaldan azad olunduğundan, həmçinin X3 sonra təmas xətti ləğv edildiyindən iddiaçılar İddiaçı1 və İddiaçı2 məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilə bilməz...” Məhkəmə kollegiyasının iclaslarının vaxtı və yeri, eləcə də, məhkəmə iclasına gəlmədyi təqdirdə işə onların iştirakı olmadan baxılacağı barədə xəbərdar edilmiş tərəflər (səlahiyyətli nümayəndələri) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibat Prosessual Məcəlləsinin (“İPM”) 62-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxlması mümkün hesab olunmuşdur. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Belə ki, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» 21 may 1999-cu il tarixli Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinin 1-ci hissəsinin 2-ci abzasına əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin Qanunun 9-cu maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə“ Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci hissəsinin 1-ci bəndinin 4-cü abzasına əsasən həmin Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirir. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin 23 may 2013cü il tarixli 1 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) «məcburi köçkün» statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaları»nın 4.1.1-ci bəndinə əsasən məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına verilir. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçıların xx.xx.1980-ci il təvəllüdlü atası Qanuni nümayəndə Füzuli rayonu, Mirzənağılı kəndində, xx.xx.1981-ci il təvəllüdlü anası X2 rayonu, Əhmədalılar ərazi dairəsi, Mirzənağılı kəndində qeydiyyatdadırlar, 1993cü ildən Füzuli rayonundan məcburi köçkün düşmüş, 2003-cü ilin oktyabr ayının 24-də onlar arasında nikah bağlanmış, birgə nikahdan xx.xx.2007-ci il tarixdə İddiaçı1, xx.xx.2007-ci il tarixdə İddiaçı2 doğulmuşlar və onların hər ikisi Mirzənağılı kəndində qeydiyyatdadır. Konkret halda, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən iddia tələblərindən göründüyü kimi, məcburi köçkün adı və vəsiqəsinin verilməsinin cavabdehə həvalə edilməsi məhkəmədən tələb olunur. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanununun 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Həmin Qanunun 14-cü maddəsinin 3-cü hissəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş aşağıdakı hallarda itirir: əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə; bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan 3 il müddətində, məcburi köçkünlərə bərabər tutulan şəxslərin isə əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı və ya daimi məskunlaşdqları vaxtadək qüvvədədir. Hazırkı mərəhlədə iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, o cümlədən Füzuli rayonunun Əhəmədalılar və Mirzənağılı kəndləri 1994-cü ildə işğaldan azad edilmiş və hazırda həmin kəndlərdən olan şəxslər yaşadıqları yerə qaytarıldığından, 2024-cü il 1 may tarixindən normativ hüquqi aktların tələblərinə əsasən onların məcburi köçkün statusu ləğv edilmiş və sosial müdafiə tədbirlərinin verilməsi dayandırılmışdır. Beləliklə də, tədqiq olunan sübutlarla müəyyən olunan hallardan göründüyü kimi, ümümiyyətlə iddiaçıların qeydiyyatda olduğu kəndlər 1994-cü ildən işğaldan azad edilmiş və hal-hazırda onların qeydiyyatda olduqları həmin yerlərə şəxslərin qaytarılması prosesi getdiyi,ə həmin yerlərdən məcburi köçkün düşmüş şəxslərin məcburi köçkün statusu 2024-cü il 1 may tarixindən artıq ləğv edildiyi və sosial müdafiə tədbirlərinin verilməsi dayandırıldığı nəzərə alınmaqla, cavabdeh tərəftindən onlara məcburi köçkün statusu verilə bilməzdi. Göründüyü kimi, iddiaçıya məcburi köçkün stasunun verilməsindən imtina olunması qanuni və əsaslı olmuşdur. Qanuni imtina isə iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsi də məhz nəzərdə tutur ki, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd və iddiaçının hüquqlarının pozmuş olsun. Birinci instansiya məhkəməsi tərəfindən isə hərtərəfli araşdırmanın aparılmamış, xx.xx.2024-cü il tarixdə hazıkı iş üzrə qərar qəbul edərkən, işin qeyd olunan halları bəlli olduğu halda, qanunvericiliyin qeyd olunan tələbləri nəzərə alınmaqla, iddia rədd etməli olduğu halda, iddianın təmin olunması barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işin araşdırılmadığını, maddi və prosessul hüquq normalarının pozulması ilə qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati 2-1(112)- 3679/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və iddianın rədd olunması barədə yeni qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3679/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia rədd edilsin Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar