Məhkəmə qərarları › İş №2-1(103)-2001/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2001/2025

02.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2001/2025 02.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tağızadə Mirzə Nəsib oğlunun sədrliyi (məruzəçi) ilə, Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh Səbail Rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinə qarşı "siyahıya alınmış əmlakın satılması" tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5669/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə cavabdeh Səbail Rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinə qarşı “cavabdehin xx/xx/2024 tarixə qeyd olunan borc məbləğindən İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş 24623.23 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 71800 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Vergi ödəyicisi olan Cavabdeh (VÖEN **********) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun İcbari Tibbi Sığorta Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx/xx/2024 tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx/xx/2024 tarixə yaranan 70124.68 manat borcuna görə 71800 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx/xx/2024 tarixli **********7 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2024 tarixə yuxarıda qeyd olunan borc məbləğindən İcbari Tibbi Sığorta Fonduna 24623.23 manat ödənilməmiş borcu qalmışdır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5669/2025 nömrəli, xx.xx.2025-ci il tarixli nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddia tələbinin mümkün hesab edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunlu tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlük şərtlərinin yoxlanılması ilə bağlı obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin qərardadının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Birinci instansiya məhkəməsi iddianın mümkün hesab edilməməsi ilə bağlı gəldiyi nəticəsini belə əsaslandırmışdır ki, “....hazırki iddia iki inzibati orqan arasında olmaqla, inzibati mübahisənin həlli ilə bağlı əmlak tələbidir, siyahıya alınmış əmlak isə dövlət əmlakıdır. Məhkəmə nəzərə alır ki, siyahıya alınmış əmlakın mülkiyyətçisi cavabeh qurum deyil. Belə ki, həmin əmlak dövlətə məxsus olmaqla, cavabdeh qurum həmin əmlakın yalnız balanssaxlayıcısıdır. Belə olan halda hazırki inzibati mübahisənin inzibati məhkəmə icraatı qaydasında həlli ədalət mühakiməsinin məqsədlərinə uyğun deyil. Məhkəmə hesab edir ki, icra hakimiyyətinə mənsub olan inzibati orqanlar arasındakı ixtilaf/mübahisə (o cümlədən, qərar, sərəncam qəbul etmək və ya icra hakimiyyətinin funksiyalarına aid hər hansı məsələni həll etmək səlahiyyəti ilə bağlı) icra hakimiyyəti daxilində baş verdiyindən, bu, ümumi (publik) hüquq sahəsinə aid olsa belə, inzibati məhkəmələr həmin mübahisəni həll etmək səlahiyyətinə malik deyildir. Belə ki, inzibati məhkəmələrin məqsəd və təyinatı inzibati orqanların öz aralarında yaranan mübahisələri həll etmək deyil, inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etmək və qanunun aliliyinə nail olmaq üçün inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələri həll etməkdir.” Kollegiya məhkəmənin hazırkı iş üzrə mübahisəyə iki inzibati orqan arasında mübahisə kimi yanaşması ilə razılaşmır və aşağıdakıları qeyd edir: İş materiallarından müəyyən edilir ki, Azərbaycan Respublikası DİN BDYPİ QİŞ-in xx.xx.2013-cü il tarixli AC seriyalı 108148 nömrəli Azərbaycan Respublikasının Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 99JF236 qeydiyyat nişanlı İveco EuroCargo yük markalı sarı rəngli nəqliyyat vasitəsinin sahibi Cavabdehdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əmlakın sıyahıya alınması haqqında **********7 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh əmlakları siyahıya alınmışdır. Əmlakın siyahıya alınmasının həyata keçirilməsi Böyük Dövlət vergi müfəttişi X1 tapşırılmışdır. Əmlakın siyahıya alınması haqqında protokoldan və ona 14 saylı əlavədən görünür ki, ünvan 1 ünvanında yerləşən ofisdə fərqləndiricivəlaməti Hoffman vahidinin qiyməti 1500 manat olan 5 ədəd kondisoner, fərqləndirici əlaməti Panasonic vahidinin qiyməti 200 manat olan 9 ədəd telefon, fərqləndirici əlaməti kabinet vahidinin qiyməti 4000 manat olan 1 dəst mebel dəsti, fərqləndirici əlaməti Lenovo vahidinin qiyməti 2000 manat olan 3 dəst kompüter, fərqləndirici əlaməti Samsung vahidinin qiyməti 1500 manat olan 1 dəst kompüter, fərqləndirici əlaməti LG vahidinin qiyməti 500 manat olan 1 ədəd kondisoner, fərqləndirici əlaməti Canon vahidinin qiyməti 500 manat olan 1 ədəd printer, fərqləndirici əlaməti 99JF236,2013-cü il vahidinin qiyməti 50000 manat olan 1 ədəd İveco EuroCargo yük olmaqla ümümilikdə 71800 manat dəyərində əmlak siyahıya alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli **********9 nömrəli sərəncamından görünür ki, Cavabdeh tərəfindən köçürülən məbləğ 19.593,66 AZN dir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli icbari tibbi sığorta haqqları üzrə borcun ödənilməsinə dair **********5 nömrəli bildirişindən görünür ki, Cavabdeh 10 iyul 2024-cü il tarixinə ümumilikdə 70,124.68 manat, o cümlədən: icbari tibbi sığorta haqları üzrə 50,717.52 manat, maliyyə sanksiyaları üzrə 0.00 manat, faizlər üzrə 19,407.16 manat, inzibati cərimə üzrə 0.00 manat, digər üzrə 0.00 manat borcu vardır. Əmlakın siyahıya alınması haqqında protokola 15 saylı əlavədən görünür ki, vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında xx.xx.2024cü il tarixli aktına əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Böyük Dövlət vergi müfəttişi X4 tərəfindən Cavabdeh ünvan 1 ünvanında yerləşən ofisdə siyahıya alınmış əmlaklar məsul saxlama üçün X3 verilmişdir. X2 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli izahatından görünür ki, Cavabdeh pul vəsaitləri siyahıya alınmış əmlaklardakı başqa əsas vasitələri, mal-material qalığı, digər aktivləri yoxdur. Siyahıya alınmış nəqliyyat vasitələrindən başqa balansdakı digər nəqliyyat vasitələri 35-40 il istifadədə olduğu üçün hazırda yararsız vəziyyətdədir və digər nəqliyyat vasitələri 35-40 il istifadədə olduğu üçün hazırda yararsız vəziyyətdədir və dəyərini tam itirmişdir. Siyahıya alınmış əmlaklar Cavabdehnə məxsusdur. Yuxarda qeyd olunan iş materiallarından görünür ki, vergi ödəyicisi olan cavabdeh Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun İcbari Tibbi Sığorta Fonduna borcu yaranmış, yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş göndərilməsinə baxmayaraq, yaranmış borc məbləği ödənilməmiş və bunun nəticəsində iddiaçı vergi orqanı tərəfindən cavabdehin əmlakının siyahıya alınmışdır. Kollegiya bildirir ki, Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. Eyni zamanda həmin Məcəllənin 24.1.1-ci maddəsinə görə, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vergi orqanının vəzifələrindəndir. Vergi Məcəlləsinin 89.1-ci maddəsinə görə, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Hazırkı iş üzrə cavabdeh olan Cavabdeh (VÖEN **********) vergi ödəyicisi olan hüquqi şəxs olması və vergi öhdəliklərinə vaxtında riayət etməli olması, vergi orqanının isə həmin öhdəliklərinin yerinə yetirilib-yetirilməməsinə nəzarət etməli olması, yerinə yetirilmədiyi təqdirdə bununla bağlı müvafiq tədbirlər görməli olması nəzərə alındıqda, birinci instansiya məhkəməsinin hazırkı mübahisəyə iki inzibati orqan arasında yaranmış mübahisə kimi yanaşması doğru olmamışdır. Nəzərə almaq lazımdır ki, Vergi orqanı Vergi Məcəlləsinin 23.1.8 və 89.1-ci maddələrinə əsaslanaraq və ona verilmiş hüquqlardan istifadə edərək vergi ödəyicisinin müvafiq fonda olan borcunun ödənilməsinin təmini məqsədilə onun əmlakını siyahıya almışdır. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. AR İPM-nin 82-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5669/2025 nömrəli, xx.xx.2025-ci il tarixli nömrəli qərardadı ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh Səbail Rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinə qarşı "siyahıya alınmış əmlakın satılması" tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar