Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2002/2020 01.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi: X1, İddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhəri 18 saylı Vəkil Bürosu), cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı (xx.xx.1992-ci ildə Naxçıvan MR, Şərur rayonunda anadan olmuş, ünvan 1 m. 31 ünvanda qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Tibb Xidmətinin Hərbi-Həkim Komissiyasına qarşı (üçüncü şəxs – Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyası) xəstəliyin səbəbli əlaqəsinin təyin edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5846/2020 nömrəli qərardadından iddiaçının apellyasiya şikayətinə əsasən, inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Tibb Xidmətinin Hərbi-Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2019-cu ilin avqust ayında keçirdiyi “Hər iki gözün zəif dərəcəli miopiyası M2, 0D, Haymor boşluğunun retension sisti, Lumbolgiya” diaqnozu ilə olan xəstəliyinin səbəbli əlaqəsinin “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2014-cü ilin oktyabr ayından 2019cu ilin sentyabr ayına qədər DİN-in Daxili Qoşunlarının N saylı hərbi hissəsində müddətdən artıq hərbi qulluqçu kimi xidmət etmişdir. Xidmətə daxil olarkən Daxili Qoşunların hərbi həkim komissiyası tərəfindən hərbi xidmətə tam yararlı sayılmışdır. Gözlərinin zəif görməsi ilə əlaqədar xx.xx.2019-cu ildən xx.xx.2019-cu il tarixədək Daxili Qoşunların hərbi hospitalında müayinə və müalicə olunmuşdur və ona “Hər iki gözün zəif dərəcəli miopiyası M2, 0D, Haymor boşluğunun retension sisti. Lumbolgiya” diaqnozu qoyulmuşdur. xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası “Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “e” maddəsi ilə (xidmətə uyğunsuzluğa görə) hərbi xidmətdən ehtiyata buraxılmışdır. 2020-ci ilin yanvar ayında SHXÇDX-nın Bakı şəhər Binəqədi rayon İdarəsinin müvafiq göndərişi ilə hərbi xidmət dövründə aldığı xəstəliyin səbə əlaqəsinin təyin edilməsi üçün sənədləri Daxili Qoşunların hərbi həkim komissiyasına göndərilmişdir. Bundan uzun müddət keçməsinə baxmayaraq xəstəliyinin səbəbli əlaqəsinin təyin edilib-edilməməsi ilə bağlı nə SHXÇDX-nın Bakı şəhər Binəqədi rayon İdarəsinə, nə də ona heç bir məlumat verilmədiyi üçün 2020-ci ilin aprel ayında ərizə ilə X2 müraciət etmişdir. Bundan sonra Daxili Qoşunların Baş İdarəsinin Tibb xidmətinin rəisinin xx.xx.2020-ci il tarixli, 13-31/112 nömrəli məktubu ilə iddiaçı Daxili Qoşunların hərbi həkim komissiyasına dəvət olunmuşdur. Lakin pandemiya ilə əlaqədar karantin elan olunduğuna görə anadan olduğu Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndində olduğu üçün komissiyaya gələ bilməməsi ilə əlaqədar Daxili Qoşunların Baş İdarəsinə teleqram vurmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5846/2020 nömrəli qərardadı ilə (hakim Ş.Həsənova) İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Tibb Xidmətinin Hərbi-Həkim Komissiyasına qarşı xəstəliyin səbəbli əlaqəsinin təyin edilməsi tələbinə dair iddia ərizəsi üzrə inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Naxçıvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5846/2020 nömrəli qərardadının ləğv edilməsini, inzibati işin mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad əsassız və qanunsuzdur, ona görə də ləğv edilməlidir. Belə ki, Bakı İnzibati Məhkəməsinin 2-1 (112)-5846/2020 saylı. xx xxxxxxx 2020-ci il tarixli qərardadında Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 8.1.3, 8.5, 80-ci maddələrinə istinad edilərək hal hazırkı yaşayış yeri nəzərə alınmamışdır. Belə ki, DİN BPMQİ-nin MAPS şöbəsinin arayışından da görünür ki, o xx xxxx 2020-ci il tarixdən (mətnə uyğun) Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X5 küçəsi, ev 3, mənzil 31 ünvana qeydiyyata düşmüş və hazırda da həmin ünvanda qeydiyyatdadır. Naxçıvan MR DİN tərəfindən qeydiyyatdan çıxarılmamağı ona məlum deyildir. Ona görə də qərardad ləğv olunmalı və işə mahiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Apellyasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək apellyasiya şikayətini müdafiə etdiyini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia ərizəsinin aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etdi. Apellyasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 izahat verərək, işin məhkəmə aidiyyəti ilə bağlı yekun nəticəsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyası məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərardadı ləğv edilməli, iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İş materiallarından da göründüyü kimi, İddiaçı əvvəllər hərbi qulluqçu olmuş, hərbi xidmətdən ehtiyyata buraxıldıqdan sonra cavabdeh inzibati orqana qarşı məhkəmədə xəstəliyin səbəbli əlaqəsinin təyin edilməsinə dair iddia qaldırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia əvvəllər hərbi qulluqçu olmuş iddiaçı ilə cavabdeh inzibati orqan arasında əvvəllər mövcud olmuş hüquq münasibəti ilə bağlı həmin orqana qarşı iddia olduğundan inzibati işin məhkəmə aidiyyəti İPM-in 8.1.3-cü maddəsinin tələbinə əsasən müəyyən olunmalıdır. İPM-in 8.1.3-cü maddəsinin tələbinə əsasən isə inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Qeyd olunan normanın tələbindən isə göründüyü kimi, hazırkı iddiaya iddiaçının yaşayış yerinin məhkəməsi tərəfindən baxılmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsinin tələbinə əsasən isə Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BPMQİ-nin MAPS (2) şöbəsinin arayışından (arayışı hazırlayan əməkdaş Qasımova İradə, verilmə tarixi xx.xx.2020) görünür ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X5 küçəsi, ev 3, mənzil 31 ünvanında qeydiyyatdadır.(şəxsiyyət vəsiqəsinin verildiyi tarix xx.xx.2019-cu il) Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2020-ci il tarixli, 855 №li arayışına (arayış 72 saylı MKİS-nin rəisi V.Balayev tərəfindən imzalanmışdır) əsasən qeyd edilmişdir ki, İddiaçı həqiqətən xx.xx.2019-cu il tarixdən Rəsulzadə qəsəbəsi, Hacıbababəyov 3 saylı evin 31 №li mənzilində qeydiyyatdadır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi inzibati işin baxılması üçün ərazi aidiyyəti üzrə Naxçıvan İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardadı qanuni olmamış, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışını əsas tutaraq iddiaçının yaşayış yeri Kəngərli rayonu, Şahtaxtı ərazi D., Şahtaxtı kəndində yaşamasına görə işin aidiyyəti üzrə Naxçıvan İnzibati Məhkəməsində baxılmalı olması qənaətinə gələrkən səhvə yol vermiş, bununla da inzibati prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin aidiyyətlə bağlı qərardadının qanunsuz və əsassız olmasına istinad olunan dəlilləri ilə razılaşır və yekunda belə qərara gəlir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5846/2020 nömrəli qərardadı ləğv edilməli, iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5846/2020 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Tibb Xidmətinin Hərbi-Həkim Komissiyasına qarşı “xəstəliyin səbəbli əlaqəsinin təyin edilməsi” tələbinə dair inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri Y.Səfərov küçəsi,14, 1193 cü məhəllə) İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2002/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2002/2020
01.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver