Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2002/2023 06.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “maddi yardımın ödənilməsi” barədə iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, 2-1(112)-2414/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ona ödənilməmiş daha 2 maddi yardımı alması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı 2011-ci ildən turizm sahəsində fiziki şəxs kimi fəaliyyət göstərir. Bu dövrdə bütün vergi ödənişləri hər rüb vaxtında ödənilib. 2020-ci ildə məlum pandemiya başlayanda digər sahələrdə olduğu kimi onlarda da fəaliyyət dayandı. Bu dövrdə Cənab Prezident sərəncam verərək sahibkarlara dəstək məqsədi ilə maliyyə vəsaiti ayırmış və sahibkarlara həmin maliyyə vəsaitindən yardım etməyi müvafiq orqanlara tapşırmışdır. İddiaçı onlayn müraciət edərək həmin maddi yardımı almaq istədi, lakin ona imtina cavabı verildi. O, məhkəməyə müraciət edərək ona düşən maddi yardımı tələb etmiş və məhkəmə iddiaçının lehinə qərar vermişdir. İddiaçı maddi yardımı almışdır. Lakin məhkəmə gedən vaxtlarda pandemiya davam etdiyinə qörə Cənab Prezident daha 2 sərəncam imzaladı və maddi yardımı 3 mərhələdə verdilər. Məhkəmə qərarı iddiaçıya yalnız 1 yardımı verməsinə qərar vermişdir. İddiaçı belə hesab edir ki, əgər ona yardım düşürsə deməli tam 3 mərhələ yardım veriləcək, lakin Dövlət Vergilər Xidmətindən bildirdilər ki məhkəmənin qərarı icra olunub və orada göstərilən məbləğ ona ödənilib. İddiaçı ona düşən daha 2 maddi yardımı almaq üçün məhkəməyə bir daha müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddia mümkün sayılmamalıdır. Hazırkı iş üzrə İddiaçı cavabdeh qismində göstərdiyi Dövlət Vergi Xidmətinə “daha 2 maddi yardımın ödənilməsi”nə dair hər hansı müraciəti və müvafiq olaraq da cavabdehin imtinası mövcud deyildir. Beləliklə, iddianın mümkün sayılması üçün cavabdeh qismində hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasına yol verən inzibati orqan seçildikdə iddiaçı həmin hərəkətlərin nədən ibarət olmasını aydın ifadə etməli, həmin hərəkətlərinə dair sübutlar təqdim etməli və iddiasını əsaslandırmalıdır. Odur ki, yuxarıda göstərilənləri və İnzibati Prosessual Məcəllənin 35-ci və 47.2-ci maddələrinin tələblərini rəhbər tutaraq iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, 2-1(112)-2414/2023 saylı qərardadı ilə (hakim Günel Sevdimalıyeva) iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddianın məzmunu ilə eynilik təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin qərarın 5.2-ci bəndinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-954/2022 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı iddiası Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Koronavirus (Covid-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının həyata keçirilməsi istiqamətində fərdi (mikro) sahibkar kimi iddiaçıya 250 manat məbləğində maliyyə dəstəyinin göstərilməsi barədə məlumatların Azərbaycan Respublikası Maliyyə Nazirliyinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilməsi hissəsində təmin edilmişdir. Həmin qərar cavabdeh tərəfindən icra olunaraq iddiaçıya 250 manat məbləğində maliyyə dəstəyinin göstərilməsi barədə məlumatlar Azərbaycan Respublikası Maliyyə Nazirliyinə göndərilmişdir. İş yerlərinin və sosial sabitliyin qorunması istiqamətində tədbirlər planının 3-cü bəndində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi (iş yerlərinin azaldılmaması məqsədilə - əsas meyar kimi 2019-cu ildə vergi ödənişlərini, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ödənişlərini həyata keçirmiş vergi ödəyicilərinə şamil edilməklə) nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 2020-ci il 10 aprel tarixli, **********055600 nömrəli əmri ilə Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair Metodiki Göstəriş (bundan sonra – Metodiki Göstəriş) təsdiq edilmişdir. Metodiki Göstərişin 3.2-ci bəndinə əsasən, maliyyə dəstəyi proqramından istifadə etmək üçün vergi ödəyicisi internet vergi idarəsində mövcud olan şəxsi elektron kabinetində “Koronavirus (COVİD-19) pandemiyası ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən “Fərdi (mikro) sahibkarlara ödənişlər üzrə müraciət” alt bölməsinə daxil olur və müraciət formasını elektron qaydada doldurur. -3.3. Müraciət formasında aşağıdakı məlumatlar elektron informasiya sistemi tərəfindən avtomatik qaydada doldurulur: 3.3.1. Vergi uçotunda olduğu vergi orqanının adı; 3.3.2. VÖEN; 3.3.3. Aktiv bank hesabları; 3.3.4. 2019-cu il ərzində ödənilmiş vergilər, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları. 3.4. Müraciət formasında aşağıdakı vergi rejimi barədə məlumatlar vergi ödəyicisi tərəfindən onlayn doldurulur: 3.4.1. 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəyicisi olması; 3.4.2. sabit qəbz almaqla fəaliyyət göstərməsi; 3.4.3. daşıma fəaliyyəti ilə məşğul olması; 3.4.4. gəlir vergisi mükəlləffiyyəti olan mikro sahibkarlıq subyekti olması. 3.4.5. Vəsaitin köçürülməsi nəzərdə tutulan bank hesabı. 3.5. Pandemiya ilə bağlı vergi ödəyicisi tərəfindən doldurulan məlumatlar baza məlumatları ilə avtomatik yoxlanılır. 3.6. Məlumatların yoxlanılması zamanı aşağıdakı uyğunsuzluqlar aşkar edilə bilər: 3.6.1. Vergi ödəyicisinin seçdiyi vergi rejimi uçot məlumat bazasında mövcud olan vergi rejimi ilə uyğun gəlmir; 3.6.2. Vergi ödəyicisinin fəaliyyəti mart ayından əvvəl dayandırılmışdır; 3.6.3. 2019-cu il ərzində büdcəyə vergi ödəmələri olmamışdır. 3.7. Uçot məlumatları üzrə uyğunsuzluqlar aşkarlandıqda, vergi ödəyicisi tərəfindən müvafiq dəyişikliklər aparılır və şəxsi kabinet vasitəsilə yenidən onlayn qaydada müraciət edilir. Araşdırma zamanı müəyyən edilmişdir ki, ilk dəfə etdiyi müraciətdən fərqli olaraq iddiaçı növbəti dəfə maliyyə dəstəyi göstərilməsi üçün vergi orqanına qeyd edilən formada (internet vergi idarəsində mövcud olan şəxsi elektron kabinetində “Koronavirus COVİD-19) pandemiyası ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən “Fərdi (mikro) sahibkarlara ödənişlər üzrə müraciət” alt bölməsinə daxil olmaqla müraciət formasının elektron qaydada doldurulması) müraciət etməmişdir. Odur ki, vergi ödəyicisi tərəfindən qeyd edilən formada müraciət edilmədiyindən hər hansı yoxlama aparılmamışdır. Metodiki Göstərişin 3.11-ci bəndinə əsasən, fərdi (mikro) sahibkarın 2019-cu il ərzində vergi ödənişlərinin ümumi məbləği 250,0 manatdan aşağı olduqda ona 250,0 manat həcmində (ölkə üzrə minimum aylıq əmək haqqı) vəsait ödənilir. Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri haqqında açıq məlumat mənbələrində fərdi (mikro) sahibkara həmin maliyyə dəstəyinin mərhələrlə və ya bir neçə dəfə həyata keçirilməsinə dair hər hansı məlumat yoxdur. İqtisadiyyat Nazirliyinin internet səhifəsində maliyyə dəstəyinin minimal (250 manat) və maksimal həddi (5.000 manat) haqqında məlumat qeyd edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya hüquqi marağına uyğun iddianın qaldırılması ilə bağlı hüquqi yardım göstərilərək tələb etdiyi məbləğ göstərilməklə Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Koronavirus (Covid-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının həyata keçirilməsi istiqamətində fərdi (mikro) sahibkar kimi ona maliyyə dəstəyinin göstərilməsi barədə məlumatların Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilməsi kimi dəyişdirilməsi təklif edilməsinə baxmayaraq, iddiaçı iddia tələbini dəqiqləşdirməmişdir (dəyişdirməmişdir). İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında həmçinin göstərilmişdir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında düzgün olaraq qeyd etmişdir ki, ilk dəfə etdiyi müraciətdən fərqli olaraq iddiaçı növbəti dəfə maliyyə dəstəyi göstərilməsi üçün vergi orqanına qeyd edilən formada (internet vergi idarəsində mövcud olan şəxsi elektron kabinetində “Koronavirus COVİD-19”) pandemiyası ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən “Fərdi (mikro) sahibkarlara ödənişlər üzrə müraciət” alt bölməsinə daxil olmaqla müraciət formasının elektron qaydada doldurulması) müraciət etməmişdir. Odur ki, vergi ödəyicisi tərəfindən qeyd edilən formada müraciət edilmədiyindən hər hansı yoxlama aparılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin lazımi qaydada qaldırılmaması nəticəsində mümkün sayılmaması haqqında düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, 2-1(112)-2414/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-2002/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2002/2023
06.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver