Məhkəmə qərarları › İş №2-1(103)-2002/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2002/2024

07.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2002/2024 07.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və X1 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Naziriyinə qarşı “ictimai birliyin qeydiyyata alınması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2761/2024 nömrəli, 19 yanvar 2024-cü il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Naziriyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 28 avqust 2023-cü il tarixli, 3-16-5/2-13-6346/2023 saylı imtinasının (imtinaedici aktının) qanunsuz hesab edilməsi və “İştirak Evi” İctimai Birliyin dövlət qeydiyyatına alınması öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin (hakim Bəhlul Cəlalov) 2-1(112)-2761/2024 nömrəli, 19 yanvar 2024-cü il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. Həmin qərardan iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 16 iyul 2023-cü ildə “İştirak Evi” İctimai Birliyini təsis ediblər və onun təsis edilməsi haqqında qərar qəbul edilib. İctimai Birlik Azərbaycanda insan haqlarının qorunması və dəstəklənməsi, hüququn aliliyinin təmin edilməsinə yardım məqsədilə yaradılıb. İctimai Birlik həmçinin Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi, hakimiyyətlər bölgüsünün təmin edilməsi, hökumətin hesabatlılığının və şəffaflığının təmin olunması, vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, vətəndaş fəallığının yüksəldilməsi yolu ilə bütünlüklə demokratiyanın inkişaf etdirilməsini güdür. İctimai Birlik qarşısına qoyduğu məqsədlərə çatmaq üçün aşağıdakı fəaliyyətləri həyata keçirir: siyasi iştirakçılığın artırılması: vətəndaş fəallığının və demokratik idarəetmə haqqında məlumatlılığın təşviqi ilə Azərbaycan Respublikasında vətəndaşların siyasi iştirakının artırılmasına kömək etmək; gənclərin idarəetmədə iştirakının təşviqi: gənclərin dövlət idarəetməsində işi yönündə maarifləndirmə işi aparmaq; gənclər sahəsində fəaliyyət göstərən ictimai birliklərlə əməkdaşlıq etmək: Azərbaycan Respublikasında gənclər sahəsində fəaliyyət göstərən ictimai birliklərlə əməkdaşlıq etmək; seçki sisteminin inkişafı yönündə fəaliyyət: vətəndaşların seçkilərdə iştirakı üçün təlim, maarifləndirmə işi və tövsiyələr verməklə Azərbaycan Respublikasında seçki sisteminin və vətəndaş cəmiyyətinin inkişafına töhfə vermək; seçkiləri müşahidə etmək və ictimai nəzarəti həyata keçirmək: Parlament, prezident və bələdiyyə seçkiləri, habelə referendumlar zamanı ölkədə monitorinq aparmaq, qanunun aliliyinə və seçki hüquqlarının müdafiəsinə ictimai nəzarəti həyata keçirmək; insan hüquqları üzrə maarifləndirmə işinin aparılması: İnsan hüquqlarının müdafiəsi ilə bağlı vətəndaşlar arasında maarifləndirmə işi aparmaq, parlament, prezident, bələdiyyə seçkiləri, habelə referendumlar zamanı vətəndaşlara seçki hüquqi ilə bağlı yardım xidmətləri göstərmək; insan hüquqlarının müdafiəsi yönündə vəkillik kampaniyaları həyata keçirtmək: ölkədə insan hüquqlarının vəziyyəti haqqında məlumat toplamaq, pozuntuların xarakterini müəyyən etmək, onların qarşısının alınması üçün fəaliyyət planları hazırlamaq; maarifləndirici tədbirlərin keçirilməsi və hüquqların müdafiəsi: İnsan hüquqlarının müdafiəsi üçün maarifləndirici tədbirlər keçirmək və hüquqları birbaşa pozulmuş şəxslərin hüquqlarını müdafiə etmək; beynəlxalq təcrübəni öyrənmək və təşviq etmək: Azərbaycan Respublikasında demokratiya və idarəetmə sahəsində qabaqcıl beynəlxalq təcrübəni öyrənmək və təşviq etmək; xarici təşkilatlarla əlaqə yaratmaq və əməkdaşlıq etmək: Xarici ölkələrdə fəaliyyət göstərən demokratiya, insan haqları və gənclərin siyasi iştirakçılığını təbliğ edən təşkilatlarla əlaqə yaratmaq və əməkdaşlıq etmək: qanunvericiliyin hazırlanmasında iştirak etmək: ölkə qanunvericiliyinin beynəlxalq aktlara və təcrübəyə uyğun olaraq təkmilləşdirilməsində və dinamik inkişafında fəal iştirak etmək, qanunvericilik bazasının formalaşdırılması üçün müvafiq qanunvericilik aktlarına əlavə və dəyişikliklərlə bağlı təkliflər hazırlamaq, ölkədə hüquqi dövlətin və vətəndaş cəmiyyətinin inkişafına töfhə vermək; Beynəlxalq aktlara və təcrübəyə, Azərbaycan Respublikasının hüquq qaydalarının ideya və ümumi prinsiplərinə uyğun şəkildə ölkə qanunvericiliyinin təkmilləşdirilməsində, dinamik inkişafında, eləcə də qanunvericilik aktlarının hazırlanmasında fəal iştirak etmək, beynəlxalq təşkilatlar ilə əlaqələr yaratmaq, onlarla əməkdaşlıq etmək, beynəlxalq təcrübəni öyrənmək, bu məsələlərlə bağlı dəyirmi masalar keçirmək, zərurət olduqda müstəqil ekspertizalar keçirmək, mülahizələr aparmaq, müstəqil olaraq və ya dövlət idarələri, ictimai təşkilatlar və ya dövlət qurumları ilə birlikdə konqreslər, konfranslar, seminarlar keçirmək, kitab və broşuralar çap etdirmək; Hüquq sahəsində fəaliyyət göstərən ictimai birliklərlə qarşılıqlı əməkdaşlıq etmək. 16 iyul 2023-cü ildə İctimai Birliyin təsis yığıncağı keçirilib. Təsis yığıncağının protokolundan görünür ki, təsisçi (iddiaçı) İddiaçı1 iki il müddətinə İctimai Birliyin sədri seçilib, həmçinin İctimai Birliyin təsis sənədlərinin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim edilməsi, Birliyin dövlət qeydiyyatına alınması üçün sənədlərin Ədliyyə Nazirliyinə təqdim edilməsinin İctimai Birliyin təsisçisi İddiaçı1 həvalə edilməsi müəyyən edilib. Təsis yığıncağında həmçinin müəyyən edilib ki, birliyin dövlət qeydiyyatına alınması üçün tələb olunan bütün lazımi tədbirlərin görülməsi, o cümlədən ərizələrin imzalanması və notariat kontorunda təsdiq edilməsi, sənədlərin təqdim edilməsi, lazım olan sənədlərin götürülməsi, bütün dövlət orqanlarında, hüquqi və fiziki şəxslər qarşısında nümayəndə qismində təmsilçilik və bununla əlaqədar bütün hərəkətlərin yerinə yetirilməsi bilavasitə özü tərəfindən və ya üçüncü şəxslərə etibarnamə əsasında həvalə edilməklə icra olunması şərti ilə təsisçi İddiaçı1 tapşırılıb. 16 iyul 2023-ci il tarixli İctimai Birliyin təsis edilməsi haqqında qərardan görünür ki, təsisçi İddiaçı1 iki il müddətinə İctimai Birliyin sədri seçilib və İctimai Birliyin adından qanuni təmsilçilik hüququ İddiaçı1 verilib. İddiaçılar lazım olan sənədləri toplayıb cavabdeh Ədliyyə Nazirliyinə təqdim ediblər. Cavabdeh 28 avqust 2023-cü il tarixli məktubla sənədləri geri qaytarıb. Cavabdeh imtinasında göstərib ki, qurumun adında onun fəaliyyətinin xarakteri göstərilməyib. Cavabdeh imtinasını “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 11.3.1-ci maddəsinə və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 3.1-ci maddəsinə istinad edərək əsaslandırıb. İddiaçılar bildirir ki, cavabdehin 28 avqust 2023-cü il tarixli məktubu onların müraciətinin təmin edilməsindən imtina kimi qiymətləndirilməlidir. Buna görə də iddiaçılar məhkəməyə müraciət edir. İddiaçılar həmin cavabdan Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 28 avqust 2023-cü il tarixli imtinası qanunsuz hesab edilməklə onun üzərinə “İştirak Evi” İctimai Birliyinin dövlət qeydiyyatına alınması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsi xahiş edilib. Cavabdeh iddiaya etiraz təqdim edib. Etirazda göstərilib ki, «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinin tələbinə zidd olaraq qurumun adında onun fəaliyyətinin xarakteri göstərilməmişdir. Qeyd etmək lazımdır ki, Qanunun 17.3-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtina, pozuntular aradan qaldırıldıqdan sonra sənədlərin dövlət qeydiyyatı üçün yenidən təqdim edilməsinə maneə ola bilməz. Bakı İnzibati Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli qərarı ilə iddia təmin edilməyib. Məhkəmə göstərib ki, ictimai birliyin adına nəzər yetirilərkən onun hansı məqsədlərlə fəaliyyət göstərməsi, başqa sözlə qanunun dispozisiya şərtlərində qeyd edildiyi kimi, fəaliyyətinin xarakterinin nədən ibarət olması onun Nizamnaməsindən deyil, məhz adından müəyyən edilməsidir. Çünki qeyri-kommersiya hüquqi şəxslərin fəaliyyətinin əsas məqsədi kommersiya hüquqi şəxslərindən fərqli olaraq mənfəət əldə etmək deyil, digər məqsədlər daşıyır. Bu fəaliyyətin xarakteri isə onun adında əks olunmalıdır ki, ilkin təəssürat zamanı qeyri-kommersiya qurumun hansı məqsədlərlə fəaliyyət göstərməsini (fəaliyyətinin xarakteri) müəyyən etmək mümkün olsun. Belə olan halda məhkəmə hesab edib ki, iddiaçıların müraciətinin təmin edilməməsi ilə cavabdeh tərəfindən iddiaçıların hüquqlarının pozulmasına yol verilməyib. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri Təşkilatın adında onun təşkilati-hüquqi formasının göstərilməməsi səbəbinə dair iddiaçıların mövqeyi “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 3.1-ci maddəsinin birinci cümləsinə görə, qeyri-hökumət təşkilatının onun təşkilati-hüquqi formasını və fəaliyyətinin xarakterini göstərən adı olmalıdır. Hazırkı iş üzrə mübahisə hüquqi xarakterlidir, yəni cavabdeh iddiaçının qanunun hüquqi tələbinə riayət etmədiyini bildirir. Mübahisəli hüquqi “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 3.1-ci maddəsidir. Həmin norma qeyri-hökumət təşkilatının adı ilə əlaqəlidir və qurumun adında onun təşkilati-hüquqi formasının və fəaliyyət xarakterinin göstərilməsini tələb edir. Hazırkı mübahisə qurumun fəaliyyət xarakteri ilə bağlıdır. Bu hüquq normasının tələblərini nəzərdən keçirək. Bu hüquq normasını qeyri-hökumət təşkilatlarının ümumi adlandırma qaydası (müddəası) adlandırmaq olar. Bu ümumi adlandırma müddəasının iki tələbi var: 1) QHT-nin adlandırılmasında onun təşkilati-hüquqi forması göstərilməlidir (formal tələb); 2) QHT-nin adlandırılmasında onun fəaliyyətinin xarakteri göstərilməlidir (substantiv tələb). Formal tələb QHT-nin hansı növünün seçilməsinə aiddir. Həmin qanunvericilik QHT-nin iki növünü müəyyən edir: ictimai birlik və fond. İddiaçıların bu formal tələbə riayət etməsi məsələsi mübahisəsizdir. İddiaçılar təşkilati-hüquqi forma kimi ictimai birlik növündə QHT təsis edirlər. Substantiv tələb QHTnin fəaliyyət xarakterinə aiddir. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunun 3.1-ci maddəsinin təhlili həmçinin onun nümayiş etdirir ki, QHT-nin fəaliyyət xarakteri müəyyən edilərkən bu abstrakt formada, vakumda həyata keçirilməməlidir. Bunu müəyyən etmək üçün həmçinin QHT-nin nizamnaməsi və təsis sənədləri nəzərdən keçirilməlidir. Çünki substantiv tələb formal tələbdən fərqli olaraq, qanunvericiliyin ümumi normalarına riayət edilməsini müəyyən etməyə deyil, məhz QHT-nin konkret fəaliyyətinin nədən ibarət olmasına fokuslanır. Bu tələbdə məqsəd QHT-nin aşkar bəyan edilmiş məqsədləri ilə adlandırılması arasında bariz ziddiyyəti aradan qaldırmağa çalışmaq və QHT-lərin dövlət reyestrində dəqiqliyə nail olmaqdır. Bu halda isə QHT-nin nizamnaməsi və onun təsis sənədləri nəzərdən keçirilərək məhz həmin sənədlərin kontekstində konkret olaraq QHT-nin ümumi adlandırma müddəasının substantiv tələbinin bu cür şərhi həmçinin “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunun 13.1-ci maddəsini nəzərdən keçirilməsi vasitəsilə aydınlaşdırıla bilər. Belə ki, həmin normaya əsasən: “Qeyrihökumət təşkilatının nizamnaməsində qeyri- hökumət təşkilatının .... fəaliyyətinin məqsədləri... müəyyən edilməlidir.” Bu normadan göründüyü kimi QHT-nin nizamnaməsinə dair tələblərdən biri onun fəaliyyət məqsədlərinin göstərilməsidir. Fəaliyyət məqsədləri QHT-nin nail olmağa çalışdığı amallar və hədəflərdir {aims and objectives). Bu baxımdan fəaliyyət məqsədləri həmçinin QHT-nin fəaliyyət xarakterini müəyyən etməyə imkan verir. İddiaçıların təsis etdiyi qurum “İştirak Evi” adlanır. Həmin adlandırma vətəndaşların ictimai-siyasi proseslərdə iştirakçılığı ilə əlaqədar olaraq belə seçilib. Həmin addan görünür ki, iddiaçılar vətəndaşların ictimai-siyasi proseslərdə iştirakçılığını qarşılarına məqsəd kimi qoyublar. İddiaçıların təsis etdikləri təşkilatın təsdiq edilmiş Nizamnaməsinin 2.1 və 2.2-ci bəndlərində təşkilatın məqsəd və vəzifələri göstərilir. Həmin müddəadan açıq-aşkar görünür ki, təşkilatın fəaliyyət məqsədi görəcəyi digər işlərlə yanaşı, əsasən vətəndaşların, o cümlədən gənclərin ictimai-siyasi proseslərdə iştirakçılığını təşviq etməkdən ibarətdir. Təşkilatın fəaliyyət məqsədləri və istiqamətlərindən görünür ki, təşkilat vətəndaşların ictimai-siyasi iştirakçılığını optimallaşdırmaq üçün fəaliyyət həyata keçirmək istiqamətində çalışır. Buna uyğun olaraq isə adını “İştirak Evi” kimi müəyyən edib. Bu təhlildən də görünür ki, təşkilatın adı onun fəaliyyət xarakterinə uyğundur. Qanunvericilikdə “fəaliyyətin xarakteri” ifadəsi aydınlaşdırılmayıb. “Xarakter” - səciyyə, əlamət mənalarına gəlir. Fəaliyyətin xarakteri dedikdə isə görülən işin mahiyyəti, məğzi başa düşülməlidir. Qanunvericilikdə “fəaliyyət xarakteri” ifadəsi Mülki Məcəllənin 109.11-ci maddəsində kooperativlərə münasibətdə qeyd edilir. Həmin norma aşağıdakı kimidir: “Kooperativ qanunla qadağan olmayan istənilən sahədə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada sahibkarlıq fəaliyyətini həyata keçirə bilər. Fəaliyyət xarakterinə görə kooperativlər istehsal, istehlak, qarışıq (istehsal-istehlak) və digər növlərdə ola bilər.” Həmin normadan göründüyü kimi, qanunverici kooperativləri fəaliyyət xarakterinə görə istehsal, istehlak və qarışıq növlərə görə bölür. Bu normadan aydın olur ki, fəaliyyət xarakteri dedikdə, qanunverici fəaliyyətin mahiyyəti, istiqaməti və ya əlamətini başa düşür. İşin hallarından görünür ki, iddiaçıların seçdikləri ad onların fəaliyyətinin mahiyyətinə (istiqamətinə, əlamətinə) uyğundur. Məhkəmə qeyd edib ki, qeyrikommersiya qurumunun adından onun fəaliyyətinin xarakteri müəyyən edilməlidir. Çünki qurumun Nizamnaməsi onun adını ilkin olaraq eşidən (görən) şəxslər üçün əlçatan deyildir. İddiaçılar məhkəmənin bu mövqeyi ilə razılaşmır. Onlar qeyd edilən hallara istinad edərək belə hesab edirlər ki, İB-nin adı onun fəaliyyət xarakterinə uyğundur, İştirak Evi dedikdə insanların ictimai-siyasi proseslərdə iştirak etməsi başa düşülür. Məhkəmənin məsələyə fərqli yanaşması onun subyektiv mövqeyidir və qanunvericiliyin tələblərinə əsaslanmır. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 11.3cü maddəsinə əsasən, hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilə bilər: Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda. Cavabdeh imtinasında “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 11.3.1-ci maddəsinə istinad edib. Həmin norma edilən müraciətlə əlaqədar qəti imtinanı müəyyən edir. Bununla da cavabdeh iddiaçıların 16 iyul 2023-cü il tarixli təsisetmə üzrə bütün aktlarını sıradan çıxarıb. Buna əsasən iddiaçılar qeyri-hökumət təşkilatının qeydiyyatı ilə əlaqədar müvafiq addımları ata bilməyəcəklər. İddiaçılar bildirir ki, onların cavabdehə təqdim etdikləri sənədlər qanunvericilik aktlarına uyğun olub, hər hansı ziddiyyət olmayıb. İddiaçıların qurumun adı kimi seçdikləri ad onların fəaliyyət xarakterinə uyğundur. İddiaçılar bildirir ki, onların cavabdehə təqdim etdikləri sənədlər qanunvericilik aktlarına uyğun olub, hər hansı ziddiyyət olmayıb, yəşkilatın adında onun fəaliyyət xarakteri göstərilib. Cavabdehin imtinası iddiaçıların konstitusion və beynəlxalq hüquqi birləşmək azadlığı hüququnun pozuntusu ilə nəticələnib. Cavabdeh iddia ərizəsinə etirazında göstərib ki, “Qeyri-hökümət təşkilatları (ictimai birliklər və fondlar)” haqqında qanunun 17.3-cü maddəsinə əsasən qeyri-hökümət təşkilatının dövlət qeydiyyatına alınmasından imtina, pozuntular aradan qaldırıldıqdan sonra sənədlərin dövlət qeydiyyatı üçün yenidən təqdim edilməsinə mane ola bilməz. Bakı İnzibati Məhkəməsi də cavabdehin bu mövqeyi ilə razılaşıb. İddiaçılar hesab edir ki, məhkəmənin və cavabdehin bu yanaşması qanunsuzdur. Çünki cavabdehin imtina kimi qeyd etdiyi hal Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Qanunun 8.3-cü maddəsində nəzərdə tutulub. Həmin normaya əsasən, təqdim edilmiş sənədlərdə dövlət qeydiyyatına alınması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həmin sənədləri müraciət etmiş şəxsə qaytarmaqla, bu çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq 20 gün müddət təyin edir. Cavabdeh bilərəkdən bu normaya istinad etmir, çünki bu normaya istinad etməklə sənədləri geri qaytardıqda, növbəti müraciət zamanı başqa bir nöqsan göstərmək mümkün deyil. Lakin cavabdeh qanunun 11.3.1-ci maddəsinə istinad edərək sənədləri geri qaytarır ki, bu zaman cavabdeh növbəti müraciətlər zamanı da bu normaya istinad etmək imkanına malik olur. Ona görə də iddiaçılar məhkəmə və cavabdehin yanaşması ilə razı deyil. Onlar hesab edir ki, onların təqdim etdikləri sənədlər qanunvericiliyin tələbinə uyğun olub, Konstitusiya və qanunlara zidd deyil. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Naziriyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: “İştirak Evi” ictimai birliyinin dövlət qeydiyyatına alınması ilə bağlı müraciətə baxılmışdır. Təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 3.1-ci maddəsinin tələblərinə riayət edilmədiyi müəyyən olunmuşdur. Belə ki, qurumun adında onun fəaliyyətinin xarakteri göstərilməmişdir. Bu baxımdan “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.3.1-ci maddəsinə müvafiq olaraq sənədlər geri qaytarılır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Naziriyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı «İştirak Evi» ictimai birliyinin dövlət qeydiyyatından imtinasının qanunsuz hesab edilməsi və ictimai birliyin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair bildirilir: Qurumun təsis sənədləri xx.xx.2023-cü il tarixdə Ədliyyə Nazirliyinə təqdim olunmuş və sənədlərin qanunvericiliyə uyğunluğu yoxlanıldıqdan sonra xx.xx.2023-cü il tarixdə «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.3.1-ci maddəsinə əsasən müvafiq iradla geri qaytarılmışdır. Belə ki, «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinin tələbinə zidd olaraq qurumun adında onun fəaliyyətinin xarakteri göstərilməmişdir. Qeyd etmək lazımdır ki, Qanunun 17.3-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtina, pozuntular aradan qaldırıldıqdan sonra sənədlərin dövlət qeydiyyatı üçün yenidən təqdim edilməsinə maneə ola bilməz. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1. İctimai birlik - təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatdır. 3.1. Qeyri-hökumət təşkilatının onun təşkilati-hüquqi formasını və fəaliyyətinin xarakterini göstərən adı olmalıdır. Qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edilə bilməz. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.3. Hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilə bilər: 11.3.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 16 iyul 2023-cü ildə “İştirak Evi” İctimai Birliyin təsis yığıncağını keçirmişlər və onun qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmişlər. Cavabdeh tərəfindən qurumun adında onun fəaliyyətinin xarakterinin göstərilməməsi əsası ilə müraciətin təmin olunmasından imtina olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunun imperativ tələbindən də göründüyü kimi, ictimai birliyin məhz adında onun faəliyyətinin xarakteri göstərilməlidir. Həmçinin qeyrikommersiya təşkilatının adında hüquqi şəxsin fəaliyyətinin xarakterinin göstərilməsi tələbi təkcə “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında'’ Qanunun deyil, eyni zamanda hüquqi şəxslərlə bağlı normaları tənzimləyən mülki qanunvericilikdə də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 43.5. Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər. 50.1. Hüquqi şəxsin öz təşkilati-hüquqi formasını göstərən adı olur. Qeyrikommersiya təşkilatının adında hüquqi şəxsin fəaliyyətinin xarakteri göstərilməlidir. Göründüyü kimi, qeyri-kommersiya təşkilatının adında hüquqi şəxsin fəaliyyətinin xarakterinin göstərilməsi tələbi mülki qanunvericilikdə də nəzərdə tutulmuşdur. Qanunvericiliyin qeyri-kommersiya qurumlarına münasibətdə bu imperativ tələbin mahiyyəti ondan ibarətdir ki, ictimai birliyin adına nəzər yetirilərkən onun hansı məqsədlərlə fəaliyyət göstərməsi, başqa sözlə qanunun dispozisiya şərtlərində qeyd edildiyi kimi, fəaliyyətinin xarakterinin nədən ibarət olması onun Nizamnaməsindən deyil, məhz adından müəyyən edilməlidir. Çünki qeyri-kommersiya hüquqi şəxslərin fəaliyyətinin əsas məqsədi kommersiya hüquqi şəxslərindən fərqli olaraq mənfəət əldə etmək deyil, digər məqsədlər daşıyır. Bu faəliyyətin xarakeri isə onun adında əks olunmalıdır ki, ilkin təəssürat zamanı qeyri-kommersiya qurumun hansı məqsədlərlə fəaliyyət göstərməsini (fəaliyyətinin xarakteri) müəyyən etmək mümkün olsun. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2761/2024 nömrəli, 19 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar