Məhkəmə qərarları › İş №2-1(103)-2003/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2003/2020

17.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2003/2020 17.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseyn sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və Valeh Məmməd oğlu Ağayevdən ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə (3-cü şəxs Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti) qarşı “diplomun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-5606/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ali təhsil haqqında diplomun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-5606/2020 saylı qərardadı ilə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-5606/2020 saylı qərarı ilə iddia təmin edilərək, İddiaçı (Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetində aldığı) ali təhsil haqqında sənəd (diplom) ilə təmin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti məhkəmənin icraatına qəbul olunmuş və inzibati iş apellyasiya şikayətinə baxılması üçün xx xxxxxx 2020-ci il tarixə məhkəmə baxışına təyin olunmuşdur. İşə apellyasiya qaydasında baxılarkən cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş ərizədə nazirlik tərəfindən iddiaçıya diplomun veriləcəyini nəzərə alaraq apellyasiya şikayətinin geri qaytarılması və şikayətlə bağlı icraata xitam verilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli məlumatında Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar X1 tövsiyələrini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 dekabr tarixli Qərarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 23 aprel tarixli Qərarındakı yanaşmanın davam etdirilməsinin zəruriliyini nəzərə alaraq, Azərbaycan Respublikasının məhkəmələrinə işlərə baxılması ilə bağlı Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadə edilməsi tövsiyə edilmişdir. Məhkəmə kollegiyası hazırkı işə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş ərizəni araşdıraraq hesab edir ki, apellyasiya şikayətinin geri götürülməsi barədə ərizə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. Göründüyü kimi, inzibati prosessual qanunvericilik inzibati məhkəmə icraatında dispozitivlik prinsiplərini tanımışdır. Apellyasiya icraatında isə dispozitivlik prinsipi özünü onda biruzə verir ki, apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanır və belə şikayət olmadığı halda apellyasiya icraatına başlanılması istisna edilir. Bu səbəbdən qanunvericilik həmin Məcəllənin 88.1-ci maddəsində şikayət verən inzibati məhkəmə icraatının iştirakçısına apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürmək hüququ vermişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətindən imtina barədə cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməli və bununla bağlı apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. İPM-in 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 88, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-5606/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə ərizə təmin edilsin. Apellyasiya şikayəti üzrə apelyasiya icraatına xitam verilsin. Cavabdehə izah olunsun ki, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Qərardaddan, inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Afaq Nuriyeva Valeh Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar