Məhkəmə qərarları › İş №2-1(103)-2003/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2003/2021

13.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2003/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X11 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 23.02.2021-ci il tarixli, 2-1(112)-1149/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona atası vəfat edən ildə, yəni 2013-cü ildə qüvvədə olan “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.19.2-ci maddəsinin həmin vaxt qüvvədə olan redaksiyasına uyğun olaraq ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 23.02.2021-ci il tarixli, 2-1(112)-1149/2021 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 23.02.2021-ci il tarixli, 2-1(112)-1149/2021 saylı qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası X3 ədliyyə işçisi kimi iş stajı 15 ildən az (6 il 1 ay) olduğu üçün ona ədliyyə orqanlarının əməkdaşının ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 23.02.2021ci il tarixli, 2-1(112)-1149/2021 saylı qərarının ləğv olunmasını, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iş materiallarına uyöun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 23.02.2021-ci il tarixli, 2-1(112)-1149/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərini izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 01 iyun 2020-ci il tarixli, **********5 saylı imtina məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.19.1-ci, 20.19.2-ci maddələrinə əsasən ədliyyə orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Qeyd olunanlar nəzərə alınmaqla, mərhum atanız X3 ədliyyə işçisi kimi iş stajı 15 ildən az (6 il 1 ay) olduğu üçün “Əmək pensiyaları haqqında” Qanunun 20.20-ci maddəsinə əsasən sizə ədliyyə orqanlarının əməkdaşının ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan iddiaçıya məxsus AZE serialı ******** nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan 1 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 yanvar 2013-cü il tarixli, AZ-İ serialı 601102 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 11.01.2013-cü il tarixdə Bakı şəhərində ölmüşdür. Ölüm səbəbi: ürəyin işemik xəstəliyi, infarktan sonra. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin 11 aprel 2019-cu il tarixli A-49 saylı arayışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, “Azərbaycan Respublikası Yüngül Sənaye Nazirliyi" arxiv fondunda mühafizə edilən əmr kitablarında X2 (əmr № 56 ş/h, 05 iyul 1984cü il) arbitrajlı Hüquq şöbəsinə hüquq məsləhətçisi vəzifəsinə işə təyin edildiyi; (əmr № 17 ş/h, 21 mart 1988-cı il) V.İ.Lenin adına Bakı tekstil kombinatının Hüquq şöbəsinin rəisi vəzifəsindən işdən azad olunduğu qeyd olunur. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin 03 fevral 2021-ci il tarixli DA-00078-2021 saylı məktuba əlavə edilmiş arxiv arayışında "Azərbaycan SSR Yüngül Sənaye Nazirliyi” arxiv fondunda mühafizə edilən əmək haqqı cədvəllərində X2 iyul 1984 – fevral 1988-ci illərə dair aylıq maaşı qeyd olunmuşdur. Həmin məktuba əlavə edilmiş digər arxiv arayışına əsasən "Azərbaycan SSR Yüngül Sənaye Nazirliyi” arxiv fondunda mühafizə edilən əmr kitablarında X2 (əmr № 56 ş/h, 05 iyul 1984-cü il) Nazirliyin arbitrajlı hüquq şöbəsinə böyük hüquq-məsləhətçisi vəzifəsinə işə qəbul edildiyi; (əmr № 04 ş/h, 28 yanvar 1988-ci il) tutduğu vəzifədən azad edilərək, V.İ.Lenin adına Bakı tekstil kombinatına Hüquq şöbəsinin rəisi vəzifəsinə işə təyin edildiyi; (əmr № 17 ş/h, 21 mart 1988-ci il) işdən azad olunduğu qeyd olunur. Eyni zamanda bildirilmişdir ki, V.İ.Lenin adına Bakı tekstil kombinatının sənədləri arxivə dövlət mühafizəsinə verilməmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 14 fevral 2019-cu il tarixli 1869 nömrəli məktubunun təsdiq edilmiş surətindən görünür ki, X1 (indiki Binəqədi) rayon xalq məhkəməsinin böyük xalq hakimi vəzifəsini icra edən O.Qaramanlının 08 dekabr 1975-ci il tarixli, 59 nömrəli əmrinə əsasən, 08 dekabr 1975-ci il tarixdən Kirov rayon xalq məhkəməsində kuryer vəzifəsinə işə qəbul edilmiş, məhkəmənin sədrinin 12 may 1976-cı il tarixli, 77 saylı əmrinə əsasən, 12 may 1976-cı il tarixdən kargüzar vəzifəsinə keçirilmiş, məhkəmənin sədrinin 08 dekabr 1976-cı il tarixli, 99 nömrəli əmri ilə 08 dekabr 1976-cı il tarixdən tutduğu vəzifədən azad edilmişdir. X1 rayon xalq məhkəməsinin sədrinin 28 aprel 1980-ci il tarixli, 10 saylı əmri ilə yenidən 28 aprel 1980-ci il tarixdə məhkəmədə kargüzar vəzifəsinə işə qəbul edilmiş, məhkəmənin sədrinin 01 iyul 1980-ci il tarixli, 16 saylı əmri ilə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. X2 əmək kitabçası Binəqədi rayon məhkəməsində olmadığından əmək kitabçasından çıxarışın verilməsinin mümkünsüz olduğu bildirilmişdir. İş materiallarında olan ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 27.09.1990-cı il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 24 nömrəli notariat kontoruna baş dövlət notariusu vəzifəsinə təyin olunmuş, 28.03.1991-ci il tarixdə Bakı şəhəri 29 nömrəli notariat kontorunun dövlət notariusu vəzifəsinə keçirilmiş, 24.02.1994-cü il tarixdə tutduğu vəzifədən azad edilmiş, 14.04.1995-ci il tarixdə məcburi proqula görə əmək haqqı ödənilməklə Bakı şəhəri 29 saylı notariat kontorunun dövlət notariusu vəzifəsinə bərpa edilmiş, 23.12.1997-ci il tarixdə isə tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan NZ ******* nömrəli hərbi biletin surətindən görünür ki, X6 10.11.1977-ci il tarixdən 18.10.1979-cu il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının SER TSE-01 serialı 021291 nömrəli arayışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1992-ci il təvəllüdlü İddiaçı, 18 yaşınadək sağlamlıq imkanları məhdud uşaqlara sosial müavinət almaq hüququ verən tibbi göstərişlərin meyarlarının 2.1.16-cı bəndinə uyğundur. Arayış verilmişdir onun anası X5. Əsas: 45 nömrəli 16.03.2009-cu il tarixli müayinə aktı. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının SER TSE-01 serialı 189294 nömrəli arayışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı İİ qrup əlildir, əlilliyin səbəbi ümumi xəstəlik kimi qeyd edilmişdir. Əsas: 1668 nömrəli 16.07.2013-cü il tarixli müayinə aktı. Birinci instansiya məhkəməsi işin hallarına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1, 17.1, 20.1, 20.19 maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının atası 11.01.2013-cü ildə vəfat etmişdir. Həmin tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.19.1-ci maddəsinə əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 5 il qulluq etmiş ədliyyə işçilərinə - orta aylıq əmək haqqının 45 faizi miqdarında; 20.19.2-ci maddəsinə əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 5 ildən 10 ilə qədər qulluq etmiş ədliyyə işçilərinə - orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla pensiyanın hesablanması nəzərdə tutulmuşdur. Lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə» 10.03.2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə 20.19.1-ci və 20.19.2-ci maddələr yeni redaksiyada verilmişdir və Həmin dəyişiklik 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. Göründüyü kimi, iddiaçının atasının vəfat etdiyi tarixdə (pensiya hüququnun yarandığı tarix) qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.19.2-ci maddəsinə əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 5 ildən 10 ilə qədər qulluq etmiş ədliyyə işçilərinə - orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla pensiyanın hesablanması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi» Qaydalarının 1.3-cü bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Qeyd olunanlara əsasən məhkəmə qeyd etmişdir ki, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası iddiaçının atasının vəfat etdiyi 11.01.2013-cü il tarixdə (həmin pensiya hüququnun yarandığı tarixdə) qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.19.2-ci maddəsinin tələblərinə uyğun olaraq 11.01.2013-cü il tarixdən təyin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi» Qaydalarının 1.3-cü bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası iddiaçının atasının vəfat etdiyi 11.01.2013-cü il tarixdə (həmin pensiya hüququnun yarandığı tarixdə) qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.19.2-ci maddəsinin tələblərinə uyğun olaraq 11.01.2013-cü il tarixdən təyin edilməlidir. İş materiallarına əsasən iddiaçının pensiya hüququ 2017-ci ilin 1 iyulunadək yaranmışdır. Belə olan halda ona Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında pensiya təyin edilməlidir. Göründüyü kimi, iddiaçının atasının vəfat etdiyi tarixdə (pensiya hüququnun yarandığı tarix) qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.19.2-ci maddəsinə əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 5 ildən 10 ilə qədər qulluq etmiş ədliyyə işçilərinə - orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla pensiyanın hesablanması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası iddiaçının atasının vəfat etdiyi 11.01.2013-cü il tarixdə (həmin pensiya hüququnun yarandığı tarixdə) qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.19.2-ci maddəsinin tələblərinə uyğun olaraq 11.01.2013-cü il tarixdən təyin edilməli olması qərarına gəlmişdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 23.02.2021-ci il tarixli, 2-1(112)-1149/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar