Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2003/2022 18.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X9 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin mərhuma məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1670/2022 saylı, 31 mart 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə) qarşı məhkəməyə müraciət edərək, Abşeron rayonu, Binə qəsəbəsi (hazırda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisi) ünvanındakı 0,10 ha torpaq sahəsi üzərində anası X2 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə ona daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 21 noyabr 2012-ci il tarixli qərarı ilə mərhum anası X2 iddiası təmin edilərək, Abşeron rayon Donuzkökəltmə sovxozunun 12 iyul 1990-cı il tarixli, 135 saylı əmri ilə X5 verilmiş Abşeron rayon Donuzkökəltmə sovxozunun ərazisində yerləşən 0,10 ha torpaq sahəsinin plan və ölçüsünün verilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Bundan sonra sözügedən məhkəmə qərarı icra edilərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfındən mərhum anası X6 adına Abşeron rayonu Binə qəsəbəsindəki Donuzkökəltmə sovxozunun ərazisində yerləşən 0,10 ha torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək, onlara təqdim edilmişdir. X13 Nikolayevna xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Tərəfindən müvafiq ərizə ilə Bakı şəhəri 9 saylı Notariat Ofisinə müraciət edilərək, anasına məxsus Abşeron rayonu, Binə qəsəbəsindəki 0,10 ha torpaq sahəsinə dair ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi xahiş edilmişdir. Bakı şəhəri 9 saylı Notariat Ofısinin xüsusi notariusu Rəşadət Sadıqov tərəfindən xx.xx.2021-ci il tarixli məktubla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin müvafiq ərazi şöbəsinə müraciət edilərək, vərəsəlik işinin rəsmiləşdirilməsi ilə əlaqədar Abşeron rayonu, Binə qəsəbəsi ünvanında yerləşən 1000 kv.m torpaq sahəsinə dair çıxarışınvərəsəsi İddiaçı (ona) verilməsi xahiş edilmişdir. Onu da qeyd etmək istəyir ki, anasına məxsus olan Abşeron rayonu, Binə qəsəbəsindəki 0,10 ha torpaq sahəsi 1990-cı il tarixdən hal-hazıradək onların sahiblik və istifadələrində olmuşdur. Qeyd olunan torpaq sahəsi hazırda Bakı şəhəri Xəzər rayonunun ərazisi hesab edilir. Tərəfindən İdarəyə müraciət edilərək Abşeron rayonu, Binə qəsəbəsi (hazırda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisi) ünvanındakı 0,10 ha torpaq sahəsi üzərində anası X2 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, bu barədə ona daşınmaz əmlakın dövlət reyestrindən müvafıq çıxarışın verilməsinin təmin edilməsi xahiş edilmişdir. Lakin müraciətinin xx.xx.2021-ci il tarixdə çatdırılmasına baxmayaraq, cavabdeh İdarə tərəfindən müraciətinə hər hansı bir cavab verilməmişdir. Hesab edir ki, cavabdeh İdarənin müraciətinə hər hansı bir cavab verməməsi, bununla da qanuni tələbinin yerinə yetirilməməsi ilə bağlı hərəkətsizliyi tamamilə əsassızdır. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Binə qəsəbəsi (hazırda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisi) ünvanındakı 0,10 ha torpaq sahəsi üzərində anası X2 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə ona müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair müvafiq qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Cavabdeh etiraz təqdim edərək bildirmişdir ki, sözügedən ünvanda yerləşən torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşmmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunur. Bununla bağlı idarə tərəfindən İddiaçı **********35 qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1670/2022 saylı, 31 mart 2022-ci il tarixli nömrəli qərarı ilə (hakim Ş.Həsənova) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmış ki, iş materiallarında olan hökmdə Abşeron rayon Donuztökmə sovxozu üzrə 135 saylı, xx.xx.1990-cı il tarixli əmrin mərhum anası X2 adına ayrılmış 0,10 ha torpaq sahəsinə dair hissəsinin saxta olması müəyyən edilmir. Hökmdən də göründüyü kimi nə mərhum anası, nə də o həmin cinayət işi üzrə aparılmış araşdırmaya cəlb edilməmişdir. Əksinə iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim etdiyi qanuni qüvvəyə minmiş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 21 noyabr 2012-ci il tarixli qərarından da göründüyü kimi, həmin qərarla (s/e Z. Pirverdiyev, iş № 2(85)-2176/2012-in) mərhum anası X2 iddiası təmin edilərək, Abşeron rayon Donuzkökəltmə sovxozunun 12 iyul 1990-cı il tarixli, 135 saylı əmri ilə X5 verilmiş Abşeron rayon Donuzkökəltmə sovxozunun ərazisində yerləşən 0,10 ha torpaq sahəsinin plan və ölçüsünün verilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin üzərinə qoyulmuşdur. Sözügedən məhkəmə qərarı icra edilərək, Azərbaycan Resjaublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən mərhum anası X6 adına Abşeron rayonu Binə qəsəbəsindəki Donuzkökəltmə sovxozunun ərazisində yerləşən 0,10 ha torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək, onlara təqdim edilmişdir. Onu da qeyd etmək istəyir ki, anasına məxsus olan Abşeron rayonu Binə qəsəbəsindəki 0,10 ha torpaq sahəsi 1990-cı il tarixdən hal-hazıradək onların sahiblik və istifadəsində olmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, iradə ifadəsinin torpaq sahəsinə hüququn iddiaçının mərhum anası X3 məxsus olması barədə arayışın verilməsi təşkil etdiyini bildirərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı və cavabdeh nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilib iddia təmin olunmalıdır. İddianın mümkünlüyü: Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. İddia tələbi öhdəliyin icrası haqqında iddiadır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı subyektiv hüquqa malikdir. İddiaçı tərəfindən cavabdeh inzibati orqana müraciət edilmiş, müraciət məktubu cavabdeh inzibati orqana xx.xx.2021-ci ildə çatdırılsa da, inzibati orqan tərəfindən cavab verilməmiş, iddiaçı da 35 gün keçdikdən sonra xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın mahiyyəti: Məhkəmə kollegiyası hesab edir ki, iddia mahiyyəti üzrə də əsaslıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq Məhkəmə kollegiyası qeyd edir ki, qərar maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Belə ki, birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, Abşeron rayonu Donuzkökəltmə sovxozunun 12 iyul 1990-cı il tarixli, 135 nömrəli əmrinə əsasən Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1989-cu il tarixli, 52 nömrəli qərarına və bu qərar əsasında sovxoz həmkarlar komitəsi ilə əmək kollektivi şurasının birgə ümumi iclasında qəbul edilmiş xx.xx.1990-cı il tarixli 23 nömrəli qərarının tələbinə uyğun olaraq sovxoz fəhlə və qulluqçularına 0,07 ha həyətyanı torpaq sahəsi ayrılması, həmçinin X1 həmin əmrə, ərazidə yaşayan vətəndaşlar arasında nüfuzunu bu yolla artırmaq məqsədi ilə, uzun illər boyu davamlı olaraq Donuzkökəltmə sovxozu ilə heç bir əlaqəsi olmayan, torpaq almaq üçün müraciət etmiş vətəndaşların adlarını kütləvi şəkildə qeyd olunan əmrlərdə göstərilmiş şəxslərin siyahısına əlavə etməklə, bir sıra hallarda eyni zamanda torpaq sahələrini onlara yerində təqdim etməklə və ya həmin şəxslərə torpaq sahəsinin ayrılması barədə qeyd olunan saxtalaşdırılmış əmrlərdən çıxarışlar verməklə 135 №-li əmrə əsasən 105,7 hektar torpaq sahəsinin guya sovxoz işçiləri olan cəmi 1501 nəfərə ayrılması barədə, yəni sair şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar daxil edilmiş rəsmi sənədlərin tərtib edilməsini təşkil etməsi və həmin cinayət əməlini törətməsi ilə bağlı təqsirli bilinərək məhkum edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə hökmünün olması müəyyən edilmişdir. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında» Təlimatın 7-cı bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmın arayış əsasında verilmış vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Məhkəmə Kollegiyası aşağıdakı sübutlara nəzər yetirir: - Abşeron rayon Dövlət Arxivi tərəfindən Nina Əliyevaya ünvanlanmış 859 №-li, xx.xx.2009-cu il tarixli məktubun surətindən görünür ki, Abşeron rayon Donuzkökəltmə sovxozu üzrə 135 saylı, xx.xx.1990-cı il tarixli əmrindən çıxarışa əsasən fəhlə X5 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. - Abşeron rayon Donuzkökəltmə sovxozu üzrə 135 saylı, xx.xx.1990-cı il tarixli əmrindən çıxarışın surətindən görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1989cu il tarixli, 52 nömrəli qərarına və bu qərar əsasında sovxoz həmkarlar komitəsi ilə əmək kollektivi şurasının birgə ümumi iclasında qəbul edilmiş xx.xx.1990-cı il tarixli 23 nömrəli qərarının tələbinə uyğun olaraq sovxoz fəhlə və qulluqçularına – X5 fərdi ev tikmək üçün 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. - Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(85)-2176/2012 nömrəli qərarının surətindən görünür ki, həmin qərar ilə X2 iddiası təmin edilmiş, Abşeron rayon Donuzkökəltmə sovxozunun 12 iyul 1990-cı il tarixli, 135 saylı əmri ilə X5 verilmiş Abşeron rayon Donuzkökəltmə sovxozunun ərazisində yerləşən 0,10 ha torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin üzərinə qoyulmuşdur. - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2012-ci il tarixdə X10 kitabında 20327 nömrə ilə uçota alınmış torpaq sahəsinin plan və ölçüsünün notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin plan və ölçü X5 fərdi yaşayış evi tikmək üçün Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(85)-2176/2012 nömrəli qərarı ilə Abşeron rayonu, Binə qəsəbəsində yerləşən 1000 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. - Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)-66/2014 saylı hökmünün təsdiq edilmiş surətindən görünür ki, X8 1991-ci ildən 1999-cu ilə kimi olan müddətdə Abşeron rayonu Donuzkökəltmə sovxozunun direktoru, 2000-ci ildən 2005-cı ilin sonuna kimi isə "xxxx" X4 İstehsalı Müəssisəsinin direktoru işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, rəsmi sənədlərə əsasən Donuzkökəltmə sovxozunun 1990-cı ilin iyun ayına cəmi 322 nəfər, 1991-cı ilin sentyabr ayına isə cəmi 330 nəfər işçisi olmasına baxmayaraq, Azərbaycan SSR Nazirlər Sovetinin 150 nəfər sovxoz işçisi, həyətyanı torpaq sahəsinin ayrılmasını nəzərdə tutan xx.xx.1989cu il tarixli 51 №-li Qərarına istinad edilərək hər ailəyə 0,07 ha torpaq sahəsinin ayrılmasına dair sabiq sovxoz direktoru Akif Alxasovun adından verilmiş xx.xx.1990-cı il tarixli 135 nömrəli, eləcə də Abşeron rayon X7 İcrayə Komitəsinin sovxozun 170 nəfər işçisinə cəmi 13.6 hektar torpaq sahəsinin ayrılması barədə, xx.xx.1991-ci il tarixli 47 №-li Qərarına istinad edilərək hər ailəyə 0,08 ha torpaq sahəsinin ayrılması barədə özünün imzaladığı 108 №-li əmrlərə, ərazidə yaşayan vətəndaşlar arasında nüfuzunu bu yolla artırmaq məqsədi ilə, uzun illər boyu davamlı olaraq Donuzkökəltmə sovxozu ilə heç bir əlaqəsi olmayan, torpaq almaq üçün müraciət etmiş vətəndaşların adlarını kütləvi şəkildə qeyd olunan əmrlərdə göstərilmiş şəxslərin siyahısına əlavə etməklə, bir sıra hallarda eyni zamanda torpaq sahələrini onlara yerində təqdim etməklə və ya həmin şəxslərə torpaq sahəsinin ayrılması barədə qeyd olunan saxtalaşdırılmış əmrlərdən çıxarışlar verməklə 135 №-li əmrə əsasən 105,7 hektar torpaq sahəsinin guya sovxoz işçiləri olan cəmi 1501 nəfərə, eyni ilə 108 saylı əmrə əsasən isə 142,8 hektar torpaq sahəsinin cəmi 1786 nəfərə ayrılması barədə, yəni sair şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar daxil edilmiş rəsmi sənədlərin tərtib edilməsini təşkil etmiş, bununla da Donuzkökəltmə sovxozuna təhkim olunmuş, dövlət mülkiyyətində olan iri torpaq sahələrinin özgəninkiləşdirilməklə dövlət mülkiyyətindən çıxması ilə nəticələnmiş hərəkətləri etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan ziyan vurmuşdur. Törtədiyi əməllərə görə X8, Azərbaycan Respublikası CM-nin 308.2, 311.3.2, 313, 178.2.1, 178.2.3, 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaq yolu ilə ona qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum cəzası təyin edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən iş materialları üzrə ətraflı araşdırma apararaq qeyd edir ki, birinci instansiya məhkəməsində iş üzrə araşdırma zamanı məhkəmənin sorğusuna cavab olaraq Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2022ci il tarixli məktubunda qeyd edilmişdir ki, Abşeron rayon Donuzkökəltmə sovxozununh xx.xx.1990-cı il tarixli, 135 saylı qərarında vətəndaş X2 adı aşkar edilməmişdir. Lakin Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(85)-2176/2012 nömrəli qərarının surətindən də göründüyü kimi, Abşeron rayon Donuzkökəltmə sovxozunun 12 iyul 1990-cı il tarixli, 135 saylı əmri ilə X5 verilmiş Abşeron rayon Donuzkökəltmə sovxozunun ərazisində yerləşən 0,10 ha torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin üzərinə qoyulmuş, sözügedən qərar mübahisələndirilməmiş və icra olunaraq, X2 adına Abşeron rayon Donuzkökəltmə sovxozunun ərazisində yerləşən 0,10 ha torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2015-ci il tarixli, 453 nömrəli Fərmanı ilə ləğv edilmişdir. Həmin Fərmanın 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin X10, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. 03 avqust 2022-ci il tarixli 1790 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Əmlak Məsələləri Dövlət Komitəsi sözləri İqtisadiyyat Nazirliyi sözləri ilə əvəz edilmişdir. Göründüyü kimi hazırki iş üzrə cavabdeh inzibati orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin hüquqi varisi kimi çıxış edir. Belə olan halda Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(85)-2176/2012 nömrəli qərarı onun üçün də məcburidir. Həmin qərarın əsaslandırıcı hissəsindən də aydın görünür ki, məhkəmə tədqiqatı zamanı Abşeron rayon Donuzkökəltmə sovxozunun 12 iyul 1990-cı il tarixli, 135 saylı əmri ilə iddiaçıya fərdi yaşayış evi tikintisi üçün 0,10 ha torpaq sahəsinin ayrılması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi isə İPM-in 58.8-ci maddəsinə əsaslanaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)-66/2014 saylı hökmünə istinad etmiş, həmin hökmün hazırki iş üzrə məcburiliyi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyi ilə razılaşmayaraq bildirir ki, İPM-in 58.8-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üşün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Halbuki, iş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)-66/2014 saylı hökmündə də iddiaçının anası X2 adı çəkilməmiş, cinayət işi üzrə araşdırmaya cəlb edilməmiş, həmçinin, Abşeron rayon Donuzkğkəltmə sovxozu üzrə 135 saylı, xx.xx.1990-cı il tarixli əmrin mərhum X2 adına ayrılmış 0,10 ha torpaq sahəsinə dair hissəsinin saxta olması müəyyən edilmir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı hazırkı tələblə mübahisə predmeti olan torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın reyestrində qeydiyyatdan keçməsini deyil, müvafiq arayışın verilməsini tələb edir. Göründüyü kimi, müvafiq ünvanda olan torpaq sahəsinin iddiaçının mərhum anasına məxsus olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Belə olan halda, hazırkı iddia tələbi üzrə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin tətbiqi mümkündür. Qüvvədə olan qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanı tərəfindən ilk öncə arayış verilməli, daha sonra həmin arayış əsasında hüquq vərəsənin adına qeydiyyata alınmalıdır. Əlbəttə ki, vərəsə anlayışın və miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüququnun tənzimlənməsi prinsipi Mülki Məcəllənin müddəalarında əks olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.2.3-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır. - 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. - 28.1-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. - 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir, şikayətin dəlilləri qərarın ləğvinə əsas verir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, iddiaçı tərəfindən verilmiş tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməli və iddia təmin olunmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1670/2022 saylı, 31 mart 2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin mərhuma məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair iddiası təmin edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova MirzəTağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-2003/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2003/2022
18.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver